FƏSİL 1
Allahın iradəsini yerinə yetirən təşkilat
DÜNYADA saysız-hesabsız dini, siyasi, ticari və ictimai təşkilatlar mövcuddur. Onların hərəsinin özünəməxsus cəhəti, məqsədi, nöqteyi-nəzəri və fəlsəfəsi var. Amma bir təşkilat var ki, başqalarından tamamilə fərqlənir. Allahın Kəlamı açıq-aydın göstərir ki, bu, Yehovanın Şahidləri təşkilatıdır.
2 Nə yaxşı ki, siz də Yehovanın təşkilatı ilə sıx təmasdasınız. Siz Allahın iradəsini dərk edib Onu razı salmağa çalışırsınız (Zəb. 143:10; Rom. 12:2). Aralarında məhəbbətin hökm sürdüyü ümumdünya qardaşlıqla fəal şəkildə xidmət edirsiniz (2 Kor. 6:4; 1 But. 2:17; 5:9). Allahın Kəlamında vəd edildiyi kimi, bu, sizə bol bərəkət və xoşbəxtlik gətirir (Məs. 10:22; Mark 10:30). Bu gün Yehova Allahın iradəsini sədaqətlə yerinə yetirməklə siz əbədi və gözəl gələcəyinizin təməlini qoyursunuz (1 Tim. 6:18, 19; 1 Yəh. 2:17).
3 Ulu Yaradanımız qeyri-adi və dünya miqyasında fəaliyyət göstərən bir təşkilat yaradıb; bu təşkilatın başında duran Onun Özüdür. Bizim Ona etibarımız sonsuzdur. O, bizim Hakimimiz, Qanunverənimiz və Padşahımızdır (Əşy. 33:22). Yehova nizam-intizam Allahıdır. Odur ki, «Onunla birlikdə çalışaraq» müqəddəs xidməti icra etməyimiz üçün müəyyən tədbirlər görüb (2 Kor. 6:1, 2).
4 Armageddon günbəgün yaxınlaşır və biz Padşah Məsih İsanın rəhbərliyi altında irəli gedirik (Əşy. 55:4; Vəhy 6:2; 11:15). İsanın özü demişdi ki, şagirdləri o, yer üzündə olanda gördüyü işlərdən də böyük işlər görəcəklər (Yəh. 14:12). Bəli, vaxtları çox olduğundan və sayları get-gedə artdığından İsanın şagirdləri xoş xəbəri daha böyük ərazidə yayacaqdılar. Onlar Padşahlıq haqqında müjdəni yerin ucqarlarınadək təbliğ edəcəkdilər (Mət. 24:14; 28:19, 20; Həv. 1:8).
5 Bu sözlər artıq öz təsdiqini tapıb. Amma İsa aydın şəkildə demişdi ki, təbliğ işi Yehova Allahın təyin etdiyi vaxtda dayandırılacaq. Allahın peyğəmbərlik Kəlamındakı bütün əlamətlər göstərir ki, o möhtəşəm və müdhiş gün astanadadır (Yuil 2:31; Səf. 1:14—18; 2:2, 3; 1 But. 4:7).
Biz Allahın tələblərini var gücümüzlə yerinə yetirməliyik. Bunun üçün Allahın təşkilatının fəaliyyəti ilə yaxından tanış olmalıyıq
6 Yehova Allahın bu zəmanədə iradəsinin nədən ibarət olduğunu dərk ediriksə, Onun tələblərini var gücümüzlə yerinə yetirəcəyik. Bu o deməkdir ki, biz Allahın təşkilatının fəaliyyəti ilə yaxından tanış olmalı və onunla tam əməkdaşlıq etməliyik. Allahın təşkilatı Müqəddəs Kitab prinsipləri, qayda-qanunları, göstərişləri və təlimləri əsasında fəaliyyət göstərir (Zəb. 19:7—9).
7 Yehovanın xalqı Müqəddəs Kitaba əsaslanan bu rəhbərliyə əməl edəndə onların arasında sülh və əmin-amanlıq hökm sürür (Zəb. 133:1; Əşy. 60:17; Rom. 14:19). Bəs bütün dünyadakı bacı-qardaşlar arasındakı münasibəti gücləndirən nədir? Məhəbbət. Bəli, biz hər şeyi məhəbbətdən irəli gələrək edirik və məhəbbət bizim əsas keyfiyyətimizdir (Yəh. 13:34, 35; Kol. 3:14). Allahın köməyi ilə aramızda hökm sürən sülh və əmin-amanlıq sayəsində biz Onun təşkilatının səmavi hissəsi ilə bir addımlayırıq.
YEHOVANIN TƏŞKİLATININ SƏMAVİ HİSSƏSİ
8 Əşiya, Hizqiyal və Dənyal peyğəmbər vəhydə Yehovanın təşkilatının səmavi hissəsini görmüşdü (Əşy., fəs. 6; Hizq., fəs. 1; Dən. 7:9, 10). Həvari Yəhya da aldığı vəhydə səmavi quruluşu görmüş və «Vəhy» kitabında onu, qismən də olsa, təsvir etmişdi. O, Yehovanın möhtəşəm taxtda, mələklərin əhatəsində oturduğunu görmüşdü. Mələklər bəyan edirdi: «Var Olan, Var Olmuş və Zühur Edəcək, Qadir Allah Yehova müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!» (Vəhy 4:8). Yəhya həmçinin «taxtın... qarşısında durmuş bir quzu», Allahın Quzusu İsa Məsihi görmüşdü (Vəhy 5:6, 13, 14; Yəh. 1:29).
9 Bu vəhydə Yehovanın taxtda oturması ona işarədir ki, təşkilatına O, Özü rəhbərlik edir. Yehova və Onun ucalığı barədə 1 Salnamələr 29:11, 12 ayələrində belə deyilir: «Ey Yehova, əzəmət, qüdrət, cah-calal, şan-şöhrət, həşəmət Sənindir, yerdə və göydə nə varsa, hər şey Sənindir. Səltənət də Sənindir, ey Yehova. Sən hər kəsdən ucasan. Var-dövləti, şan-şöhrəti Sən verirsən. Hər şeyin üzərində hökmransan. Güc, qüdrət Səndədir, Sən insanı ucaldırsan, ona güc verirsən».
10 Allahla bir çalışan İsa Məsih Onun dərgahında yüksək mövqe sahibidir, ona böyük səlahiyyət verilib. Allah «hər şeyi Məsihin ayaqları altına qoyaraq ona tabe etdi və onu yığıncaqla bağlı hər şeyin başı təyin etdi» (Efes. 1:22). Həvari Bulus İsa haqqında deyir: «Allah onu daha yüksək mövqeyə ucaltdı və ona bütün adlardan üstün bir ad bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adı qarşısında diz çöksün, hər dil İsa Məsihin Ağa olduğunu açıq-aşkar etiraf etsin və Atamız Allah şərəflənsin» (Filip. 2:9—11). Odur ki, biz İsa Məsihin hökmranlığının adil olduğuna tam əmin ola bilərik.
11 Dənyal peyğəmbər vəhydə Əzəldən Var Olan Allahın səmavi taxtda oturduğunu gördü; «minlərlə minlər Ona xidmət edir, on minlərlə on minlər hüzurunda dururdu» (Dən. 7:10). Müqəddəs Kitabda deyilir ki, bu mələklər ordusu «müqəddəs xidməti icra edən, xilası miras alacaq adamlara xidmət etmək üçün göndərilən ruhani varlıqlar»dır (İbr. 1:14). Bütün bu ruhani varlıqlara «taxt-tac, iqtidar, hökumətlər, hakimiyyət» verilib (Kol. 1:16).
12 Yehovanın təşkilatının səmavi hissəsini təsəvvür etməyə çalışsaq, vəhydə Yehova Allahı görən Əşiya peyğəmbərin hansı hissləri keçirdiyini başa düşə bilərik. Vəhydə Yehova «möhtəşəm, uca bir taxtda oturmuşdu» və «Onun hüzurunda seraflar durmuşdu». Peyğəmbər hisslərini bu cür ifadə etmişdi: «Vay halıma! Məhv oldum, çünki ağzı murdar adamam, ağzı murdar xalqın içində yaşayıram. Axı Padşahı, ordular Allahı Yehovanı gözümlə gördüm!» Əşiya Yehovanın təşkilatının miqyasını dərk edəndə onu vahimə basdı və özünün nə qədər aciz olduğunu başa düşdü. Gördükləri ona o qədər dərin təsir bağışladı ki, göydən Yehovanın hökmlərini bəyan etmək çağırışı səslənəndə o dedi: «Mən gedərəm! Məni göndər!» (Əşy. 6:1—5, 8).
13 Yehovanın xalqı da təşkilatın fəaliyyətinin miqyasını dərk edərək eyni əhval-ruhiyyəni göstərir. Təşkilat durmadan qabağa gedir, biz də onunla ayaqlaşmağa çalışırıq. Bununla biz Yehovanın təşkilatına etibar etdiyimizi göstəririk.
YEHOVANIN TƏŞKİLATI DAİM İRƏLİ GEDİR
14 «Hizqiyal» kitabının 1-ci fəslində Yehova möhtəşəm səmavi arabanın üzərində təsvir olunur. Bu gözəl və qeyri-adi araba Yehovanın təşkilatının gözəgörünməz hissəsini təmsil edir. Yehova Allah bu arabanı mükəmməl surətdə idarə edir və ondan Öz niyyətinə uyğun olaraq istifadə edir (Zəb. 103:20).
15 Arabanın hər çarxının içində bir çarx var, yəni eynidiametrli çarxlar bir-birinə çarpaz şəkildə keçirilib. Buna görə də çarxlar «dörd səmtin hər birinə gedə bilirdilər» (Hizq. 1:17). Çarxlar bir göz qırpımında səmti dəyişə bilir. Lakin bu o demək deyil ki, araba özbaşına hərəkət edir. Yehova yol vermir ki, Onun təşkilatı hara gəldi, necə gəldi istiqamət götürsün. Hizqiyal 1:20 ayəsində yazılıb: «Ruh hara getmək istəyirdisə,.. onlar da ora gedirdilər». Beləliklə, ruhu vasitəsilə təşkilatına istiqamət verən Yehovanın Özüdür. Bəs biz təşkilatla bir addımlayırıq?
16 Yehovanın təşkilatı ilə bir addımlamaq ibadət görüşlərinə getməklə, xidmətə çıxmaqla bitmir. Bir addımlamaq dedikdə, əsas etibarilə, bir məsihi kimi tərəqqi və inkişaf etmək nəzərdə tutulur. Biz «daha vacib şeyləri ayırd etməyi» bacarmalı və ruhani qidanı vaxtlı-vaxtında qəbul etməliyik (Filip. 1:10; 4:8, 9; Yəh. 17:3). Bir şeyi də yadda saxlamalıyıq ki, yaxşı təşkilat yaxşı rəhbərliyin və əməkdaşlığın sayəsində mövcud olur. Buna görə də Yehovanın işini başa çatdırmaq üçün Onun bizə etibar etdiyi ruhani və maddi şeylərdən tam şəkildə yararlanmalıyıq. Nə qədər ki Yehovanın səmavi arabası ilə ayaqlaşırıq, təbliğ etdiyimiz xəbərə uyğun yaşayacağıq.
17 Yehovanın təşkilatının köməyi sayəsində hamımız Onun işində tərəqqi edirik. Unutmayaq ki, səmavi arabanı Yehovanın Özü idarə edir. Buna görə də səmavi araba ilə ayaqlaşmağımız Yehovaya ehtiram bəslədiyimizi və Qayamıza güvəndiyimizi göstərir (Zəb. 18:31). Müqəddəs Kitabda belə bir vəd var: «Yehova xalqına güc-qüvvət verər, Yehova xalqına əmin-amanlıq bəxş edər» (Zəb. 29:11). Yehovanın təşkilatında olmaqla biz Ondan güc alır və mütəşəkkil şəkildə fəaliyyət göstərən xalqına bəxş etdiyi sülhü dadırıq. Əminik ki, Yehovanın iradəsini indi və əbədiyyən yerinə yetirməklə biz Allahdan bol-bol xeyir-dua alacağıq.