Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w00 1/12 s. 4—9
  • “Onun saatı hələ çatmamışdı”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Onun saatı hələ çatmamışdı”
  • Gözətçi qülləsi 2000
  • Başlıqlar
  • Oxşar material
  • Allahın iradəsini yerinə yetirməyə qərarlı
  • Yeqovanın evi üçün göstərilən qeyrət
  • Qalileyada geniş müəllimlik fəaliyyəti
  • İsa Yəhudeya və Pereyada cəsarətlə şəhadətlik edir
  • İnkaredilməz mö’cüzə
  • “Saat gəldi!”
    Gözətçi qülləsi 2000
  • Nəyə görə İsa tələsmədi?
    Gözətçi qülləsi 2010
  • Yəhudiyyəyə gedərkən Pereyada təbliğ
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Mərhəmətdən irəli gələrək İsa Yəhudeyaya gedir
    İsa Məsihin həyatı və xidməti
Əlavə
Gözətçi qülləsi 2000
w00 1/12 s. 4—9

“Onun saatı hələ çatmamışdı”

“Heç kim Ona əl atmadı, çünki Onun saatı hələ çatmamışdı” (YƏHYA 7:30).

1. İsanın hərəkət tərzi hansı iki amil ilə müəyyən edilir?

“İNSAN Oğlu Ona xidmət edilmək üçün deyil, xidmət etməyə və bir çoxları üçün canını fidiyə olaraq verməyə gəlmişdir” - deyə İsa Məsih həvarilərinə müraciət edir (Matta 20:28). Roma valisi Ponti Pilata isə deyir: “Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim” (Yəhya 18:37). İsa, nəyə görə öləcəyini və ölməzdən qabaq hansı işi icra edəcəyini dəqiq bilirdi. Hətta o, tapşırığını yerinə yetirmək üçün nə qədər vaxtı olduğunu da bilirdi. Məsih rolunda yer üzündə edəcəyi xidmət üçün, ona üç il yarım vaxt ayrılmışdı. Bu fəaliyyət, qabaqcadan xəbər verilmiş 70 simvolik həftənin əvvəlində, yə’ni İsanın İordan çayında (b. e. 29-cu ilində) vəftiz olunması ilə başlanmış və həmin həftələrin ortasında (b. e. 33-cü ilində) İsanın dirək üzərində öldürülməsi ilə başa çatdırılmışdır (Daniel 9:24—27; Matta 3:16, 17; 20:17—19). Beləliklə, gəlişinin məqsədi və sərancamında olan vaxta dair həssaslıq, İsanın yer üzündəki hərəkət tərzini idarə edən iki əsas amil idi.

2. İsa Məsih İncildə necə təsvir olunur və o, necə göstərdi ki, aldığı tapşırığın vacibliyi barədə mə’lumatı var?

2 İncildəki mə’lumatlarda İsa, bütün Fələstində gəzərək Allahın Padşahlığı haqqındakı müjdəni e’lan edən və bir çox mö’cüzələr göstərən, fəaliyyətli insan kimi təsvir edilir. Fəal xidmətinin başlanğıcına yaxın İsa haqqında deyilmişdi: “Onun saatı hələ çatmamışdı”. İsanın özü də bəyan etdi: “Mənim vaxtım hələ tamam gəlməyib”. İsa öz xidmətini başa vurarkən, “vaxt gəldi” - dedi (Yəhya 7:8, 30; 12:23). Onun,- qurbanlıq ölümünü də daxil etməklə - aldığı tapşırığı yerinə yetirmək üçün ayrılmış “saat” və ya vaxt barədə mə’lumatı vardı. Görünür, bu onun söylədiyi və etdiyi işlərə öz tə’sirini göstərirdi. Bunu anlayaraq, İsanın şəxsiyyəti və düşüncə tərzi bizim fikrimizdə tam canlanacaqdır. Bu isə, “Onun izləri ilə” daha dəqiq yeriməyimizə kömək edəcəkdir (1 Peter 2:21).

Allahın iradəsini yerinə yetirməyə qərarlı

3, 4. a) Qanada keçirilən toy məclisində nələr baş verir? b) Allahın Oğlu, şərabın qurtarması ilə əlaqədar Məryəmin təklifinə qarşı nəyə görə e’tirazını bildirir və bundan nə öyrənə bilərik?

3 B. e. 29-cu ilidir. İsanın ilk şagirdlərini şəxsən seçməsindən yalnız bir neçə gün keçib. İndi onların hamısı, Qalileyanın Qana kəndində toya toplaşıblar. İsanın anası Məryəm də oradadır. Şərab qurtarmaq üzrədir. Məryəm, oğluna: “Şərabları yoxdur” - deyərək, bir tədbir görməsini təklif edir. Ancaq İsa cavab verir: “Qadın, məndən sənə nə? Saatım hələ gəlməyib” (Yəhya 1:35—51; 2:1—4, İ—93).

4 İsanın “Qadın, məndən sənə nə?” cavabı, qədimdə işlənən sual formasıdır və məsləhət, yaxud təklif edilən bir şeyə qarşı e’tiraz bildirir. İsa nəyə görə Məryəmin sözlərinə e’tiraz edir? Onun 30 yaşı vardı. Cəmi bir neçə həftə qabaq o, vəftiz olunmuş, müqəddəs ruhla məsh edilmiş və Vəftizçi Yəhya tərəfindən “dünyanın günahını aradan qaldıran Allah Quzusu” kimi tanıdılmışdır (Yəhya 1:29—34; Luka 3:21—23). İsa bundan sonra rəhbərliyi, yalnız onu göndərən Ali Nüfuz sahibindən almalı idi (1 Korinflilərə 11:3). Heç kim, hətta yaxın qohumları belə, İsanın yer üzündə yerinə yetirmək üçün gəldiyi işə mane olmalı deyildi. Məryəmə verdiyi cavabında, Atasının iradəsini yerinə yetirmək üçün İsanın nə dərəcədə əzmli və qərarlı olduğu əks olunur! Gəlin biz də, Allahın qarşısında olan “vəzifəmizi” axıra kimi yerinə yetirmək üçün qərərlı olaq (Vaiz 12:13).

5. İsa Məsih Qanada hansı mö’cüzəni edir və bu, digərlərinə necə tə’sir göstərir?

5 Oğlunun bu sözlərlə nə demək istədiyini anlayaraq, Məryəm dərhal kənara çəkilir və qulluqçulara göstəriş verir: “Sizə nə desə, onu edin”. İsa problemi həll edir. O, qulluqçulara buyurur ki, küpləri su ilə doldursunlar və sonra suyu ə’la şəraba çevirir. Bununla da, İsanın, mö’cüzələr göstərmək qüvvəsi ilk dəfə aşkar olur, bu isə onun üzərində Allahın ruhu olduğuna işarə edir. Mö’cüzəni gördükdə, yeni seçilən şagirdlərin imanları möhkəmlənir (Yəhya 2:5—11).

Yeqovanın evi üçün göstərilən qeyrət

6. Yerusəlim mə’bədində gördüyü mənzərə İsanı nəyə görə qəzəbləndirir və o, nə edir?

6 Tezliklə, b. e. 30-cü ilinin bahar fəslinin başlanğıcında, İsa yoldaşları ilə Yerusəlimə Pasxa bayramına gedir. Orada şagirdləri, Rəhbərlərinin, bəlkə də əvvəllər heç görmədikləri tərzdə davrandığının şahidi olurlar. Mə’bədin ortasında acgöz yəhudi tacirləri qurban gətirmək üçün heyvan və quşlar satırlar. Onlar, Allahın sadiq ibadətçilərindən çox yüksək qiymət tələb edirlər. Qəzəbdən coşan İsa hərəkətə başlayır. O, kəndirdən bir qamçı düzəldib, tacirləri qovur. Cərrafların masalarını çevirərək, pullarını dağıdır. Göyərçin satanlara isə əmrlə “Bunları buradan rədd edin!” - deyir. İsanın şagirdləri onun qeyrətli davranışını gördükdə, Allahın Oğlu barədə deyilən peyğəmbərliyi xatırlayırlar: “Sənin evin üçün göstərdiyim qeyrət məni yaxıb-yandıracaq” (Yəhya 2:13—17; Məzmur 69:9). İbadətimizi natəmiz etməyə qadir olan dünyəvi tə’sirlərdən biz də qeyrətlə qorunmalıyıq!

7. a) Məsihin yanına gəlməyə Nakdimonu təhrik edən nə idi? b) İsanın samariyalı qadına şəhadətlik etməsindən biz nə öyrənə bilərik?

7 İsa Yerusəlimdə qeyri adi əlamətlər göstərir və bir çoxları ona iman etməyə başlayırlar. İsa, hətta Sinedrionun - Yəhudi ali məhkəməsinin üzvü olan Nakdimonda da təəssürat yaradır və o, daha çox mə’lumat almaq üçün gecə İsanın yanına gəlir. Sonra İsa, şagirdləri ilə təbliğ edərək və şagirdlər hazırlayaraq, təxminən səkkiz ay “Yəhudeya diyarında” qalır. Ancaq Vəftizçi Yəhya həbsxanaya salındıqdan sonra, onlar Yəhudeyanı tərk edib Qalileyaya gedirlər. Onlar Samariyadan keçərkən, İsa, yaranmış imkanı əldən verməyib, samariyalı bir qadına əsaslı şəhadətlik verir. Bunun sayəsində samariyalıların çoxu ona iman edir. Gəlin biz də, Padşahlıq haqqında danışmaq imkanlarını əldən verməyək (Yəhya 2:23; 3:1—22; 4:1—42; Mark 1:14).

Qalileyada geniş müəllimlik fəaliyyəti

8. Qalileyada İsa hansı fəaliyyətə başlayır?

8 İsanın, ölüm “saatı” gəlməzdən qabaq, səmavi Atasına xidmətində edəcəyi çox işi var. İsa Qalileyada,- Yəhudeya və Yerusəlimdə etdiyindən daha əhatəli xidmətə başlayır. O, “bütün Qalileyanı gəzərək, onların sinaqoqlarında öyrədib, Səmavi Səltənət Müjdəsini təbliğ edir, xalq arasında hər cür xəstəlik və naxoşluğu sağaldırdı” (Matta 4:23). Onun: “Tövbə edin, çünki Göylərin Padşahlığı yaxındır” - deyə söylədiyi təşviqedici sözlər bütün vilayətdə səslənirdi (Matta 4:17, İ—93). Bir neçə aydan sonra, Vəftizçi Yəhyanın iki şagirdi İsa haqqında onun özündən mə’lumat almaq üçün gəldikdə, İsa onlara dedi: “Gedin, nə gördüyünüzü və eşitdiyinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar saflaşır, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə təbliğ olunur. Və Məndən ötrü büdrəməyən nə bəxtiyardır!” (Luka 7:22, 23).

9. Xalq nəyə görə Məsih İsanın yanına yığılır və bundan hansı dərsi almaq olar?

9 “İsa haqqındakı xəbər... bütün ətraf vilayətlərə yayılır” və “Qalileyadan, Dekapolisdən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o tayından böyük izdiham” onun yanına yığılır (Luka 4:14, 15; Matta 4:24, 25). Onları İsanın, yalnız mö’cüzəvi şəfa verməsi deyil, həm də onun valehedici tə’limi cəlb edir. Onun müjdəsi cəzbedici və ruhlandırıcıdır (Matta 5:1—7:27). İsanın sözləri “lətif” və valehedicidir (Luka 4:22). “Xalq Onun tə’liminə təəccüblənir”, çünki o, Müqəddəs Yazılardan olan fikirləri səlahiyyət sahibi kimi söyləyir (Matta 7:28, 29; Luka 4:32). Axı, belə insana diqqətini kim cəlb etməz? Gəlin biz də, səmimi qəlbli insanların həqiqətə maraq göstərmələri üçün, tə’lim vermək qabiliyyətimizi inkişaf etdirək.

10. Nazaret sakinləri nəyə görə İsanı öldürməyə cəhd göstərir və buna nə üçün nail ola bilmirlər?

10 Ancaq İsanı dinləyənlərin hamısı həssas deyildi. Xidmətinin lap başlanğıcında, doğma şəhəri Nazaretdə olan sinaqoqda tə’lim verərkən, İsanı öldürməyə cəhd göstərirlər. İsanın “lətif kəlamlarına” təəccübləndiklərinə baxmayaraq, şəhər sakinləri mö’cüzələr görmək istəyir. Lakin mö’cüzə göstərmək əvəzinə, İsa onların mənfəətpərəst və imansız olduqlarını ifşa edir. Sinaqoqda olanlar qəzəblənərək ayağa qalxır və İsanı yarğandan aşağı atmaq məqsədilə tutub dağın başına aparırlar. Lakin İsa, əllərindən çıxaraq müvəffəqiyyətlə onlardan uzaqlaşır. Onun ölüm “saatı” hələ gəlməmişdir (Luka 4:16—30).

11. a) Bə’zi din rəhbərləri hansı məqsədlə İsanı dinləməyə gəlirlər? b) İsanı şənbəni pozmaqda nə üçün günahlandırırlar?

11 İsanın təbliğ etdiyi yerdə çox vaxt din alimləri, fəriseylər, sadukeylər və digər din rəhbərləri də olur. Onlardan çoxu dinləməyə və öyrənməyə yox, İsada bir nöqsan tapmağa və onu sözdə tutmağa çalışırlar. (Matta 12:38; 16:1; Luka 5:17; 6:1, 2). Misal üçün, b. e. 31-ci ilində Yerusəlimdə keçirilən Pasxa bayramına gəldikdə, İsa, 38 il xəstə olan adama şəfa verir. Yəhudi din rəhbərləri İsanı, şənbəyə riayət etməməkdə günahlandırırlar. İsa cavab verir: “Atam indiyədək işləməkdədir, Mən də işləyirəm”. Yəhudilər isə İsanı küfr danışmaqda taqsırlandırırlar, çünki Allahı Ata adlandırmaqla özünü Allahın Oğlu edir. Onlar İsanı öldürməyə çalışırlar, amma o, şagirdləri ilə bərabər Yerusəlimdən çıxıb Qalileyaya gedir. Buna bənzər şəkildə, biz də, bizə qarşı çıxanlarla gərəksiz toqquşmalardan qaçınmalıyıq. Daha yaxşı olar ki, qüvvəmizi Padşahlıq haqqındakı müjdəni təbliğ etməyə və şagirdlər hazırlamağa sərf edək (Yəhya 5:1—18; 6:1).

12. İsanın Qalileya ərazisindəki təbliği nə dərəcədə genişdir?

12 Sonrakı il yarım ərzində İsa əsasən Qalileyada xidmət edir və Yerusəlimə yalnız ildə üç dəfə keçirilən yəhudi bayramına gəlir. Üst-üstə gəldikdə, İsa Qalileyada üç təbliğ səyahətində olur: birinci dəfə - yeni seçdiyi dörd şagirdi ilə, ikinci dəfə - on iki həvarisi ilə və nəhayət, uzun müddət davam edən sonuncu səyahəti, tə’lim almış həvarilərini təbliğ xidmətinə göndərdiyi zaman olmuşdur. Qalileyada həqiqət haqqında necə də geniş şəhadətlik verilir! (Matta 4:18—25; Luka 8:1—3; 9:1—6).

İsa Yəhudeya və Pereyada cəsarətlə şəhadətlik edir

13, 14. a) Yəhudilər İsanı nə zaman tutmağa çalışırlar? b) Əsgərlər nə üçün İsanı həbs edə bilmirlər?

13 B. e. 32-ci ilinin payız fəsli başlayır, İsanın “saatı” hələ də qabaqdadır. Çadır bayramı yaxınlaşır. İsanın qardaşları onu təhrik edib deyirlər: “Buradan çıxıb, Yəhudeyaya get”. Onlar istəyirlər ki, İsa qeyri-adi möcüzələrini Yerusəlimdə bayrama yığılanların hamısına göstərsin. Lakin qarşıda onu təhlükə gözlədiyini bilərək, İsa qardaşlarına deyir: “Mən... bu bayrama hələ getmirəm, çünki Mənim vaxtım hələ tamam gəlməyib” (Yəhya 7:1—8).

14 Qalileyada bir qədər yubandıqdan sonra, İsa “gizlicə imiş kimi” (KM) Yerusəlimə gedir. Yəhudilər: “O haradadır?” - soruşaraq, İsanı doğrudan da bayramda axtarırlar. Bayramın yarısında İsa mə’bədə girir və cəsarətlə tə’lim verməyə başlayır. Onlar, yəqin həbs etmək və ya öldürmək məqsədilə, İsanı tutmağa çalışırlar. Lakin buna nail ola bilmirlər, “çünki Onun saatı hələ çatmamışdı”. Çoxları İsaya iman etməyə başlayır. Hətta fəriseylərin onu tutmaq üçün göndərdikləri əsgərlər də əli boş qayıdıb, deyirlər: “İnsanlar arasında bu Adam kimi danışan əsla olmamışdır” (Yəhya 7:9—14, 30—46).

15. Nəyə görə yəhudilər İsanı daşlamaq istəyirlər və İsa hansı təbliğ fəaliyyətinə başlayır?

15 Bayram zamanı İsa öz Atası haqqında tə’lim verərkən, onunla yəhudi düşmənlərin arasında yeni münaqişələr yaranır. İsa bayramın axırıncı günü, yer üzünə gəlməzdən əvvəl mövcud olduğu barədə söyləyir, din rəhbərləri hiddətlənir və onu daşlamaq istəyirlər. Amma İsa gizlənir və sağ-salamat onlardan qurtulur (Yəhya 8:12—59). İsa Yerusəlimə qayıtmayıb, Yəhudeyada geniş şəhadətlik fəaliyyətinə başlayır. O, 70 şagird seçir və tə’lim verdikdən sonra, onları həmən ərazidə təbliğ etmələri üçün iki-iki göndərir. Onlar, İsanın həvariləri ilə gedəcəyi hər bir yerə və şəhərə onların qabağınca gedirlər (Luka 10:1—24).

16. İsa Təqdis bayramında hansı təhlükədən qaçır və yenidən hansı fəaliyyətə başlayır?

16 B. e. 32-ci ilinin qış fəslidir və İsanın “saatı” yaxınlaşır. O, Yerusəlimə Təqdis bayramına gəlir. Yəhudilər hələ də onu öldürməyə çalışırlar. İsa mə’bədin sütunları arasında gəzərkən, onlar onun ətrafına toplaşırlar. Onu yenə də küfr danışmaqda ittiham edib, öldürmək məqsədilə yerdən daş götürürlər. Amma İsa bu dəfə də qaçır. O, bu hadisədən tezliklə sonra, tə’lim vermək üçün yola düşür və bu dəfə, İordanın əks sahilindəki Pereyada, şəhərdən-şəhərə və kənddən-kəndə gedir. Çoxları ona iman etməyə başlayır. Lakin sevimli dostu olan Lazarın xəbəri gəldikdə, o, Yəhudeyaya qayıdır (Luka 13:33; Yəhya 10:20—42).

17. a) İsa Pereyada təbliğ edərkən hansı tə’cili xəbəri alır? b) Nədən görünür ki, İsa edəcəyi işin məqsədini və hadisələrin vaxtını bilir?

17 Bu tə’cili xəbəri, Yəhudeyanın Beytanya kəndində yaşayan Lazarın bacıları Marta ilə Məryəm göndərmişdilər. Xəbər gətirən deyir: “Ya Rəbb, budur, sevdiyin xəstədir”. İsa: “Bu xəstəlik ölümlə nəticələnməz, Allah izzəti üçün, Allahın Oğlunun bununla izzət qazanması üçündür” - deyə, cavab verir. Bu məqsədin həyata keçməsi üçün, İsa, olduğu yerdə daha iki gün qalır. Sonra öz şagirdlərinə deyir: “Yenə Yəhudeyaya gedək”. Onlar şübhə içində cavab verirlər: “Rabbi, bir az əvvəl yəhudeyalılar Səni daşa basmaq istəyirdilər; yenəmi oraya gedirsən?”. Ancaq İsa anlayır ki, onun yer üzündə xidmət etməsi üçün Allahın ayırdığı “günün saatı” və ya vaxtı qısalıb. O, edəcəyi işi və bu işin məqsədini dəqiq bilir (Yəhya 11:1—10).

İnkaredilməz mö’cüzə

18. İsa Beytanyada gəldikdə hansı vəziyyəti görür və onun gəlişindən sonra nə baş verir?

18 Beytanyada İsanı birinci qarşılayan Marta olur. O deyir: “Ya Rəbb, əgər burada olsaydın, qardaşım ölməzdi”. Məryəm və onların evində olanlar da Martanın arxasınca gəlirlər. Onların hamısı ağlayır. İsa soruşur: “Onu haraya qoydunuz?”. Onlar: “Ya Rəbb, gəl bax” - deyə cavab verirlər. Qəbirin - ağzında daş qoyulmuş mağaranın yanına gəldikdən sonra İsa “Daşı götürün” - deyir. İsanın nə edəcəyini anlamayan Marta e’tiraz edir: “Ya Rəbb, artıq qoxumuşdur, çünki dörd gündür ki, o ölüb”. Ancaq İsa soruşur: “Sənə: “Əgər iman edərsənsə, Allahın izzətini görəcəksən”,- demədimmi?” (Yəhya 11:17—40).

19. Lazarı diriltməzdən qabaq, İsa nəyə görə ucadan dua edir?

19 Lazarın qəbirinin ağzında olan daş qaldırılandan sonra, İsa ucadan dua edir ki, insanlar onun indi edəcəyi işin, yalnız Allahın qüvvəsi sayəsində icra olunduğunu bilsinlər. Daha sonra: “Lazar, çölə çıx!” - deyə, yüksək səslə qışqırır. Lazar, ayaqları və əlləri dəfn sarğıları ilə bağlı, üzü isə dəsmal ilə sarılmış halda çölə çıxır. İsa deyir: “Onu açın və buraxın getsin” (Yəhya 11:41—44).

20. Lazarın dirilməsini görənlər nə edirlər?

20 Bu mö’cüzəni gördükdə, Marta ilə Məryəmə təsəlli vermək üçün gələn yəhudilərin çoxu İsaya iman etməyə başlayır. Digərləri isə, baş verən hadisəni söyləmək üçün fəriseylərin yanına gedirlər. Fəriseylər necə münasibət göstərirlər? Onlar və baş kahinlər tə’cili Sinedrion toplayıb, vahimə içində gileylənərək deyirlər: “Nə edək? Bu Adam bir çox mö’cüzələr göstərir. Onu belə buraxsaq, hamı Ona iman gətirəcək; romalılar da gəlib həm yerimizi, həm də xalqımızı yox edəcəklər”. Lakin baş kahin Qayafa onlara deyir: “Məgər düşünmürsünüzmü ki, xalq uğrunda bir adamın ölməsi, bütün millətin məhv olmasından bizim üçün daha yaxşıdır?”. Onlar elə həmin gündən İsanı öldürməyi qərara aldılar (Yəhya 11:45—53).

21. Lazarın dirilməsi mö’cüzəsi nəyin başlanğıcıdır?

21 Beləliklə İsa, Beytanyaya gec gəldiyi üçün, inkar edilməsi mümkün olmayan bir mö’cüzə göstərməyə müvəffəq olur. İsa, Allahdan güc alaraq, artıq dörd gün ölü olan adamı dirildir. Bunu, mö’cüzə Yaradana ölüm hökmünü çıxaran mö’təbər Sinedrion da e’tiraf etmək məcburiyyətində qalır! Bu mö’cüzə, İsanın xidmətindəki əhəmiyyətli dönüş nöqtəsinin başlanğıcını, “Onun saatı hələ çatmayan” zamandan, “saatı çatan” zamana keçid dövrünü təşkil edir.

Siz necə cavab verərdiniz?

• İsa necə göstərdi ki, Allahdan verilən işin əhəmiyyətini anlayır?

• İsa, anasının şəraba aid verdiyi təklifə nə üçün e’tiraz edir?

• İsanın düşmənləri ilə dəfələrlə davranışından biz nə öyrənirik?

• Lazarın xəstələndiyini bilən İsa nə üçün yubanır?

[6-cı səhifədəki şəkillər]

İsa qüvvəsini, Allahdan verilən tapşırığın yerinə yetirilməsinə həsr edirdi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş