Oxucuların sualları
Müqəddəs Kitabın qan haqqında olan əmrləri baxımından, Yeqovanın Şahidləri, xəstənin öz qanından istifadə olunduğu tibbi proseduralara necə yanaşırlar?
Qərar qəbul edərkən, hər bir məsihçi yalnız şəxsən üstün tutduğu üsullara və ya həkimlərin məsləhətlərinə əsaslanmamalıdır, o, Müqəddəs Kitabın bu barədə dediklərini ciddi olaraq gözdən keçirməlidir. Bu məsələ, onun Yeqova ilə qarşılıqlı münasibətlərinə toxunur.
Həyatımız üçün borclu olduğumuz Yeqova, insanlara, orqanizmlərinə qan qəbul etməməyi buyurmuşdur (Təkvin 9:3, 4). Qan həyatı təmsil etdiyi üçün, Allahın qədim İsrailə verdiyi Qanun ondan istifadə etməyi məhdudlaşdırırdı. Allah bəyan etdi: “Ətin canı [və ya həyatı] qandadır; və mən onu qurbangah üzərində canlarınıza kəffarə etmək üçün sizə verdim”. Bəs insan heyvanı qidalanmaq üçün öldürürsə, onda necə? Allah dedi: “Onun qanını axıdacaq və onu torpaqla örtəcəkdir”a (Levililər 17:11, 13). Yeqova bu əmri dəfələrlə təkrarlayırdı (Təsniyə 12:16, 24; 15:23). Yəhudilərə məxsus bir mənbədə qeyd olunur: “Qanı saxlamaq olmaz, onu yerə tökmək, bununla da istifadə etmək üçün yararsız olduğunu göstərmək lazımdır” (“Soncino Chumash”). Heç bir israilli, həyatı Allaha məxsus olan başqa varlığın qanını yığmalı, saxlamalı və istifadə etməli deyildi.
Musanın qanununa riayət etməyin vacibliyi, Məsihin ölümündən sonra aradan qalxdı. Ancaq yenə də, Allah qanı müqəddəs sayır. Həvarilər, müqəddəs ruhla hərəkətə gətirilərək, məsihçilərə “qandan çəkinmək” göstərişini verdilər. Bu göstərişə laqeyd yanaşmaq olmaz. Qandan çəkinmək, əxlaq baxımından cinsi əxlaqsızlıq və bütpərəstlikdən çəkinmək qədər vacibdir (Həvarilərin işləri 15:28, 29; 21:25). XX əsrdə donorluq və qanköçürmə adi hala çevrilən zaman, Yeqovanın Şahidləri anladılar ki, bu üsul Allahın Kəlamına ziddirb.
Bə’zən həkimlər, əməliyyatdan bir neçə həftə qabaq xəstəni öz qanını verməyə (əməliyyatqabağı qan hazırlığı, ƏQH) təşviq edirlər ki, lazım gəldikdə xəstəyə, hazırlanmış şəxsi qanını köçürtmək mümkün olsun. Lakin qanın yığılması, saxlanılması və köçürülməsi, Levililər və Təsniyə kitablarında deyilənlərə tamamilə ziddir. Qanı saxlamaq olmaz, onu axıtmaq və ya başqa sözlərlə desək, Allaha qaytarmaq lazımdır. Əlbəttə, bu gün Musanın qanunu qüvvədə deyil. Buna baxmayaraq, Yeqovanın Şahidləri bu qanunda olan prinsiplərə hörmət edir və “qandan çəkinməyə” qəti qərarlıdırlar. Buna görə də, biz donor kimi qan vermirik və “tökülməsi” lazım olan qanımızı, köçürmək üçün tədarük etmirik. Bu cür hazırlıq və qanın köçürülməsi, Allahın qanunununa ziddir.
Başqa proseduraların keçirilməsində və xəstənin öz qanından istifadə olunması ilə əlaqədar analiz götürülməsində, Allahın prinsiplərinə qarşı açıq zidiyyət yoxdur. Məsələn, bir çox məsihçilər, analiz üçün qanlarının götürülməsinə, analizdən sonra isə qanın atılmasına yol verirlər. Həmçinin, həkimlər xəstənin öz qanından istifadə olunması ilə əlaqədar, daha çətin proseduralar məsləhət edə bilərlər.
Məsələn, cərrahiyyə əməliyyatı zamanı, hemodilüsyon keçiriləndə, qanın bir qismi bədəndən kənara çıxa bilər. Xəstənin orqanizmində qalan qan durulaşdırılır. Daha sonra, əvvəlcədən sü’ni dövr etmə üçün ayrılmış qan dövranı, xəstənin orqanizminə qayıdır və nəticədə qanda hemoqlabinin səviyyəsi normallaşır. Başqa bir halda, yaranın üzərinə axan qan, yığılıb süzülə bilər, beləliklə eritrositlər xəstənin qanına qayıdır. Buna qanın qorunması deyilir. Başqa prosedura növü də mövcuddur; bu zaman qan, müvəqqəti olaraq hər hansı bir orqanın (məsələn, ürəyin, ciyərlərin və ya böyrəklərin) funksiyasını icra edən xüsusi aparatdan keçirilir. Sonra qan aparatdan xəstənin orqanizminə qayıdır. Başqa bir halda isə, qanın zədələnmiş və ya keyfiyyətsiz hissələrinin təmizlənməsi üçün, separatora (sentrifuqa) ötürülür. Və ya həkimlərin məqsədi - qanın hər hansı komponentini, orqanizmin başqa hissəsində istifadə etmək üçün ayırmaqdır. Həmçinin elə proseduralar da mövcuddur ki, markalamaq və ya dərman əlavə etmək üçün, xəstənin qanından bir qədər götürülür, bundan sonra qan xəstənin orqanizminə geri qaytarılır.
Bu cür proseduralar dəyişilə bilər və şübhəsiz ki, tədricən yeni diaqnostika və müalicə üsulları hazırlanacaqdır. Biz, bu proseduraları araşdırmaqla, hər hansı qərarlar çıxarmağa çalışmırıq. Məsihçi, cərrahiyyə əməliyyatı, analiz götürülən və ya müalicə olunan zaman, qanından necə istifadə olunacağına özü qərar verməlidir. O, qanından necə istifadə olunacağını, həkimlərdən və ya başqa tibb işçilərindən qabaqcadan öyrənməlidir. Sonra isə vicdanına uyğun olaraq, qərar qəbul etməlidir. (Çərçivəyə baxın.)
Məsihçilər yadda saxlamalıdırlar ki, onlar özlərini Allaha həsr ediblər və “Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün qüvvətinlə və bütün düşüncənlə sev” əmrini yerinə yetirməyi öhdələrinə götürüblər (Luka 10:27). Dünyadakı insanların əksəriyyətindən fərqli olaraq, Yeqovanın Şahidləri Allahla qarşılıqlı münasibətlərini çox qiymətləndirirlər. Bizə həyat Verən, hamını İsanın tökülən qanına iman gətirməyə təşviq edir. Müqəddəs Kitabda deyilir: “Məsihdə, Məsihin qanı vasitəsilə xilasa, günahlarımızın əfvinə malikik” (Efeslilərə 1:8).
[Haşiyələr]
a Professor Frank Qorman yazır: “Qanın yerə axıdılması, ehtimal ki, özlüyündə dərin ehtiramı, yə’ni heyvanın həyatına olan hörməti, eləcə də bu həyatı yaradana və onun qeydinə qalmağa davam edən Allaha hörməti təmsil edir”.
b “Gözətçi Qülləsi”nin 1951-ci il 1 iyul nömrəsində (ing.), bu mövzu ilə əlaqədar əsas suallara cavab verilirdi və qanköçürmənin məsihçilər üçün nəyə görə yol verilməz olduğu açıqlanırdı.
[31-ci səhifədəki çərçivə/şəkillər]
Özünüzə verəcəyiniz suallar
Əgər qanımın bir hissəsi orqanizmimdən ayrılarsa və hətta ola bilsin, axını müəyyən bir müddətə dayandırılarsa, vicdanım yol verərmi ki, mən o qanı bədənimin bir hissəsi kimi qəbul edim və onun “yerə tökülməsinin” vacib olmadığını düşünüm?
Əgər diaqnostik və ya müalicəvi prosedura zamanı qanımın bir hissəsini götürərlərsə, onun tərkibini dəyişdirib, sonra geri orqanizmimə qaytararlarsa, Müqəddəs Kitabın əsasında öyrədilmiş vicdanım təmiz olacaqmı?