Nəyə görə dua etmək lazımdır?
“DİLƏYİRSİNİZ, amma almırsınız, çünki... pis niyyətlə diləyirsiniz. Allaha yaxınlaşın, O da sizə yaxınlaşar” (Yaqub 4:3, 8). İsanın şagirdi olan Yaqubun bu sözləri, bizi, nəyə görə dua etdiyimizin üzərində düşünməyə təşviq edir.
Dua - sadəcə olaraq ehtiyaclarımız haqqında Allaha söyləmək üçün vasitə deyil. İsa, məşhur Dağüstü təbliğində dedi: “Atanız sizin nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir”. Ancaq buna baxmayaraq, İsa təşviq etdi: “Diləyin, sizə veriləcək” (Matta 6:8; 7:7). Beləliklə, Yeqova istəyir ki, zənnimizcə ehtiyacında olduğumuz şeylər barəsində Ona danışaq. Ancaq dua, daha artıq mə’na daşıyır.
Həqiqi dostlar, yalnız nəyə isə ehtiyac duyduqları zaman ünsiyyətdə olmurlar. Onlar bir-birlərinə maraq göstərir, hisslərini ifadə edərkən isə, dostluqları möhkəmlənir. Buna bənzər şəkildə, duanın da məqsədi, yalnız nə isə istəməkdən ibarət deyil. Dua, Yeqova ilə qarşılıqlı münasibətimizi möhkəmləndirməyə və səmimi sadiqliyimizi təzahür etdirməyə imkan yaradır.
Allah, dua etmək üstünlüyünü, Ona yaxınlaşa bilməmiz üçün bəxş etmişdir. Buna isə, əzbərlənmiş duaları təkrarlamaqla yox, yalnız hisslərimizi Allaha açmaqla nail ola bilərik. Duada Yeqovaya müraciət etmək necə də sevinclidir! Həmçinin Müqəddəs Kitabın bir məsəlində deyilir: “Doğruların duası ona məqbuldur” (Süleymanın məsəlləri 15:8).
Məzmurçu Asaf “Allaha yaxınlaşmaq mənə yaxşıdır” deyə, tərənnüm edirdi. (Məzmur 73:28). Ancaq Allaha yaxınlaşmaq üçün sadəcə dua etmək kifayət deyil. Növbəti hadisə bunu təsdiq edir.
“[İsanın] şagirdlərindən biri Ona dedi: “Ya Rəbb... bizə dua etməyi öyrət””. İsa cavabında dedi: “Dua etdiyiniz zaman deyin: Ey göylərdə olan Ata, ismin müqəddəs tutulsun. Padşahlığın gəlsin” (Luka 11:1, 2, İ—93). Əgər biz əvvəlcə Allahın adını və bu adı müəqəddəs tutmağın üsulunu öyrənməsək, İsanın öyrətdiyi kimi, mə’nalı şəkildə dua edə bilərikmi? Allahın Padşahlığının nə olduğunu anlamadan, İsanın bu sözlərinə əsasən dua etməmiz mümkündürmü? Əgər Müqəddəs Kitabı diqqətlə tədqiq etsək, bu duanın mə’nasını başa düşə bilərik. Əldə etdiyimiz bu bilik, Allahı tanımağımıza və Onun yollarını anlamağımıza kömək edəcək. Həmçinin Yeqova Allah haqqında öyrəndikcə, Ona yaxınlaşmaq və daha sadiq olmaq istəyəcəyik. Bu isə, duada Ona daha sərbəst müraciət etməmizə kömək edəcək.
Dua çətin anlarda kömək edir
Yeqova ilə yaxın qarşılıqlı münasibəti inkişaf etdirərək, bir çox problemləri həll edə bilərik. Aşağıda gətirilən nümunələrdən hər birində bunun necə mümkün olduğuna diqqət yetirin. Bu nümunələr, Yeqova ilə qarşılıqlı münasibətlərini möhkəmləndirməkdə, duanın bə’zi insanlara necə kömək etdiyini göstərir.
Braziliyada, Mariya adlı bir qadın kömək üçün Allaha dua edirdi. Cəmiyyətdə qəbul edilən və onun fikrincə, riyakarlıqla dolu normalar, onda e’tiraz hissi yaradırdı. Mariya, hətta ərini, uşaqlarını və evini tərk edib getdi. Həmçinin, narkotik qəbul etməyə başladı. Lakin xoşbəxtlik tapmadığı üçün, ürəyini Allaha açdı və kömək üçün dua etdi.
Tezliklə Yeqovanın iki Şahidi onun yanına gələrək, Allahın rəhbərliyinin dəyərini göstərən “Gözətçi Qülləsi” jurnalını verdilər. Jurnalda yazılanlar Mariyaya dərin tə’sir bağışladı və elə həmin gün Şahidlərlə Müqəddəs Kitabı öyrənməyə başladı. Nəticədə o, ailəsinə dönməyə təşviq olundu. Yeqova haqqında öyrəndikcə, Ona olan məhəbbətini təzahür etdirmək istədi. Mariya deyir: “Həyatım yaxşılığa doğru dəyişdi. Başlanğıcda ərim və ailəm Müqəddəs Kitabı öyrənməyimi istəmirdilər. Ancaq özümdə etdiyim dəyişiklikləri gördükdə, mənə dayaq oldular”. Daha sonra, Mariya, xidmət etmək üçün həyatını duaların Dinləyicisinə həsr etdi.
Xosenin gözəl arvadı və Boliviyada gəlirli işi vardı, ancaq o özünü xoşbəxt hiss etmirdi. Nikahdan kənar cinsi əlaqəsinə görə, arvadı onu tərk etdi. O, həddindən artıq içir və özünü lazımsız hesab edirdi. Xose söyləyir: “Ürəkdən dua etməyə başladım və Allahı razı salmaq üçün nə etməli olduğumu soruşdum. Qısa müddətdən sonra, iş yerimə Yeqovanın Şahidləri gəldilər və evdə Müqəddəs Kitabı pulsuz öyrənməyi təklif etdilər, ancaq mən onları dinləmədim. Bu üç dəfə təkrar olundu. Hər dəfə, kömək üçün dua etdiyim zaman onlar yenidən gəlirdilər. Axırda qərara gəldim ki, növbəti dəfə onları dinləyəcəyəm. O vaxta qədər bütün Müqəddəs Kitabı oxumuşdum və çoxlu suallarım vardı, lakin bütün suallarıma inandırıcı cavablar alırdım. Yeqova haqqında öyrənmək həyatıma yeni mə’na verdi, Yeqovanın Şahidlərinin sırasında olan dostlarım isə təqlid ediləcək yaxşı nümunə idilər! Mən rəfiqəmdən və içki dostlarımdan ayrıldım. Tezliklə həyat yoldaşımın və uşaqlarımın yanına döndüm. 1999-cu ilin əvvəlində isə vəftiz olundum”.
İtaliyadan olan Tamaranın ailə problemləri vardı və o, müdriklik əldə etmək üçün Allaha dua edirdi. Uşaqlıqda tez-tez döyüldüyünə və 14 yaşında evdən qovulduğuna görə, təcavüzkar idi. Tamara deyir: “Müqəddəs Kitabı əldə etdim və oxumağa başladım. Bir dəfə axşam oxudum ki, müdriklik əldə etmək - gizlədilmiş xəzinə tapmağa bənzəyir. Bu müdrikliyə sahib olmaq üçün dua etdim (Süleymanın məsəlləri 2:1—6). Növbəti gün səhər yanıma Yeqovanın Şahidləri gəldilər. Onlarla Müqəddəs Kitabı öyrənməyə başladım, ancaq öyrəndiklərimi həyata keçirmək üçün vaxt tələb olundu. Nəhayət məsihçi kimi həyat tərzi sürmək qərarına gəldim və vəftiz olundum. İndi ərimlə birlikdə, Allahın müdrikliyini əldə edə bilmələri üçün başqalarına kömək edirik”.
Beatris, Karakasda (Venesuela), cəmiyyətin yüksək təbəqəsinə məxsus idi. Ərindən boşandığı üçün özünü mə’yus hiss edirdi. Bir gün ümidsizlik içində saatlarla dua etdi. Səhər qapının zəngi çalındı. Acıqlı halda qapının gözcüyündən baxdı və əllərində çanta, iki nəfəri gördü. Evdə yoxmuş kimi davrandı, lakin həmin insanlar gedərkən qapının altından içəri kiçik bir vərəq saldılar. Orada yazılmışdı: “Müqəddəs Kitabınızla tanış olun”. Bəlkə bu, onun dünən gecə etdiyi duaya cavab idi? O, onları geri çağırdı. Tezliklə Müqəddəs Kitabı öyrənməyə başladı, sonra isə vəftiz olundu. Nəhayətdə xoşbəxtliyə nail olan Beatris, indi başqalarına xoşbəxtliyin yolunu tapmağa kömək edir.
Karmen yoxsulluğun öhdəsindən gələ bilmək üçün dua edirdi. Onun on uşağı vardı, əri Rafael isə içirdi. Karmen deyir: “Mən paltar yumaqla pul qazanmağa çalışırdım”. Ancaq Rafael get-gedə daha artıq içirdi. “Yalnız Müqəddəs Kitabı birlikdə Yeqovanın Şahidləri ilə öyrənməyə başladıqdan sonra, ərim dəyişməyə başladı. Biz, Yeqovanın Padşahlıq qurmaq və onun rəhbərliyi altında dünyadakı yoxsulluğa və sıxıntılara son qoymaq və’di haqqında öyrəndik. Nəhayət Allah dualarıma cavab verdi!” Yeqova haqqında bilik, Rafaelin içkini tərgitməsinə və “yeni mənliyi geyin”məsinə kömək etdi (Efeslilərə 4:24). O, ailəsi ilə birlikdə maddi vəziyyətlərini yaxşılaşdıra bildi. Rafael deyir: “Zəngin deyilik, şəxsi evimiz də yoxdur, lakin həyat üçün gərəkli olan hər şeyimiz var və xoşbəxtik”.
Allahın bütün dualara cavab verəcəyi zaman
Duanın bu insanlara köməyi oldumu? Əlbəttə oldu! Fikir verdinizmi ki, əksər hallarda, bu insanlar öz dualarına cavabı, məsihçi yığıncağından bir kimsə Müqəddəs Kitab öyrənməsi vasitəsilə Allaha yaxınlaşmaqda onlara kömək etdiyi zaman aldılar (Həvarilərin işləri 9:11).
Buna görə də dua etmək üçün tam əsasımız var. Tezliklə Allah, Padşahlığının gəlməsinə və iradəsinin yer üzündə də olmasına dair dualarımıza cavab verəcəkdir (Matta 6:10). Allah yer üzünü düşmənlərindən təmizlədikdən sonra, “dünya da RƏB bilgisi ilə dolu olacaq” (İşaya 11:9). O zaman Yeqovanı sevən hər kəs “Allahın oğullarının azadlığından” həzz alacaq və Allah onların dualarına mütləq cavab verəcəkdir (Romalılara 8:18—21).
[7-ci səhifədəki şəkil]
Bilirsinizmi, biz nəyə görə dua etməliyik?