Vacib bir e’lan
GÖZƏTÇİ Qülləsi, Müqəddəs Kitab və traktatlar Cəmiyyətinin (Pensilvaniya), 2000-ci il oktyabrın 7-də keçirilən illik yığıncağının sonunda, Rəhbərlik şurasının üzvü, yığıncağın sədri olan Con Barr vacib bir e’lan etdi. Bu e’lan, Teodor Yaraç və Deniel Sidlikin həmin gün söylədikləri mə’ruzələrin davamı oldu. (Bu jurnalın 29—32-ə qədər olan səhifələrinə baxın.)
Qardaş Barr, çox mühüm bir məsələyə diqqət yetirərək dedi: ““Sadiq və ağıllı qula” və onun Rəhbərlik şurasına, hər hansı hüquqi şəxslərə verilən tapşırıqdan daha yüksək və böyük tələbatların qayğısına qalmaq tapşırılmışdır. Hər bir hüquq orqanının nizamnaməsində, həmin orqanın fəaliyyət sahəsini məhdudlaşdıran məqsədləri vardır. Lakin Rəbbimiz İsa Məsih, sadiq qulu bütün “malikanəsi”, yə’ni Padşahlığın yer üzündəki mənafeləri üzərinə qoymuşdur” (Matta 24:45—47).
Pensilvaniya korporasiyası ilə əlaqədar qardaş Barr əlavə etdi: “Gözətçi Qülləsi, Müqəddəs Kitab və traktatlar Cəmiyyəti (Pensilvaniya), 1884-cü ildə qeydiyyata alındığı vaxtdan e’tibarən, müasir tariximizdə mühüm rol oynayırdı. Bununla yanaşı bu orqan, “sadiq və ağıllı qulun” sadəcə lazım gəldikdə istifadə etdiyi hüquqi vasitədir”.
Sidlik və Yaraç qardaşların öz mə’ruzələrində izah etdikləri kimi, Rəbbin yer üzü malikanəsinin bütün qayğılarının “sadiq və ağıllı qul”a tapşırılması o demək deyil ki, qul sinfi “başqa qoyunlar” sırasından olan münasib insanlara inzibati tələbatların qeydinə qalmağa imkan verməməlidir (Yəhya 10:16). Bundan əlavə, Yeqovanın Şahidlərinin hüquq orqanları direktorlarının hamısının və ya onlardan hansınınsa məsh edilmiş məsihçi olmasını iddia etməyə Müqəddəs Kitab heç bir əsas vermir.
Qardaş Barr bildirdi ki, Yeqovanın Şahidlərinin Rəhbərlik şurasının, direktorlar və rəsmi şəxslər kimi xidmət edən bə’zi üzvləri, Birləşmiş Ştatlarda “sadiq və ağıllı qul”un istifadə etdiyi bütün korporasiyaların direktorlar şurası vəzifələrini könüllü olaraq tərk etdilər. Onların yerinə, “başqa qoyunlar” sırasından məs’uliyyətli qardaşlar seçildi.
Bu qərar həqiqətən də faydalı olacaqdır. Çünki indi, ruhani qidanı hazırlamaqla və beynəlxalq qardaşlığın ruhani ehtiyaclarının qayğısına qalmaqla əlaqəli başqa işlərə Rəhbərlik şurasının üzvləri daha çox vaxt ayıra biləcəklər.
Yığıncağın sədri axırda sevinc içində olan dinləyicilərə dedi: “Müxtəlif hüquqi və inzibati vəzifələrin təcrübəli qardaşlara həvalə olunmasına baxmayaraq... onların hamısı Rəhbərlik şurasının ruhani rəhbərliyi altında xidmət edirlər. [...] Biz Yeqovadan, Onun iradəsini yerinə yetirməkdə, böyük adına izzət və şərəf gətirməkdə birgə cəhdlərimizi xeyir-dualandırmasını diləyirik”.