Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/8 s. 8—15
  • Həyat yoldaşı seçməkdə Allahın rəhbərliyi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyat yoldaşı seçməkdə Allahın rəhbərliyi
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Allahın məhəbbətlə dolu rəhbərliyi
  • Allaha sadiqlik vacibdir
  • Ailə qurmağı qərara almaq vaxtı
  • “Rəbbə bağlı olmalıdır”
  • Nikah məhəbbətli Allahın hədiyyəsidir
    Allahın məhəbbətindən ayrılmayın
  • Nikah — Allahın ənamı
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Toydan sonra
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Qoy nikahınız xoşbəxt olsun
    Gözətçi qülləsi 2016
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/8 s. 8—15

Həyat yoldaşı seçməkdə Allahın rəhbərliyi

“Sənə tə’lim edəcəyəm və gedəcəyin yolu sənə öyrədəcəyəm; cənə öyüd verəcəyəm; gözüm sənin üzərində olacaqdır” (MƏZMUR 32:8).

1. Xoşbəxt nikah üçün nə lazımdır?

HAVA akrobatı yellənən trapesiyadan hoppanır, iki qatlanır və havada ustalıqla mayallaq vurur. O, mayallaq vurduqdan sonra əllərini irəli uzadır, başqa trapesiyada sallanan gimnast isə onu tutur. Fiqurlu sürüşmə idmanında iki idmançı buz üstündə məharətlə sürüşürlər. Oğlan bir an içində öz oyun yoldaşını qaldırır və onu yuxarı tullayır. Qız fırlanır, incəliklə aşağı enir və oğlanla birlikdə buz üzərində dövrə vurmağa davam edir. Elə təəssürat yaranır ki, həm akrobatlar, həm də fiquristlər bu hərəkətləri sanki qüvvə sərf etmədən icra edirlər. Ancaq hazırlıq, e’tibarlı oyundaş, xüsusilə də düzgün rəhbərlik və tə’lim olmadan, onların hərəkətlərini təkrar etməyə kim cür’ət edə bilər? Bunun kimi, elə zənn etmək olar ki, xoşbəxt nikah da təsadüf nəticəsində yaranır. Lakin belə nikah üçün də yaxşı yoldaş, birgə sərf edilən qüvvə və xüsusən də müdrik nəsihət lazımdır. Həqiqətən də düzgün rəhbərlik çox vacibdir.

2. a) Nikahın təməlini kim qoyub və hansı məqsədlə? b) Bə’zən nikahlar necə bağlanırdı?

2 Gənclik çağında həyat yoldaşı haqqında fikirləşmək tamamilə təbiidir. Nikah, Yeqova Allah onun təməlini qoyandan bəri adi və normal hal olaraq qalır. Amma ilk insan olan Adəm arvadını özü seçmədi. Qadını ona məhəbbətlə təqdim edən Yeqova oldu (Təkvin 2:18—24). İlk insan cütünə tapşırılmışdı ki, dünyaya övlad gətirib yer üzünü insanlarla doldursunlar. Bu ilk əhdin bağlanmasından sonra, nikah haqqında adətən bəylə gəlinin valideynləri danışıq aparırdılar. Bə’zi hallarda isə bunu, oğlanla qızın razılığı alınandan sonra edirdilər (Təkvin 21:21; 24:2—4, 58; 38:6; Yeşu 15:16, 17). Bə’zi ölkələrdə və mədəniyyətlərdə danışıq əsasında nikah bağlamaq indiyə qədər davam etsə də, bu gün çoxları həyat yoldaşını özləri seçirlər.

3. Həyat yoldaşını necə seçmək lazımdır?

3 Həyat yoldaşını necə seçməli? Bə’zi adamlara xarici görünüş — göz üçün xoş və arzu olunan şeylər tə’sir göstərir. Digərləri, onlara qayğı göstərəcək, tələbat və istəklərini tə’min edəcək insanı tapmağa ümid edərək, maddi mənafe güdürlər. Lakin təkcə buna bənzər düşüncələrə əsaslanaraq xoşbəxtlik və sevinc gətirən münasibətlərə nail olmaq mümkündürmü? Süleymanın məsəlləri 31:30 deyilir: “Lətafət aldadıcıdır və gözəllik boş şeydir; fəqət Rəbdən qorxan qadın tə’riflənir”. Bu ayədə vacib fikir var: Həyat yoldaşı seçəndə Yeqovanı nəzərə alın.

Allahın məhəbbətlə dolu rəhbərliyi

4. Həyat yoldaşı seçməkdə Allah hansı köməyi təqdim edir?

4 Məhəbbətli səmavi Yeqova Atamız, Kəlamı Müqəddəs Kitabı bizə hər bir işdə rəhbərlik kimi verib. O deyir: “Faydalı olanı sənə öyrədən, yeriyəcəyin yolda səni güdən, Allahın Rəbb mənəm” (İşaya 48:17). Müqəddəs Kitabın həyat yoldaşı seçməyə aid zamanın sınağından çıxmış rəhbərlik verməsi də təəccüblü deyil. Yeqova nikahın möhkəm və xoşbəxt olmasını istəyir. Buna görə də bizə, öz rəhbərliyinin dərk olunmasına və tətbiq edilməsinə dair kömək təqdim edib. Məgər sevən Yaradanımızdan bunu gözləməli deyilikmi? (Məzmur 19:8).

5. Nikahda möhkəm xoşbəxtlik üçün ən vacib şey nədir?

5 Yeqovanın niyyətinə görə nikah ayrılmaz ittifaq olmalıdır (Mark 10:6—12; 1 Korinflilərə 7:10, 11). Buna görə Allah “boşanmadan... nifrət edir” və yalnız zina olan halda boşanmaya yol verir (Malaki 2:13—16; Matta 19:9). Bunu nəzərə alaraq yadda saxlamaq lazımdır ki, həyat yoldaşı seçmək, həyatınızda atdığınız ən vacib addımlardan biridir və buna düşüncəsiz yanaşmaq olmaz. Həyatda xoşbəxt və ya bədbəxt olmağımıza bu cür güclü tə’sir edən çox az qərar var. Düzgün edilən seçim həyatı zənginləşdirir və onu şən edir, səhv seçim isə sonsuz kədər gətirir (Süleymanın məsəlləri 21:19; 26:21). Xoşbəxtliyin davamlı olması üçün, həyat yoldaşını müdrikliklə seçmək və ona münasibətdə sədaqəti qoruyub saxlamağa hazır olmaq vacibdir. Çünki Allahın niyyətinə əsasən ərlə arvadın xoşbəxtliyi razılıq və əməkdaşlıq üzərində qurulmalıdır (Matta 19:6).

6. Gənc oğlan və qızlar həyat yoldaşı seçməkdə nəyə görə xüsusilə ehtiyatlı olmalıdırlar və daha müdrik qərarlar qəbul etməkdə bizə nə kömək edər?

6 Xüsusilə də gənc oğlan və qızlara ehtiyatlı olmaq lazımdır ki, həyat yoldaşı seçəndə fiziki cazibədarlıq və güclü arzular onları bihuş etməsin. Ona görə ki, yalnız bu təməl üzərində qurulan münasibətlər çox asanlıqla ədavətə, hətta nifrətə çevrilir (2 Samuel 13:15). Digər tərəfdən, ailə qurmaq istədiyimiz şəxsi, eləcə də özümüzü daha yaxşı tanımaqla, sönməz məhəbbətin inkişafına kömək etmiş oluruq. Bundan əlavə, dərk etmək lazımdır ki, ürəyimiz bizə vacib olmayan şeylərə meyl edə bilər (Yeremya 17:9). Elə məhz buna görə də, Allahın Müqəddəs Kitabda olan rəhbərliyi vacibdir. Bu rəhbərlik, daha müdrik qərar qəbul etməyimizə kömək edər. Məzmurçu, Yeqovanın sözlərini belə çatdırdı: “Sənə tə’lim edəcəyəm və gedəcəyin yolu sənə öyrədəcəyəm; sənə öyüd verəcəyəm; gözüm sənin üzərində olacaqdır” (Məzmur 32:8; İbranilərə 4:12). Məhəbbət və ünsiyyətə olan anadangəlmə tələbatımızı tə’min etməklə yanaşı, nikah özü ilə həmçinin problemlər də gətirir. Bunların həlli üçün isə yetkinlik və fərasət tələb olunur.

7. Nəyə görə bə’ziləri həyat yoldaşı seçməyə aid Müqəddəs Kitaba əsaslanan məsləhəti qəbul etmirlər və bu nəyə gətirib çıxarır?

7 Həyat yoldaşı seçməyə aid nikahın Banisinin dediklərinə diqqət yetirmək müdrik davranışdır. Valideynlərimiz və ya məsihçi ağsaqqalları bizə Müqəddəs Kitaba əsaslanan məsləhət verəndə xoşumuza gəlməyə bilər. Onların bizi axıra qədər anlamadıqlarını düşünə bilərik, belə olduqda isə, güclü duyğular bizi ürəyin meylinə uymaq təhlükəsinə yönəldər. Ancaq vaxt keçdikdən sonra, insan həqiqətlə üzləşəndə, bir qayda olaraq, onun rifahı üçün verilən müdrik məsləhətə qulaq asmadığına görə peşman olmağa başlayır (Süleymanın məsəlləri 23:19; 28:26). Ehtimal ki, onun ailə həyatı məhəbbətdən məhrumdur, uşaqları böyütmək çətindir, həyat yoldaşı isə onun imanına şərik olmur. Xoşbəxt edəcək bir şeyin kədər gətirməsi necə də acınacaqlıdır!

Allaha sadiqlik vacibdir

8. Yeqovaya sadiqlik nikahın möhkəmliyinə və xoşbəxtliyinə necə kömək edir?

8 Doğrudur ki, qarşılıqlı cazibədarlıq nikahı möhkəmləndirir. Amma kişi ilə qadın əhdinin möhkəmliyi və xoşbəxtliyi üçün ümumi dəyərlər vacibdir. Hər iki tərəfin Yeqova Allaha sadiqliyi, heç bir amilin verə bilmədiyi birliyi əmələ gətirir və qoruyur (Vaiz 4:12). Ər və arvadın həyatları Yeqovaya edilən həqiqi ibadət ətrafında dövr edəndə, bu onları ruhən, qəlbən və mə’nəvi cəhətdən birləşdirir. Onlar Allahın Kəlamını birlikdə öyrənirlər; birlikdə dua edirlər, bu isə onları qəlbən birləşdirir; birlikdə məsihçi yığıncaqlarına və təbliğ xidmətinə gedirlər. Bütün bunların sayəsində, onları bir-birlərinə yaxınlaşdıran ruhani tellər formalaşır. Ən başlıcası isə odur ki, onlar Yeqovanın xeyir-duasına nail olurlar.

9. İshaq üçün arvad axtarmaqla əlaqədar İbrahim necə davrandı və bunun nəticəsi nə oldu?

9 Allaha sadiqlik, qəbilə başçısı olan sədaqətli İbrahimi, oğlu İshaqa arvad axtarmaq vaxtı çatanda Allaha məqbul tərzdə davranmağa təşviq etdi. İbrahim evində e’tibar etdiyi sədaqətli və böyük quluna dedi: “Göylərin Allahı və yerin Allahı Rəbbin haqqı üçün sənə and verdirirəm ki, içində yaşamaqda olduğum Kən’anlıların qızlarından oğluma qadın almayacaqsan; fəqət mənim məmləkətimə və əqrabama gedəcəksən və oğlum İshaq üçün bir qadın alacaqsan... [Yeqova] sənin önündə mələyini göndərəcək və oradan oğlum üçün bir qadın alacaqsan”. Rebeka, İshaqın nəcibliklə sevdiyi layiqli qadın oldu (Təkvin 24:3, 4, 7, 14—21, 67).

10. Ər və arvadın üzərinə Müqəddəs Kitab hansı məs’uliyyətləri qoyur?

10 Allaha sadiqlik, subay olan məsihçi oğlan və qızlara, nikaha aid Müqəddəs Kitab tələblərinə müvafiq olmaq xüsusiyyətləri inkişaf etdirməkdə kömək edəcək. Ər və arvadın daşıdıqları məs’uliyyətlərdən bə’zilərini həvari Pavel qeyd edir: “Qadınlar! Rəbbə tabe olur kimi, ərlərinizə tabe olun... Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi... Beləcə ərlər də öz arvadlarını, öz bədənləri qədər sevməlidirlər. Öz arvadını sevən özünü sevir [...] Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin” (Efeslilərə 5:22—33). Gördüyümüz kimi, Pavelin ilhamlanmış sözləri məhəbbət və hörmətin vacibliyini göstərir. Bu məsləhətə riayət etmək üçün Yeqovaya ehtiramlı qorxu bəsləmək gərəkdir. Həm firavan, həm də çətin anlarında ər ilə arvad bir-birlərinə ürəkdən sədaqətli qalmalıdırlar. Ailə qurmaq istəyən məsihçilər bu cür məs’uliyyəti üzərlərinə götürmək iqtidarında olmalıdırlar.

Ailə qurmağı qərara almaq vaxtı

11. a) Ailə qurmağın vaxtı barədə Müqəddəs Kitab nə deyir? b) 1 Korinflilərə 7:36 olan məsləhətə riayət etməyin müdriklik olduğunu hansı nümunə göstərir?

11 Ailə qurmağa hazır olduğumuz vaxtı bilmək olduqca vacibdir. Müqəddəs Yazılar konkret yaş tə’yin etmir, çünki nikah üçün hər bir kəsin özünə münasib yaş dövrü var. Ancaq Müqəddəs Yazılar göstərir ki, cinsi əlaqəyə olan güclü meylin sağlam düşüncəyə üstün gəldiyi “gəncliyin bahar çağının” ötüb keçməsini gözləmək yaxşıdır (1 Korinflilərə 7:36, YD). Mişel adlı qız deyir: “İyirmi yaşı olmayan rəfiqələrimin görüşə çıxdıqlarını və ərə getdiklərini görəndə, Müqəddəs Kitabın bu məsləhətinə riayət etmək hərdənbir çətin olurdu. Amma bu məsləhətin Yeqovadan gəldiyini və Onun yalnız yaxşılığımızı istədiyini anlayırdım. Mən, ailə qurmağa tələsmədən, diqqətimi Yeqova ilə olan münasibətimə mərkəzləşdirib, gənclik çağında əldə edilməsi mümkün olmayan bə’zi həyat təcrübələrinə nail ola bildim. Bir neçə il ərzində, ailə məs’uliyyətlərinin və nikahda yaranan problemlərin öhdəsindən daha yaxşı gəlməyə hazırlaşdım”.

12. Nəyə görə gənc yaşlarında ailə qurmağa tələsmək lazım deyil?

12 Tələsik olaraq erkən yaşlarında evlənən və ərə gedənlər çox vaxt müəyyən edirlər ki, yaşa dolduqca onların tələbat və istəkləri də dəyişir. Əvvəllər onların arzuladıqları şeylər, vaxt keçdikcə öz əhəmiyyətini itirir. Bir məsihçi 16 yaşında ərə getmək istədi. Onun nənəsi və anası da bu yaşda ərə getmişdilər. Bu qızı maraqlandıran adam onunla evlənməkdən imtina edəndə, o, onunla ailə qurmağa razı olan başqa bir oğlan tapdı. Ancaq o, tələsdiyi üçün çox peşman oldu.

13. Erkən yaşlarında ailə quranların çox vaxt hansı cəhətdən çatışmazlıqları olur?

13 Ailə qurmaq haqqında fikirləşərkən, bununla bağlı olan hər şeyi tam mə’nada dərk etmək vacibdir. Erkən yaşlarında qurulan ailədə bir çox problemlər yaranır, bunları həll etməyi isə, çox ehtimal ki, gənc ər-arvad bacarmır. Onlarda, ailə həyatı və uşaqların tərbiyəsi ilə əlaqədar olan çətinliklərin öhdəsindən gəlmək üçün, təcrübə və yetkinlik çatışmazlığı ola bilər. Ailə o zaman qurulmalıdır ki, insan pozulmaz əhdin bütün məs’uliyyətlərini fiziki, zehni və ruhani cəhətdən öz üzərinə götürməyə hazır olur.

14. Ailədə yaranan gərgin vəziyyətlərin öhdəsindən gəlmək üçün nə lazımdır?

14 Pavel yazırdı ki, evlənənlərin “həyatda əziyyəti olacaq” (1 Korinflilərə 7:28). Problemlər, ailə quranların hər birinin öz xasiyyəti və müəyyən məsələyə fərqli nöqteyi-nəzərləri olduğu üçün yaranır. İnsanın qeyri-kamilliyi üzündən, Müqəddəs Kitabın həvalə etdiyi rolu həyata keçirmək ər və arvada asan olmur (1 Korinflilərə 11:3; Koloslulara 3:18, 19; Titusa 2:4, 5; 1 Peter 3:1, 2, 7). Allahın rəhbərliyini axtarmaq, tətbiq etmək və hərdənbir yaranan gərginliyi məhəbbətlə aradan qaldırmaq üçün, ərlə arvaddan yetkinlik və ruhani möhkəmlik tələb olunur.

15. Övladların nikaha hazırlanmasında valideynlərin rolu nədən ibarətdir? Nümunədə göstərin.

15 Valideynlər, Allahın rəhbərliyinə riayət etməyin nə dərəcədə vacib olduğunu anlamaqda övladlarına kömək etməklə, onları ailə həyatına hazırlaya bilərlər. Müqəddəs Yazıları və məsihçi nəşriyyatlarını məharətlə istifadə edərək, valideynlər övladlarına, özlərinin və ya ailə qurmaq istədikləri şəxsin nikah məs’uliyyətini üzərlərinə götürməyə hazır olub-olmadıqlarını müəyyənləşdirməyə kömək edərləra. Blossom adlı on səkkiz yaşlı qız öz yığıncağındakı bir gəncə aşiq olmuşdur. Həmin gənc tammüddətli pioner idi və onlar evlənmək istəyirdilər. Amma valideynləri qızın ərə getmək vaxtı olmadığını nəzərə alıb, qızlarından bir il gözləməyi xahiş etdilər. Sonralar Blossom yazırdı: “Bu müdrik məsləhətə qulaq asdığım üçün necə də minnətdaram. Bir il ərzində daha yetkin oldum və həmin gəncdə yaxşı həyat yoldaşına xas olan lazımi xüsusiyyətlərin çatışmadığını görməyə başladım. Bir qədər vaxtdan sonra o gənc təşkilatı tərk etdi, mən isə həyatımı puç edə biləcək fəlakətdən yaxa qurtardım. Həmişə xeyirxah məsləhətlə kömək edən valideynlərə malik olmaq necə də yaxşıdır!”

“Rəbbə bağlı olmalıdır”

16. a) “Rəbbə bağlı” olanlarla ailə qurmaq tələbi hansı mə’nada məsihçi üçün sınağa çevrilə bilər? b) Məsihçi oğlan və qızlar, onların imanlarına şərik olmayan adamla evlənmək sınağı yarananda nə haqda dərindən düşünməlidirlər?

16 Yeqova məsihçilərə kifayət qədər aydın göstəriş vermişdir: “Rəbbə bağlı” olanlarla ailə qurmaq lazımdır (1 Korinflilərə 7:39). Bu, məsihçi valideynlər və onların övladları üçün sınağa çevrilə bilər. Hansı mə’nada? Fərz edək ki, gənclərdən kim isə ailə qurmaq istəyir, yığıncaqda isə həyat yoldaşı olmağa münasib şəxs yoxdur. Hər halda o, belə düşünə bilər. Haradasa kişilər qadınlardan azdır, yaxud da bir kimsə öz doğma yerində sadəcə olaraq münasib həyat yoldaşı tapa bilmir. Birdən, yığıncağın hələ özünü Allaha həsr etməmiş üzvü olan gənc oğlan məsihçi gənc qıza maraq göstərir (və ya əksinə), bu zaman isə Yeqovanın normalarına zidd davranmaq sınağı yaranır. Belə hallarda İbrahimin nümunəsi üzərində dərindən düşünmək faydalıdır. Çünki məhz Allahla yaxşı münasibətini qoruyub saxlamaq istəyi onu təşviq etdi ki, oğlu İshaqı Yeqovaya sadiq olan qızla evləndirsin. İshaq da oğlu Yaqubu evləndirəndə bu cür davrandı. Bu, onların hər birindən güc tələb edirdi, amma belə davranış tərzi Allaha məqbul idi və Onun xeyir-duasına səbəb oldu (Təkvin 28:1—4).

17. Nəyə görə bir imanda olmayan şəxslə ailə qurmaq, çox ehtimal ki, fəlakətə gətirib çıxaracaq və “Rəbbə bağlı” olanla evlənməyin əsas səbəbi nədir?

17 Bə’zi hallarda iman etməyən insan sonralar məsihçi olmuşdu. Lakin bir imanda olmayan insanların nikahı çox vaxt fəlakətə gətirib çıxarır. Bərabər olmayan boyunduruğa qoşulan adamların əqidələri, normaları və məqsədləri fərqli olur (2 Korinflilərə 6:14). Bu, ailə həyatındakı ünsiyyətə və xoşbəxtliyə çox zərərli tə’sir göstərə bilər. Misal üçün, bir məsihçi qadın, yığıncağın möhkəmləndirici görüşündən sonra ruhani mövzunu, onun imanına şərik olmayan əri ilə müzakirə edə bilmədiyi üçün çox heyfsilənirdi. Ən başlıcası isə, “Rəbbə bağlı” olanla ailə qurmaq, Yeqovaya sadiqliyi göstərir. Allahın Kəlamına itaətkar olanda ürəyimiz bizi mühakimə etmir, çünki “Onun qarşısında məqbul olan işləri görürük” (1 Yəhya 3:21, 22).

18. Ailə qurmaq haqqında düşünərkən hansı vacib məsələlərə diqqət yetirmək lazımdır və nəyə görə?

18 Ailə qurmaq haqqında düşünərkən, ilk növbədə, həyat yoldaşı kimi nəzərdə tutulan şəxsin xeyirxahlığı və ruhaniliyinə diqqət yetirmək lazımdır. Məsihçiyə xas olan şəxsiyyət, eləcə də Allaha məhəbbət və Ona ürəkdən sadiq olmaq, fiziki cazibədarlıqdan daha çox vacibdir. Ruhani cəhətdən möhkəm ər və ya arvad olmaq məs’uliyyətini dərk edən və buna əsasən davranan şəxslər Allahın lütfünə nail olurlar. Ən əsası isə, Yaradana birgə sadiq olmaları və hər bir işdə Onun rəhbərliyinə riayət etmələri ər ilə arvad arasındakı münasibəti möhkəmləndirir. Bu, Yeqovanı izzətləndirir, ailə isə lap başlanğıcdan, onun uzun ömürlü olmasına kömək edəcək ruhən möhkəm təməl üzərində qurulur.

[Haşiyə]

a “Gözətçi Qülləsi”nin 1999-cu ilin 15 fevral nömrəsinə, 4—8-ci səhifələrə baxın (rusca).

Siz necə cavab verərdiniz?

• Nəyə görə yaxşı həyat yoldaşı seçməkdə Allahın rəhbərliyi lazımdır?

• Allaha sadiqlik nikah tellərini necə möhkəmləndirir?

• Valideynlər övladlarını ailə qurmağa necə hazırlaya bilərlər?

• “Rəbbə bağlı” olanlarla ailə qurmaq nəyə görə vacibdir?

[11-ci səhifədəki şəkillər]

Həyat yoldaşı seçəndə Allahın məsləhətinə riayət etməklə, həqiqi xoşbəxtliyə nail olmaq mümkündür.

[12-ci səhifədəki şəkillər]

“Rəbbə bağlı olanlarla” ailə quraraq çoxlu xeyir-dua alacaqsınız.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş