Müqəddəs Kitabı anlamaq üçün göstərilən kömək
MÜQƏDDƏS KİTAB nadir kitabdır. Bu kitabı yazanlar onun Allahdan ilham aldığını sübut edirlər. Bunun düzgün olduğunu kitabın məzmunu da tamamilə təsdiq edir (2 Timoteyə 3:16). Bundan savayı, Müqəddəs Kitabda insanın yaranması, həyatın mə’nası və bəşəriyyətin gələcəyi haqqında da mə’lumat verilir. Şübhəsiz ki, Müqəddəs Kitab diqqətimizə layiq olan kitabdır!
Olsun ki, Müqəddəs Kitabı oxumağa cəhd göstərmiş, ancaq onu anlamağın çətin olduğunu müəyyən etmisiniz. Bəlkə də, öz suallarınızın cavabını Müqəddəs Kitabın hansı hissəsində axtarmaq lazım gəldiyini bilmirsiniz. Əgər belədirsə, bu cür vəziyyət tək sizinlə baş verməmişdir. Belə vəziyyətlə birinci əsrdə yaşamış bir adam da qarşılaşmışdı. O, araba ilə Yerusəlimdən doğma diyarı Həbəşistana gedirdi. Həbəşistanlı bu mə’mur, Müqəddəs Kitabdan İşayanın peyğəmbərliyini ucadan oxuyurdu; bu peyğəmbərlik həmin vaxtdan 700 il qabaq yazılmışdır.
Birdən mə’mur arabasının yanında kimin isə qaçdığını gördü. Bu adam İsa Məsihin şagirdi Filip idi. O, Həbəşistan mə’murundan soruşdu: “Oxuduğunu heç anlayırsanmı?” Mə’mur: “Mənə yol göstərən olmasa necə anlaya bilərəm?” deyə cavab verib, Filipi arabasına də’vət etdi. Filip, mə’murun oxuduğu hissəni ona başa saldı və “İsa haqqındakı Müjdəni ona” bəyan etdi (Həvarilərin işləri 8:30—35).
Keçmişdə Allahın Kəlamını anlamaqda Filip həbəşistanlı mə’mura kömək etdiyi kimi, bu gün Yeqovanın Şahidləri də Müqəddəs Kitabı anlamaqda insanlara kömək edirlər. Onlar sevinclə sizə də kömək edərlər. Müqəddəs Kitabı, onun əsas tə’limlərindən başlayaraq sistematik öyrənmək daha yaxşıdır (İbranilərə 6:1, İ—93). Ruhən böyüyərək, Pavelin dediyi kimi, “qüvvətli yemək” qəbul edə biləcəksiniz, yə’ni daha dərin mə’na daşıyan həqiqətləri anlayacaqsınız (İbranilərə 5:14). Məqsədiniz Müqəddəs Kitabı öyrənmək olsa da, ona əsaslanan nəşrlərin, yə’ni Müqəddəs Kitabı öyrənmək üçün olan vəsaitlərin köməyi də gərəkdir, çünki bu nəşrlərdə müəyyən mövzuları açıqlayan ayələri tapmağın üsulu və onların mə’nası göstərilir.
Müqəddəs Kitabın öyrənilməsi adətən sizə əlverişli olan yerdə və vaxtda keçirilir. Hətta bə’ziləri Müqəddəs Kitabı telefon vasitəsilə öyrənirlər. Məşğələ, məktəbdə olan kimi keçirilmir: sizin şəxsi vəziyyətiniz, təhsil və qabiliyyətiniz nəzərə alınaraq, sərbəst ev şəraitində keçirilir. Öyrənmə pulsuzdur (Matta 10:8). Müqəddəs Kitabı öyrənənlər imtahan vermirlər və onlar cavab verməkdən qorxmalı deyillər. Bu cür məşğələ zamanı suallarınıza cavab tapmağın və Allaha yaxınlaşmağın üsullarını öyrənmək olar. Bəs Müqəddəs Kitabı daha nəyə görə öyrənmək lazımdır? Gəlin müzakirə edək görək, Müqəddəs Kitabı öyrənmək nəyə görə sizin həyatınıza daha çox sevinc gətirə bilər.