Qoy vərdişləriniz sizə fayda gətirsin
BU KİŞİ, Afina şəhərinin kənarında yerləşən qəsəbədə 12 il yaşamışdır. O, hər gün evdən işə qədər eyni yolu qət edirdi. Sonra o, şəhərin əks tərəfində yerləşən başqa qəsəbəyə köçdü. Bir dəfə işdən sonra evə yollandı. Yalnız əvvəllər yaşadığı yerə çatdıqda, düz gəlmədiyini başa düşdü. O, vərdiş etdiyi kimi əvvəlki evinə qayıtmışdı!
Təəccüblü deyil ki, vərdişi bə’zən insanın ikinci təbiəti adlandırırlar. Vərdişlər həyatımıza olduqca güclü tə’sir göstərir. Bu baxımdan vərdişləri odla müqayisə etmək olar. Od insanın dostu ola bilər: od qaranlıqda yol göstərən mayak kimi xidmət edir, odun istisində qızınmaq və yemək hazırlamaq olar. Lakin od, həyatdan və mülkdən məhrum edən amansız düşmənə də çevrilə bilər. Vərdişlərlə olan vəziyyət də buna bənzəyir. Yaxşı vərdişlər bizə böyük fayda gətirir. Lakin onlar bizə xətər də yetirə bilər.
Məqalənin əvvəlində xatırlanan kişi ilə baş verən hadisədə, vərdiş, sadəcə olaraq şəhər tıxaclarında onun vaxtının itməsinə səbəb oldu. Söhbət daha vacib şeylərdən gedəndə isə, vərdişlər ya müvəffəqiyyət əldə etməyimizə kömək edər, ya da bizi fəlakatə uğrada bilər. Gəlin vərdişlərin Allaha xidmətimizə və Onunla münasibətimizin yaxşı olmasına necə kömək etməsini və ya mane olmasını göstərən Müqəddəs Kitabın bir neçə nümunəsini nəzərdən keçirək.
Müqəddəs Kitabda olan yaxşı və pis vərdişlərin nümunələri
Nuhun, Eyubun və Danielin Allahla yaxın qarşılıqlı münasibətləri vardı. Müqəddəs Kitab, salehliklərinə görə bu adamları tə’rifləyir (Hezekiel 14:14). Bu üç nəfərin həyatına əsasən, demək olar ki, onlar özlərində yaxşı vərdişlər inkişaf etdirirdilər.
Nuha gəmi tikmək tapşırılmışdı. Bu gəmi futbol meydançasından uzun və beşmərtəbəli binadan hündür olmalı idi. Belə böyük tapşırıq, qədim dövrün hər hansı bir gəmiqayırma mütəxəssisini çaşdıra bilərdi. Nuhun və onunla birlikdə gəmi tikən ailəsinin yeddi nəfər üzvünün müasir ləvazimatları yox idi. Bundan əlavə, Nuh öz müasirlərinə təbliğ edirdi. Şübhəsiz ki, o, ailəsinin ruhani və fiziki tələbatlarını da unutmurdu (2 Peter 2:5). Nuh bütün bunların öhdəsindən gəldi, deməli, onun əməyə münasibətdə yaxşı vərdişləri vardı. Bundan əlavə Nuh, Müqəddəs Kitab tarixinə “Allahın yolu ilə gedən” bir insan kimi daxil oldu. “Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi” (Yaradılış 6:9, 22; 7:5, MKŞ). Nuhun Müqəddəs Kitabda “qüsursuz” adlandığını nəzərə alaraq demək olar ki, o, Tufandan sonra, hətta insanlar Yeqovaya qarşı üsyan qaldırdıraraq, Babil qülləsini tikməyə başladıqdan sonra da Allahın yolu ilə sədaqətlə yeriməyə davam edirdi. Nuh 950 il ömür sürmüş və ölənə qədər Allahın yolu ilə yerimişdir (Yaradılış 9:29, MKŞ).
Eyub da, yaxşı vərdişləri sayəsində “nöqsansız və doğru” insan kimi tanınmışdı (Eyub 1:1, 8; 2:3). O, adətən, yə’ni vərdişi üzrə, uşaqlarının keçirdikləri hər bir ziyafətdən sonra onlar üçün qurbanlar təqdim edərək, ailəsi üçün kahin rolunu icra edirdi. Eyub, uşaqlarının “günah işləmiş və ürəklərində Allaha lə’nət etmiş” olmalarından ehtiyat etdiyi üçün “daima belə edirdi” (Eyub 1:5). Şübhəsiz ki, Eyubun ailəsində Yeqovaya ibadətlə bağlı olan ən’ənələrə mühüm rol verilirdi.
Daniel çox illər yaşamış və ömrü boyu “durmadan” Yeqovaya xidmət etmişdir (Daniel 6:16, 20). Onun ruhani cəhətdən hansı yaxşı vərdişləri vardı? Onlardan biri — müntəzəm surətdə Yeqovaya dua etmək idi. Padşahın duanı qadağan edən fərmanına baxmayaraq, Daniel “əvvəllər etdiyi kimi, gündə üç dəfə diz çökdü və dua etdi və Allahının önündə şükr etdi” (Daniel 6:10). O, həyatı təhlükə altında olan zaman da, Allaha dua etməyi dayandırmadı. Şübhəsiz ki, bu vərdiş Allahın önündə tam nöqsansızlığı qorumaq cəhdində Danieli möhkəmləndirdi. Görünür ki, Danielin, Allahın həyəcan hissi doğuran və’dlərindən bəhs edən Yazıları öyrənmək və onların üzərində dərindən düşünmək vərdişi də vardı (Yeremya 25:11, 12; Daniel 9:2). Bu cür gözəl vərdişlər, hər şeyə dözməkdə və Allaha olan sadiqliyini qoruyaraq həyat uğrundakı qaçışda finiş xəttinə çatmaqda Danielə kömək etdi.
Dina isə, bunun əksinə olaraq, pis vərdişinin zərərini çəkdi. O, «[“vərdiş etdiyi kimi”, YD] o ölkənin qızlarını görməyə çıxdı». Həmin ölkənin qızları Yeqovaya ibadət etmirdilər (Yaradılış 34:1, MKŞ). İlk baxışdan zərərsiz görünən bu vərdiş fəlakətə gətirib çıxartdı. “Atasının evində ən hörmətli adam” sayılan Şekem adlı gənc, Dinanı zorladı. Sonra isə Dinanın iki qardaşı, qisas almaq məqsədilə şəhərin bütün kişilərini öldürdülər. Necə də dəhşətli aqibətdir! (Yaradılış 34:19, 25—29, MKŞ).
Vərdişlərimizin bizə zərər deyil, xeyir gətirəcəyinə necə əmin ola bilərik?
Vərdişlərinizdən istifadə edin
Bir filosof yazmışdır: “Vərdişlər — alın yazısıdır”. Lakin bu heç də belə deyil. Müqəddəs Kitab bizi əmin edir ki, pis vərdişlərdən azad olub, yaxşılarını qazana bilərik.
Yaxşı vərdişlər məsihçi yolu ilə getməkdə kömək edir və bu yolu asanlaşdırır. Yunanıstandan olan Aleks adlı bir məsihçi deyir: “Müxtəlif tapşırıqları yerinə yetirərkən, müəyyən qrafikə əsasən davranmaq vərdişim sayəsində qiymətli vaxtıma qənaət edirəm”. Məsihçi ağsaqqalı Teofilos qeyd edir ki, işlərini planlaşdırması ona müvəffəqiyyət əldə etməkdə kömək edir. O deyir: “Əminəm ki, hər şeyi yaxşı planlaşdırmaq vərdişim olmasaydı, məsihçi vəzifəmin öhdəsindən müvəffəqiyyətlə gələ bilməzdim”.
Bir məsihçi kimi, biz də “eyni qaydaya əsasən davranmağa” təşviq olunuruq (Filipililərə 3:16, YD). “Qayda” sözü, nəyi isə vərdiş edilmiş tərzdə həyata keçirməyi nəzərdə tutur. Yaxşı vərdişlər faydalıdır, çünki onlar, hər bir addımımızı götür-qoy etmək üçün vaxt itirməməyə kömək edir. Bu və ya digər işi görmək üçün bizim artıq hasil olmuş təcrübəmiz var və biz ona vərdişimiz üzrə riayət edirik. Hərdən vərdişlər, demək olar ki, avtomatizm dərəcəsinə çatır. Təhlükəsiz maşın sürmək təcrübəsi yol gedərkən qəzadan qaçınmaq üçün sürücüyə dərhal qərar qəbul etməkdə kömək etdiyi kimi, yaxşı vərdişlər də məsihçi yolunda düzgün qərarlar qəbul etməkdə bizə kömək edir.
İngilis yazıçısı Ceremi Teylor demişdir: “Vərdişlər fəaliyyətin məhsuludur”. Yaxşı vərdişlərə malik olaraq, asanlıqla düzgün davrana bilərik. Məsələn, əgər biz, məsihçi kimi müntəzəm surətdə təbliğ etməyə alışmışıqsa, onda bizim üçün təbliğ xidmətinə getmək asan olacaq və böyük sevinc gətirəcəkdir. Müqəddəs Kitabda oxuyuruq ki, həvarilər “hər gün mə’bəddə və evdən-evə tə’lim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər” (Həvarilərin işləri 5:42; 17:2). Lakin xidmətdə yalnız hərdənbir iştirak ediriksə, qorxu hissi keçirə bilərik və məsihçi fəaliyyətinin bu növünə alışmaq, eləcə də özümüzü qətiyyətli hiss etmək üçün daha çox vaxt tələb oluna bilər.
Bu, məsihçi həyatının başqa sahələrinə də aiddir. Vərdiş, Allahın Kəlamını müntəzəm surətdə, “gecə-gündüz” oxumağımıza kömək edə bilər (Yeşu 1:8; Məzmur 1:2). Bir məsihçi, yatmazdan əvvəl Müqəddəs Kitabı 20—30 dəqiqə ərzində oxumağa vərdiş etmişdir. O fikir vermişdir ki, nə qədər bərk yorulursa-yorulsun, Müqəddəs Kitabı oxumamış yatağına girərsə, yuxuya gedə bilmir. O, yerindən durub, oxumalı olur. Bu məsihçi, belə bir vərdiş sayəsində artıq bir neçə ildir ki, hər il Müqəddəs Kitabı bütövlüklə oxuyur.
İsa Məsihin — təqlid etdiyimiz Nümunənin — Müqəddəs Yazıların müzakirə olunduğu görüşlərdə iştirak etmək vərdişi vardı. O, “Öz adəti üzrə şənbə günü sinaqoqa girdi və oxumaq üçün ayağa qalxdı” (Luka 4:16). Vərdiş, böyük ailə sahibi olan və həddindən çox işləmək məcburiyyəti qarşısında qalan Co adlı ağsaqqala, müntəzəm surətdə görüşlərdə iştirak etmək arzusu və tələbatı inkişaf etdirməkdə kömək etdi. O deyir: “Bu vərdiş mənə kömək edir. Çətin işlərin və problemlərin öhdəsindən gəlmək üçün lazımi mə’nəvi qüvvə verir” (İbranilərə 10:24, 25).
Məsihçilərə, həyat uğrundakı qaçışda bu cür vərdişlər olmadan keçinmək mümkün deyil. Yeqovanın xalqının tə’qiblərə mə’ruz qaldığı bir ölkədən göndərilən mə’lumatda qeyd edilir: «Yaxşı ruhani vərdişlərə malik olanlar və həqiqətə görə dərin minnətdarlıq hissi duyanlar sınaqlara asanlıqla tab gətirirlər. “Əlverişli... vaxtda” görüşlərə gəlməyən, qeyri-müntəzəm surətdə təbliğ edən və cüzi şeylərdə güzəştə yol verənlər isə çox vaxt davam gətirə bilmirlər» (2 Timoteyə 4:2, YD).
Pis vərdişlərdən yaxa qurtarıb, yaxşılarını inkişaf etdirin
Deyirlər ki, insan yalnız tabe olmaq istədiyi vərdişləri əldə etməlidir. Pis vərdişlər — zalım ağalardır. Lakin onlardan yaxa qurtarmaq olar.
Vaxtilə Stellanı televizordan ayırmaq qeyri-mümkün idi. O deyir: «Hər bir pis vərdişimin arxasında adətən “zərərsiz” səbəb durur». Bu vəziyyət, onun televizora olan həvəsinə də aiddir. O öz-özünə deyirdi ki, televizora “bir az dincəlmək” üçün baxacaqdır. Lakin vərdiş ona üstün gələrək, televizorun qabağında çox saatlar keçirməyə vadar edirdi. Stella deyir: “Bu vərdişim ruhani inkişafımın zəifləməsinə səbəb oldu”. Vəziyyəti dəyişməyi qərara alaraq, Stella televizora az baxmağa və verilişləri daha diqqətlə seçməyə başladı. O deyir: “Mən çalışıram ki, bu vərdişi nə üçün aradan qaldırmaq qərarına gəldiyimi heç vaxt unutmayım və Yeqovadan bu vərdişlə mübarizə aparmaqda mənə kömək etməsini xahiş edirəm”.
Xaralampos adlı bir məsihçi, ruhən inkişaf etməkdə ona mane olan, hər şeyi sabaha qoymaq vərdişi barədə danışır. “Bu vərdişin mənə xeyir gətirməyəcəyini başa düşəndə, həyatımı dəyişməyə çalışdım. Qarşıma məqsədlər qoyaraq, nəyi nə vaxt etməyə başlayacağımı konkret olaraq müəyyən etdim ki, onlara nail ola bilim. Mən bütün qərarlarımı icra etməyə və bütün planlarımı həyata keçirməyə çalışırdım. Bu, mənim pis vərdişimə çarə oldu. Bu cür dəyişməzlik mənim üçün indiyə kimi də yaxşı vərdiş olaraq qalır”. Sözsüz ki, edə biləcəyimiz ən yaxşı şey — pis vərdişlərdən yaxa qurtarıb, yaxşılarını inkişaf etdirməkdir.
Özümüzdə yaxşı və ya pis vərdişlər inkişaf etdirməyimizə ünsiyyətimiz də tə’sir göstərir. Biz, başqalarından necə yaxşı, eləcə də pis vərdişlər götürürük. “Pis dostluq yaxşı əxlaqı pozduğu” kimi, yaxşı vərdişlər inkişaf etdirməkdə də yaxşı dostlar bizə nümunə ola bilərlər (1 Korinflilərə 15:33). Hər şeydən vacibi isə odur ki, vərdişlər Allahla olan qarşılıqlı münasibətimizi ya möhkəmlədə, ya da zəiflədə bilər. Stella deyir: “Yaxşı vərdişlər, Yeqovaya xidməti davam etdirməyimizə kömək edir, pis vərdişlər isə mane olur”.
Özünüzdə yaxşı vərdişlər inkişaf etdirin və onlara riayət edin. Vərdişlər həyatınıza güclü və yaxşı tə’sir göstərəcək.
[29-cu səhifədəki şəkil]
Vərdişlər də, od kimi, fayda və ya zərər gətirə bilər.