“Qızıl qanun” hamı üçün olan əmr
“Buna görə, insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin” (Matta 7:12).
BU SÖZLƏRİ iki min il bundan əvvəl, məşhur Dağüstü təbliğində İsa Məsih söyləmişdir. Bu sadə kəlam haqqında sonralar çox fikirlər deyilmiş və yazılmışdır. O, “Müqəddəs Yazıların əsl məğzi”, “yaxınına qarşı göstərilən məsihçi vəzifəsinin ümumi izharı”, “əsas mə’nəvi prinsip” adlanır. İsanın söylədiyi bu sözlər insanlar arasında o dərəcədə geniş yayılmışdır ki, indi çoxlarına “qızıl qanun” kimi mə’lumdur.
“Qızıl qanunun” əsasını təşkil edən prinsip, yalnız Xristian dünyasının dinlərinə mə’lum deyil. Bu prinsir müəyyən dərəcədə yəhudi, buddist dinlərində və yunan fəlsəfəsində də öz əksini tapır. Bu prinsip müqəddəs mütəfəkkir və böyük müəllim hesab edilən Konfusinin xüsusilə də Uzaq Şərq xalqlarına mə’lum olan əsərlərində xatırladılır. Konfusinin - ədəbi məcmuələrində - dörd kitabından üçüncüsündə bu prinsipə üç dəfə rast gəlinir. Şagirdlərinin suallarına cavab verərkən Konfusi iki dəfə demişdir: “Sənə etmələrini istəmədiyin işləri, sən də başqalarına etmə”. Konfusi üçüncü kərə bu prinsipi, şagirdi Tszıqunla söhbəti zamanı söyləmişdi. Bir dəfə Tszıqun öyünərək: “Başqalarının mənə etmələrini istəmədiyim işləri, mən də onlara etmək istəmirəm” dedi. Müəllim cavabında: “Tszı, çünki bu sənin üçün mümkün olası iş deyil” dedi.
İsanın sonradan söylədiyi kəlamlardan fərqli olaraq, Konfusinin dediklərinin mənfi tərzdə xülasə edildiyini görmək çətin deyil. Bu mülahizələr arasındakı fərq ondadır ki, Məsihin söylədiyi “qızıl qanun” müsbət əhval-ruhiyyədə yazılıb və insanları başqalarına yaxşılıq etməyə təşviq edir. Bircə təsəvvür edin, əgər bütün insanlar Məsihin verdiyi “qızıl qanunu” rəhbər tutub, bir-birlərinin qayğısına qalıb, hər zaman kömək göstərməyə hazır olsaydılar, dünyamız necə də gözəl olardı. O vaxt planetimizdə həyat necə də dəyişərdi!
Ancaq bu qanun mənfi, müsbət və yaxud başqa bir formada xülasə edilsə də, ən əsası odur ki, irqindən, harada və nə vaxt yaşamalarından asılı olmayaraq insanlar bu qanunun tərkibini təşkil edən prinsipə böyük əhəmiyyət versinlər. Buradan görünür ki, İsanın Dağüstü təbliğ zamanı ifadə etdiyi prinsiplər universaldır və həyatın bütün dövrlərində hamı üçün tətbiq ediləndir.
Özünüzdən soruşun: insanların sizinlə səmimiyyətlə, hörmətlə və insafla davranmalarını istəyərdinizmi? İrqi xurafatlardan, cinayətlərdən və müharibələrdən azad bir dünyada yaşamaq istəyərdinizmi? Bir-birinin hissləri və rifahı üçün qayğı göstərən üzvlərdən ibarət ailəyə sahib olmaq istəyərdinizmi? Belə imkanlardan heç kim imtina etməzdi. Ancaq təəssüflər olsun ki, bu cür yaşayanların sayı çox azdır. İnsanların əksəriyyəti üçün isə belə bir həyat yalnız arzudur.
“Qızıl qanun” artıq dəbdə deyil
Tarix günahsız insanların hüququnu pozan qəddar və vəhşi cinayətlərlə doludur. Qul alveri, nasist ölüm düşərgələri, məcburi uşaq əməyi və şiddətli genosidin - insan cinayətinin bu siyahısını hələ çox davam etdirmək olar.
Bu gün yüksək texnologiyası olan dünyamızda e’tinasızlıq və eqoizm hökm sürür. Şəxsi hüquqlarından və firavanlıqlarından söhbət gedən zaman çox az adam başqalarının hisslərini nəzərə almağa çalışır (2 Timoteyə 3:1-5). Bəs eqoist, qəddar, hissiyyatsız və yalnız öz mənafeyini güdən insanlar nəyə görə bu gün çoxluq təşkil edirlər? Buna səbəb, çoxlarına mə’lum olan “qızıl qanunun” dəbdən düşməsi, bir çox insanlar tərəfindən həyata keçirilməz bir şey və keçmişin mə’nəvi qalığı kimi inkar edilməsi deyilmi? Təəssüflər olsun ki, bu cür vəziyyət, hətta özlərini imanlı adlandıranlar arasında belə müşahidə olunur. Hər şeydən göründüyü kimi xudbinlik ruhu insanların ürəyinə daha da dərindən kök salacaqdır.
Buna baxmayaraq, bununla bağlı sonrakı sualları nəzərdən keçirmək gərəkdir: “Qızıl qanuna” əsasən yaşamaq nə deməkdir? O, bizim günlərdə tətbiq ediləndirmi? “Qızıl qanuna” bütün bəşəriyyətin riayət edəcəyi bir vaxt gələcəkmi? Bu suallara cavabı növbəti məqalədə tapacaqsınız.
[3-cü səhifədəki şəkil]
Konfusinin və başqa müdriklərin kəlamlarında “qızıl qanuna” bənzər prinsiplər xülasə edilmişdir.