Allahın qanunları bizə fayda gətirir
“Şəriətini nə qədər sevirəm!” (MƏZMUR 119:97).
1. Ümumiyyətlə insanlar Allahın qanunlarına tabe olmağa necə yanaşırlar?
ALLAHIN qanunlarına tabe olmaq bu gün dəbdə deyil. Çoxları elə hesab edirlər ki, gözə görünməz ali hakimiyyətə tabe olmaq mə’nasızdır. Biz, düzgünlüklə əyrilik arasında aydın sərhəd olmayan, əxlaqın nisbilik və qeyri-müəyyənlik dövründə yaşayırıq (Süleymanın məsəlləri 17:15; İşaya 5:20). Bu yaxınlarda aparılan sorğu, dinin böyük rol oynamadığı bir çox ölkələrdə yayılmış nöqteyi-nəzəri əks etdirərək göstərdi ki, “amerikalıların əksəriyyəti nəyin yaxşı, düzgün və vacib olduğunu özləri qərara almaq istəyirlər”. Onlar “tələbkar Allahın, ciddi qayda-qanunların, möhkəm əxlaqi və ya hər hansı başqa e’tiqadlara malik olan ciddi rəislərin əleyhinədirlər”. Bir sosioloq qeyd etmişdir ki, bu gün “insanlar nəyin doğru və ismətli olduğunu özləri müəyyən etməlidirlər”. O, həmçinin əlavə etmişdir: “Hər bir ali hakimiyyət öz qanunlarını insanların real tələbatlarına uyğunlaşdırmalıdır”.
2. Müqəddəs Kitabda qanun haqqındakı ilk xatırlatma Allahın xeyir-duası və lütfü ilə necə bağlıdır?
2 Yehovanın qanunlarının dəyərli olduğuna çox insanların şübhə etdikləri üçün biz, Allahın normalarının faydalı olduğuna qarşı əminliyimizi möhkəmlətməliyik. Müqəddəs Kitabda qanun haqqında ilk xatırlatmaya nəzər salmağa dəyər. Yaradılış 26:5 (MKŞ) ayəsində Allahın sözlərini oxuyuruq: “İbrahim... Mənim hökmümə, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi”. Yehova bu sözləri, İbrahimin nəslinə təfsilatı ilə qanunlar külliyyatı verməzdən bir əsr əvvəl demişdir. Allah İbrahimi itaətkarlığına, o cümlədən Onun qanunlarına tabe olduğuna görə necə mükafatlandırdı? Yehova Allah ona və’d etdi: “Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaqlar” (Yaradılış 22:18, MKŞ). Beləliklə, Allahın xeyir-duasına və lütfünə malik olmaq üçün, Onun qanunlarına tabe olmaq gərəkdir.
3. a) Məzmurçu Yehovanın qanunlarına qarşı hansı hissi ifadə etdi? b) Hansı suallar diqqətə layiqdir?
3 Məzmurçulardan biri — ola bilsin ki, taxtın varisi və Yəhudanın gələcək padşahı — qanunla heç bir əlaqəsi olmayan hissi ifadə etdi. O, Allaha müraciətində ucadan dedi: “Şəriətini nə qədər sevirəm!” (Məzmur 119:97). Məzmurçunu hərəkətə gətirən yalnız emosiyalar deyil, Allahın qanunlarında ifadə olunan iradəsinə qarşı onun məhəbbəti idi. Allahın kamil Oğlu İsa Məsih də bu cür hissləri keçirirdi. Onun haqqında peyğəmbərcəsinə deyilmişdir: “Sənin iradəni yerinə yetirməkdən zövq alıram, ey Allahım; və şəriətin ürəyimin içindədir” (Məzmur 40:8; İbranilərə 10:9). Bəs bizim haqqımızda nə demək olar? Allahın iradəsini yerinə yetirməkdən məmnunluq duyuruqmu? Yehovanın qanunlarının əlverişli və faydalı olduğuna əminikmi? Allahın qanunlarına tabe olmaq xidmətimizdə, gündəlik həyatımızda, qərar qəbul etdikdə və başqaları ilə münasibətlərimizdə hansı yeri tutur? Allahın qanunlarını sevmək üçün, qanunları tə’sis etməyə və onların həyata keçirilməsinə nəzarət etməyə Allahın nə üçün haqqı olduğunu anlamaq yaxşı olardı.
Yehova — Ali Qanunvericidir
4. Yehova nəyə görə haqlı olaraq Kainatın Ali Qanunvericisidir?
4 Yaradan olduğu üçün, Yehova haqlı olaraq Kainatın Ali Qanunvericisidir (Vəhy 4:11). İşaya peyğəmbər yazmışdır: “Qanunumuzu qoyan Rəbdir” (İşaya 33:22). Allah, canlı və cansız təbiəti idarə edən fiziki qanunlar tə’sis edib (Eyub 38:4-38; 39:1-12; Məzmur 104:5-19). İnsan Yehovanın yaratdığı məxluq olduğuna görə, Onun fiziki qanunlarından asılıdır. İnsanlar iradə azadlığına və şüura malik olsalar da, yalnız Allahın əxlaq və ruhani qanunlarına tabe olduqları zaman xoşbəxtlik əldə edirlər (Romalılara 12:1; 1 Korinflilərə 2:14-16).
5. Qalatiyalılara 6:7 ayəsindəki prinsip Allahın qanunları ilə bağlı həqiqəti necə doğruldur?
5 Bildiyimiz kimi, Yehovanın fiziki qanunları dəyişməzdir (Yeremya 33:20, 21). Əgər insan bu qanunlara, məsələn, cazibə qüvvəsi qanununa zidd gedirsə, onun hərəkətləri hökmən pis nəticələnəcək. Allahın əxlaq normaları da dəyişməzdir, onları pozub cəzasız qalmaq və ya nəzərə almamaq olmaz. Əxlaq normalarının pozulması dərhal acı nəticələrə gətirib çıxarmasa da, təbiətin qanunları kimi, onlar da eyni qüvvəyə malikdir. “Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcəkdir” (Qalatiyalılara 6:7; 1 Timoteyə 5:24).
Yehovanın qanunlarının hərtərəfli olması
6. Allahın qanunları nə dərəcədə hərtərəflidir?
6 Musaya verilən qanun Allahın qanununun görkəmli izharı idi (Romalılara 7:12). Vaxtilə Yehova həmin qanunu “Məsihin Qanunu” ilə əvəz etdia (Qalatiyalılara 6:2; 1 Korinflilərə 9:21). Biz məsihçilər “kamil qanuna, azadlıq qanununa” malik olaraq, Allahın verdiyi göstərişlərin yalnız dini ehkam və mərasimlərdən ibarət olmadığını görürük. Onun normaları həyatın bütün sahələrini, o cümlədən ailə həyatını, işgüzar məsələləri, əks cinslə rəftar etməyi, həmimanlılarla münasibəti və həqiqi ibadətdə iştirakı əhatə edir (Yaqub 1:25, 27).
7. Allahın vacib olan qanunlarını nümunə gətirin.
7 Məsələn, Müqəddəs Kitabda deyilir: “Nə əxlaqsızlar, nə bütpərəstlər, nə zinakarlar, nə kişibazlar, nə uşaqbazlar, nə oğrular, nə tamahkarlar, nə sərxoşlar, nə acıdillər, nə də qəsbkarlar Allahın Padşahlığını miras almayacaqlar” (1 Korinflilərə 6:9, 10, İ-93). Gördüyümüz kimi, zina və əxlaqsızlıq sadəcə “məhəbbət macərası” deyil. Homoseksualizmi isə, “qeyri-ən’ənəvi həyat tərzi” adlandırmaq olmaz. Bütün bunlar Yehovanın qanunlarını pozur. Qanunun pozulmasına oğurluq, yalan və böhtan da daxildir (Məzmur 101:5; Koloslulara 3:9; 1 Peter 4:15). Yaqub lovğalığı mühakimə edirdi, Pavel isə boşboğazlıq və kobud zarafatdan qaçınmağı tövsiyə edirdi (Efeslilərə 5:4; Yaqub 4:16). Məsihçilər üçün bütün bu davranış normaları Allahın kamil qanunlarının bir hissəsidir (Məzmur 19:7).
8. a) Yehovanın qanunu necədir? b) “Qanun” kimi tərcümə edilən yəhudi sözünün əsas mə’nası nədir?
8 Yehovanın Kəlamında yazılan bu kimi əsas qaydalar şəhadət edir ki, Onun qanunları nəyə isə yol verən və ya qadağa qoyan sadəcə quru qanunlar külliyyatı deyil. Allahın qanunlarına riayət etmək tarazlı və səmərəli həyat sürməyə kömək edir və hər sahədə fayda gətirir. Allahın qanunları inkişaf etdirən, əxlaqi və ibrətvericidir (Məzmur 119:72). Məzmurçunun istifadə etdiyi “qanun” sözü, tora yəhudi sözünün tərcüməsidir. Müqəddəs Kitab üzrə bir alim yazmışdır: “Bu söz, istiqamət vermək, aparmaq, nişana almaq, güllələmək mə’nasını verən fe’ldən əmələ gəlir. Onun... mə’nası — davranış normasıdır”. Məzmurçu qanunu Allahdan gələn bəxşiş kimi qəbul edirdi. Məgər qanunu biz də bu cür qiymətləndirib, həyatımızı formalaşdırmasına yol verməli deyilikmi?
9, 10. a) Biz, nə üçün e’tibarlı rəhbərliyə ehtiyac duyuruq? b) Yalnız hansı halda xoşbəxt və müvəffəqiyyətli həyat sürə bilərik?
9 Bütün xilqət e’tibarlı rəhbərliyə ehtiyac duyur. İnsanlarla müqayisədə yüksək mövqeyə malik olmalarına baxmayaraq, İsa və mələklər də istisna deyillər (Məzmur 8:5; Yəhya 5:30; 6:38; İbranilərə 2:7; Vəhy 22:8, 9). Əgər bu kamil məxluqlara Allahın rəhbərliyi fayda gətirirsə, onda qeyri-kamil insanlar haqqında nə demək olar?! Bəşər tarixi və şəxsi təcrübəmiz bizi bir daha əmin edir ki, Yeremya peyğəmbərin sözləri həqiqətdir: “Ya Rəbb, bilirəm ki, insanın yolu öz əlində deyildir; addımlarını doğrultmaq yeriyən insanın əlində deyildir” (Yeremya 10:23).
10 Əgər xoşbəxt və müvəffəqiyyətli həyat yaşamaq istəyiriksə, rəhbərlik üçün Allaha müraciət etməliyik. Süleyman padşah, Allahın rəhbərliyindən asılı olmadan şəxsi normalar əsasında yaşamağın təhlükəli olduğunu dərk edirdi. O yazırdı: “Yol var ki, adamın önündə doğru görünür; fəqət onun sonu ölüm yollarıdır” (Süleymanın məsəlləri 14:12).
Yehovanın qanunlarını qiymətləndirməyimizin səbəbləri
11. Biz, Allahın qanunlarını anlamaq istəyini nə üçün inkişaf etdirməliyik?
11 Yehovanın qanunlarını anlamaq üçün, məzmurçunun malik olduğu istəyi özümüzdə inkişaf etdirmək yaxşı olardı. O yazırdı: “Gözlərimi aç da şəriətindən valehedici şeylər görüm” (Məzmur 119:18). Allahı və Onun yollarını nə qədər yaxşı tanısaq, İşayanın sözlərinin doğru olduğuna əminliyimiz bir o qədər də artacaq: “Faydalı olanı sənə öyrədən, yeriyəcəyin yolda səni güdən, Allahın Rəbb mənəm. Kaş ki, əmrlərimi yaxşı dinləyəydin!” (İşaya 48:17, 18). Yehova çox istəyir ki, xalqı Onun qanunlarına diqqət yetirib, xoşbəxt və firavan yaşasın. Gəlin, Allahın qanunlarını nəyə görə qiymətləndirməli olduğumuzun əsas səbəblərini nəzərdən keçirək.
12. Bizi yaxşı tanımasının sayəsində Yehova nəyə görə ən yaxşı Qanunvericidir?
12 Allahın qanunları bizi ən yaxşı tanıyan Şəxs tərəfindən verilib. Yehova Yaradanımız olduğu üçün, Onun insanları yaxşı tanıdığını düşünmək məntiqə uyğundur (Məzmur 139:1, 2; Həvarilərin işləri 17:24-28). Yaxın dostlarımız, qohumlarımız və hətta valideynlərimiz belə, bizi Yehova qədər yaxşı tanıya bilməzlər. Maraqlıdır ki, Allah bizi, hətta özümüzdən də yaxşı tanıyır! Yaradanımız bizim ruhani, emosional, əqli və fiziki tələbatlarımızı hamıdan yaxşı bilir. Onun bizə qarşı münasibəti şəhadət edir ki, O, bizim quruluşumuzu, istəyimizi və nəyə sə’y göstərdiyimizi dəqiqliyi ilə bilir. Yehova imkanlarımızın məhdudiyyətini anlamaqla bərabər, yaxşılıq etməyə qabil olduğumuzu da bilir. Məzmurçu oxuyurdu: “Yaradılışımızı bilir; xatırlayır ki, biz torpağıq” (Məzmur 103:14). Beləliklə, Yehovanın qanunu əsasında yaşamağa və Onun rəhbərliyinə könüllü surətdə tabe olmağa can ataraq, ruhani təhlükəsizliyi duya bilərik (Süleymanın məsəlləri 3:19-26).
13. Nə üçün əmin ola bilərik ki, Yehova bizim firavanlığımızın qeydinə qalır?
13 Allahın qanunları bizi sevən Şəxs tərəfindən verilib. Bizim əbədi rifahımız Yehovanı çox narahat edir. Ona baha başa gəlsə də, məgər O öz Oğlunu “bir çoxları üçün... fidiyə olaraq” qurban vermədimi? (Matta 20:28). Məgər Yehova gücümüzdən artıq imtahan olunmayacağımıza dair söz vermədimi? (1 Korinflilərə 10:13). Müqəddəs Kitab Onun qayğımıza qaldığına bizi əmin etmirmi? (1 Peter 5:7). Yehovanın bizə nə qədər faydalı göstərişlər verdiyini görərək, bizi həddindən artıq çox sevdiyini anlayırıq. O, bizə nəyin xoşbəxtlik, nəyin isə fəlakət gətirəcəyini bilir. Qeyri-kamil olmağımıza və səhvlərə yol verməyimizə baxmayaraq, bir şeyə əmin ola bilərik: əgər salehliyə can atırıqsa, Yehova bizə öz məhəbbətini təzahür etdirəcək, bu isə bizə həyat və xeyir-dualar gətirəcəkdir (Hezekiel 33:11).
14. Allahın qanunları ilə insan nöqteyi-nəzərləri arasındakı əhəmiyyətli fərq nədədir?
14 Allahın qanunu e’tibarlı və dəyişməzdir. Yaşadığımız narahat zəmanədə, əzəldən əbədiyyətə qədər qaya olan Yehova Allahımız var (Məzmur 90:2). Yehova özü haqqında demişdir: “Mən, Rəbb, mən dəyişmərəm” (Malaki 3:6). Allahın Müqəddəs Kitabda qələmə alınmış normaları tamamilə dəyişməzdir, eyni şeyi, daima dəyişən insan normaları haqqında demək olmaz (Yaqub 1:17). Misal üçün, uzun illər ərzində psixoloqlar, uşaqları heç nədə məhdudlaşdırmadan tərbiyə etməyə təşviq etmişlər, indi isə həmin mütəxəssislərdən bə’ziləri öz nöqteyi-nəzərlərini dəyişib, verdikləri məsləhətlərdə yanıldıqlarını e’tiraf edirlər. Bu məsələyə toxunan dünyəvi normalar və qaydalar çox tez-tez dəyişdirilir. Lakin Yehovanın Kəlamı dəyişməzdir. Yüzilliklər boyu Müqəddəs Kitab uşağı məhəbbətlə tərbiyə etməyin yolunu göstərmişdir. Həvari Pavel yazırdı: “Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün” (Efeslilərə 6:4). Yehovanın normalarına e’tibar edə bildiyimizi bilmək necə də təsəllivericidir; axı onlar dəyişməzdir!
Allahın qanunlarına tabe olmaq xeyir-dualar gətirir
15, 16. a) Yehovanın normalarını tətbiq edəriksə, həyatımız necə olacaq? b) Allahın qanunları nikah üçün nəyə görə yaxşı rəhbərlikdir?
15 Allah İşaya peyğəmbərin vasitəsilə dedi: “Ağzımdan çıxan sözüm də... göndərdiyim işi bacaracaq” (İşaya 55:11). Əgər var qüvvəmizlə Allahın Kəlamındakı normalara müvafiq yaşamağa can atsaq, biz də işlərimizdə nailiyyətlər qazanacaq və xoşbəxtliyə nail olacağıq.
16 Nikahda xoşbəxt olmaq üçün Allahın qanunlarının bizə yaxşı rəhbərlik olduğuna diqqət yetirin. Pavel yazırdı: “Qoy hər kəs nikaha hörmət etsin və kəbin yatağı ləkəsiz olsun; çünki Allah, əxlaqsızları və zinakarları məhkum edəcəkdir” (İbranilərə 13:4). Ər və arvad bir-birlərini sevməli və hörmət etməlidirlər: “Qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin” (Efeslilərə 5:33). Ailəyə, 1 Korinflilərə 13:4-8 ayələrində təsvir olunan məhəbbət lazımdır: “Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz. Məhəbbət lovğalanmaz, qürrələnməz, kobud davranmaz, öz mənfəətini axtarmaz, hirslənməz, ona edilən pisliklərin hesabını tutmaz, haqsızlığa sevinməz, həqiqətə isə şadlanar; hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər. Məhəbbət əsla tükənməz”. Bu cür məhəbbətlə fərqlənən nikah müvəffəqiyyətli olacaq.
17. Spirtli içkilərdən istifadəyə dair Yehovanın qanunlarına riayət etmək nə üçün faydalıdır?
17 Yehovanın normalarına riayət etməyin faydalı olduğunu göstərən digər səbəb, Onun sərxoşluğu mühakimə etməsidir. Onun “şərab düşkünü” olanlardan da xoşu gəlmir (1 Timoteyə 3:3, 8; Romalılara 13:13). Allahın bu sahəyə aid normalarını inkar edənlərin əksəriyyəti, spirtli içkilərdən sui-istifadə etmək nəticəsində yaranan və ya şiddətlənən xəstəliklərdən əzab çəkirlər. Müqəddəs Kitabın təmkinli olmağa dair məsləhətinə əhəmiyyət verməyərək, bə’zilərində “istirahət” məqsədilə içki içmək adətə çevrilib. Spirtli içkilərdən sui-istifadə acınacaqlı nəticələrə, o cümlədən hörmətin itirilməsinə, ailədə gərgin vəziyyətin yaranmasına və ya nikahın pozulmasına, kasıbçılığa və iş yerinin itirilməsinə gətirib çıxarır (Süleymanın məsəlləri 23:19-21, 29-35). Məgər aydın deyilmi ki, Yehovanın spirtli içkilərdən istifadə etməyə dair normaları bizi müdafiə edir?
18. Allahın normaları maliyyə məsələlərində faydalıdırmı? İzah edin.
18 Allahın normaları maliyyə məsələlərində də faydalıdır. Müqəddəs Kitab məsihçiləri düzgün və çalışqan olmağa təşviq edir (Luka 16:10; Efeslilərə 4:28; Koloslulara 3:23). Bu məsləhəti tətbiq etmək sayəsində bir çox məsihçilər iş yerlərində irəliləyişlər etmiş və ya başqalarını işdən azad edən zaman, onları saxlamışlar. Müqəddəs Kitaba zidd olan, məsələn, qumar oyunları, siqaret çəkmək və narkotik maddələrdən istifadə etmək kimi meyl və vərdişlərdən qaçınmaqla da maliyyə vəziyyətini yaxşılaşdırmaq olar. Yəqin ki, siz, Allahın normalarının maliyyə sahəsində faydalı olduğuna dair başqa nümunələr də bilirsiniz.
19, 20. Allahın normalarını öyrənmək və onlara riayət etmək nəyə görə müdrik davranışdır?
19 Qeyri-kamil insanlar Allahın qanun və normalarından asanlıqla kənara çıxa bilərlər. Qədim israilliləri xatırlayın. Sina dağının yanında olarkən, Allah onlara dedi: “Əgər gerçəkdən sözümü dinləyəcək və əhdimi tutacaqsınızsa, mənə bütün xalqlardan xüsusi xalq olacaqsınız”. Onlar cavab verdilər: “Rəbbin bütün söylədiklərini yerinə yetirəcəyik”. Lakin onların sözləri ilə əməlləri necə də fərqlənirdi! (Çıxış 19:5, 8; Məzmur 106:12-43). Gəlin onlar kimi davranmayaq. Gəlin, Allahın normalarını qəbul etməklə bərabər, həmçinin həyatımızda da tətbiq edək.
20 Yehovanın rəhbərlik üçün verdiyi müqayisəolunmaz qanunlara riayət etmək müdrik davranışdır və bu, bizə xoşbəxtlik gətirir (Məzmur 19:7-11). Bu sahədə müvəffəqiyyətli olmaq üçün, Allahın prinsiplərini anlamalı və qiymətləndirməliyik. Bu haqda növbəti məqalədə söhbət açılacaq.
[Haşiyə]
a “Məsihin Qanunu”, “Gözətçi Qülləsi”nin 1996-cı il 1 sentyabr sayının (rus.), 14-24-cü səhifələrində ətraflı müzakirə olunur.
Xatırlayırsınızmı?
• Allahın qanunlarının bizə fayda gətirdiyinə nə üçün əmin ola bilərik?
• Yehovanın qanunlarını qiymətləndirmək üçün hansı səbəblərimiz var?
• Allahın qanunları hansı sahələrdə faydalıdır?
[7-ci səhifədəki şəkil]
Yehovanın qanunlarına itaət etdiyi üçün, İbrahimə bol-bol xeyir-dualar verildi.
[9-cu səhifədəki şəkillər]
Həyatın çoxsaylı qayğıları bir çoxlarını Allahın qanunlarından yayındırır.
[11-ci səhifədəki şəkil]
Qaya üzərində tikilmiş mayak kimi, Allahın qanunları e’tibarlı və dəyişməzdir.