Sağlamlıq hamı üçün necə mümkündür?
TƏSƏVVÜR edin: kor görür, kar hər səsi eşidir, lal sevincindən tərənnüm edir, topal isə ayaq üstə möhkəm durur və yeriyə bilir! Xeyr, söhbət tibbin son nailiyyətlərindən getmir, söhbət Allahın mö’cüzəli tərzdə insanların işinə müdaxilə etməsindən gedir. Müqəddəs Kitabda qabaqcadan xəbər verilir: “O zaman korların gözləri açılacaq, karların da qulaqları açılacaq. O zaman topal adam ceyran kimi sıçrayacaq və dilsizin dili tərənnüm edəcək” (İşaya 35:5, 6). Bəs biz, bu heyranedici peyğəmbərliyin yerinə yetəcəyinə necə əmin ola bilərik?
Əvvəla xatırlatmaq lazımdır ki, İsa Məsih yer üzündə yaşayan zaman insanları hər cür xəstəlik və şikəstlikdən sağaldırdı. Bundan əlavə, bu cür mö’cüzələrə çox insanlar, hətta onun düşmənləri belə şahid olmuşlar. Bir dəfə Məsihə şübhə ilə yanaşan düşmənləri onu rüsvay etmək məqsədi ilə şəfavermə hadisəsini dəqiqliklə yoxladılar. Lakin onlar özlərini pərt edərək, İsanın mö’cüzəsini daha da sübuta yetirdilər (Yəhya 9:1, 5-34). İsa daha bir şübhəedilməz mö’cüzə göstərdikdən sonra, onlar ümidsiz halda dedilər: “Nə edək? Bu Adam bir çox mö’cüzələr göstərir” (Yəhya 11:47). Lakin sadə insanlar bu cür daşürəkli deyildilər, buna görə də onlardan çoxu Məsihə iman edirdilər (Yəhya 2:23; 10:41, 42; 12:9-11).
İsanın mö’cüzələri bəşəriyyətə veriləcək şəfanın əlamətidir
İsanın mö’cüzələri, onun Allahın Oğlu və Məsih olduğuna böyük şəhadət idi. Onun mö’cüzələri insanlara, Allahın gələcəkdə itaətkar bəşəriyyətə şəfa verəcəyi və’dinə iman etməyə əsas verirdi. Allahın və’dlərinə, həmçinin məqalənin əvvəlində xatırlanan İşayanın 35-ci fəsli də aiddir. İşaya 33:24 ayəsində isə Allah qorxusuna malik olan insanlar haqqında deyilir: “Və orada yaşayan: “Xəstəyəm”, deməyəcək”. Bundan əlavə, Vəhy 21:4 ayəsində deyilir: “Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər [indiki sınaqlar və əzablar] keçib getdi”.
İnsanlar, bu peyğəmbərliyin yerinə yetməsi üçün, “Padşahlığın gəlsin; göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” deyə, İsanın verdiyi nümunəvi duanı daima təkrar edirlər (Matta 6:10, İ-93). Gördüyümüz kimi, Allah yerin və insanların qayğısına qalır. Yehova tərəfindən müvəqqəti yol verilən xəstəlik və şikəstliklərə tezliklə son qoyulacaq və Allahın “ayaqları altı” əbədiyyən təhqirə mə’ruz qalmayacaq (İşaya 66:1)a.
Ağrısız və təmənnasız verilən şəfa
İnsanların hansı çatışmazlıq üzündən əzab çəkmələrinə baxmayaraq, İsa onları ağrısız, yubatmadan və təmənnasız sağaldırdı. Təəccüblü deyil ki, İsanın göstərdiyi mö’cüzələr haqqında söhbətlər alov kimi yayılırdı və çox keçməmiş onun “yanına böyük bir izdiham gəldi və aralarında topallar, korlar, dilsizlər, çolaqlar və daha başqa bir çoxları var idi. Onları İsanın ayaqları yanına qoydular; və İsa onları sağaltdı”. İnsanlar bu cür mö’cüzələrə necə münasibət göstərirdilər? Bu hadisələri öz gözü ilə görən Matta yazır: “Dilsizi danışan, çolağı sağlam, koru görən və topalı yeriyən gördüyü zaman, xalq təəccübləndi; və İsrailin Allahına həmd etdi” (Matta 15:30, 31).
Diqqət yetirin ki, İsa, fırıldaqçılardan fərqli olaraq, sağaltmaq istədiyi adamı izdihamın içindən xüsusi olaraq seçmirdi. Xəstə və şikəstlərin qohum və dostları “onları İsanın ayaqları yanına” qoyurdular. Gəlin, İsanın şəfa vermək bacarığından bə’zi nümunələri nəzərdən keçirək.
Korlar. İsa Yerusəlimdə olarkən, “anadangəlmə kor bir adamın” gözlərini açdı. Bu adamı hamı kor dilənçi kimi tanıyırdı. İnsanlar onun gözlərinin açıldığını gördükdə aralarında necə çaxnaşma və hay-küy qalxdığını təsəvvür etmək olar! Lakin bu mö’cüzəyə hamı şad deyildi. Yəhudi təriqətinin nüfuzlu nümayəndələri olan bə’zi fəriseylər, İsa tərəfindən ifşa olunduqları üçün özlərini təhqir edilmiş sanıb, onu ittiham etmək məqsədilə insafsızcasına bəhanə axtarırdılar (Yəhya 8:13, 42-44; 9:1, 6-31). Bu səbəbdən, onlar sağalan adamı, sonra onun valideynlərini, daha sonra isə yenidən onun özünü sorğu-suala tutdular. Lakin apardıqları sorğu-sual nəticəsində onlar yalnız İsanın mö’cüzəsini təsdiq etmiş oldular, bu isə onları qəzəbləndirdi. Sağalan adam, din rəhbərlərinin pislik və ikiüzlülüyündən sarsılaraq, dedi: “Əsla eşidilməmişdir ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. Əgər bu Adam Allahdan olmasaydı, heç bir şey edə bilməzdi” (Yəhya 9:32, 33). İmanını səmimi və dərrakəli surətdə ifadə etdiyinə görə, əvvəllər kor olan həmin adam fəriseylər tərəfindən sinaqoqdan qovuldu (Yəhya 9:22, 34).
Karlar. İsa Dekapolisdə — İordan çayının şərq sahilində yerləşən vilayətdə olan zaman, “onun yanına kar və pəltək olan birini gətirdilər” (Mark 7:31, 32). İsa bu adamı nəinki sağaltdı, həmçinin onun izdihamdan utana biləcəyini nəzərə alaraq, ona acıdı. Müqəddəs Kitabda deyilir ki, “İsa onu xalqın yanından ayrıca bir yerə aparıb”, orada sağaltdı. Bunu görənlər çox təəccübləndilər və dedilər: “Hər şeyi yaxşı edir: həm karları eşitdirir, həm də dilsizləri danışdırır” (Mark 7:33-37).
İfliclər. İsa Kefernahumda olarkən insanlar onun yanına yataqda yatan iflic bir adamı gətirdilər (Matta 9:2). Bu hadisə 6-8 ayələrdə təsvir edilir: “[İsa] o vaxt iflicə dedi: “Dur, yatağını götür və evinə get!” O da durub evinə getdi. Xalq bunu gördükdə təəccübləndi və insanlara bu cür səlahiyyət verən Allaha həmd etdi”. Həm İsanın şagirdləri, həm də onun düşmənləri bu mö’cüzənin şahidi oldular. Nifrət və qabaqcadan yaranmış yanlış fikirlərə uymayan şagirdlər isə, göstərilən heyranedici işlərə görə “Allaha həmd etdilər”.
Digər xəstələr. “Cüzama tutulmuş bir nəfər Onun [İsanın] yanına gəldi, diz çökdü və Ona yalvararaq dedi: “Əgər istəsən, məni saf edə bilərsən”. İsanın rəhmi gəldi, əlini uzadıb ona toxundu və dedi: “İstəyirəm, saf ol!” Bu sözdən sonra cüzam dərhal onu tərk etdi və o, saf oldu” (Mark 1:40-42). Diqqət yetirin ki, İsa bu adama məcburiyyət qarşısında qaldığına görə deyil, rəhmi gəldiyinə görə şəfa verdi. Özünüzü həmin cüzamlının yerində təsəvvür edin. Tədricən bədəninizi eybəcər hala salan və sizi cəmiyyətdən uzaqlaşdıran dəhşətli xəstəlikdən, əgər kim isə bir an içində, ağrısız sağaltsaydı, hansı hissləri keçirərdiniz? “Üzüqoylu İsanın ayaqlarına” düşərək, ona təşəkkür edən, cüzam xəstəliyindən mö’cüzə ilə sağaldılan daha bir adamın hissləri, şübhəsiz ki, bizə aydındır (Luka 17:12-16).
Şikəstlər. İsanın həbs və e’damından öncə göstərdiyi sonuncu mö’cüzəsi şəfa vermək oldu. İsanı həbs etməyə gələnlərdən qorumaq məqsədi ilə, Peter qılıncını “çıxarıb, baş kahinin qulunu vurub sağ qulağını saldı” (Yəhya 18:3-5, 10). Lukanın Müjdəsində deyilir ki, İsa “qulun qulağına toxunaraq onu sağaltdı” (Luka 22:50, 51). İsanın bu insanpərvər hərəkətini həm onun dostları, həm də onu həbs etməyə gələn düşmənləri gördülər.
İsanın mö’cüzələrini ətraflı tədqiq etdikdən sonra, onların həqiqətən də baş verdiyinə bir daha əmin oluruq (2 Timoteyə 3:16). Və başlanğıcda xatırlandığı kimi, bu cür tədqiqat, Allahın itaətkar bəşəriyyəti sağaldacağı və’dinə imanı möhkəmlədir. Müqəddəs Kitabda deyilir ki, inam — “ümid edilən şeylərə əsaslı e’timad, görünməz olsa belə mövcud olan şeylərin aydın təzahürüdür” (İbranilərə 11:1, YD). Allah bizi hər şeyə inanmağa və ya boş arzularla yaşamağa təşviq etmir. O istəyir ki, biz sübutlara əsaslanan möhkəm imanı inkişaf etdirək (1 Yəhya 4:1). Bu cür imanı inkişaf etdirməklə, biz ruhani qüvvə, sağlamlıq və sevinc əldə edirik (Matta 5:3; Romalılara 10:17).
Ruhani şəfa ilk addımdır
Fiziki cəhətdən sağlam olan insanların çoxu xoşbəxt deyillər. Hətta bə’ziləri ya gələcəyə ümidsizlikdən, ya da çoxsaylı problemlər üzündən özlərini öldürmək fikrinə düşürlər. Belə insanlar ruhani mə’nada xəstədirlər, bu isə, fiziki çatışmazlıqla müqayisədə Allahın gözündə daha təhlükəlidir (Yəhya 9:41). Digər tərəfdən, fiziki cəhətdən əziyyət çəkən bir çox insanlar xoşbəxt, mə’nalı həyat sürürlər. Nəyə görə? Ona görə ki, onlar ruhani mə’nada sağlamdırlar və Müqəddəs Kitaba əsaslanan ümid onlara qüvvət verir.
İsa, insanın nadir tələbatlarından biri haqqında bunları dedi: “İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar” (Matta 4:4). Heyvanlardan fərqli olaraq, insanlar yalnız fiziki qidaya ehtiyac duymurlar. Allahın surətində yaradıldığımız üçün bizə ruhani qida — Allah haqqında, Onun niyyətlərinə uyğun yaşamaq və iradəsini yerinə yetirmək haqqında bilik lazımdır (Təkvin 1:27; Yəhya 4:34). Allah haqqındakı bilik həyatımızı mə’nalı edir və ruhən möhkəmlədir. Bu biliklər, həmçinin yer üzü cənnətdə əbədi həyat sürmək üçün də zəruridir. İsa demişdir: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3).
Maraqlıdır ki, İsanın müasirləri onu Şəfaverən deyil, Müəllim adlandırırdılar (Luka 3:12; 7:40). Nəyə görə? Ona görə ki, İsa insanların bütün problemlərinin e’tibarlı həll etmə üsulu — Allahın Padşahlığı haqqında tə’lim verirdi (Luka 4:43; Yəhya 6:26, 27). İsa Məsihin başçılığı altında bu səmavi Padşahlıq bütün yer üzünə rəhbərlik edəcək və saleh insanlara mükəmməl sağlamlıq gətirən şəfa, həmçinin onların evlərinin bərpa olunmasına dair Allahın və’dlərini yerinə yetirəcək (Vəhy 11:15). Bu səbəbdən, bizə nümunə olaraq verdiyi duada İsa, Allahın Padşahlığını Onun iradəsinin yer üzündə yerinə yetməsi ilə əlaqələndirdi (Matta 6:10).
Müxtəlif xəstəliklərdən əzab çəkən bir çox insanlar bu gözəl ümid haqqında öyrəndikdən sonra onların acı göz yaşları sevinc yaşlarına çevrilir (Luka 6:21). Çünki Allah yalnız xəstəlik və qüsurları deyil, insanların çəkdiyi əziyyətlərin səbəbi olan günahı da aradan qaldıracaq. Öncə sitat gətirilən İşaya 33:24 və Matta 9:2-7 ayələrində xəstəliyin günahla əlaqəli olduğu xatırlanır (Romalılara 5:12). Günah üzərində qələbə çalındıqda, nəhayət insanlar “Allahın övladlarının izzətli azadlığına” səvinəcəklər, bu azadlıq özü ilə mükəmməl psixi və fiziki sağlamlıq gətirəcək (Romalılara 8:21).
Nisbi sağlamlığa malik olduqda, onu adi bir şey kimi qəbul etmək asandır. Lakin müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar, sağlamlığın qiymətini bilir və dərk edirlər ki, insanın həyatı bir an içində dəyişə bilər (Vaiz 9:11). Buna görə də biz ümid edirik ki, insanlar, xüsusən də xəstəliklərdən əziyyət çəkənlər, Allahın Müqəddəs Kitabda yazılmış gözəl və’dləri ilə maraqlanacaqlar. Bu və’dlərin yerinə yetəcəyinə bizi əmin etmək üçün, İsa öz həyatını qurban verdi. Məgər bundan yaxşı zəmanət ola bilərmi? (Matta 8:16, 17; Yəhya 3:16).
[Haşiyə]
a Allahın əzablara nəyə görə yol verdiyi haqqında ətraflı mə’lumatı, Yehovanın Şahidləri tərəfindən dərc edilən “Allah həqiqətən də bizim qeydimizə qalırmı?” adlı broşürada oxuyun.