Yaxşı qonşuların olması fayda gətirir
“Yaxın qonşu uzaq qardaşdan yaxşıdır” (Süleymanın məsəlləri 27:10).
ERAMIZIN birinci əsrində yaşamış və Allahın qanununu yaxşı bilən bir nəfər, İsadan soruşdu: “Mənim qonşum [“yaxınım”, YD] kimdir?”. İsa onun yaxınının kim olduğunu izah etmək əvəzinə, əsl yaxın olmağın nə demək olduğunu göstərdi. İsanın həmsöhbətinə danışdığı nümunə, ehtimal ki, sizə tanışdır. Bu məsəli çox vaxt xeyirxah samariyalı məsəli adlandırırlar və Lukanın Müjdəsində yazılıb. İsa belə dedi:
“Bir nəfər Yerusəlimdən Yerihoya gedərkən quldurların əlinə keçdi. Quldurlar onun paltarını çıxartdılar, özünü yaraladılar və yarımcan halda qoyub, getdilər. Təsadüfən bir kahin həmin yol ilə gedirdi; adamı gördükdə yolun o tayından keçdi. Bir levili də o yerə çatdıqda yaxınlaşdı və onu görüb, yolun o tayından keçdi. Bir nəfər samariyalı isə o yoldan keçərkən ona rast gəldi və onu gördükdə yazığı gəldi, yaxınlaşıb onun yaralarına zeytun yağı və şərab tökərək sarıdı; və onu öz eşşəyinə mindirib bir mehmanxanaya gətirdi və onun qayğısına qaldı. Ertəsi gün isə, oranı tərk edərkən, iki dinar çıxardıb mehmanxana sahibinə verdi və dedi: “Onun qayğısına qal; və əgər artıq xərcin çıxarsa, geri qayıdanda mən sənə ödəyərəm”. Səncə, bu üç nəfərdən hansı quldurlar əlinə düşən adamın qonşusu [“yaxını”, YD] oldu?” (Luka 10:29-36).
Görünür, həmin adam İsanın çəkdiyi məsəlin məğzini anlamışdı, çünki dərhal cavab verdi: “Ona mərhəmət göstərən adam”. Cavabında İsa dedi: “Get, sən də elə hərəkət et” (Luka 10:37). Əsl mə’nada yaxın olmağın nə demək olduğunu göstərən bu əyani misal necə də tə’sirlidir! İsanın məsəli təşviq edə bilər ki, biz də özümüzə bu cür suallar verək: Bəs mən öz qonşularım üçün yaxşı yaxın olurammı? Özümə yaxın insanlar “seçməyimə” və çətin anlarda onlara kömək etməyimə onların mənşəyi və dərisinin rəngi tə’sir göstərirmi? Yaxşı qonşu olmaq üçün əlimdən gələni edirəmmi?
Nədən başlamalı?
Əgər biz, nəyi isə yaxşılığa doğru dəyişmək lazım gəldiyini hiss ediriksə, onda öz düşüncə tərzimizdən başlamalıyıq. Bizim üçün ən vacibi, yaxşı yaxın olmaqdır. Bu, qonşularımızın da bizə xeyirxahlıqla yanaşmalarına kömək edəcək. Təxminən iki min il bundan əvvəl İsa özünün Dağüstü təbliğində, insanlar arasındakı qarşılıqlı münasibətlərə dair vacib prinsipi vurğuladı: “İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin” (Matta 7:12). Əgər biz insanlarla hörmət, diqqət və xeyirxahlıqla davranarıqsa, onlar da bizə qarşılıqlı cavab verəcəklər.
“Yaxınlıqda yaşayan qonşunu sevmək” adlı məqalədə jurnalist və yazıçı Liza Funderburq, mehriban qonşuluq əlaqələri yaratmağa kömək edəcək sadə işlər haqqında danışır. O yazır: “Mən istəyirəm... ki, qonşuların bir-birlərinə etdikləri çoxsaylı xırda xeyirxahlıqlar — uşaqlara baxmaq və özləri ilə birlikdə qonşuları üçün də alış-veriş etmək kimi işlər onlar üçün qarşılıqlı təmas nöqtəsinə çevrilsin. Qorxu və cinayət üzündən olduqca zəifləyən və insanların bir-birindən daha çox uzaqlaşdığı bir cəmiyyətdə yaşayaraq, mən bu cür münasibətlərə ehtiyac duyuram”. Sonra əlavə edir: “Axı, nədənsə başlamaq lazımdır. Bəlkə, qonşu qapını döymək lazımdır?” (jurnal “The Nation Since 1865”).
“Canadian Geographic” jurnalında, qonşuların bir-biri ilə münasibətlərini yaxşılaşdırmağa kömək edən fikir qeyd olunmuşdur. Yazıçı Marni Cekson belə bir müşahidə aparmışdır: “Ailə üzvlərilə olduğu kimi, çox vaxt qonşuları da seçmirlər. Bu insanlarla münasibət nəzakət, hörmət və səbir tələb edir”.
Yaxşı qonşular verməyi bacarırlar
E’tiraf etməliyik ki, qonşulara müraciət etmək lazım gəldikdə, bizlərdən çoxumuz müəyyən dərəcədə narahatçılıq hissi keçiririk. Rahat yaşamaq və heç kimlə əlaqə yaratmamaq daha asan görünə bilər. Lakin Müqəddəs Kitabda deyilir ki, “vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” (Həvarilərin işləri 20:35). Buna görə də yaxşı qonşu olmaq, yaxınlıqda yaşayanlarla tanış olmaq deməkdir. Vacib deyil ki, yaxın dostluq əlaqələri yaratmağa can atasınız, lakin hərdənbir təşəbbüs göstərib, qonşularla xoş söhbətə başlamağa dəyər. Bu cür söhbətə, dostyana gülümsəməklə və ya baş yelləməklə başlamaq olar.
Artıq yuxarıda deyildiyi kimi, mehriban qonşuluq əlaqələri yaratmaq və qoruyub saxlamaq üçün, “saysız-hesabsız xırda xeyirxah işlər” vacibdir. Buna görə də qonşunuza yaxşılıq etməyə və ya xoş söz deməyə imkan axtarın. Bu, əməkdaşlıq ruhunun və qarşılıqlı hörmətin yaranmasına kömək edəcəkdir. Üstəlik, belə davranaraq, biz Müqəddəs Kitabın göstərişinə riayət edəcəyik: “Yaxşılığa haqqı olan adamlara, əlindən gəldiyi qədər yaxşılığı əsirgəmə” (Süleymanın məsəlləri 3:27; Yaqub 2:14-17).
Yaxşı qonşular minnətdarlıqla qəbul edirlər
Əgər bütün insanlar köməyi və hədiyyələri minnətdarlıqla qəbul etsəydilər, çox gözəl olardı. Əfsuslar olsun ki, həmişə belə olmur. Əksər hallarda insanlar yaxşı işlərə elə münasibət göstərirlər ki, səmimi qəlbdən hədiyyə verən şəxs belə düşünə bilər: “Axırıncı dəfədir ki, onun üçün nə isə edirəm!”. Elə ola bilər ki, qonşunuzla rastlaşan zaman onu dostcasına salamlamaq üçün göstərdiyiniz bütün cəhdlərinizə sadəcə olaraq könülsüz surətdə baş yelləməklə cavab verilsin.
Lakin əksər hallarda məsələ heç də minnətdar olmamaqda deyil. Ola bilsin ki, insanın necə tərbiyə olunması onun qətiyyətsizlik və utancaqlıq hissləri keçirməsinə səbəb olur və o, bu hissləri e’tinasızlıq maskası altında gizlədir. Həmçinin daha bir şeyi də nəzərə almaq lazımdır ki, dünyada bu qədər naşükürlük varkən, sizin mehribanlığınız bə’zi insanlara qəribə gələ bilər və hətta onlar sizin təmiz niyyətlə davranmanıza şübhə ilə də yanaşa bilərlər. Belə isə, onları səmimi olduğunuza əmin etmək lazımdır. Beləliklə, qonşularla dostluq münasibəti yaratmaq üçün vaxt və səbir lazımdır. Lakin vermək və minnətdarlıqla qəbul etmək məharətinə malik olan insanlar, qonşularla sülh və səmimi münasibətlərin yaranmasına kömək edəcəklər.
Bədbəxtlik üz verəndə
Yaxşı qonşular dar gündə xüsusilə lazımdır. Məhz bu zaman mehriban qonşuluq ruhu təzahür olunur. Buna, təmənnasız göstərilən çoxsaylı qarşılıqlı kömək nümunələri şəhadət edir. Bədbəxt hadisələr qonşuları birləşdirir və onları bir-birlərinin qeydinə qalmağa təşviq edir. Hətta əvvəllər nədə isə razı olmayanlar belə, həmrə’y olaraq çiyin-çiyinə işləyirlər.
Misal üçün, “Nyu-York Tayms” qəzetində xəbər verilirdi ki, 1999-cu ildə Türkiyədə baş vermiş viranedici zəlzələdən sonra, hətta çoxdanın düşmənləri belə özlərini xeyirxah qonşular kimi aparırdılar. Yunan jurnalisti Anna Sterqiu Afina qəzetində yazmışdır: “Bizə illər boyu türklərə qarşı nifrət hissi aşılayıblar. Lakin onların faciəsi bizim üçün heç də sevindirici deyil. Biz mütəəssirik, həlak olan uşaqların cəsədlərini görüb ağlayırıq, bizim əsrlər boyu bəslədiyimiz nifrətdən, deyəsən, əsər-əlamət də qalmayıb”. Xilas etmək işlərinin sona çatması haqda rəsmi surətdə e’lan olunduqda, yunanlı xilaskarlar axtarışları dayandırmaqdan imtina etdilər.
Hər hansı fəlakətdən sonra xilasedici işlərdə iştirak etməyi, haqlı olaraq qonşuların və yaxınların rifahı naminə edilən alicənablıq və qəhrəmanlıq adlandırmaq olar. Ancaq daha vacibi, öz qonşularımızın həyatını xilas etməyə çalışaraq, onları qabaqcadan xəbərdar etməkdir. Lakin, tarixin göstərdiyi kimi, öz yaxınlarını və qonşularını yaxınlaşmaqda olan fəlakət haqqında xəbərdar edən kəslər çox vaxt müsbət rə’ylərlə qarşılaşmırlar, çünki həmin an təhlükə aşkar şəkildə görünmür. İnsanlar adətən inamsızlıq göstərirlər. İnsanların diqqətini onları hədələyən təhlükəyə yönəltməyə çalışanlar, mətanət və fədakarlıq göstərməli olurlar.
Mehriban qonşuluğun böyük təzahürü
Bu gün bəşəriyyəti təbii fəlakətdən də mühüm bir hadisə gözləyir — bu, Qadir Allahın yerin işlərinə müdaxilə etməsidir. Bu müdaxilənin məqsədi, cinayətkarlığı, pisliyi və onlarla bağlı olan hər şeyi aradan qaldırmaqdır (Vəhy 16:16; 21:3, 4). Biz tam əmin ola bilərik ki, bunlar baş verəcək, bunlar boş sözlər deyil! Yaxınlaşmaqda olan, bütün dünyanı sarsıdacaq həmin hadisədən sağ çıxmaq üçün müəyyən biliklər əldə etmək lazımdır. Yehovanın Şahidləri bu biliyi mümkün qədər çox sayda insanlara çatdırmağa çalışırlar. Bu səbəbdən onlar bütün dünyada insanlara mətanətlə təbliğ edirlər, hətta bu fəaliyyətlə tanınırlar (Matta 24:14). Onlar bunu, Allaha və yaxınlarına olan məhəbbətdən irəli gələrək könüllü edirlər.
Buna görə də Şahidlər qapınızın zəngini çalanda və ya harada isə sizə yaxınlaşanda yol verməyin ki, qabaqcadan yaranmış mənfi rə’ylər və ya qəzəb onları dinləməkdə sizə mane olsun. Onlar yaxşı qonşu və yaxşı yaxın olmağa çalışırlar. Onların sizinlə Müqəddəs Kitabı öyrənmək təklifini qəbul edin. Bu kitabla tanış olarkən öyrənəcəksiniz ki, tezliklə insanlar bir-birləri ilə xoşbəxtlik içində qonşuluq işlədəcəklər; nə irqi, nə dini, nə də sinfi ayrı-seçkiliklər hamımızın can atdığı mehriban qonşuluq əlaqələrinə mane olmayacaq.