Böhran dövründə təsəlli
BU GÜN xəbərlər heç də təsəlliverici deyil. Bir nəfər qeyd etmişdir: “Dünyada o qədər xoşagəlməz hadisələr baş verir ki, hərdən bilmirsən axşam xəbərlərə baxasan, ya yox?”. Dünya müharibələr, terror aktları, cinayətkarlıq və xəstəliklərlə doludur. Əgər bu fəlakətlərə artıq mə’ruz qalmamışıqsa, tezliklə mə’ruz qala bilərik.
İndiki vəziyyət Müqəddəs Kitabda dəqiqliyilə qabaqcadan xəbər verilmişdi. İsa bizim zəmanəni təsvir edərkən böyük müharibələr, epidemiyalar, qida çatışmazlığı və zəlzələlərin olacağını demişdi (Luka 21:10, 11). Həvari Pavel yazmışdı ki, insanların rəhmsiz, pulpərəst və yaxşılığın düşməni olacaqları “çətin anlar gələcək”. O, həmin dövrü “axır günlər” adlandırmışdır (2 Timoteyə 3:1-5).
Gördüyümüz kimi, dünyanın vəziyyəti haqqında xəbərlərdə verilən mə’lumatlarla Müqəddəs Kitabda qabaqcadan deyilənlər arasında müəyyən oxşarlıq var. Lakin onların oxşarlığı yalnız bundan ibarətdir. Müqəddəs Kitab bizə, xəbərlərdən öyrənə bilməyəcəyimiz şeyləri açıqlayır. Allahdan ilham almış Kəlamın sayəsində biz yalnız yer üzündə nə üçün bu qədər çoxlu pisliklər olduğunu deyil, həmçinin gələcəkdə bizi nələr gözlədiyini də anlaya bilirik.
Allahın pisliklərə olan münasibəti
Müqəddəs Kitab, Allahın bugünkü ağır şəraitə olan münasibətini izah edir. Allah bu problemlərin hamısını əvvəlcədən görmüş olsa da, belə vəziyyət Onu heç də qane etmir və O, bütün bunlara daima səbir etməyəcəkdir. Həvari Yəhya “Allah məhəbbətdir” deyə yazmışdır (1 Yəhya 4:8). Yehova insanlara dərin məhəbbət bəsləyir, pisliyə isə nifrət edir. Biz təsəlli üçün Allaha əminliklə müraciət edə bilərik, çünki O, xeyirxah və şəfqətlidir, həmçinin yer üzündən pisliyi yox etmək niyyətindədir və bunu etmək üçün yetərincə qüvvəyə malikdir. Məzmurçu yazmışdır: “[Allahın tə’yin etdiyi səmavi Padşah] fağırı və yardımçısı olmayan təvazökarı qurtarar. Yoxsula və düşkünə acıyar; və fağırların canlarını qurtarar. Canlarını hiylədən və əziyyətdən qurtarar və gözündə onların qanı dəyərli olar” (Məzmur 72:12-14).
İztirab çəkən insanlara siz də şəfqət hissi duyursunuzmu? Ehtimal ki, duyursunuz. Şəfqət — Yehovanın bizə bəxş etdiyi xüsusiyyətdir, axı biz Onun surətində yaradılmışıq (Təkvin 1:26, 27). Biz şübhə etməyə bilərik ki, Allah özü də insanların iztirablarına laqeyd deyil. Yehovanı hamıdan yaxşı tanıyan İsa Məsih, Yehovanın bizimlə yaxından maraqlandığını və çox şəfqətli olduğunu deyirdi (Matta 10:29, 31).
Allahın yaratdığı hər bir şey, Onun qayğısı haqqında şəhadət edir. İsa demişdir: “[Allah] Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun; və saleh olanlar ilə olmayanların üzərinə yağışlar göndərir” (Matta 5:45). Həvari Pavel Listra şəhərinin sakinlərinə dedi: “[Allah] göydən bizə yağmurlar və səmərəli mövsümlər verərək, ürəklərimizi qida və sevinclə doldurub, yaxşılıq edərək, Özünü şahidsiz qoymamışdır” (Həvarilərin işləri 14:17).
Pisliklərə görə kim məs’uliyyət daşıyır?
Həvari Pavelin Listra sakinlərinə dediyi digər sözlərə də diqqət yetirin: “[Allah] keçmiş nəsillərdə bütün xalqların öz yolları ilə getmələrinə izin vermişdir”. Bu sözlərdən görünür ki, xalqlar, yə’ni insanlar, qarşılaşdıqları problemlərə görə özləri cavabdehdirlər. Bu problemlərə görə Allahı günahlandırmaq olmaz (Həvarilərin işləri 14:16).
Bəs Yehova fəlakətlərin baş verməsinə nə üçün yol verir? O, hər hansı tədbir görəcəkmi? Bu sualların cavabını yalnız Allahın Kəlamında tapmaq olar, çünki bu suallar başqa bir ruhani varlıqla və onun, bizim üçün görünməz olan ruhani təbəqədə qaldırdığı mübahisəli sualla sıx bağlıdır.
[4-cü səhifədəki şəkillər]
Əgər Allah insanlara şəfqət hissi bəxş edibsə, Onun özü insanların iztirab çəkməsinə e’tinasız yanaşa bilərmi?
[İcazə ilə]
CİLD: Tank: UN PHOTO 158181/J. Isaac; zəlzələ: San Hong R-C Picture Company
[İcazə ilə]
Soldan yuxarı: Horvatiya: UN PHOTO 159208/S. Whitehouse; aclıq çəkən uşaq: UN PHOTO 146150 BY O. MONSEN