Malik olduğumuz hər şeyi ianə etməliyikmi?
“MƏNİ dilənçi adlandıra bilərsiniz, lakin bu məni narahat etmir. Axı mən bunu İsa üçün edirəm”. Protestant keşişinin bu aydın sözlərindən dinlərin maliyyələşdirilməsi məsələsinin hansı fikir ayrılıqlarına səbəb olduğunu başa düşmək olar. Elə təəssürat yaranır ki, rəsmi surətdə tə’sis edilmiş dini təşkilatlar yalnız çoxlu pul hesabına mövcud ola bilər. Məvacib ödəmək, mə’bədlər tikmək və onları tə’min etmək, missioner fəaliyyətini maliyyələşdirmək lazımdır. Bütün bunları tə’min etmək üçün pulu haradan almalı?
Bir çox kilsələr məsələnin həllini ondalığın yığılmasında görürləra. Yevangelist Norman Robertson iddia edir ki, “ondalığın yığılması Allahın yer üzərindəki Öz padşahlığını maliyyələşdirilmə üsuludur. Bu Onun, Müjdənin təbliğ edilməsini mümkün edən təchizat sistemidir”. Yevangelist Norman Robertson çəkinmədən dindarların ianə etməyə borclu olduqlarını vurğulayaraq deyir: “Siz ondalığı imkanlı olduğunuz üçün vermirsiniz. Bu, itaət məsələsidir. Ondalığı ödəməkdən boyun qaçırmaq, Allahın əmrlərini açıqdan-açığa pozmaqdır. Bu, başqasının əmlakını mənimsəmək deməkdir” (“Tithing—God’s Financial Plan”).
Yəqin siz razılaşacaqsınız ki, maddi cəhətdən ianə etmək məsihçinin borcudur. Lakin kilsələrin israrla ianə etmək çağırışı sizdə narahatçılıq, yaxud qəzəb hissi oyatmırmı? Braziliya ilahiyyatçısı İnasyu Strider kilsələri, ondalığı “özlərinin daxili problemlərinin həlli” üçün yığmaqda günahlandırır və belə “qanunsuz və təhqiredici” hərəkəti “ilahiyyatdan uzaqlaşma” adlandırır. Nəticədə, onun qeyd etdiyi kimi, “işsizlər, dullar, xarabalıqlarda yaşayanlar və ümumiyyətlə sadəlövh insanlar belə nəticəyə gəlirlər ki, Allah onları tərk etmiş və onların ailələri yarıac-yarıtox yaşayaraq keşişə böyük məbləğdə pul ödəməyə borcludurlar”.
Siz soruşa bilərsiniz: Ondalığı ödəməyə məcbur edən kilsələr Müqəddəs Yazılara düzgünmü riayət edirlər? Bə’zi dinlər insanları büsbütün soymaq üçün onları Allahın cəzası ilə qorxutmurmu? Allah bizdən gözləyirmi ki, malik olduğumuz hər şeyi ianə edək?
[Haşiyə]
a Ondalıq, insanın ümumi gəlirinin onda bir hissəsi kimi müəyyən olunur.