Şəxsi öyrənmə yaxşı müəllimlər olmağımıza kömək edir
“Bu işlərə fikir ver [“bu şeylərin üzərində dərindən düşün”, YD] və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun. Özünə və verdiyin tə’limata diqqət yetir” (1 TİMOTEYƏ 4:15, 16).
1. Vaxt və şəxsi öyrənmə haqqında nə demək olar?
MÜQƏDDƏS KITABIN Vaiz 3:1 ayəsində deyilir: “Hər şeyin...vaxtı var”. Sözsüz ki, bu şəxsi öyrənməyə də aiddir. Çoxlarına əlverişsiz vaxtda və ya yerdə ruhani şeylər üzərində düşünmək çətindir. Məsələn, ağır iş günündən və tutumlu şam yeməyindən sonra, hələ üstəlik sevdiyin yumşaq kresloda televizor qarşısında otursaydın, şəxsi öyrənmə ilə məşğul olmaq istəyərdənmi? Çətin. Bəs onda nə etmək olar? Aydındır ki, şəxsi öyrənməmiz daha səmərəli olsun deyə, diqqətimizi az yayındıracaq münasib yer və vaxt seçmək lazımdır.
2. Şəxsi öyrənmə üçün adətən ən münasib vaxt hansıdır?
2 Çoxları öyrənmə ilə səhər tezdən, təmiz başla məşğul olmağı üstün tuturlar. Başqaları buna nahar zamanı bir az vaxt ayırırlar. Növbəti nümunələrdə, bə’zilərinin vacib ruhani işlərə hansı vaxtı ayırdıqlarına diqqət yetirək. Qədim İsrailin padşahı Davud yazmışdı: “Səhər inayətini mənə eşitdir; çünki mən sənə güvənirəm; gedəcəyim yolu mənə bildir; çünki canımı sənə yüksəldirəm” (Məzmur 143:8). İşaya peyğəmbər də bu cür əhval-ruhiyyə təzahür etdirirdi: “Yorğun adama sözlə dəstək ola bilim deyə, Rəbb Yehova mənə şagirdlərin dilini verdi; hər sabah oyandırır, şagirdlər kimi eşitsin deyə qulağımı oyandırır”. Bunun məğzi ondadır ki, günün hansı saatında olursa-olsun, öyrənərkən və Yehova ilə ünsiyyətdə olarkən zehnimiz aydın olmalıdır (İşaya 50:4, 5; Məzmur 5:3; 88:13).
3. Səmərəli öyrənmə üçün necə şərait yaxşıdır?
3 Bundan başqa, öyrənmənin səmərəli olması üçün, evdə rahat kresloda, yaxud yumşaq divanda əyləşməyə dəyməz. Bu, diqqəti toplamağa mane olur. Öyrəndiyimiz zaman beynimiz işləməlidir, çox rahat yerdə oturmaq isə bunun əksinə ola bilər. Həmçinin, öyrənmə və dərindən düşünmək üçün, nisbətən sakit və diqqəti yayındıracaq şeylərdən uzaq bir yer münasibdir. Radio, televizor və uşaqların olduğu şəraitdə öyrənmə ilə məşğul olmağa çalışmaq yaxşı nəticələr verməyəcəkdir. İsa dərindən düşünmək istəyəndə, onu heç kimin narahat etməyəcəyi yerə çəkilirdi. O, həmçinin dua üçün tənha yer seçməyin yaxşı olduğunu deyirdi (Matta 6:6; 14:13; Mark 6:30-32).
Suallara cavab verməyə kömək edən şəxsi öyrənmə
4, 5. “Allah bizdən nə tələb edir?” broşürası hansı sahələrdə faydalıdır?
4 Şəxsi öyrənmə, xüsusilə də səmimi qəlbli insanın suallarına cavab tapmaq məqsədi ilə, hansısa bir mövzunu daha dərindən öyrənmək üçün, müxtəlif vəsaitlərdən istifadə edərkən böyük məmnunluq gətirir (1 Timoteyə 1:4; 2 Timoteyə 2:23). Əvvəlcə, maraqlanan insanların çoxu, hazırda 261 dildə çıxan “Allah bizdən nə tələb edir?”a broşürasını öyrənirlər. Bu broşüra tamamilə Müqəddəs Kitaba əsaslanır və sadə dildə yazılmışdır, lakin oradakı mə’lumat konkretliyi ilə seçilir. O, oxuculara, həqiqi ibadətlə bağlı Allahın tələblərinin nədən ibarət olduğunu tez anlamaqda kömək edir. Lakin onun həcmi hər bir mövzunu geniş əhatə etməyə yol vermir. Əgər öyrənən adam bu və ya digər mövzuya dair dərin suallar verirsə, onun bu suallarına cavab verəcək Müqəddəs Kitaba əsaslanan mə’lumatları necə tapmaq olar?
5 Kimin doğma dilində kompakt-disk üzərində yazılmış “Gözətçi Qülləsinin kitabxanası” varsa, kompüterin köməyi ilə mə’lumat toplamaq üçün geniş imkanı var. Bəs əgər bu kimi imkanlar yoxdursa, necə? Gəlin, öz anlayışımızı necə genişləndirə biləcəyimizi və maraqlanan insanların suallarına, xüsusən də Allahın və İsanın əslində kim olduğunu soruşduqda necə ətraflı cavab verə biləcəyimizi görmək üçün “Allah bizdən nə tələb edir?” broşürasından iki mövzunu nəzərdən keçirək (Çıxış 5:2; Luka 9:18-20; 1 Peter 3:15).
Allah kimdir?
6, 7. a) Allahla bağlı hansı sual yaranır? b) Bir keşiş öz mə’ruzəsində hansı ciddi nöqsana yol vermişdi?
6 “Allah tələb edir” broşüranın 2-ci dərsi çox vacib olan “Allah kimdir?” sualına cavab verir. Bu mühüm suallardan biridir, çünki insan Allahı tanımırsa və ya Onun mövcudluğuna şübhə edirsə, həqiqi Allaha ibadət edə bilməz (Romalılara 1:19, 20; İbranilərə 11:6). Lakin bütün dünyada insanlar Allah haqqında yüzlərlə müxtəlif təsəvvürlərə malikdirlər (1 Korinflilərə 8:4-6). Hər bir dini fəlsəfə Allahın kimliyinə dair suala öz bildiyi kimi cavab verir. Xristian dünyasına mənsub olan dinlərin əksəriyyəti Allahı Üç üqnum kimi təsəvvür edir. ABŞ-da tanınmış bir keşiş “Allahı tanıyırsanmı?” adlı mə’ruzə ilə çıxış etdi. İbranicə Müqəddəs Yazılardan bir neçə dəfə sitat gətirməsinə baxmayaraq, öz çıxışında bir dəfə də olsun Allahın adını çəkmədi. Əlbəttə, o, gözlənildiyi kimi, Yehova və ya Yəhva adının əvəzinə, aydın olmayan və ümumi mə’na daşıyan “Rəbb” sözünün yazıldığı Müqəddəs Kitab tərcüməsindən istifadə edirdi.
7 Yeremya 31:33, 34 ayələrini sitat gətirərək, bu mə’ruzəçi dinləyicilərinə vacib bir fikri çatdırmadı: “Artıq hər kəs öz qonşusuna və hər kəs öz qardaşına: Rəbbi tanıyın [qədim ibrani mətnində — “Yehovanı tanıyın”], deyə öyrətməyəcəklər; çünki kiçiyindən böyüyünə qədər onların hamısı məni tanıyacaqlar, Rəbb [qədim ibrani mətnində — “Yehova”] deyir”. Bu tərcümədə Allahın xüsusi adı — Yehova götürülmüşdür (İşaya 42:8).
8. Allahın adını istifadə etməyin vacibliyi hansı nümunədən görünür?
8 Məzmur 8:9 ayəsi Yehovanın adını istifadə etməyin vacibliyini göstərir: “Ya Rəbbimiz Yehova, bütün yer üzündə ismin nə əzəmətlidir!” Başqa dillərdə olan tərcümələrdə isə bu ayə belə səslənir: “Ya Rəbbimiz Allah, bütün yer üzündə ismin nə əzəmətlidir!” Lakin, əvvəlki məqalədə qeyd olunduğu kimi, Onun Kəlamının bizi işıqlandırmasına yol veririksə, “Allah biliyini” əldə edə bilərik. Müqəddəs Kitabı öyrənmək üçün hansı vəsaitdə Allahın adının əhəmiyyəti haqqındakı suallara tez cavab tapmaq olar? (Süleymanın məsəlləri 2:1-6).
9. a) Allahın adını istifadə etməyin vacib olduğunu izah etməkdə bizə hansı nəşr kömək edə bilər? b) Bir çox tərcüməçilər Allahın adına necə hörmətsizlik göstərmişlər?
9 Hazırda 154 dilə tərcümə edilmiş “Əbədi həyata aparan bilik”b kitabına da müraciət edə bilərik. “Həqiqi Allah kimdir?” adlı fəsildə “Həqiqi Allahın adı var” başlığı altında (səh. 24), aydın şəkildə göstərilir ki, ibrani tetraqrammatonuna (yunan dilindən “dörd hərf” mə’nasını verir) qədim ibrani mətnlərində, demək olar ki, 7 000 dəfə rast olunur. Lakin iudaizmin və xristian dünyasının ruhani sinifləri, həmçinin tərcüməçiləri öz Müqəddəs Kitab tərcümələrindən həmin adı bilərəkdən götürmüşdülərc. Onlar, Allahı adı ilə çağırmadıqları halda Onu tanıdıqlarını və Onunla məqbul münasibətdə olduqlarını necə iddia edə bilərlər? Allahın həqiqi adı Onun niyyətlərini və kimliyini anlamağa imkan yaradır. Bundan əlavə, əgər Allahın adı istifadə edilmirsə, İsanın nümunəvi duasındakı: “Ey göylərdə olan Atamız, Adın müqəddəs tutulsun” sözləri mə’nasını itirmirmi? (Matta 6:9; Yəhya 5:43; 17:6).
İsa Məsih kimdir?
10. İsanın həyatı və xidməti haqqında tam təsəvvürü necə əldə edə bilərik?
10 “Allah bizdən nə tələb edir?” broşürasının üçüncü dərsi “İsa Məsih kimdir?” adlanır. Cəmi altı abzasda İsanın kimliyi, mənşəyi və yer üzünə gəlişinin məqsədi haqqında tam qısa şəkildə mə’lumat verilir. Amma İsanın həyatı haqqında daha dolğun biliyə sahib olmaq istəyirsinizsə, İncildən savayı, 111 dildə dərc edilmiş “Dünyada yaşamış ən böyük insan” kitabı (türk.) ən yaxşı vəsaitdir. Bu kitabda, dörd Müjdəyə əsaslanaraq, Məsihin həyatı və verdiyi tə’limlər tarixi ardıcıllıqla qələmə alınmışdır. İsanın həyatında və xidməti ərzində baş vermiş hadisələr 133 fəsildə nəql edilir. Buna oxşar başqa mə’lumat üçün “Müqəddəs Yazıların dərk edilməsi” ensiklopediyasının II cildində, “İsa Məsih” adlı məqaləsinə baxa bilərsiniz.
11. a) Yehovanın Şahidlərinin İsa Məsih haqqındakı tə’limləri başqa tə’limlərdən necə fərqlənir? b) Hansı Müqəddəs Kitab ayələri Üç uqnum tə’limini təkzib edir və bu sahədə hansı vəsait faydalıdır?
11 Xristian dünyasında İsa ilə bağlı mübahisə, onun “Allahın Oğlu” və “Oğul Allah” olub-olmaması üstündə gedir. Başqa sözlərlə desək, bu mübahisə, Katolik kilsəsinin Katexizisində “xristian e’tiqadının başlıca sirri” adlanan, yə’ni Üç uqnum tə’liminin üstündədir. Xristian dünyasının dinlərindən fərqli olaraq, Yehovanın Şahidləri İsa Məsihin Allah tərəfindən yaradıldılğına inanır, amma onu Allah hesab etmirlər. Bu mövzu, “Gözətçi Qülləsi”nin 2002-ci il 1 avqust sayında çox gözəl açıqlanır. Üç uqnum tə’limini təkzib etmək üçün Müqəddəs Kitabdan Mark 13:32 və 1 Korinflilərə 15:24, 28 ayələr istifadə olunur.
12. Daha hansı sual diqqətimizə layiqdir?
12 Allahla və İsa Məsihlə bağlı mövzuların yuxarıdakı müzakirəsi, Müqəddəs Kitab həqiqətini bilməyənlərə dəqiq bilik almaqda kömək etmək məqsədi ilə, şəxsi tədqiqat aparmağın üsulunu göstərir (Yəhya 17:3). Bəs uzun illər məsihçi yığıncağının üzvü olanlar haqqında nə demək olar? Artıq Müqəddəs Kitabdan geniş bilik əldə etdiklərinə baxmayaraq, Allahın Kəlamını şəxsən öyrənmələrinə diqqət yetirmələri lazımdırmı?
Nə üçün “diqqət yetirmək” gərəkdir?
13. Bə’ziləri şəxsi öyrənməyə dair hansı yanlış nöqteyi-nəzərə sahib ola bilərlər?
13 Uzun illər ərzində Yehovanın Şahidlərinin yığıncağına mənsub olan kəslərdə, məsihçi yolunun ilk illərində əldə etdikləri Müqəddəs Kitab bilikləri ilə kifayətlənməyə adət yarana bilər. Asanlıqla belə düşünmək olar: “Öyrənmədə nəyə görə sə’y göstərim? Məgər mən yeniyəm? Müqəddəs Kitabı artıq dəfələrlə oxumuşam, ona əsaslanan nəşrləri isə illərdir ki, oxuyuram”. Belə fikir bunu deməyə bərabərdir: “Necə qidalandığıma diqqət yetirmək nəyə lazım? Onsuz da indiyə qədər artıq çox yemişəm”. Bilirik ki, sağlamlıq və həyat fəaliyyəti üçün orqanizmə daima keyfiyyətli və düzgün qaydada hazırlanmış qida lazımdır. Ruhani sağlamlığımız və möhkəmliyimiz üçün isə yaxşı ruhani qida daha çox tələb olunur! (İbranilərə 5:12-14).
14. Nəyə görə həmişə özümüzə diqqət yetirməliyik?
14 Buna görə də hər birimiz, Müqəddəs Kitabı çoxdan və ya yeni öyrənməyimizdən asılı olmayaraq, həvari Pavelin həmin vaxt artıq yetkin və məs’ul nəzarətçi olan Timoteyə verdiyi məsləhətinə diqqət yetirməliyik: “Özünə və verdiyin tə’limata diqqət yetir və bu işləri davam etdir. Çünki bunu etməklə sən həm özünü, həm də sənə qulaq asanları xilas edərsən” (1 Timoteyə 4:15, 16). Pavelin məsləhətinə nəyə görə diqqət yetirməliyik? Xatırlayaq ki, Pavel diqqətimizi həmçinin “İblisin hiylələrinə” və “bu qaranlıq dünyanın hökmranlarına, yə’ni səmavi aləmdə olan pis ruhi qüvvələrə” qarşı mübarizəyə yönəldir. Həvari Peter isə, İblisin “aşırmaq üçün kimisə” axtardığı haqqında xəbərdarlıq etdi və bizlərdən hər birimiz onun qurbanı ola bilər. Özümüzə çox arxayın olmağımız, məhz onun axtardığı fürsət ola bilər (Efeslilərə 6:11, 12; 1 Peter 5:8).
15. Hansı ruhani müdafiəyə sahibik və onları necə lazımi qaydada saxlaya bilərik?
15 Bəs belə olduqda özümüzü necə qoruya bilərik? Həvari Pavel bizə xatırladır: “Buna görə Allahın bütün zirehlərini götürün ki, siz pis gündə müqavimət göstərib, əlinizdən gələn hər şeyi etdikdən sonra yerinizdə dura biləsiniz” (Efeslilərə 6:13). Bu ruhani zirehlərin möhkəmliyi, yalnız onların başlanğıcda necə olmasından deyil, daima lazımi vəziyyətdə saxlamağımızdan da asılıdır. Deməli, bu yeni təchizata Allahın Kəlamı haqqındakı yeni biliklər də daxil olmalıdır. Bu onu göstərir ki, Yehovanın öz Kəlamı və sadiq və ağıllı qul sinfi vasitəsilə açdığı həqiqətin anlayışına diqqət yetirmək olduqca vacibdir. Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri müntəzəm olaraq öyrənmək, ruhani zirehlərimizi lazımi qaydada saxlamaq üçün olduqca vacibdir (Matta 24:45-47; Efeslilərə 6:14, 15).
16. “İman qalxanı”mızın yaxşı vəziyyətdə olması üçün nə edə bilərik?
16 Pavel zirehlərimizin çox mühüm bir hissəsini, yə’ni “iman qalxanını” xüsusilə vurğulayır. Onun köməyi ilə, Şeytanın yalan ittiham və dönük tə’limlər şəklində olan qızmar oxlarını əyə və söndürə bilərik (Efeslilərə 6:16). Bu səbəbdən, iman qalxanımızın nə dərəcədə möhkəm olduğunu yoxlamaq və onu yaxşı vəziyyətdə saxlayıb möhkəmləndirməyə diqqət yetirmək olduqca vacibdir. Özümüzdən soruşa bilərik: “Gözətçi Qülləsi” jurnalının köməyi ilə Müqəddəs Kitabın həftəlik öyrənməsinə necə hazırlaşıram? Məsihçi görüşlərində düşünülmüş cavablar verərək qardaşları “məhəbbətə və xeyirli işlərə” təşviq edə biləcək qədər yaxşı hazırlaşırammı? Yazılan, ancaq sitat gətirilməyən ayələri Müqəddəs Kitabdan açıb oxuyurammı? Görüşlərdə ruh yüksəkliyi ilə iştirak edərək, başqalarını ruhlandırırammı? Biz qüvvətli ruhani qidaya malikik və daha çox fayda gətirməsi üçün onu yaxşı “həzm” etməliyik (İbranilərə 5:14; 10:24).
17. a) Ruhaniliyimizi sarsıtmağa çalışaraq Şeytan hansı zəhərdən istifadə edir? b) Şeytanın zəhərinə qarşı hansı çarə var?
17 Şeytana günahlı insanların zəiflikləri bəllidir və onun fitnələri çox məkrlidir. Özünün zərərli tə’sirini yaymaq yollarından biri, pornoqrafiyanın televiziya verilişləri, İnternet, videofilmlər və nəşriyyat vasitəsilə asan əlçatan olmasıdır. Bə’zi məsihçilər yol vermişlər ki, bu zəhər onların müdafiəsini zəiflətsin, bu isə yığıncaqda malik olduqları məs’uliyyəti itirmələrinə, hətta daha ciddi nəticələrə gətirib çıxarmışdı (Efeslilərə 4:17-19). Şeytanın ruhani zəhərinə qarşı çarə nədir? Biz, Müqəddəs Kitabı müntəzəm olaraq şəxsi öyrənməyə, məsihçi görüşlərinə, həmçinin Allahın verdiyi ruhani zirehlərin heç birinə e’tinasız yanaşmalı deyilik. Bütün bunlar bizə yaxşını pisdən ayırmağa və Allahın nifrət etdiyi şeylərə nifrət etmək qabiliyyəti verir (Məzmur 97:10; Romalılara 12:9).
18. Ruhani mübarizəmizdə “ruhun qılıncı” bizə necə kömək edir?
18 Müqəddəs Kitabı müntəzəm və lazımi şəkildə öyrənərək, Allahın Kəlamından olan dəqiq biliklərin xidmət etdiyi möhkəm müdafiəyə sahib olmaqla bərabər, “ruhun qılıncı, yə’ni Allahın sözü” ilə müvəffəqiyyətlə hərəkət etməyi də öyrənirik. Çünki Allahın Kəlamı “canlı və tə’sirli, hər cür ikiağızlı qılıncdan itidir; o, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir” (Efeslilərə 6:17; İbranilərə 4:12). Əgər bu “qılıncdan” ustalıqla istifadə etməyi öyrənsək, ilk baxışdan zərərsiz, hətta cəlbedici görünən, əslində isə Şərin əlində məhvedici tələ olan sınaqlarla qarşılaşan zaman, biz onun qarşısını ala biləcəyik. Müqəddəs Kitab bilikləri xəzinəmizin və anlayışımızın sayəsində, pisi rədd edib yaxşını icra etməyi bacaracağıq. Buna görə də hər birimiz özündən soruşmalıdır: “Ruhani qılıncım itidir, yoxsa pas atıb? Hücumlara qarşı dura bilməyimə kömək edən Müqəddəs Kitab ayələrini xatırlamaq mənə çətindirmi?” Gəlin bundan sonra da, Müqəddəs Kitabı müntəzəm və lazımi şəkildə öyrənməyə davam edək və bununla da İblisə qarşı duraq (Efeslilərə 4:22-24).
19. Çalışqanlıqla apardığımız şəxsi öyrənmə hansı faydanı gətirir?
19 Pavel yazırdı: “Hər Müqəddəs Yazı Allahdan ilham almış və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin”. Pavelin Timoteyə ünvanladığı sözlərə diqqət etsək, ruhən möhkəmlənə, xidmətimizi isə daha səmərəli edə bilərik. Ruhani ağsaqqallar və xidməti köməkçilər yığıncağa daha çox fayda gətirə bilərlər və hər birimiz imanda möhkəm qala bilərik (2 Timoteyə 3:16, 17; Matta 7:24-27).
[Haşiyələr]
a Bir qayda olaraq, yeni maraqlanan adam “Allah bizdən nə tələb edir?” broşürasını öyrəndikdən sonra, “Əbədi həyata aparan bilik” kitabını öyrənməyə başlayır. Həm broşüra, həm də kitab Yehovanın Şahidləri tərəfindən nəşr edilib. Burada verilən məsləhətlər ruhani inkişafa mane olan amilləri aradan qaldırmağa kömək edəcəkdir.
b Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir. Bildiyiniz dildə “Müqəddəs Yazıların dərk edilməsi” ensiklopediyası varsa, II cilddə, “Yehova” adlı məqaləyə müraciət edə bilərsiniz.
c Bir sıra ispan və katalon tərcümələrində qədim ibrani tetraqrammatonun Yavé, Yahveh, Jahvè, və Jehová kimi verilməsi diqqətə layiqdir.
Xatırlayırsınızmı?
• Səmərəli şəxsi öyrənmə üçün necə şərait tələb olunur?
• Allahın adı ilə bağlı Müqəddəs Kitabın bir çox tərcümələrində hansı səhvə yol verilir?
• Üç uqnum tə’limini təkzib etmək üçün hansı Müqəddəs Kitab ayələrini istifadə edərdiniz?
• İllər uzunu məsihçi olsaq da, Şeytanın tələlərindən qorunmaq üçün biz nə etməliyik?
[25-ci səhifədəki şəkillər]
Şəxsi öyrənmənin səmərəli olması üçün diqqətimizi az yayındıracaq münasib şərait seçmək lazımdır.
[26-cı səhifədəki şəkillər]
Ruhani “qılıncın” itidir, yoxsa pas atıb?