Əllərinizi qüvvətləndirin
ƏLLƏR ifadəsi Müqəddəs Kitabda təxminən 1 800 dəfə xatırlanır. Orada biz “əl” və ya “əllər” ifadəsi işlənən müxtəlif idiomlar tapa bilərik. Misal üçün, “əllərin təmizliyi” günahsızlığı təmsil edir (2 Samuel 22:21; Məzmur 24:3, 4). “Əlini açmaq” səxavət göstərmək deməkdir (Təsniyə 15:11; Məzmur 145:16). İbrani dilində kim isə “canını ovcuna alıb” dedikdə, onun öz həyatını təhlükəyə atdığı nəzərdə tutulur (1 Samuel 19:5). “Əllərin zəifliyi” insanın ruhdan düşməsinə işarə edir (2 Tarixlər 15:7). Kiminsə “əlini qüvvətləndirmək” isə, onu möhkəmləndirmək və hansısa bir işi görmək üçün güc vermək deməkdir (1 Samuel 23:16).
Bu gün əllərimizi qüvvətləndirmək olduqca vacibdir. Biz “çətin anlar”da yaşayırıq (2 Timoteyə 3:1). Nəyə isə nail ola bilmədikdə, təslim olmağa və əllərimizi yanımıza salmağa meylliyik. Yeniyetmələrin məktəbi buraxmaları, ərlərin ailələrini tərk etmələri və anaların öz uşaqlarını atmaları artıq heç kimi təəccübləndirmir. Biz məsihçilər əllərimizi qüvvətləndirməliyik ki, Allaha etdiyimiz xidmətdə qarşılaşdığımız bütün sınaqlara tab gətirək (Matta 24:13). O zaman biz Yehovanın ürəyini sevindirmiş olarıq (Süleymanın məsəlləri 27:11).
Əllərimizi necə qüvvətləndirə bilərik?
Ezranın günlərində yəhudilərə, Yehovanın Yerusəlimdəki mə’bədinin bərpa işlərini başa vurmaq üçün əllərini qüvvətləndirmək lazım idi. Onların əlləri necə qüvvətləndirildi? Müqəddəs Kitabda deyilir: “Sevinclə yeddi gün mayasız çörək bayramı keçirdilər; çünki Rəbb onları sevindirmişdi və İsrailin Allahı, Allahın evinin işində onların əllərini qüvvətləndirmək üçün Assuriya padşahının ürəyini onlara döndərmişdi” (Ezra 6:22). Ehtimal ki, Yehova fəal qüvvəsinin vasitəsilə Assuriya padşahının ürəyində rəğbət hissi oyatdı ki, padşah Onun xalqının öz vətənlərinə dönmələrinə razılıq versin. Həmçinin Allah yəhudiləri başladıqları işi sona çatdırmağa təşviq etdi.
Sonradan Yerusəlimin divarlarını tə’mir etmək tələb olunduqda, Nehemya bu iş üçün qardaşlarının əllərini qüvvətləndirdi. Biz oxuyuruq: “Allahımın əli üzərimdə inayətli olduğunu, həm də padşahın mənə söyləmiş olduğu sözləri onlara bildirdim və: Qalxaq və bina edək, dedilər. Və bu yaxşı iş üçün əllərini qüvvətləndirdilər”. Nehemya və digər yəhudilər qüvvətlənərək, Yerusəlimin divarlarını cəmi 52 günə bərpa edə bildilər! (Nehemya 2:18; 6:9, 15).
Yehova bu gün bizim əllərimizi qüvvətləndirir ki, Padşahlıq haqqındakı xoş xəbəri təbliğ edək (Matta 24:14). O, bunu ‘Öz iradəsini həyata keçirməyimiz üçün hər yaxşı əməllə’ təchiz etməklə edir (İbranilərə 13:21). O, əlimizə ə’la keyfiyyətli alətlər verib. Bizim Müqəddəs Kitabımız və ona əsaslanan kitablarımız, jurnallarımız, broşüralarımız, traktatlarımız, audio və video yazılarımız var. Bu vəsaitlərin köməyi ilə bütün dünyada olan insanlara təbliğ edə bilirik. Bizim nəşrləri 380-dən artıq dildə oxumaq mümkündür. Bundan əlavə, Yehova bizə yığıncaq görüşlərində və konqreslərdə teokratik tə’lim təqdim edir və bu gözəl vəsaitləri xidmətdə necə istifadə etməyi öyrədir.
Yehova əllərimizi müxtəlif üsullarla qüvvətləndirsə də, bizim də sə’y göstərməyimizi gözləyir. Suriyalılarla müharibədə ona kömək etməyi diləməyə gələn İoas padşaha Elişa peyğəmbərin verdiyi cavabı yada salın. Elişa İoas padşaha bir neçə ox götürməyi və onları yerə vurmağı buyurdu. Müqəddəs Kitabda deyilir: “Üç kərə vurub durdu. Və Allah adamı ona qarşı qəzəblənib dedi: Beş yaxud altı kərə vurmalı idin; o zaman Suriyanı bitirincəyə qədər onu vurmuş olardın; fəqət indi Suriyanı üç kərə vuracaqsan” (2 Krallar 13:18, 19). İoas cidd-cəhd göstərmədiyinə görə, suriyalılarla müharibədə tam müvəffəqiyyətə nail olmadı.
Əgər Yehovanın bizə həvalə etdiyi işi başa vurmaq istəyiriksə, bu nümunədən ibrət götürməliyik. Yolumuzda duran çətinliklərə görə narahat olub, yaxud bizə həvalə olunmuş işin necə də çətin olduğunu həyəcanla düşünmək əvəzinə, sə’y və çalışqanlıqla işə girişmək lazımdır. Əllərimizi qüvvətləndirməli və Yehovanın köməyinə güvənməliyik (İşaya 35:3, 4).
Yehova əllərimizi qüvvətləndirəcək
Yehova bizi naümid etməyəcək. İradəsini yerinə yetirməmiz üçün Allah bizə kömək edəcək və əllərimizi qüvvətləndirəcəkdir. Əlbəttə, Allah mö’cüzə göstərməyəcək və hər şeyi bizim əvəzimizə etməyəcəkdir. O, bizdən sə’y göstərməyimizi, yə’ni Müqəddəs Kitabı gündəlik oxumağımızı, müntəzəm olaraq yığıncaq görüşlərinə hazırlaşmağımızı və bu görüşlərə müntəzəm gəlməyimizi, xidmətdə daha çox iştirak etməyimizi və hər zaman duada olmağımızı gözləyir. Əgər biz bacardığımız hər işi sədaqətlə və cidd-cəhdlə ediriksə, Yehova bizdən gözlədiyi işi yerinə yetirməyimiz üçün güc verəcəkdir (Filipililərə 4:13).
Bir il müddətində arvadını və anasını itirən bir məsihçinin nümunəsi üzərində düşünün. Qəlb ağrısı hələ sakitləşməmişdi ki, gəlini onun oğlunu və məsihçi həyatını tərk etdi. Qardaş deyir: “Başa düşdüm ki, biz qarşılaşdığımız sınaqları, onların vaxtını və bizimlə necə tez-tez baş verəcəyini seçə bilmirik”. Sınaqlara davam gətirməkdə ona nə kömək oldu? O deyir: “Dua və şəxsi öyrənmə xilasedici jilet olub, məni batmağa qoymadı. Eləcə də ruhani bacı və qardaşlarım mənə böyük təsəlli oldular. Həmçinin çətinliklərlə qarşılaşmadan öncə Yehova ilə yaxşı qarşılıqlı münasibət yaratmağın nə dərəcədə vacib olduğunu anladım”.
Malik olduğumuz həyat təcrübəsindən asılı olmayaraq, bütünlüklə Yehovaya güvənməyə və əllərimizi qüvvətləndirmək üçün Onun təqdim etdiyi hər şeydən faydalanmağa tam qərarlı olmalıyıq. O zaman Yehovaya xidmətimiz yüksək keyfiyyətli olacaq və Onun qiymətli adına izzət və şərəf gətirəcəyik (İbranilərə 13:15).
[31-ci səhifədəki şəkil]
İoas cidd-cəhd göstərmədiyinə görə, suriyalılarla müharibədə tam müvəffəqiyyətə nail olmadı.