Nə üçün? “Allah, Sən buna nə üçün yol verdin?!”
RİKARDO arvadı Mariya ilə birlikdə həkimin qəbulunda oturduqlarını indiyə qədər xatırlayıra. Mariyanın sonuncu müayinəsinin cavabını oxumağa onların heç birinin cəsarəti çatmırdı. Nəhayətdə Rikardo zərfi açdı və onlar tibbi terminlərlə dolu mətni gözdən keçirdilər. “Xərçəng” sözünü gördükdə və onun tam mə’nasını başa düşdükdə hər ikisi ağladılar.
Rikardo xatırlayır: “Həkim çox xeyirxah idi, lakin o, vəziyyətin çox ciddi olduğunu başa düşür və yenə də deyirdi ki, Allaha ümid edək”.
Mariyanı müalicə edən həkim şüa terapiyasından əvvəl müşahidə etdi ki, onun sağ ayağı qeyri-ixtiyari olaraq tərpənir. Yeni müayinə göstərdi ki, xərçəng beyində yayılmışdır. Cəmi bir həftə keçdikdən sonra terapiyanı dayandırdılar. Mariya komaya düşdü və iki həftədən sonra öldü. Rikardo danışır: “Mariyanın iztirabları sona çatdığına görə sevinirdim, lakin mən onun üçün çox darıxırdım və məndə də ölmək istəyi yarandı. Mən tez-tez Allaha nida edirdim: “Sən buna nə üçün yol verdin?!”
Fəlakətlər çoxsaylı suallar doğurur
Rikardo kimi, saysız-hesabsız insanlar iztirablarla qarşılaşmalı olurlar. Çox vaxt heç bir təqsiri olmayan insanlar iztirab çəkirlər. Sonsuz silahlı toqquşmaların gətirdiyi bədbəxtlikləri yada salaq. Yaxud təhqirlərə dözən uşaqların, zorlamanın qurbanı olan çoxsaylı insanların çəkdikləri acını, ailədəki zorakılığı və digər bədbəxtlikləri fikirləşək. Tarix boyunca insanlar o qədər haqsızlıqlar törətmiş və bir-birlərinə o qədər işgəncə vermişlər ki, sözlə ifadə etmək mümkün deyil (Vaiz 4:1-3). Təbii fəlakətlərin qurbanı olanlar hansı əziyyətlərə qatlaşır, nə qədər insan ruhən əzab çəkir, psixi və fiziki xəstəliklərdən iztirab çəkirlər! Təəccüblü deyil ki, bir çoxları belə sualla müraciət edirlər: “Axı nə üçün Allah belə iztirablara yol verir?”
İztirablara dözmək, hətta Allaha ürəkdən iman gətirən insanlar üçün də asan deyil. Ola bilər sizə də maraqlıdır ki, nə üçün mərhəmətli, Qadir Allah insan iztirablarına yol verir? Bu çətin suala qaneedici və düzgün cavab tapmaq olduqca vacibdir, çünki bizim rifahımız və Allahla olan münasibətimiz bu sualın cavabından asılıdır. Belə cavabı Müqəddəs Kitab verir. Bu haqda Müqəddəs Kitabin dedikləri növbəti məqalədə müzakirə olunacaq.
[Haşiyə]
a Adlar dəyişdirilib.
[3-cü səhifədəki şəkillər]
“Həkim yenə də deyirdi ki, Allaha ümid edək”.