Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/6 s. 19—24
  • Həlimlik məsihçi keyfiyyətinin ayrılmaz hissəsidir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həlimlik məsihçi keyfiyyətinin ayrılmaz hissəsidir
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • “Allahın qarşısında çox qiymətlidir”
  • Həlimlik cəlb edir və təravət gətirir
  • Müasirləri arasında ən həlim insan
  • Kobudluq və həlimlik
  • Həlimliyə can at
  • Mülayimlik. Onun bizə faydası
    Gözətçi qülləsi 2020
  • “Bütün insanlara tam həlimlik” göstərin
    Gözətçi qülləsi 2003
  • Mülayimsinizsə, güclüsünüz
    Gözətçi qülləsi 2023
  • «Aranızda hikmətli və dərrakəli olan kimdir?»
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/6 s. 19—24

Həlimlik məsihçi keyfiyyətinin ayrılmaz hissəsidir

“Həlimlik... geyin” (KOLOSLULARA 3:12).

1. Həlimliyi gözəl keyfiyyət edən nədir?

HƏLİM insan mülayim və güzəştə getməyə hazırdır. Bu cür insanla oturub-durmaq xoşdur. Bununla belə, müdrik Süleyman padşahın qeyd etdiyi kimi, “yumşaq dil sümüyü qırar” (Süleymanın məsəlləri 25:15). Həlimlik, xarakterin yumşaqlığını möhkəmliklə uzlaşdıran gözəl keyfiyyətdir.

2, 3. Həlimliklə müqəddəs ruh arasında hansı bağlılıq mövcuddur və bu məqalədə biz nəyi müzakirə edəcəyik?

2 Qalatiyalılara 5:22, 23 ayələrindən göründüyü kimi, həvari Pavel həlimliyi “ruhun səmərəsi” sırasına daxil etmişdir. 23-cü ayədə “həlimlik” kimi tərcümə olunan yunan sözü, həmçinin “yumşaqlıq” və ya “mülayimlik” mə’nalarını da verə bilər. Qeyd etmək lazımdır ki, əksər dillərdə bu yunan sözünün dəqiq ekvivalentini tapmaq çətindir, çünki bu keyfiyyət zahiri yumşaqlığı deyil, daxili həlimliyi və xeyirxahlığı, davranış tərzini deyil, əqlin və ürəyin vəziyyətini təsvir edir.

3 Həlimliyin mə’nasını və dəyərini yaxşı başa düşmək üçün, gəlin Müqəddəs Kitabdan dörd nümunəni nəzərdən keçirək (Romalılara 15:4). Biz sadəcə olaraq həlimliyin nə olduğunu deyil, həmçinin onu necə inkişaf etdirəcəyimizi və bu keyfiyyəti bütün işlərimizdə necə təzahür etdirə biləcəyimizi də öyrənəcəyik.

“Allahın qarşısında çox qiymətlidir”

4. Yehovanın həlimliyi qiymətləndirdiyini haradan bilirik?

4 Həlimlik Allahın ruhunun səmərəsinin bir hissəsi olduğu üçün, onun birbaşa Allahın heyranedici şəxsiyyəti ilə bağlı olduğu qənaətinə gəlmək düzgündür. Həvari Peter “həlim və sakit ruhun” “Allahın qarşısında çox qiymətli” olduğunu yazmışdır (1 Peter 3:4). Bəli, Yehova həlimliyi yüksək qiymətləndirir, çünki bu, Ona xas olan keyfiyyətlərdən biridir. Elə bu, Allahın bütün xidmətçilərinin həlimlik keyfiyyətini inkişaf etdirmələri üçün kifayətdir. Bəs, Kainatda ən yüksək hakimiyyətə sahib olan Qadir Allah həlimliyi necə təzahür etdirir?

5. Yehovanın həlimlik göstərməsinin sayəsində hansı ümidə malikik?

5 İlk insan cütü olan Adəm və Həvva Allahın aydın şəkildə izhar olunmuş xeyir və şər bilmə ağacından yeməmək əmrini qəsdən pozmuşdular (Təkvin 2:16, 17). Qəsdən edilmiş itaətsizlik günaha, ölümə və həm onların, həm də gələcək nəsillərinin Allahdan uzaqlaşmasına gətirib çıxardı (Romalılara 5:12). Günahkarları mühakimə edərkən Yehova tamamilə ədalətli davransa da, bəşər ailəsindən e’tibara layiq olmayan və tamamilə islaholunmaz bir şey kimi sərt şəkildə üz döndərmədi (Məzmur 130:3). Əksinə, xeyirxahlıqla və həddindən artıq sərt və tələbkar olmamaq arzusu ilə hərəkət edərək, bununla da həlimlik göstərən Yehova, günahkar insanların Ona yaxınlaşmasına və Onun iltifatını qazanmasına imkan verdi. Yehova bizə Oğlu İsa Məsihin fidiyə qurbanlığını bəxş etdi ki, biz qorxmadan Onun uca taxtına yaxınlaşa bilək (1 Yəhya 4:9, 10, 18; Romalılara 6:23; İbranilərə 4:14-16).

6. Yehova Qabil ilə rəftarında necə həlimlik göstərdi?

6 Hələ İsa yer üzünə gəlməmişdən çox-çox əvvəl, Adəmin oğulları Qabil və Habilin Yehovaya qurban gətirdikləri zaman Onun necə həlimlik göstərdiyini nəzərdən keçirək. Onların ürəklərini görən Yehova, Qabilin qurbanını rədd etmiş, Habili və onun qurbanını isə qəbul etmişdi. Allahın sadiq Habili və onun gətirdiyi qurbanı təqdir etməsi Qabili qəzəbləndirdi. Müqəddəs Kitabda deyilir: “Qabil bərk qəzəblənib qaş-qabağını salladı”. Yehova buna necə yanaşdı? Qabilin pis əhval-ruhiyyə göstərməsi Onu təhqir etdimi? Xeyr. Allah mülayimliklə Qabildən nəyə görə qəzəbləndiyini soruşdu. Yehova, hətta ona öz münasibətini necə dəyişə biləcəyini də izah etdi (Yaradılış 4:3-7, MKŞ). Bəli, Yehova həlimliyin təcəssümüdür (Çıxış 34:6).

Həlimlik cəlb edir və təravət gətirir

7, 8. a) Yehovaya xas olan həlimlik haqqında daha çox necə öyrənə bilərik? b) Matta 11:27-29 ayələri Yehova və İsa haqqında bizə nəyi açır?

7 Yehovanın misilsiz keyfiyyətlərini öyrənməyin ən gözəl üsullarından biri, İsa Məsihin həyatını və xidmətini öyrənməkdir (Yəhya 1:18; 14:6-9). Yer üzündəki xidmətinin ikinci ilində İsa Qalileyada təbliğ edərkən Korazində, Beytsaydada, Kefernahumda və onların ətrafında çoxlu mö’cüzələr göstərirdi. Bununla belə, insanların əksəriyyəti məğrur və e’tinasız olduqlarından ona inanmaq istəmirdilər. İsa buna necə reaksiya göstərirdi? O, onları bu sədaqətsizliyin nəyə gətirib çıxaracağı barədə aydın şəkildə xəbərdar etsə də, am-haaretsin, yə’ni sadə təvazökar insanların ruhani cəhətdən acınacaqlı vəziyyəti onu dərin narahat edirdi (Matta 9:35, 36; 11:20-24).

8 İsanın sonrakı fəaliyyəti onun öz Atasını həqiqətən də yaxşı tanıdığını və Onu təqlid etdiyini göstərirdi. İsa sadə insanlara belə səmimi sözlərlə müraciət edirdi: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq [“təravət”, YD] verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq [“təravət”, YD] taparsınız”. Bu sözlər incidilən və sıxışdırılan insanlara necə də təsəlli və təravət gətirirdi! İsanın sözləri bizlərə də təsəlli və təravət gətirir. Əgər həqiqətən də həlimliyi geyiriksə, Oğulun öz Atasını “açmaq istədiyi” şəxslər arasında olacağıq (Matta 11:27-29).

9. Həlimliklə hansı keyfiyyət sıx bağlıdır və bu sahədə İsa hansı gözəl nümunəni vermişdir?

9 Həlimliklə təvazökarlıq sıx bağlıdır. “Qəlbdən təvazökar” insanın həlimlik göstərməsi asandır, məğrurluq isə, əksinə, çox vaxt insanın başqaları ilə kobud və sərt davranmasına səbəb olur (Süleymanın məsəlləri 16:18, 19). İsa yer üzündə xidməti boyu təvazökarlıq göstərirdi. Hətta ölümünə altı gün qalmış Yerusəlimə daxil olanda və xalq onu yəhudi padşahı kimi sevinclə salamlayanda belə, İsa dünyanın rəhbərlərindən iti surətdə fərqlənirdi. Onun üzərində Zəkaryanın Xilaskar haqqında etdiyi peyğəmbərlik yerinə yetdi: “Budur, Hökmdarın sənin yanına gəlir; O, mülayimdir, eşşəyə minmiş, eşşəyin balası sıpaya minmiş” (Matta 21:5; Zəkarya 9:9). Sadiq Daniel peyğəmbər rö’yada Yehovanın öz Oğluna hakimiyyət verdiyini görmüşdü. Lakin daha əvvəlki peyğəmbərlikdə İsa insanların arasında “ən aşağı” səviyyədə təsvir edilir. Gördüyümüz kimi, həlimliklə təvazökarlıq, həqiqətən də sıx bağlıdır (Daniel 4:17; 7:13, 14).

10. Nəyə görə məsihçi həlimliyi zəifliyin nişanəsi deyil?

10 Yehovanın və İsanın göstərdikləri valehedici həlimlik onlara yaxınlaşmaqda bizə kömək edir (Yaqub 4:8). Həlimlik qətiyyən zəifliyin nişanəsi deyildir. Qadir Allah olan Yehova böyük güc və qüvvəyə malikdir. Haqsızlıq Onda odlu qəzəb doğurur (İşaya 30:27; 40:26). Buna bənzər şəkildə, İsa da Şeytan İblisin hücumları qarşısında belə güzəştə getməməyə qəti qərarlı idi. O, öz günlərində qeyri-qanuni ticarətlə məşğul olan dini rəhbərlərin hiylələrinə səbir etməkdən imtina etdi (Matta 4:1-11; 21:12, 13; Yəhya 2:13-17). Lakin şagirdlərinin çatışmazlıqları üzə çıxan zaman, İsa həlimlik göstərərək onların zəifliklərinə səbir edirdi (Matta 20:20-28). Bir Müqəddəs Kitab alimi həlimlik keyfiyyətini növbəti sözlərlə çox dəqiq təsvir etmişdir: “Mülayimliyin arxasında polad möhkəmliyi durur”. Gəlin Məsihə xas olan bu həlimlik keyfiyyətini biz də təzahür etdirək.

Müasirləri arasında ən həlim insan

11, 12. Musanın aldığı tərbiyəni nəzərə alsaq, onun həlimliyi nəyə görə bu qədər qeyri-adidir?

11 Nəzərdən keçirəcəyimiz üçüncü nümunə Musanın nümunəsidir. O, Müqəddəs Kitabda “yer üzündəki bütün adamlardan ziyadə həlim” insan kimi təsvir edilir (Saylar 12:3). Onun haqqındakı bu təsvir Allahın rəhbərliyi altında yazılmışdır. Musa gözəl həlimliyi sayəsində Yehovanın göstərişlərinə çox diqqətli idi.

12 Musa sadiq yəhudi ailəsində anadan olmuş, lakin qeyri-adi tərzdə tərbiyə almışdı. Yehova, xainlik və qatilliklə dolu olan bir dövrdə onun həyatını qorumuşdu. Musa lap kiçik yaşlarından ona həqiqi Allah olan Yehova haqqında sə’ylə öyrədən anasının yanında olmuşdu. Sonra Musanı evindən uzaqlaşdırmışdılar və o, tamamilə başqa mühitə düşmüşdü. Məsihçilik yolunda şəhid olan Stefan onun haqqında demişdir: “Musa, misirlilərin hər bir elminə öyrədilmiş, sözündə və əməllərində qüdrətli idi” (Həvarilərin işləri 7:22). Fir’onun qullarının onun qardaşları ilə nə dərəcədə ədalətsiz davrandıqlarını gördükdə, Musanın imanı daha aydın təzahür olundu. Yəhudini döyən misirlini öldürməyin üstündə, Musa Misir torpağından “Midyan diyarına” qaçmalı oldu (Çıxış 1:15, 16; 2:1-15; İbranilərə 11:24, 25).

13. Midyan diyarındakı 40 illik həyatı Musaya necə tə’sir göstərmişdi?

13 Musa 40 yaşında ikən səhrada özünün qeydinə qalmalı olmuşdu. O, Midyan diyarında Reuelin 7 qızına rast gəldi və onlara atalarının böyük sürüsü üçün su çəkməyə kömək etdi. Qızlar evə qayıtdıqda atalarına “misirli bir adam”ın onları xətrlərinə dəyən çobanlardan müdafiə etdiyini məmnuniyyətlə nəql etdilər. Reuelin də’vəti ilə Musa onun ailəsi ilə birlikdə yaşamağa başladı. Çəkdiyi bütün çətinliklərə baxmayaraq, Musa qəddarlaşmamış və yeni şəraitlərə alışmaq qabiliyyətini itirməmişdi. Onun Yehovanın iradəsini yerinə yetirmək qərarı heç zaman zəifləməmişdi. Musa Reuelin sürüsünü otarmağa başladı, Tsippora ilə evləndi və oğullar böyütdü. Bu qırx il ərzində Musa onu səciyyələndirən keyfiyyəti inkişaf etdirmiş və itiləmişdi. Musa, bəlalara tab gətirərək, həlimliyə öyrənmişdi (Çıxış 2:16-22; Həvarilərin işləri 7:29, 30).

14. Musa İsrailin rəhbəri olarkən həlimlik göstərdiyi hadisəni təsvir edin.

14 Yehovanın tə’yinatı ilə İsrail xalqının rəhbəri olan Musa, həlimlik göstərməyə davam edirdi. Bir dəfə Musaya xəbər çatdırdılar ki, Yehovanın müqəddəs ruhu altında onun köməkçisi kimi tə’yin edilən 70 kişinin arasında olmayan Eldad və Medad peyğəmbərlik edirlər. Yeşu dedi: “Əfəndim Musa, onlara qadağan et”. Lakin Musa həlimliklə cavab verdi: “Sən mənim üçünmü qısqanırsan? Kaş ki, Rəbbin bütün xalqı peyğəmbər olardı, Rəbb onların üzərinə ruhunu qoyardı!” (Saylar 11:26-29). Həlimlik bu gərgin vəziyyəti yüngülləşdirməyə kömək etdi.

15. Qeyri-kamilliyinə baxmayaraq, nəyə görə Musa onu təqlid etmək üçün gözəl nümunədir?

15 Lakin bir dəfə, Musa həlimlik göstərməkdə zəifliyə yol verdi. O, Kadeşin yaxınlığında yerləşən Meribada, mö’cüzələr Yaradan Yehovanı izzətləndirməyi nəzərdən qaçırdı (Saylar 20:1, 9-13). Qeyri-kamilliyinə baxmayaraq, Musa həyatı boyu ona kömək edən sarsılmaz imanı ilə seçilirdi, onun qeyri-adi həlimliyi isə bu gün bizə də dərin təəssürat bağışlayır (İbranilərə 11:23-28).

Kobudluq və həlimlik

16, 17. Nabal və Abiqail ilə baş verən hadisədə bizim üçün hansı xəbərdarlıq var?

16 Davudun günlərində, Allahın peyğəmbəri Samuelin ölümündən bir az sonra, bizim üçün ibrət dərsi olan bir hadisə baş verdi. Bu hadisə, ər-arvad olan Nabal və Abiqaillə bağlıdır. Onlar bir-birlərindən necə də fərqlənirdilər! Abiqail “çox anlayışlı”, əri isə “kobud və işlərində pis” adam idi. Nabalın böyük sürülərini oğrulardan qorumağa kömək edən Davudun adamları ondan yeməyə bir şey istədikdə, o, kobudluqla imtina etdi. Ədalətli olaraq qəzəblənən Davud və onun adamları qılınca qurşanıb Nabalın üstünə getdilər (1 Samuel 25:2-13).

17 Abiqail baş verən hadisədən xəbər tutduqda dərhal çörək, şərab, ət, bir bağlama üzüm və əncir götürüb Davudun qarşısına çıxdı. O, Davuda yalvarmağa başladı: “Günah mənim üzərimdə, əfəndim... burax cariyən sənə söyləsin və cariyənin sözlərini dinlə”. Abiqailin həlim yalvarışı Davudun ürəyini yumşaltdı. Onu dinlədikdən sonra Davud dedi: “İsrailin Allahı Rəbb mübarək olsun ki, bu gün məni qarşılamağa səni göndərdi; və anlayışın mübarək olsun və sən mübarək olasan; qana girməkdən və intiqamımı öz əlimlə almaqdan məni bu gün sən saxladın” (1 Samuel 25:18, 24, 32, 33). Nabalın kobudluğu və pisliyi axırda onun ölümünə səbəb oldu. Abiqail isə öz gözəl keyfiyyətləri sayəsində Davudun arvadı oldu. Onun həlimliyi, bu gün Yehovaya xidmət edən kəslər üçün gözəl nümunədir (1 Samuel 25:36-42).

Həlimliyə can at

18, 19. a) İnsan həlimliyi geydikdə onda hansı dəyişikliklər baş verir? b) Özümüzü yaxşı yoxlamaqda bizə nə kömək edə bilər?

18 Gördüyümüz kimi, həlimlik bizim üçün çox vacibdir. Həlimlik — sadəcə başqaları ilə davranışda olan yumşaqlıq deyil, başqalarına təravət gətirən cəlbedici keyfiyyətdir. Ola bilsin, əvvəllər bizə insanlarla kobud danışmaq və bədxah rəftar etmək kimi keyfiyyətlər xas idi. Lakin Müqəddəs Kitabdan həqiqəti öyrəndikdən sonra, biz dəyişilmiş və daha xeyirxah, ünsiyyətdə isə mülayim olmuşuq. Pavel, bu cür dəyişikliklər haqqında danışaraq, həmimanlılarını təşviq edirdi: “Şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin” (Koloslulara 3:12). Belə bir dəyişiklik Müqəddəs Kitabda canavar, bəbir, şir, ayı və qara ilan kimi qəzəbli vəhşi heyvanların, quzu, çəpiş, buzov və inək kimi sakit ev heyvanlarına çevrilməsi ilə müqayisə edilir (İşaya 11:6-9; 65:25). İnsanın xarakteri o qədər güclü surətdə dəyişilir ki, ətrafdakılar buna mö’cüzə kimi baxırlar. Biz isə bu dəyişikliyi Allahın ruhunun tə’siri kimi izah edirik, çünki həlimlik onun gözəl səmərəsinin bir hissəsidir.

19 Bu o deməkdirmi ki, əgər biz lazımi dəyişikliklər etmiş və Yehovaya həsr olunmuşuqsa, bizə artıq həlimliyin üzərində işləmək lazım deyil? Əlbəttə ki, yox. Məsələn, hətta yeni paltara belə daima qulluq edilməzsə, təmiz və səliqəli görünməyəcək. Allahın Kəlamını diqqətlə nəzərdən keçirib, orada olan nümunələrin üzərində düşündükcə, biz özümüzə yeni və obyektiv nəzərdən baxıb, əvvəllər görmədiyimiz şeyləri görə bilərik. Bəs bu güzgü, yə’ni Allahdan ilham almış Kəlam sənin haqqında nə deyir? (Yaqub 1:23-25).

20. Həlimlik göstərmək üçün nə tələb olunur?

20 İnsanların təbiəti müxtəlifdir. Allahın xidmətçilərinin bə’zilərinə həlimlik göstərmək asan, bə’zilərinə isə çətindir. Bununla belə, həlimlik də daxil olmaqla, Allahın ruhunun səmərəsini inkişaf etdirmək bütün məsihçilərə lazımdır. Pavel məhəbbətlə Timoteyə öyüd verirdi: “Salehlik, Allah yoluna bağlılıq, iman, məhəbbət, təhəmmül, həlimlik yolunu izlə” (1 Timoteyə 6:11). “Yolunu izlə” ifadəsi sə’y tələb olunduğunu göstərir. Müqəddəs Kitabın tərcümələrindən birində bu ifadə “nəyi isə bütün ürəkdən arzu etmək” kimi verilir (“New Testament in Modern English”, J. B. Filipsin tərcüməsi). Allahın Kəlamından olan gözəl nümunələr üzərində düşünmək üçün sə’y göstərirsənsə, bunlar həmişəlik sənin zehninə həkk ola bilər. Onlar səni inkişaf etdirə və sənə rəhbərlik göstərə bilər (Yaqub 1:21).

21. a) Nəyə görə həlimliyə can atmaq lazımdır? b) Növbəti məqalədə nə müzakirə olunacaqdır?

21 Həlimliyi nə dərəcədə göstərməyimiz başqaları ilə rəftarımızdan görünəcəkdir. Şagird Yaqub belə bir sual verir: “Aranızda hikmətli və dərrakəli olan kimdir? Qoy yaxşı əməllərini müsbət yaşayışı ilə, hikmətdən gələn həlimliklə göstərsin” (Yaqub 3:13). Bəs həlimliyi evdə, məsihçi xidmətində və yığıncaqda necə göstərə bilərik? Növbəti məqalədə faydalı məsləhətlər tapacağıq.

Təkrar

• Siz həlimlik haqqında

• Yehovanın

• İsanın

• Musanın

• Abiqailin nümunəsindən nə öyrəndiniz?

• Biz həlimliyə nəyə görə can atmalıyıq?

[20-ci səhifədəki şəkil]

Yehova Habilin qurbanını nəyə görə təqdir etdi?

[21-ci səhifədəki şəkil]

İsa, həlimliklə təvazökarlığın sıx bağlı olduğunu göstərdi.

[23-cü səhifədəki şəkil]

Musa həlimliyə dair gözəl nümunə verdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş