Bə’ziləri suallarına cavabı necə tapdılar?
MİLYONLARLA insanlar dua edirlər. Bə’ziləri əmindirlər ki, Allah onların dualarına cavab verir. Digərləri, ümumiyyətlə Allahın onları eşidib-eşitmədiyini bilmirlər. Elələri də var ki, cavab tapmaq istəyərdilər, lakin xahişlərini duada Allaha bildirmək barəsində düşünməyiblər.
Müqəddəs Kitab həqiqi Allahı — “duanı eşidən” adlandırır (Məzmur 65:2). Dua edirsinizsə, dualarınızı həqiqi Allaha ünvanladığınıza əminsinizmi? Allahın cavab verəcəyi tərzdəmi dua edirsiniz?
Yer kürəsində yaşayan çox insanlar dualarının həqiqi Allaha ünvanlandığına və Onun onların dualarını eşitdiyinə əmindirlər. Onlar cavabları necə tapdılar? Onlar nə öyrəndilər?
Allah kimdir?
Vaxtı ilə rahibələrdən və keşişlərdən tə’lim almış portuqallı bir müəllimə, öz dininə səmimi qəlbdən e’tiqad edirdi. Ona vacib saymağı öyrətdikləri adətlər kilsə tərəfindən dəyişdirilməyə və sadələşdirilməyə başlayanda, müəllimə çaşqınlıq içində qaldı. O, səyahətə çıxaraq Şərq dinləri ilə tanış oldu və yeganə həqiqi Allahın mövcudluğuna şübhə etməyə başladı. Ona necə ibadət edilməlidir? Qadın keşişə Müqəddəs Kitaba dair suallar verəndə, keşiş bu suallara cavab verməkdən imtina edirdi. Bu isə qadını kədərləndirirdi.
Həmin müəllimənin yaşadığı şəhərdə katolik kilsəsi bu dinə mənsub olan adamları Yehovanın Şahidləri ilə danışmaqdan çəkindirən kitabçalar yayırdı. Lakin suallar müəlliməni yenə də rahat buraxmırdı. Bir gün Yehovanın Şahidləri onun qapısını döyəndə, müəllimə onları dinlədi və eşitdikləri ona maraqlı gəldi. Bu, qadının Yehovanın Şahidləri ilə ilk söhbəti idi.
Çoxsaylı suallarına cavab tapmaq üçün, müəllimə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. O, hər həftə daha çox şey öyrənmək istəyirdi. Allahın adını, yeganə həqiqi Allahın mövcud olub-olmadığını, Onun ibadətdə bütlərdən istifadə edilməsini bəyənib-bəyənmədiyini və başqa çox şeylər haqqında bilmək istəyirdi. Qadın, suallarına verilən bütün cavabların kimlərinsə şəxsi nöqteyi-nəzərlərinə deyil, Müqəddəs Kitaba əsaslandığına diqqət yetirirdi. Buna görə də öyrəndikləri onu gözlənilməz dərəcədə heyran edirdi. O, tədricən bütün suallarına cavab tapdı. Bu gün həmin qadın, İsa Məsihin dediyi kimi, ‘həqiqi ibadət edənlərə’ xas olan tərzdə Yehovaya ruhən və həqiqətən ibadət edir (Yəhya 4:23).
Şri-Lankada bir ailə Müqəddəs Kitabı öyrənmək üçün müntəzəm olaraq bir yerə yığışır, lakin onları maraqlandıran bir çox suallara cavab tapmırdılar. Köməyə ehtiyac duymalarına baxmayaraq, keşiş onlara heç cür kömək edə bilmirdi. Lakin bir dəfə onlara Yehovanın Şahidləri gəldilər və Müqəddəs Kitaba əsaslanan maarifləndirici nəşr verdilər. Müqəddəs Kitaba dair suallarına Yehovanın Şahidlərindən qaneedici cavablar aldıqdan sonra, ailə Müqəddəs Kitabı öyrənməyə razı oldu. Öyrənmə zamanı əldə etdikləri biliklər onlarda canlı maraq oyadırdı.
Bununla belə, uşaqlıqdan kilsədə öyrəndikləri tə’limlər anaya o dərəcədə tə’sir etmişdi ki, İsanın dediyi kimi, Atasının “vahid həqiqi Allah” olduğunu başa düşmək ona çətin gəlirdi (Yəhya 17:1, 3). Onu öyrətmişdilər ki, İsa Atasına bərabərdir və bu, şəkk edilməyən bir “sirrdir”. Qadın ümidsiz halda Yehovaya ürəkdən dua etdi, duada Onun adını çəkdi və İsanın kim olduğunu göstərməsini xahiş etdi. Sonra bu sual ilə bağlı ayələri yenidən diqqətlə nəzərdən keçirdi (Yəhya 14:28; 17:21; 1 Korinflilərə 8:5, 6). Bu zaman sanki gözlərindən pərdə götürüldü, qadın aydın şəkildə gördü ki, Yehova — göyün və yerin Yaradanı, İsa Məsihin Atası və həqiqi Allahdır (İşaya 42:8; Yeremya 10:10-12).
İztirabların səbəbi nədədir?
Eyub adında bir adam olmazın iztirablar çəkmişdir. Onun bütün uşaqları fırtınadan həlak olmuş, özü isə müflisləşmişdi. Bundan əlavə, o, üzücü xəstəlikdən əziyyət çəkir və yalançı dostlar tərəfindən təzyiqə mə’ruz qalırdı. Bununla yanaşı Eyub düşünülməmiş sözlər danışırdı (Eyub 6:3). Lakin Allah onun vəziyyətini nəzərə alırdı (Eyub 35:15). Allah Eyubun ürəyində olanları bilirdi və ona lazımi məsləhətlər verdi. Eyni tərzdə Allah insanlara bu gün də kömək edir.
Mozambikdə yaşayan Kastro on yaşında ikən anasını itirmişdi. Kədər onu üzmüşdü. O soruşurdu: “Anam nə üçün öldü və bizi tərk etdi?” Kastronu Allahdan qorxan valideynləri böyütsələr də, indi o, nə edəcəyini bilmirdi. Onun ağlını və ürəyini nə sakitləşdirə bilərdi? O, çiçeva dilində olan balaca Müqəddəs Kitabı oxumaqla və oxuduqlarını böyük qardaşları ilə müzakirə etməklə təsəlli tapırdı.
Bir qədər vaxtdan sonra Kastro anasının Allahın ədalətsiz olduğu üçün deyil, miras alınmış qeyri-kamillik ucbatından öldüyünü anladı (Romalılara 5:12; 6:23). Ona daha çox Müqəddəs Kitabın ölülərin diriləcəyi barədə olan və’di təsəlli verirdi, bu və’d onu yenidən anası ilə görüşəcəyinə əmin edirdi (Yəhya 5:28, 29; Həvarilərin işləri 24:15). Əfsuslar olsun ki, dörd il keçdikdən sonra o, atasını da itirdi. Lakin bu dəfə, Kastro bu itkini asan yaşadı. Hal-hazırda o, Yehovanı sevir və Ona sədaqətlə xidmət edir. Kastronun əldə etdiyi sevinc hissi, onu tanıyanların hamısına bəllidir.
Əzizlərini itirənlərin çoxları, Müqəddəs Kitabın Kastroya təsəlli gətirən həqiqətlərindən təsəlli tapırlar. Pis adamların günahı ucbatından iztirab çəkən kəslər bə’zən, “pislər nə üçün yaşayırlar” sualını verən Eyubun sözlərini təkrar edirlər (Eyub 21:7). İnsanlar Allahın öz Kəlamı vasitəsilə verdiyi cavaba qulaq asanda başa düşürlər ki, Allahın davranışı əslində onların rifahına xidmət edir (2 Peter 3:9).
Birləşmiş Ştatlarda böyüyən Barbaraya müharibə dəhşətlərini yaşamaq müyəssər olmamışdır. Lakin o, müharibələrlə əhatə olunan dünyada böyüyürdü. Müharibədə törədilən vəhşiliklər barədə gündəlik olaraq mə’lumat verilirdi. Barbara məktəbdə oxuyanda, sonu görünməyən tarixi hadisələr onu sarsıtmışdı. Bunun arxasında nə dururdu? Baş verənlər Allahı narahat edirdimi? Barbara Allahın mövcudluğuna inanırdı, lakin Ona münasibətdə qarışıq hisslər duyurdu.
Buna baxmayaraq, Yehovanın Şahidləri ilə ünsiyyəti sayəsində Barbara tədricən həyata başqa gözlə baxmağa başladı. O, Şahidləri dinləyir, onlarla Müqəddəs Kitabı öyrənir, Padşahlıq Zalında keçirilən görüşlərə gedirdi. Hətta bir dəfə böyük konqresdə də olmuşdu. Bundan əlavə o diqqət yetirmişdi ki, suallarına cavab olaraq, müxtəlif Şahidlərdən müxtəlif fikirlər eşitmir. Şahidlər eyni cavabı verirdilər, çünki onlar Müqəddəs Kitaba əsaslanırdılar.
Onlar diqqəti, dünyanın Şeytan İblis tərəfindən idarə edildiyinə və dünyanın onun ruhunu əks etdirdiyinə dair Müqəddəs Kitabın sübutlarına yönəldirdilər (Yəhya 14:30; 1 Yəhya 5:19; 2 Korinflilərə 4:4; Efeslilərə 2:1-3). Onlar izah etdilər ki, Barbaranın çaşqınlığına səbəb olan hadisələr Müqəddəs Kitabda qabaqcadan deyilib (Daniel 2, 7 və 8-ci fəsillər). Allah bunları, istədiyi zaman gələcəyi görməyə qadir olduğu üçün qabaqcadan söyləmişdir. Hadisələrin bə’ziləri Allahın iradəsilə olmuşdur, digərlərinə isə sadəcə olaraq yol vermişdir. Şahidlər Barbaraya göstərdilər ki, Müqəddəs Kitabda bizim günlərin də həm sevincli, həm də kədərli hadisələri qabaqcadan deyilmişdir və bu kitab həmin hadisələrin mə’nasını açıqlayır (Matta 24:3-14). Onlar Barbaranın diqqətini Müqəddəs Kitabın, salehliyin hökm sürəcəyi, iztirabların isə keçmişdə qalacağı yeni dünya haqqındakı və’dinə yönəltdilər (2 Peter 3:13; Vəhy 21:3, 4).
Vaxt ötdükcə Barbara başa düşdü ki, Yehova Allah nə insan iztirablarına görə cavabdehdir, nə də ki, bu iztirabların qarşısını güc tətbiq edərək almır, yə’ni insanları, istəmədikləri halda Onun qanunlarına tabe olmağa məcbur etmir (Təsniyə 30:19, 20). Allah, əbədi və xoşbəxt yaşamağımız üçün zəruri olan hər şeyi etmişdir, lakin Onun saleh yolları ilə yerimək istəyib-istəmədiyimizi göstərmək üçün hal-hazırda bizə imkan verir (Vəhy 14:6, 7). Barbara, Allahın tələblərini öyrənmək və onlara əsasən yaşamaq haqqında qəti qərar qəbul etdi. Bundan əlavə, Yehovanın Şahidləri arasında, İsanın sözlərinə görə onun əsl davamçılarını fərqləndirəcək məhəbbət xüsusiyyətini gördü (Yəhya 13:34, 35).
Barbaraya kömək edən amillər sizə də kömək edə bilər.
Mə’nalı həyat
Hətta firavan yaşayırmış kimi görünən insanları belə, narahat edən suallar var. Məsələn, Böyük Britaniyadan olan Metyu adlı bir gənc, həmişə həqiqi Allahı və həyatın mə’nasını tapmağı çox arzu edirdi. Metyu 17 yaşında ikən atasını itirmişdi. Bir qədər vaxtdan sonra yüksək musiqi təhsili almışdı. Vaxt ötdükcə, maddi mənafe güdməkdən ibarət olan həyat tərzinin əhəmiyyətsiz olduğuna əminliyi artdı. O, evlərini tərk edib Londona köçdü, burada isə narkotik maddələr qəbul etməyə, gecə klublarına getməyə, astrologiya və spiritizmlə, hətta zen buddizmlə və digər fəlsəfələrlə məşğul olmağa başladı; belə davranmaqla həyatda məmnunluq axtarırdı. Ümidsiz halda ucadan Allaha nida edib, həqiqəti tapmaqda ona kömək etməsini xahiş etdi.
İki gündən sonra Metyu köhnə tanışı ilə rastlaşdı və ona düşdüyü çətin vəziyyəti barədə danışdı. Metyunun tanışı əvvəllər Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi. Tanışı ona 2 Timoteyə 3:1-5 ayələrini açıb göstərəndə, Metyu Müqəddəs Kitabın bizi əhatə edən dünyanı necə dəqiq təsvir etdiyinə təəccübləndi. Dağüstü təbliği oxuyanda, yazılanlar Metyunun ürəyini riqqətə gətirdi (Matta 5-7-ci fəsillər). Əvvəlcə, yaxınlıqdakı Padşahlıq Zalında keçirilən görüşə getməyə cür’ət etmirdi, çünki Yehovanın Şahidləri haqqında tənqidi rə’ylər oxumuşdu. Amma sonradan getmək qərarına gəldi.
Orada deyilənlər Metyunun xoşuna gəldi və o, yığıncağın ağsaqqallarından biri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. Tezliklə o, başa düşdü ki, Allah onun duasına cavab verib, çünki axtardığını tapmışdı. Yehovaya məqbul olmayan məşğuliyyətlərdən imtina etməsi ona fayda gətirdi. Allah qarşısında faydalı qorxu inkişaf etdirərək, həyatını Onun əmrlərinə müvafiqləşdirməyə təşviq olundu. Metyu, bu cür həyatın mə’nalı olduğunu anladı (Vaiz 12:13).
Metyunun və bu məqalədə haqlarında bəhs edilən adamların həyatda məmnunluq tapmaları Allah tərəfindən yazılan yazı deyildir. Əslində Yehovanın əmrlərinə sevinclə tabe olan hər bir kəsə, Onun məhəbbətlə dolu niyyəti haqqında öyrənmək üçün bu cür yazı lazım da deyildi (Həvarilərin işləri 10:34, 35). Bu niyyət özünə, müharibələr, xəstəliklər, aclıq və ölüm olmayan dünyada əbədi həyatı daxil edir (İşaya 2:4; 25:6-8; 33:24; Yəhya 3:16). Bu cür dünyada yaşamaq istəyirsinizmi? Əgər istəyirsinizsə, onda məmnunluq gətirən həyatın açarını tapmaq barədə geniş mə’lumatı Yehovanın Şahidlərinin Padşahlıq Zallarında keçirilən və Müqəddəs Kitabın öyrənilməsinə həsr edilən görüşlərdə öyrənə bilərsiniz. Sizi səmimi qəlbdən bu görüşlərə də’vət edirik.
[7-ci səhifədəki şəkil]
Allahın adını çağıraraq Ona ürəkdən dua edin.
[7-ci səhifədəki şəkil]
Müqəddəs Kitabı, onun tə’limlərinə bağlı olan kəslərlə öyrənin.
[7-ci səhifədəki şəkillər]
Padşahlıq Zalında keçirilən görüşlərə gəlin.
[İcazə ilə]
Hiker: Chad Ehlers/Index Stock Photography