Hamıda yaxşı cəhətləri görməyə çalışın
“Ey Allahım, məni yaxşılıqla an” (NEHEMYA 13:31).
1. Yehova bütün insanlara necə yaxşılıq edir?
UZUN müddət davam edən buludlu və tutqun havadan sonra, nəhayət ki, günəş görünür. İnsanların əhval-ruhiyyəsi yaxşılaşır və onlar özlərini yaxşı hiss edirlər. Uzun müddət davam edən isti və quraqlıqdan sonra təravət gətirən güclü, hətta leysan yağış yağanda da insanlar bu cür sevinirlər. Havadakı bu cür dəyişikliklər, sevən Yaradanımız Yehova tərəfindən yaradılmış yer üzündəki gözəl atmosfer sayəsində mümkündür. İsa diqqəti Allahın səxavətinə yönəldərək, öyrədirdi: “Düşmənlərinizi sevin, sizə lə’nət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib, tə’qib edənlər üçün dua edin ki, siz, göylərdə olan Atanızın oğulları olasınız; zira O, Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun; və saleh olanlar ilə olmayanların üzərinə yağışlar göndərir” (Matta 5:43-45). Bəli, Yehova bütün insanlara yaxşılıq edir. Onun xidmətçiləri insanlarda yaxşı cəhətləri görməyə çalışaraq, Onu təqlid etməlidirlər.
2. a) Yehova nəyə görə yaxşılıq edir? b) Yehovanın yaxşılığına olan münasibətimizi O, necə müəyyən edir?
2 Yehova nəyə görə yaxşılıq edir? Adəmin günaha batdığı vaxtdan e’tibarən Yehova insanlarda daim yaxşı cəhətləri görməyə çalışır (Məzmur 130:3, 4). Onun niyyəti ondan ibarətdir ki, itaətkar insanlar yenidən Cənnətdə yaşasınlar (Efeslilərə 1:9, 10). Onun lütfü sayəsində və’d olunmuş Zürriyyətin vasitəsilə günahdan və qeyri-kamillikdən azad olmaq ümidimiz var (Təkvin 3:15; Romalılara 5:12, 15). Fidiyəni qəbul edənlər nəhayətdə kamilliyə çata biləcəklər. Yehova hal-hazırda hər birimizə nəzarət edir ki, hər şeydən əlavə Onun səxavətinə necə hay verdiyimizi müəyyən etsin (1 Yəhya 3:16). Yehova, Onun yaxşılığına görə duyduğumuz minnətdarlıq hissindən etdiyimiz hər bir şeyi nəzərə alır. Həvari Pavel yazırdı: “Allah haqsız deyildir ki, sizin işinizi... Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun” (İbranilərə 6:10).
3. Hansı sual diqqətimizə layiqdir?
3 İnsanlardakı yaxşı cəhətləri görməkdə Yehovanı necə təqlid edə bilərik? Gəlin bu sualların cavabını həyatın dörd sahəsində 1) məsihçi xidmətində, 2) ailədə, 3) yığıncaqda və 4) insanlarla münasibətimizdə nəzərdən keçirək.
Təbliğdə və şagirdlərin hazırlanmasında
4. Nəyə görə demək olar ki, məsihçi xidmətində iştirak etməklə insanlarda yaxşı cəhətləri axtarırıq?
4 İsa şagirdlərinin buğda və dəlicə məsəli haqqındakı sualına cavab verərək, dedi: “Tarla... dünyadır”. Məsihin müasir xidmətçiləri olan bizlər e’tiraf edirik ki, bu həqiqət bizim xidmətimizə aiddir (Matta 13:36-38; 28:19, 20). Təbliğ xidmətini yerinə yetirərək, xalq qarşısında imanımızı bəyan edirik. Yehovanın Şahidlərinin evdən-evə və küçələrdə apardıqları xidmətlərinə görə yaxşı tanınmaları sübut edir ki, biz həqiqətən də Padşahlıq haqqındakı xəbərə layiq olan insanları sə’ylə axtarırıq. İsa özü bu cür tapşırıq vermişdir: “Hansı şəhərə, ya kəndə girsəniz orada ləyaqətli kimdirsə axtarın” (Matta 10:11; Həvarilərin işləri 17:17; 20:20).
5, 6. Nəyə görə insanların yanına təkrar-təkrar gəlirik?
5 Gözləmədikləri halda insanların yanına gəlməklə, gətirdiyimiz xəbərə onların münasibətini müşahidə edirik. Bə’zən elə olur ki, ailənin bir üzvü bizi dinlədiyi halda, digər üzvü otaqdan qışqırır ki, “bu bizi maraqlandırmır”; bununla da söhbət başa çatır. Əfsuslar olsun ki, kiminsə tərəfindən göstərilən müqavimət və ya e’tinasızlıq başqasının münasibətinə tə’sir edir! Belə olan halda insanlarda yaxşı cəhətləri görməyə çalışırıqsa nə etməliyik?
6 Təbliğ edərək yenidən həmin evə və ya mənzilə gəliriksə, əvvəlki dəfə söhbətimizi yarımçıq qoyan adamın özü ilə söhbət etmək imkanı yarana bilər. Ötən dəfə baş verənləri xatırlayaraq, hazırlaşa bilərik. Ehtimal ki, müqavimət göstərən insan yaxşı niyyətlərlə davranmışdır və zənn edir ki, başqa insanın Padşahlıq haqqındakı xəbərə qulaq asmasına yol verməməlidir. Ola bilər ki, onun bizim məqsədlərimiz haqqındakı nöqteyi-nəzəri yanlış mə’lumatın tə’siri nəticəsində formalaşıb. Lakin bu vəziyyət bizi, həmin evdə və ya mənzildə Padşahlıq haqqındakı xoş xəbəri inadla təbliğ etməyi davam etdirərək, düzgün olmayan təsəvvürlərə nəzakətlə düzəliş vermək cəhdimizə mane olmamalıdır. Biz bütün insanlara Allah haqqında dəqiq bilik qazanmaqda kömək etmək marağındayıq. Ehtimal ki, bu zaman Yehova həmin insanı Özünə cəlb edəcəkdir (Yəhya 6:44; 1 Timoteyə 2:4).
7. Xidmətdə müsbət əhval-ruhiyyə əldə etməkdə bizə nə kömək edər?
7 İsa şagirdlərinə tə’lim verərkən, ailə tərəfindən göstəriləcək müqavimət barədə susmurdu. Məgər o deməmişdimi: “Mən oğulu atadan, qızı anadan və gəlini qaynanadan ayırmağa gəldim”? İsa əlavə etmişdi: “Adamın düşmənləri öz evinin xalqı olacaqdır” (Matta 10:35, 36). Lakin şəraitlər və münasibətlər dəyişir. İnsanın bizim təbliğimizə olan münasibəti qəfil xəstəlik, yaxın adamını itirməsi, müxtəlif fəlakətlər, emosional böhran və bir çox başqa amillər ucbatından dəyişə bilər. Təbliğ zamanı insanlara, onların xoş xəbərə heç zaman hay verməyəcəyini düşünərək, mənfi nəzərlərlə baxırıqsa, həqiqətənmi onlarda yaxşı cəhətləri görməyə çalışırıq? Nəyə görə bir daha onların yanına xoş əhval-ruhiyyə ilə gəlməyək? Ehtimal ki, onlarda başqa reaksiya görəcəyik. Yalnız nə deyəcəyimiz yox, həm də necə deyəcəyimiz vacibdir. Bə’zən insanların gətirdiyimiz xəbərə münasibətini məhz bu dəyişir. Təbliğdən əvvəl etdiyimiz hərarətli dua, şübhəsiz ki, bizə müsbət əhval-ruhiyyə əldə etməyə və Padşahlıq haqqındakı xəbəri hamı üçün cəlbedici etməyə kömək edər (Koloslulara 4:6; 1 Saloniklilərə 5:17).
8. Məsihçilər imanlarına şərik olmayan qohumlarında yaxşı cəhətləri görməyə çalışmaqla nəyə nail ola bilərlər?
8 Bə’zi yığıncaqlarda Yehovaya bir ailənin çoxlu üzvləri xidmət edir. Çox vaxt ailənin yetkin üzvlərinin sarsılmazlığı kiçiklərin heyrətinə və hörmətinə səbəb olmuş və onların ailə daxilində və nikahdakı yaxşı münasibətlərini görərək, ailənin kiçik üzvləri nöqteyi-nəzərlərini dəyişmişlər. Həvari Peterin öyüdü isə, bir çox məsihçi qadınlara ərlərini “söz söylənmədən” fəth etməyə kömək etmişdir (1 Peter 3:1, 2).
Ailədə
9, 10. Yaqub və Yusif öz ailə üzvlərində yaxşı cəhətləri görməyə necə çalışırdılar?
9 Ailənin üzvlərini bağlayan sıx tellər, insanlarda yaxşı cəhətləri görməyə daha bir imkan yaradır. Yaqubun və oğullarının nümunəsini nəzərdən keçirək. “Təkvin” kitabının 37-ci fəslinin 2-ci və 3-cü ayələrində deyilir ki, Yaqub Yusifi başqalarından çox sevirdi. Qardaşları Yusifə o qədər həsəd apardılar ki, onu öldürmək qərarına gəldilər. Lakin sonradan Yaqubla Yusifin öz ailə üzvlərinə necə münasibət bəsləmələri maraqlıdır. Onların hər ikisi ailə üzvlərinin yaxşı cəhətlərinə diqqət yetirdilər.
10 Yusif aclığın zərbə vurduğu Misirdə ərzağın paylanmasına başçılıq edirdi. Qardaşları gələndə isə, Yusif onları qəbul etdi. O, özünü qardaşlarına dərhal tanıtmadı, lakin elə etdi ki, onlara yaxşı qayğı göstərsinlər və onlar yaşa dolmuş atalarına ərzaq apara bilsinlər. Bəli, Yusif vaxtı ilə qardaşlarının nifrətinin qurbanı olsa da, onların xeyrinə davranırdı (Təkvin 41:53–42:8; 45:23). Eyni tərzdə Yaqub da, ölüm yatağında olanda oğullarının hamısı üçün peyğəmbərlik xeyir-duaları söylədi. Pis əməllərinə görə onlardan bə’ziləri müəyyən üstünlüklərdən məhrum olsalar da, hamısı torpaq mirası aldılar (Təkvin 49:3-28). Yaqub ötüb-keçməyən məhəbbətin gözəl nümunəsidir!
11, 12. a) Ailə üzvlərində yaxşı cəhətləri görməyin vacib olduğunu hansı peyğəmbərlik nümunəsi vurğulayır? b) İsanın qeyb olmuş oğul haqqındakı məsəlində atanın nümunəsindən nə öyrənirik?
11 Yehovanın sədaqətsiz İsrail xalqı ilə davranışında göstərdiyi səbri, Onun insanlarda yaxşı cəhətləri necə axtardığını daha yaxşı başa düşməkdə kömək edir. Yehova məhəbbətinin nə qədər davamedici olduğunu, peyğəmbər Hoşeanın ailə şəraitinin nümunəsində göstərdi. Hoşeanın arvadı Qomer dəfələrlə zina etmişdi. Buna baxmayaraq, Yehova Hoşeaya buyurur: “İsrail oğulları başqa ilahilərə yönəldikləri və üzüm kökələrini sevdikləri halda Rəbb onları necə sevirsə, sən də yenə get, dostunun sevgilisi və zina edən qadını sev” (Hoşea 3:1). Yehova nəyə görə belə tapşırıq verdi? Yehova bilirdi ki, Onun yollarından sapan xalqın arasında, göstərdiyi səbrə hay verən insanlar olacaq. Hoşea bəyan etdi: “Sonra İsrail oğulları dönüb özlərinin Allahı Rəbbi və padşahları Davudu arayacaqlar və son günlərdə qorxaraq Rəbbə və onun yaxşılığına dönəcəklər” (Hoşea 3:5). Şübhəsiz ki, bu, ailədə çətinliklər yaranan zaman üzərində düşünməyə layiq olan nümunədir. Əgər bundan sonra da öz ailə üzvlərində yaxşı cəhətləri görməyə çalışsan, ən azı səbr etməyə dair gözəl nümunə vermiş olacaqsan.
12 İsanın qeyb olmuş oğul barəsindəki məsəli, ailə üzvlərimizdə yaxşı cəhətləri necə görə biləcəyimizi daha dərindən başa düşməyə kömək edir. Kiçik oğul əxlaqsız həyat tərzini tərk edərək evə dönür. Atası ona mərhəmətlə yanaşır. Ata, ailəni heç zaman tərk etməyən böyük oğulun şikayətinə necə reaksiya göstərir? Ona müraciət edərək deyir: “Oğlum! Sən həmişə mənimləsən və mənim bütün əmlakım sənindir”. Bu, tə’nə yox, sadəcə olaraq ata məhəbbətinə zəmanət idi. Ata davam edir: “Sevinmək və şadlanmaq lazımdır ki, sənin bu qardaşın ölmüşdü — dirildi, qeyb olmuşdu — tapıldı”. Buna bənzər tərzdə biz də başqalarında yaxşı cəhətləri görməyə çalışa bilərik (Luka 15:11-32).
Məsihçi yığıncağında
13, 14. Məhəbbətin “padşahlıq qanununu” məsihçi yığıncağında necə yerinə yetirə bilərik?
13 Biz məsihçilər, “padşahlıq qanununa” (İ–93) riayət etməyə çalışırıq (Yaqub 2:1-9). Əslində biz yığıncağımızın, maddi imkanları bizimkindən fərqlənən üzvlərini inkar etmirik. Bəs irqi, mədəni fərqlər və ya hətta dini keçmişimiz əsasında ‘öz aramızda ayrı-seçkilik’ edirikmi? Əgər belədirsə, biz Yaqubun məsləhətini necə tətbiq edə bilərik?
14 Məsihçi yığıncağına gələnlərin hamısını salamlamaqla səmimiliyimizi göstərə bilərik. Padşahlıq Zalına yeni gələn kəslərlə söhbət etmək üçün təşəbbüsü öz üzərimizə götürəndə, onların keçirdiyi narahatçılıq və utancaqlıq hissi aradan qalxır. Həqiqətən də, məsihçi görüşünə ilk dəfə gələnlərin bə’ziləri deyirlər: “Hamısı çox mehriban idi. Sanki hamı məni artıq tanıyırdı. Özümü evdəki kimi hiss edirdim”.
15. Yığıncaqda yaşlı adamlara maraq göstərməkdə uşaqlara necə kömək etmək olar?
15 Elə ola bilər ki, bə’zi yığıncaqlarda görüş qurtarandan sonra, uşaqlar və ya yeniyetmələr böyüklərdən ayrılaraq ya Padşahlıq Zalının özündə, ya da bayırda bir yerə toplaşsınlar. Bu vəziyyəti xoşluqla necə həll etmək olar? Sözsüz ki, birinci addımı, evdə uşaqları görüşlərə hazırlayarkən, nəsihət verməklə valideynlər atmalıdırlar (Süleymanın məsəlləri 22:6). Uşaqlara müxtəlif nəşrləri toplamaq tapşırığı vermək olar ki, hər birinin görüş üçün lazım olan ləvazimatları olsun. Həm də, Padşahlıq Zalında yaşlı və ya xəstə kəslərlə ünsiyyətdə olmağa uşaqlarını yalnız valideynlər təşviq edə bilər. Bu cür adamlarla ətraflı söhbətlər etməklə, uşaqlar özləri də məmnunluq duya bilərlər.
16, 17. Böyüklər yığıncağın gənc üzvlərində yaxşı cəhətləri necə görə bilərlər?
16 Yaşlı bacı-qardaşlar yığıncaqdakı uşaqlara və yeniyetmələrə maraq göstərməlidirlər (Filipililərə 2:4). Onlar özləri uşaqlara yaxınlaşıb, onlarla ruhlandırıcı söhbət edə bilərlər. Adətən görüş vaxtı aydın ifadə olunmuş fikirlər söylənilir. Uşaqlardan görüşün xoşlarına gəlib-gəlmədiyi barədə, xüsusilə yadlarında saxladıqları və tətbiq edə biləcəkləri fikirlər barədə soruşmaq olar. Uşaqlar və yeniyetmələr yığıncağın ayrılmaz hissəsidirlər, buna görə də görüş zamanı onların diqqətli olduqlarını vurğulamaq, verdikləri şərhlərə və ümumiyyətlə hər hansı bir iştiraklarına görə tə’rifləmək lazımdır. Yığıncaqda böyük adamlarla davranışları və evdə yerinə yetirdikləri adi işlər, onların sonradan həyatda daha ciddi vəzifələrin öhdəsindən gələ bilib-bilməyəcəklərini göstərəcək (Luka 16:10).
17 Üzərlərinə məs’uliyyət götürməklə bə’zi yeniyetmələr ruhən elə böyüyürlər ki, onlara artıq daha vacib tapşırıqlar e’tibar etmək olar. Müəyyən işlə məşğul olmaları sayəsində ehtimal ki, mə’nasız işlərə çox vaxtları qalmayacaq (2 Timoteyə 2:22). Xidməti köməkçi olmaq istəyən qardaşları müxtəlif işlərlə ‘imtahan etmək’ olar (1 Timoteyə 3:10). Onların görüşlərdəki fəal iştirakı, xidmətdəki sə’yləri, həmçinin yığıncağın bütün üzvlərinə göstərdikləri qayğıkeş münasibətləri, onların nəyə qadir olduqlarını və onlara əlavə tapşırıqlar verməyin mümkün olub-olmadığını görməkdə ağsaqqallara imkan verir.
Hamıda yaxşı cəhətləri görmək
18. Başqaları haqqında mühakimə yürüdərkən hansı təhlükədən qaçınmaq lazımdır və nəyə görə?
18 Süleymanın məsəlləri 24:23 (MKŞ) ayəsində yazılıb: “Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil”. Yuxarıdan nazil olan hikmət tələb edir ki, ağsaqqallar yığıncağın işlərini həll edərkən ayrı-seçkilikdən qaçınsınlar. Yaqub demişdi: “Yuxarıdan nazil olan hikmət əvvələn safdır, sonra da sülhpərvər, mülayim, itaətkar, mərhəmətli və xeyirli bəhrə ilə dolu, qərəzsiz və riyasızdır” (Yaqub 3:17). Tamamilə aydındır ki, başqalarında yaxşı cəhətlər görməyə çalışan ağsaqqallar yol verməməlidirlər ki, onların rə’yinə şəxsi münasibətlər və ya hisslər tə’sir etsin. Məzmurçu Asaf yazırdı: “Allahın cəmiyyətində Allah durur; ilahilər [və ya insanlardan olan hakimləri nəzərdə tutan “ilahiyə bənzəyənlər”] arasında hökm edər. Nə vaxta qədər haqsız hökm verəcəksiniz və pislərə sayğı göstərəcəksiniz?” (Məzmur 82:1, 2). Müvafiq olaraq, məsihçi ağsaqqalları söhbət onların dostuna və ya qohumlarına aid olanda belə, ayrı-seçkiliyə meyldən qaçınırlar. Beləliklə, onlar yığıncaqdakı birliyi qoruyur və Yehovanın ruhunun maneəsiz olaraq tə’sir göstərməsinə yol verirlər (1 Saloniklilərə 5:23).
19. Başqalarında yaxşı cəhətləri hansı üsullarla görə bilərik?
19 Bacı və qardaşlarımızda yaxşı cəhətləri görməyə çalışmaqla biz, Pavelin Saloniki şəhərindəki yığıncağa yazarkən əks etdirdiyi əhval-ruhiyyəni təqlid edə bilərik. O yazırdı: “Biz də Rəbbə güvənərək, sizdən əminik ki, sizə verdiyimiz göstərişlərə əməl edirsiniz və edəcəksiniz” (2 Saloniklilərə 3:4). Həmimanlılarımızda yaxşı cəhətləri görməyə çalışarıqsa, onların çatışmayan cəhətlərinə göz yummaq bizim üçün asan olacaqdır. Qardaşları tə’rifləmək üçün imkanlar axtaracaq və əlbət ki, tənqidi ruhdan qaçınacağıq. Pavel yazırdı: “Təsərrüfatçılardan isə tələb olunur ki, hər biri sadiq olsun” (1 Korinflilərə 4:2). Yalnız yığıncağın işlərini idarə edənlər deyil, bütün məsihçi bacı-qardaşlarımız da sədaqət göstərirlər. Buna görə də biz onları çox sevirik. Beləliklə, biz onlarla yaxınlaşırıq, məsihçi dostluğunun telləri isə daha möhkəm olur. Pavel həmimanlılarını necə qəbul edirdisə, biz də bacı-qardaşlarımızı o cür qəbul edirik. Onlar ‘Allahın Padşahlığı üçün bizim əməkdaşlarımızdır’ və bizə ‘təsəlli verirlər’ (Koloslulara 4:11, İ–93). Bunda biz Yehovanın nöqteyi-nəzərini əks etdiririk.
20. Hamıda yaxşı cəhətləri görməyə çalışan kəsləri hansı xeyir-dualar gözləyir?
20 Şübhəsiz ki, biz Nehemyanın duasını təkrar edirik: “Ey Allahım, məni yaxşılıqla an” (Nehemya 13:31). Yehovanın insanlarda yaxşı cəhətləri tapmağa çalışmasına biz necə də şadıq! (1 Krallar 14:13). Gəlin, başqaları ilə münasibətlərimizdə biz də belə davranaq. Belə olan halda, qurtuluşa və olduqca yaxında olan yeni dünyada əbədi həyata ümidimiz olacaq (Məzmur 130:3-8).
Siz necə cavab verərdiniz?
• Yehova hansı əsasla hamıya yaxşılıq edir?
• Aşağadakı hallarda insanlardakı yaxşı cəhətləri necə görə bilərik:
• xidmətimizdə?
• Ailəmizdə?
• Yığıncağımızda?
• Hamı ilə münasibətimizdə?
[16-cı səhifədəki şəkil]
Yusifin qardaşları əvvəllər ona həsəd aparsalar da, o, qardaşlarında yaxşı cəhətləri görməyə çalışırdı.
[17-ci səhifədəki şəkil]
Müqavimətlərə baxmayaraq, biz hamıya kömək etməyə çalışırıq.
[18-ci səhifədəki şəkil]
Keçmişlərindən asılı olmayaraq, Yaqubun bütün oğulları xeyir-dua aldılar.
[19-cu səhifədəki şəkil]
Məsihçi görüşlərində hamını səmimiliklə qarşılayın.