Müqəddəs Kitab nikahınızı möhkəmləndirə bilər
ƏR-ARVADLIQ... Bu söz bə’zilərində xoş təəssüratlar, digərlərində isə ürəkağrısı yaradır. Bir ərli qadın gileylənir: “Sanki ərimdən ayrılmışam. Hər zaman özümü tərk edilmiş və tənha hiss edirəm”.
Nəyə görə bir vaxtlar bir-birini sevməyi və bir-birinin qayğısına qalmağı söz verən iki nəfər qarşılıqlı bağlılığı itirirlər? Bunun səbəblərindən biri odur ki, insanlar nikahın nə demək olduğunu tam anlamırlar. Tibb mövzusunda məqalələr yazan bir jurnalistin qeyd etdiyi kimi, “biz nikaha heç bir hazırlığımız olmadan daxil oluruq”.
Nyu-Cersi ştatındakı (ABŞ) Ratgers Universitetinin milli proqram çərçivəsində nikah məsələləri üzrə apardığı araşdırma göstərir ki, ailə quranlar arasında bu sahədə düzgün təsəvvürə malik olanların sayı azdır. Proyektin rəhbərləri yazırlar: “Araşdırma iştirakçılarının çoxu, valideynləri nikahda xoşbəxt olmayan və ya boşanan insanlardır. Onlar baş tutmayan nikahın nə olduğunu dəqiq bilirlər, lakin yaxşı nikahın necə olmalı olduğunu çətin təsəvvür edirlər. Yaxşı nikah haqqında bə’ziləri yalnız bir şey deyə bilər: bu, “mənim valideynlərim arasında olan münasibətlərin tam əksidir”.
Məsihçilər ailə problemlərindən müdafiə olunmuşlarmı? Xeyr. Hələ I əsrdə onların bə’zilərinə həyat yoldaşından ‘boşanmağı düşünməmək’ məsləhətini vermək tələb olunurdu (1 Korinflilərə 7:27). Aydındır ki, iki qeyri-kamil adamın birliyində vaxtaşırı çətinliklər olacaq, lakin biz köməksiz deyilik. Ər-arvadlar ailədəki münasibətləri Müqəddəs Kitab prinsiplərinin köməyilə yaxşılaşdıra bilərlər.
Əlbəttə, Müqəddəs Kitab ailə həyatı üzrə kitab deyil. Lakin bu kitabın müəllifi nikahın təməlini qoyan Kəs olduğu üçün belə nəticəyə gəlmək məntiqəuyğundur ki, Müqəddəs Kitab prinsipləri bizə faydalı ola bilər. Yehova Allah İşaya peyğəmbər vasitəsilə dedi: “Faydalı olanı sənə öyrədən, yeriyəcəyin yolda səni güdən Allahın Rəbb mənəm. Kaş ki, əmrlərimi yaxşı dinləyəydin! O zaman sülhün çay kimi, salehliyin də dəniz dalğaları kimi olardı” (İşaya 48:17, 18).
Bir vaxtlar sizinlə həyat yoldaşınız arasında olan məhəbbət sönmək üzrədirmi? Məhəbbət olmayan nikahda siz özünüzü əli-qolu bağlımı hiss edirsiniz? 26 il nikahda olan bir qadın dedi: “Belə münasibətlərin bütün acılarını təsvir etmək mümkün deyil. Bu acı heç vaxt azalmır və bitmir”. Nikahın baş tutmadığı fikrilə yaşamaq əvəzinə, nəyə görə ailə münasibətlərini dəyişməyə cəhd etməyəsiniz? Növbəti məqalədə ər-arvadlara, onların münasibətlərinin bir sahəsini — sadiqliyi möhkəmləndirməyə kömək edən Müqəddəs Kitab prinsipləri müzakirə olunur.