Biliyinizə özünə hakim olmağı əlavə edin
“Biliyinizə nəfsə [“özünə”, YD] hakim olmağı... əlavə edin” (2 PETER 1:5-8).
1. İnsanların problemlərinin çoxu nəyi bacarmamalarından irəli gəlir?
NARKOTİK maddələrin istifadəsinə qarşı aparılan böyük kompaniya zamanı Birləşmiş Ştatlardakı gənclər təşviq olunurdular: “Sadəcə “yox” deyin”. Əgər hər bir kəs həqiqətən də yalnız narkotikə deyil, həm də sərxoşluğa, düşüncəsiz və ya əxlaqsız həyat tərzinə, kommersiya sahəsindəki vicdansızlığa və ‘cismani təbiətin ehtiraslarına’ “yox” desəydi, bu necə də gözəl olardı! (Romalılara 13:14). Amma bunu etməyin həmişə asan olduğunu kim iddia edə bilər ki?
2. a) Müqəddəs Kitabın hansı nümunələri insanın özü ilə mübarizə aparmasının yeni bir şey olmadığını göstərir? b) Bu nümunələr bizi nəyə təşviq etməlidir?
2 Qeyri-kamil insanların hamısı özlərinə hakim olmaqda çətinlik çəkdikləri üçün, zəifliklərimizlə mübarizədə qalib gəlməyin üsulu hamımızı maraqlandırmalıdır. Müqəddəs Kitabda qədimdə yaşayan və sə’ylə Allaha xidmət etməyə çalışmalarına baxmayaraq, bə’zən özlərini idarə edə bilməyən insanlar haqqında danışılır. Davudun Bat-şeba ilə zina işlətməsini xatırlayaq. Bu günah təqsiri olmayan iki adamın — zina sayəsində dünyaya gələn uşağın və Bat-şebanın ərinin ölümünə səbəb oldu (2 Samuel 11:1-27; 12:15-18). Və ya, “istədiyim yaxşı şeyi etmirəm, lakin istəmədiyim pis işi görürəm” deyə açıq e’tiraf edən həvari Paveli düşünək (Romalılara 7:19). Bə’zən səndə də buna bənzər ümidsizlik hissi yaranırmı? Pavel davam edirdi: “Allahın Qanunundan daxili varlığıma görə zövq alıram. Lakin mən üzvlərimdə başqa bir qanun da görürəm ki, o, ağlımın təsvib etdiyi qanun ilə mübarizə edir və üzvlərimdə olan günah qanununa məni əsir edir. Nə zavallı adamam! Ölümə aparan bu bədəndən məni kim xilas edəcək?” (Romalılara 7:22-24). Müqəddəs Kitabdakı nümunələr, özümüzlə mübarizədə heç zaman təslim olmamaq qətiyyətimizi möhkəmlədəcək.
Özünə hakim olmağı öyrənmək lazımdır
3. Özünə hakim olmaq keyfiyyətini inkişaf etdirməyin nəyə görə asan olmayacağını izah edin.
3 Özünə hakim olmaq — özünü idarə etmək qabiliyyəti — 2 Peter 1:5-7 ayələrində imanla, fəzilətlə, biliklə, təhəmmüllə, Allaha ixlasla, qardaş sevgisi və məhəbbətlə yanaşı xatırlanır. Arzu olunan bu keyfiyyətlərin heç biri insana doğulduğu vaxtdan tam dərəcədə xas deyildir. Onları yetişdirmək lazımdır. Onların nəzərə çarpması üçün qətiyyət və sə’y göstərmək tələb olunur. Özünə hakim olmaq keyfiyyətini inkişaf etdirməyin asan olacağını gözləməliyikmi?
4. Nəyə görə çoxları özünə hakim olmaq sarıdan problemlərinin olmadığını düşünürlər və bu nəyə əlamətdir?
4 Doğrudur, milyonlarla insanlar özlərinə hakim olmaq sarıdan problemlərinin olmadığını düşünə bilərlər. Onlar, bilərəkdən və ya bilməyərəkdən qeyri-kamil bədənlərinin ehtiraslarını icra edərək arzu etdikləri kimi yaşayır və davranışlarının özlərinə, yaxud da başqalarına göstərdiyi tə’sir barəsində az düşünürlər (Yəhuda 10). Özünü idarə etmək keyfiyyətinin çatışmazlığı və ya bunu arzulamamaq bu gün əvvəllər olduğundan daha çox müşahidə olunur. Bu ona əlamətdir ki, biz həqiqətən də Pavelin haqqında yazdığı “axır günlərdə” yaşayırıq. O qabaqcadan deyirdi: “Çətin anlar gələcəkdir. Çünki insanlar xudbin, pulpərəst, lovğa, təkəbbürlü, küfr danışan... nəfsini saxlamayan [“özünə hakim olmağı bacarmayan”, YD]” olacaqlar (2 Timoteyə 3:1-3).
5. Yehovanın Şahidləri özünə hakim olmaq məsələsinə nəyə görə diqqət ayırırlar və hansı məsləhət bizim günlər üçün də münasibdir?
5 Yehovanın Şahidləri özünə hakim olmağın müəyyən çətinliklərlə bağlı olduğundan xəbərdardırlar. Pavel kimi onlar da bilirlər ki, daxilimizdə iki qüvvə mübarizə aparır: bir tərəfdən biz Allaha məqbul olub, Onun normalarına əsasən yaşamaq istəyirik, digər tərəfdən isə, qeyri-kamil bədənimiz bizi günahlı yola itələyir. Bunu başa düşərək Yehovanın Şahidləri bu mübarizədə necə qalib gələcəklərinin üzərində artıq çoxdan düşünürlər. Hələ 1916-cı ildə hazırda oxuduğunuz jurnalda “özümüzü, düşüncələrimizi, sözlərimizi və davranışımızı necə idarə etmək” barəsində danışılırdı. Jurnalda həm də Filipililərə 4:8 ayəsini yadda saxlamaq təklif olunurdu. Bu ayədə olan ilhamlanmış məsləhət 2 000 il əvvəl verilsə də, bizim günlərə də müvafiq gəlir və bu məsləhətə bu gün riayət etmək I əsrdə və ya 1916-cı ildə olduğundan daha çətindir. Bununla belə, məsihçilər dünyəvi istəkləri rədd etmək üçün bütün qüvvələri ilə çalışır, bununla da Yaradanlarını razı saldıqlarını anlayırlar.
6. Nəyə görə özünə hakim olmaq keyfiyyəti üzərində işləyərkən ümidi itirmək lazım deyil?
6 Özünə hakim olmaq barəsində, Qalatiyalılara 5:22, 23 ayələrində müqəddəs ruhun səmərəsinin hissəsi kimi danışılır. Bu keyfiyyəti “məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik”lə bir yerdə təzahür etdirsək, yaxşı səmərələr əldə edəcəyik. Axı belə olanda, Peterin izah etdiyi kimi biz Allaha xidmətimizdə “fəaliyyətsiz və səmərəsiz” qalmayacağıq (2 Peter 1:8). Lakin bu keyfiyyətləri özümüzdə ürəyimiz istədiyi kimi tez və yaxşı surətdə yetişdirə bilmiriksə, ümidimizi üzməli və ya özümüzü ittiham etməli deyilik. Yəqin ki, məktəbdə bir şagirdin mə’lumatı digərindən daha tez qavradığına diqqət yetirmisiniz. Ya da ki, iş yerində kim isə yeni tapşırığı başqalarından tez mənimsəyir. Eyni tərzdə də bə’ziləri məsihçi keyfiyyətlərini digərlərindən tez mənimsəyirlər. Ən əsası — Allaha məqbul keyfiyyətlərin üzərində əlimizdən gəldiyi qədər yaxşı işləmək lazımdır. Bunu, Yehovanın Öz Kəlamı və yığıncaq vasitəsilə təqdim etdiyi yardımdan bütünlüklə faydalanaraq edə bilərik. Məqsədə doğru sə’ylə hərəkət etməyimiz, hansı sür’ətlə irəliləməyimizdən vacibdir.
7. Özünə hakim olmağın vacib olduğu nədən görünür?
7 Ruhun səmərəsinə daxil olan keyfiyyətlərin siyahısında özünə hakim olmaq axırıncı yerdə dursa da, o birilərindən heç də az əhəmiyyətli deyil. Tamamilə əksinə. Yaddan çıxarmamalıyıq ki, əgər mükəmməl surətdə özümüzə hakim olmağı bacarsaydıq, “cismani təbiətin əməlləri”nin hamısından qaçına bilərdik. Lakin qeyri-kamil insanlar “cismani təbiətin əməlləri [olan]... zina, cinsi əxlaqsızlıq, murdarlıq, səfahət, bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, həsəd, qəzəb, ehtiraslılıq, nifaq, təfriqələr” kimi əməllərdən hər hansına təslim olmağa meyllidirlər (Qalatiyalılara 5:19, 20). Buna görə də biz, ürəyimizdən və əqlimizdən günahlı meylləri qoparıb atmağa çalışaraq, daima mübarizə aparmalıyıq.
Bə’zilərinə özünə hakim olmaq daha çətindir
8. Nəyə görə özünə hakim olmaq bə’ziləri üçün xüsusilə çətindir?
8 Məsihçilərdən kim isə özünə hakim olmaqda digərlərindən daha çox çətinlik çəkir. Nəyə görə? Buna səbəb valideynlərin verdiyi tərbiyə və ya əvvəlki həyat tərzi ola bilər. Əgər özünə hakim olmaq qabiliyyətini yetişdirmək və təzahür etdirmək bizim üçün çətin deyilsə, bu sevinc üçün səbəbdir. Lakin biz əlbəttə ki, özünə hakim olmaqda çətinlik çəkən və bu səbəbdən bizə narahatçılıq yaradan kəsləri də unutmalı deyilik, onlara rəhmlə və anlayışla yanaşmalıyıq. Bizlərdən hamımız qeyri-kamil olduğu üçün, kimin isə özündən razı olmağa haqqı varmı? (Romalılara 3:23; Efeslilərə 4:2).
9. Bə’zi kəslərin hansı zəiflikləri var və onlardan nə zaman birdəfəlik yaxa qurtarmaq mümkün olacaq?
9 Nümunələrə baxaq. Ola bilər ki, biz, vaxtilə tütün və ya narkotik maddələrdən istifadə edən həmimanlılardan kiminsə bu şeylərə qarşı hələ də güclü meyli olduğunu bilirik. Və ya bə’zilərinə söhbət yeməkdən və ya spirtli içkilərdən gedəndə özlərini idarə etmək çətin gəlir. Başqalarına isə dilini yüyənləmək çətindir və onlar tez-tez sözdə səhvə yol verirlər. Bu çatışmamazlıqların öhdəsindən gəlmək üçün sə’ylə çalışıb özünə hakim olmaq keyfiyyətini inkişaf etdirmək lazımdır. Nəyə görə? Yaqub 3:2 ayəsində biz real müşahidə ilə qarşılaşırıq: “Hamımız çox səhv edirik. Sözündə səhv etməyən, kamil insandır. O bütün bədənini də yüyənləyə bilər”. Elələri də var ki, qumar oyunlarına güclü həvəs duyurlar. Kimə isə tez qəzəblənməyin öhdəsindən gəlmək çətindir. Ehtimal ki, bu kimi və buna bənzər başqa zəifliklərin öhdəsindən gəlmək üçün vaxt tələb olunacaqdır. Artıq indidən əhəmiyyətli irəliləyişlər etsək də, günahlı meyllərdən ancaq kamilliyə çatanda birdəfəlik yaxa qurtara biləcəyik. Bu arada isə günahlı yola qayıtmamaq üçün, biz özümüzə hakim olmağı bacarmalıyıq. Mübarizə davam edir, buna görə də təslim olmamaq üçün gəlin biri-birimizə kömək edək (Həvarilərin işləri 14:21, 22).
10. a) Əks cinslər arasındakı münasibətlərdə özlərinə hakim olmaq bə’ziləri üçün nəyə görə xüsusilə çətindir? b) Bir qardaş hansı ciddi dəyişikliyi etmişdir? (10-cu səhifədəki çərçivəyə baxın.)
10 Bə’zilərinin özünə hakim olmaqda çətinlik çəkdikləri başqa bir sahə isə,— əks cinslər arasındakı münasibətlərdir. İnsanlara əks cinsə qarşı cinsi meyli Yehova Allah Özü vermişdir. Lakin öz istəklərini Allahın normaları daxilində idarə etmək bə’ziləri üçün çox çətindir. Güclü cinsi meylləri olduğundan onların vəziyyəti daha da gərginləşə bilər. Biz, insanlarda hər vasitə ilə ehtiras alovunu gücləndirməyə can atan cinsi əxlaqsızlığa qərq olmuş dünyada yaşayırıq. Bu, ən azı müəyyən müddət üçün subay qalıb, Allaha ailə ilə bağlı maneələr olmadan xidmət etmək arzusunda olan məsihçilər üçün çətinliklər yarada bilər (1 Korinflilərə 7:32, 33, 37, 38). Lakin Müqəddəs Kitabın verdiyi “evlənmək eşq ilə yanmaqdan yaxşıdır” məsləhətinə müvafiq olaraq, onlar ailə qurmaq qərarına gələ bilərlər; bunda isə, əlbət ki, qəbahət bir şey yoxdur. Eyni zamanda onlar Müqəddəs Yazıların məsləhət etdiyi kimi, “Rəbbə bağlı” olan kəslə ailə qurmağı arzulayırlar (1 Korinflilərə 7:9, 39). Əmin ola bilərik ki, Yehovanın adil prinsiplərinə sadiq qalanlar, Onu sevindirir. Həmimanlıları da şaddırlar ki, onlarla yanaşı Allaha bu cür yüksək əxlaqlı və təmiz insanlar xidmət edir.
11. Ailə qurmaq istəyən, lakin müvafiq həyat yoldaşı tapmayan kəslərə necə dəstək ola bilərik?
11 Əgər müvafiq həyat yoldaşı tapmaq mümkün deyilsə, necə? Ailə qurmaq istəyən, lakin müvafiq birini tapa bilməyən insanın necə çətinlik çəkdiyini təsəvvür etmək olar. O, yoldaşlarının ailə qurduqlarını və ailə həyatından həzz aldıqlarını görür, özü isə hələ də müvafiq həyat yoldaşı axtarır. Bu vəziyyətdə bə’ziləri üçün onanizmlə məşğul olmaq kimi natəmiz vərdiş böyüməkdə olan problemə çevrilə bilər. Hər halda məsihçilərdən heç kim diqqətsizliyi ucbatından əxlaqi təmizliyi qoruyub saxlamaq istəyən həmimanlısını kədərləndirmək istəməzdi. Düşünmədən “sən nə zaman evlənəcəksən (və ya ərə gedəcəksən)?” kimi sözləri deməklə biz istəmədən qardaşımızı və ya bacımızı ruhdan sala bilərik. Biz bunu pis fikirlə deməyə bilərik, lakin dilimizə nəzarət edərək özümüzə hakim olmaq nə qədər də yaxşı olardı! (Məzmur 39:1). Subay qalaraq əxlaqi təmizliklərini qoruyan bacı və qardaşlarımız səmimi tə’rifəlayiqdirlər. Onları ruhdan salacaq nə isə demək əvəzinə, biz onları ruhlandırmağa çalışa bilərdik. Misal üçün, yetkin məsihçilərdən ibarət kiçik bir qrup şam yeməyinə və ya sadəcə olaraq faydalı məsihçi ünsiyyəti üçün bir yerə yığılanda subay kəsləri də də’vət etmək olar.
Nikahda özünə hakim olmaq
12. Nəyə görə hətta nikahda olanlar da özlərinə hakim olmağı bacarmalıdırlar?
12 Ailə qurmaq, avtomatik olaraq cinsi əlaqə sahəsində özünə hakim olmaq keyfiyyətinin zəruriliyini aradan qaldırmır. Misal üçün, ərin və arvadın cinsi tələbatları olduqca fərqlənə bilər. Və ya həyat yoldaşlarından birinin fiziki vəziyyəti ucbatından bə’zən normal cinsi əlaqələr çətinləşər və ya qeyri-mümkün ola bilər. Güman ki, əvvəlki həyat tərzinə görə ər və ya arvada: “Ər öz arvadına lazımlı məhəbbət bəsləsin; arvad da əri ilə bu cür davransın” məsləhətinə riayət etmək çətindir. Belə halda, digər həyat yoldaşı daha çox özünə hakim olmağı bacarmalıdır. Lakin həm ər, həm də arvad həvari Pavelin nikahda olan məsihçilərə məhəbbətlə verdiyi məsləhəti yadda saxlaya bilərlər: “Bir-birinizi ər-arvadlıq haqqınızdan mərhum etməyin, yalnız bəlkə də, razılıq ilə, müvəqqəti olaraq oruc tutmaq və dua etmək üçün. Bundan sonra yenə də birləşin ki, nəfsinizi saxlaya bilmədiyinizə görə şeytan sizi imtahan etməsin” (1 Korinflilərə 7:3, 5).
13. Özlərinə hakim olmaqda çətinlik çəkən kəslər üçün nə edə bilərik?
13 Əgər ər və arvad intim olan bu məsələdə özlərinə hakim olmağı öyrəniblərsə, bu onlar üçün necə də böyük xeyir-duadır! Eyni zamanda, onlar bu məsələdə daha çox dözümlü olmağa çalışan həmimanlılarına da anlayışla yanaşmalıdırlar. Ruhani bacı və qardaşlarımıza müdriklik, cəsarət və qətiyyət verməsi üçün Yehovaya dua etməyi heç zaman unutmayaq; bunun sayəsində onlar özlərinə hakim olmaq qabiliyyətini inkişaf etdirmək və nalayiq istəkləri boğmaq üçün sə’ylə çalışmağı davam etdirə biləcəklər (Filipililərə 4:6, 7).
Bir-birinizə kömək etməyə davam edin
14. Həmimanlılarımıza nəyə görə mərhəmət və anlayışla yanaşmalıyıq?
14 Əgər müəyyən sahədə heç bir zəifliyimiz olmayıbsa, bu sahədə özünə hakim olmaq üçün var gücü ilə çalışan həmimanlımızı başa düşmək bizim üçün bə’zən çətin ola bilər. Lakin insanlar təbiətcə fərqlənirlər. Kim isə az, kim isə daha çox emosionaldır. Bə’zilərinə özünü ələ almaq və özünə hakim olmaq asan, digərlərinə isə çətin başa gəlir. Lakin xatırlamaq lazımdır ki, özü ilə mübarizə aparan adam pis adam deyil. Həmimanlılarımız bizim anlayış və mərhəmət göstərməyimizə ehtiyac duyurlar. Sə’ylə mübarizə apararaq özünü ələ almağa çalışan kəslərə mərhəmət göstərməyə davam etməyimizdən bizim şəxsi xoşbəxtliyimiz asılıdır. Bunu, İsanın Matta 5:7 ayəsində yazılan sözlərindən görürük.
15. Özünə hakim olmaq keyfiyyəti üzərində işləyənləri Məzmur 130:3 ayəsindəki sözlər necə ruhlandıra bilər?
15 Bə’zən məsihçi keyfiyyəti təzahür etdirə bilməyən həmimanlımız haqqında heç zaman pis fikirdə olmamalıyıq. Biz müvəffəqiyyətsizliyə uğrayanda, bunu həmimanlılarımız görməsələr də, Yehovanın yalnız bu məğlubiyyətimizi deyil, həm də bir çox qələbələrimizi gördüyünü bilmək necə də təsəllivericidir. Məzmur 130:3 ayəsindəki sözlər böyük təsəlli ola bilər: “Əgər nöqsanları hesaba alsan, ey Yehova, ya Rəbb, kim dura bilər?”
16, 17. a) Qalatiyalılara 6:2, 5 ayələrini özünə hakim olmaq keyfiyyətinə dair necə tətbiq etmək olar? b) Özünə hakim olmaq keyfiyyətinə dair daha nəyi nəzərdən keçirəcəyik?
16 Yehovanı razı salmaq üçün bizlərdən hər birimiz özünə hakim olmaq keyfiyyəti üzərində işləməlidir, amma biz həm də məsihçi qardaşlarımızın kömək edəcəklərinə də əmin ola bilərik. Bizlərdən hər birimiz məs’uliyyət yükünü özü daşımalı olsa da, zəifliklərimizlə mübarizə aparmaqda biri-birimizə kömək etməyə də’vət olunuruq (Qalatiyalılara 6:2, 5). Biz, getməyimiz lazım olmayan yerə getməyi, baxmağımız lazım olmayan şeyə baxmağı və etməli olmadığımız şeyi bizə qadağan edən atanı, ananı, əri, arvadı və ya dostu yüksək qiymətləndirməliyik. Axı onlar bizə özünə hakim olmaq — özünü idarə etmək qabiliyyətini təzahür etdirməkdə kömək edirlər.
17 Ehtimal ki, bir çox məsihçilər bizim indiyə qədər özünə hakim olmaq keyfiyyəti barəsində dediklərimizlə razılaşacaqlar, lakin, ola bilsin, düşünürlər ki, şəxsən onlar bu sahədə nəyin isə üzərində işləməlidirlər. Onlar qeyri-kamil insanlardan gözlənildiyindən daha artıq ölçüdə özünə hakim olmaq keyfiyyətini təzahür etdirmək istəyərdilər. Sən də bu cür düşünürsənmi? Allahın ruhunun tərkib hissəsi olan bu keyfiyyəti inkişaf etdirmək üçün sən nə edə bilərsən? Bunun sayəsində zəruri məsihçi məqsədlərinə sən necə nail ola bilərsən? Bunu növbəti məqalədə nəzərdən keçirəcəyik.
Xatırlayırsınızmı?
• Məsihçilər üçün özlərinə hakim olmaq nəyə görə vacibdir?
• Bə’zilərinə özlərinə hakim olmaq nəyə görə çətindir?
• Nikahda özünə hakim olmaq keyfiyyəti nəyə görə vacibdir?
• Bir-birimizə kömək edərkən özünə hakim olmaq qabiliyyətini inkişaf etdirmək nəyə görə asan olur?
[10-cu səhifədəki çərçivə/şəkil]
O, “yox” deyə bildi
Almaniyada yaşayan Yehovanın Şahidi telekommunikasiya şirkətində işləyirdi. Onun işinə təxminən 30 televiziya və radio proqramlarına nəzarət etmək daxil idi. Maneələr yarananda, o lazım olan proqramı nəzərdən keçirməli və problemi müəyyən etməli idi. O deyir: “Maneələr, demək olar ki, həmişə münasib olmayan vaxtda — zorakılıq, ya da ki, seks göstərilən zaman yaranırdı. Bu əxlaqsız səhnələr günlərlə, bə’zən isə həftələrlə başımdan çıxmırdı: onlar sanki beynimə həkk olurdu”. O e’tiraf edir ki, bu onun ruhani vəziyyətinə mənfi tə’sir göstərirdi: “Mən onsuz da asanlıqla özümdən çıxıram, zorakılıq səhnələri isə vəziyyəti daha da gərginləşdirdi. Ekranda seks səhnələri görməyimin ucbatından isə, həyat yoldaşımla münasibətlərimizdə gərginlik yarandı. Mən hər gün özümlə mübarizə aparmalı olurdum. Bu mübarizədə məğlub olmamaq üçün, aşağı məvacibli olsa da, yeni iş yeri tapmaq qərarına gəldim. Bu yaxınlarda buna nail oldum. Arzum yerinə yetdi”.
[9-cu səhifədəki şəkillər]
Müqəddəs Kitabı öyrənmək sayəsində əldə edilən bilik, özümüzə hakim olmağa kömək edir.