Allaha iman etmək üçün həqiqi təməl
KOREYA dilində nəşr edilən “Gənclərin kilsəni tərk etmələrinin 31 səbəbi” adlı kitabda iddia olunur ki, bir çoxları kilsəni öz suallarına qaneedici cavab tapa bilmədikləri üçün tərk edirlər. Misal üçün, onları bu kimi suallar narahat edir: “Allaha iman edənlər nə üçün iztirab çəkirlər?” və ya “Bir çox tə’limlərin bu qədər dolaşıq və bir-birinə zidd olduğu halda, biz kilsədə deyilənlərin hamısına nəyə görə inanmalıyıq?” (“31 Reasons Why Young People Leave the Church”)
Keşişdən lazımi cavab ala bilmədikdə, çoxları elə qənaətə gəlir ki, Müqəddəs Kitabda cavab tapmaq mümkün deyil. Keşiş yalnız öz nöqteyi-nəzərinə əsaslanaraq izahat verəndə, bu, anlaşılmazlığa, hətta Allahın və Müqəddəs Kitabın inkar edilməsinə səbəb olur.
Cənubi Afrika Respublikasından olan və lüteran ailəsində tərbiyə almış Abel bunu öz təcrübəsində hiss etmişdir. O xatırlayır: “Kilsədə öyrədirlər ki, ölənləri Allah “alır”. Lakin mən başa düşə bilmirdim ki, sevən bir Allah valideynləri uşaqların əlindən necə “ala” bilər. Mənim böyüdüyüm kənddə biz toyuğu cücələri böyüməmiş kəsməzdik. Boğazlıq inəyi kəsməzdik, doğmasını və balasını yedirib böyütməsini gözləyərdik. Mən anlaya bilmirdim ki, nəyə görə məhəbbət Allahı da insanların qayğısına bu cür qalmır”.
Kanadadan olan Aramı da bu kimi fikirlər narahat edirdi. O deyir: “Mən 13 yaşında olanda atam öldü. Dəfn mərasimi zamanı hamının hörmət etdiyi keşiş dedi ki, atamın ölməsini və göylərdə Ona yaxın olmasını Allah istəmişdir. O dedi: “Allah yaxşı insanları alır, çünki Allah salehləri sevir”. Mən başa düşə bilmirdim ki, bu qədər eqoistlik Allahda haradandır”.
Əvvəl-axır Abel də, Aram da Yehovanın Şahidləri ilə rastlaşdılar və onlarla Müqəddəs Kitab öyrənməsi başlanıldı. Nəhayət ki, onlar öz suallarına cavab tapdılar. Onlarda Allaha qarşı məhəbbət və möhkəm iman yarandı. Nəticədə onlar həyatlarını Yehovaya həsr etdilər və Onun sadiq xidmətçisi oldular.
Dəqiq bilik Allaha iman etməyin açarıdır
Yuxarıda təsvir olunan hadisələr bizə nə öyrədir? Allaha iman etmək üçün Müqəddəs Kitabdan dəqiq bilik əldə etmək olduqca vacibdir. Həvari Pavel Filipi şəhərindəki məsihçilərə demişdir: “Dua edirəm ki, məhəbbətiniz [“dəqiq”, YD] bilik və hər cür idrak baxımından getdikcə daha çox artsın” (Filipililərə 1:9). Pavel, Allaha və həmimanlılarımıza olan məhəbbəti Allah haqqındakı dəqiq biliklə və Onun iradəsini başa düşməklə əlaqələndirir.
Bu, məntiqidir, çünki biz yalnız tanıdığımız adama e’tibar edə bilərik, insanı nə qədər yaxşı tanıyırıqsa, onunla nə qədər yaxınıqsa, ona bir o qədər də çox e’tibar edirik. Buna bənzər tərzdə, Allaha iman etmək üçün siz dəqiq bilik əldə etməlisiniz. Həvari Pavel demişdir: “İman isə ümid edilən şeylərə e’timad, görünməyən həqiqətlərə inamdır” (İbranilərə 11:1). Əgər Allaha iman dəqiq Müqəddəs Kitab biliklərinə əsaslanmırsa, onda o, bir balaca külək əsən kimi uçan oyuncaq evə bənzəyir.
Siz Müqəddəs Kitabı öyrənməyin sayəsində bir çox suallarınıza, məsələn, uzun müddət Abelə və Arama rahatlıq verməyən: “İnsanlar nə üçün ölür?” sualına cavab tapa bilərsiniz. Müqəddəs Kitabda izah olunur: “Necə ki, günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir” (Romalılara 5:12). İnsanların qocalıb ölməsinin səbəbi Allahın onları Öz yanına aparması yox, Adəmin günah işlətməsidir (Təkvin 2:16, 17; 3:6, 17-19). Bundan əlavə, biz Müqəddəs Kitabdan Yehova Allahın təqdim etdiyi həqiqi ümid barəsində öyrənirik. O, Oğlu İsa Məsih vasitəsilə günahlı insanlara dirilməyə ümid verir (Yəhya 5:28, 29; Həvarilərin işləri 24:15).
Bizim dirilmə haqqında həqiqəti lazımınca qiymətləndirməyimizə kömək etmək üçün, Müqəddəs Kitabda İsanın bir neçə nəfəri həyata qaytarması haqda mə’lumat qeydə alınıb (Luka 7:11-17; 8:40-56; Yəhya 11:17-45). Müqəddəs Kitabda təsvir olunan bu hadisələri oxuyarkən, dirilən insanların dost və qohumlarının keçirdikləri coşğun sevinc hisslərinə diqqət yetirin. Həmçinin diqqət yetirin ki, bu hadisələrin şahidləri İsaya iman gətirmiş və Allaha həmd etməyə təşviq duymuşlar.
Allah və Onun niyyətləri haqqında dəqiq bilik, bu gün yaşayan insanlara da eyni cür tə’sir göstərə bilər. Çoxlarının nə vaxtsa heç kimin qaneedici cavab verə bilmədiyi ciddi sualları olmuşdur. Belə vəziyyət həmin insanların çaşqınlığına səbəb olmuş, rahatlıqlarını pozmuş və hətta imanlarını belə alt-üst etmişdir. Lakin onlar Müqəddəs Kitabı öyrənərək öz suallarına cavab tapmış və bunun sayəsində onların həyatı tamamilə dəyişmişdir.
Allahı sevmədən Ona xidmət etmək qeyri-mümkündür
Allaha iman etmək üçün dəqiq bilik vacibdir, lakin insanda Allaha tabe olmaq və Ona xidmət etmək istəyi yaransın deyə sadəcə olaraq bilik əldə etmək azdır. Allahın əmrlərinin ən birincisi hansıdır deyə soruşduqda, İsa cavab verdi: “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə sev” (Mark 12:30). Bu cür məhəbbət Allaha tabe olmağa və Ona xidmət etməyə hər şeydən çox təşviq edir. Sizdə də bu cür məhəbbət varmı?
Reyçel artıq bir neçə onillikdir ki, Koreyada missioner xidmət edir. O, Allaha nə üçün inandığının səbəbini belə izah edir: “Mən Yehovanın Öz yaratdıqlarına qarşı səxavətli, Öz xalqını bağışlamağa hazır olmasının və bizdən nə istədiyini açıqlayaraq, bizə faydalı olanı öyrətməsinin üzərində düşünürəm. Bunun sayəsində Allaha olan məhəbbətim artır. Məhəbbət isə məndə Ona xidmət etmək arzusu oyadır”.
Almaniyadan olan Marta adlı dul qadın Yehovaya xidmətə 48 il həsr etmişdir. O deyir: “Yehovaya nəyə görə xidmət edirəm? Ona görə ki, mən Onu sevirəm. Mən hər axşam duada Yehova ilə söhbət edir və verdiyi bütün sovqatlara, xüsusilə də fidiyə qurbanlığına görə səmimi qəlbdən minnətdarlığımı bildirirəm”.
Göründüyü kimi, Allaha məhəbbət bizdə Ona səmimi qəlbdən xidmət etmək arzusu oyadır. Bəs bu cür məhəbbəti necə inkişaf etdirmək olar? İlk növbədə, Allahın bizə göstərdiyi məhəbbətə görə minnətdarlığımızı artırmaqla. Qəlbləri riqqətə gətirən Müqəddəs Kitabdakı xatırlatmaya diqqət yetirin: “Sevməyən, Allahı tanımamışdır, çünki Allah məhəbbətdir. Allahın məhəbbəti bizdə belə zühur etmişdir: Allah Öz yeganə Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə həyat alaq. Məhəbbət bundan ibarətdir ki, biz Allahı sevmədik, O bizi sevdi və Öz Oğlunu bizim günahlarımızın əfvini tə’min edən qurban kimi göndərdi” (1 Yəhya 4:8-10).
Siz Onun məhəbbətinin bütün qüdrətini dərk edirsinizmi? Təsəvvür edin ki, güclü axında boğulursunuz və kim isə öz həyatını təhlükəyə ataraq sizi xilas edir. Məgər siz o adamı unudarsınızmı? Çox ehtimal ki, siz ona dərin minnətdarlığınızı bildirəcək və onun üçün əlinizdən gələni etmək istəyəcəksiniz. Bizim uğrumuzda Öz Oğlu İsa Məsihin həyatını qurban verən Allahın məhəbbəti müqayisəolunmaz dərəcədə güclüdür (Yəhya 3:16; Romalılara 8:38, 39). Allahın məhəbbəti sizin ürəyinizi riqqətə gətirdiyi zaman, sizdə Allaha qarşı məhəbbət və Ona səmimi qəlbdən xidmət etmək istəyi yaranacaqdır.
İndiki və gələcək xeyir-dualar
Biz Allahın iradəsini ilk öncə Ona olan məhəbbətdən irəli gələrək yerinə yetirsək də, Allahın Ona xidmət edənləri mükafatlandırdığını bilmək bizi sevindirir. Həvari Pavel bu fikri belə qeyd etmişdir: “İman etmədən Allaha məqbul olmaq isə qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir” (İbranilərə 11:6).
Allahı sevən və Ona tabe olan kəslər, həqiqətən də xeyir-dualanmışlar. Bir çoxları Müqəddəs Kitabın prinsiplərinə riayət etməklə öz səhhətlərini yaxşılaşdırmışlar (Süleymanın məsəlləri 23:20, 21; 2 Korinflilərə 7:1). Müqəddəs Kitabın tələb etdiyi kimi düzgün davranan və sə’ylə çalışan kəslər, adətən iş sahiblərinin e’tibarını qazanır və buna görə də maddi cəhətdən daha təhlükəsiz vəziyyətdədirlər (Koloslulara 3:23). Allahın xidmətçiləri Yehovaya güvənməklə, hətta çətin vəziyyətlərdə belə qoruyub-saxladıqları ürək rahatlığı tapırlar (Süleymanın məsəlləri 28:25; Filipililərə 4:6, 7). Ən başlıcası isə, onlar yaxın gələcəkdə yer üzündə qurulacaq Cənnətdə əbədi həyatı əminliklə gözləyirlər (Məzmur 37:11, 29).
Öz üzərlərində Yehovanın xeyir-dualarını hiss edənlər, Ona qarşı hansı hissləri keçirirlər? Kanadadan olan Jaklin adında məsihçi qadın Allaha minnətdarlığını bildirir: “Onun bütün sovqatları çox gözəldir və O, bizə əbədi həyata möhkəm ümid verir”. Artıq yuxarıda xatırlatdığımız Abel öz hisslərini belə təsvir edir: “Əvvəllər mən yer üzündə Cənnətdə əbədi yaşamağın mümkün olduğu barədə heç eşitməmişdim, indi isə həmin dövrü səbirsizliklə gözləyirəm. Lakin Cənnətdə yaşamaq ümidi olmasaydı da, mən yenə də Allaha xidmət edərək, Ona olan məhəbbətimi göstərərdim”.
Siz də möhkəm imana sahib ola bilərsiniz
Müqəddəs Kitabda Allah haqqında deyilir ki, O, “ədalətlə hökm edən, ürəyi və könlü sınayan”dır (Yeremya 11:20). Bəli, Yehova bizim ürəklərimizin dərinliklərində olan gizlin şeyləri sınayır. Bizim hər birimiz Allaha hansı səbəblərə görə inandığımızı ayırd etməliyik. Allah haqqında yalan tə’lim və təsəvvürlər, ola bilsin, keçmişdə bizim səhv hərəkətlər etməyimizə səbəb olmuşdur. Lakin Müqəddəs Kitabdan aldığımız dəqiq biliklər bizim Yaradanla, Yehova Allahla olan münasibətimizi düzəltməyə qadirdir (1 Timoteyə 2:3, 4).
Yehovanın Şahidləri insanlarla pulsuz Müqəddəs Kitab öyrənməsi keçirməklə, onların Allah haqqında dəqiq bilik əldə etmələrinə kömək edirlər (Matta 28:20). Bu cür imkanlardan istifadə edənlər, Allaha məhəbbət və iman inkişaf etdirmişlər. Müqəddəs Kitabı öyrənməyin sayəsində əldə etdikləri ‘sağlam şüur və dərrakə’ onlara bu cür çətin zəmanədə təhlükəsiz yaşamağa kömək edir (Süleymanın məsəlləri 3:21-23, MKŞ). Ən vacibi isə, indi onların gələcəyə “möhkəm və mətn” ümidləri var (İbranilərə 6:19). Siz də möhkəm imana sahib ola bilər və xeyir-dualardan sevinc əldə edə bilərsiniz.
[4-cü səhifədəki çərçivə]
Cavab tələb edən çətin suallar
“Mən tələbəlik illərində xəstəxanada tibbi praktika keçən zaman, yaxşı insanların ağrıdan necə inildədiklərini görürdüm. Onlar xəstəlikdən və ya bədbəxt hadisələr üzündən əziyyət çəkirdilər. Əgər Allah varsa, onda bütün bu şeylər nə üçün baş verir? Məgər dinin verə biləcəyi yalnız ürək rahatlığıdırmı?” (Koreyadan olan keçmiş presviterian).
“Mən içki düşkünü olan atamın hara: cəhənnəmə, yoxsa göyə getdiyi barədə çox düşünmüşəm. Ölülər və cəhənnəm odu barədə düşünəndə dəhşətə gəlirdim. Mən sevən Allahın kimisə cəhənnəmə, əbədi əzablara necə göndərə bildiyini başa düşmürdüm” (Əvvəllər katolik məzhəbinə mənsub olan braziliyalı qadın).
“Yeri və insanları necə gələcək gözləyir? İnsanların əbədi yaşaya bilmələri necə mümkün ola bilər? Yer üzündə həqiqi sülh necə bərpa olunacaq?” (Almaniyadan olan keçmiş katolik).
“Reinkarnasiya (canın bir formadan başqa bir formaya keçməsi) tə’limi mənə qeyri-məntiqi görünürdü. Heyvanlar Allaha xidmət etmirlər, buna görə də, günahlarına görə insanın canı heyvanın bədəninə köçərsə, o, öz səhvlərini düzəldib, daha yüksək pilləyə necə keçə bilər?” (Cənubi Afrika Respublikasından olan keçmiş indus).
“Mən konfutsiçilər ailəsində böyümüşəm və əcdadlarımızı rahatlamaq mərasimlərində iştirak etmişəm. Sovqatları stolun üstünə düzməyə kömək edən və nəzakətlə baş əyən zaman, mən ölən qohumlarımızın gətirdiyimiz sovqatları doğrudan da yeyib-yeməyəcəkləri və bizim onlara baş əydiyimizi görüb-görmədikləri barədə düşünürdüm” (Koreyadan olan keçmiş konfutsiçi).
Bu insanların hamısı Yehovanın Şahidləri ilə birlikdə Müqəddəs Kitabı öyrənməklə, öz suallarına cavab tapmışlar.