Sizin üçün əhəmiyyət kəsb edən unudulmaz hadisə
İSA MƏSİH yer üzündə olanda, öz davamçılarına Allaha izzət gətirən unudulmaz bir hadisəni qeyd etməyi buyurdu. Bu, İsanın davamçılarına qeyd etməyi bir başa buyurduğu yeganə dini mərasimdir. Söhbət, eyni zamanda Məxfi axşam kimi də mə’lum olan Rəbbin Xatirə Gecəsindən gedir.
Təsəvvür edin ki, siz gizlincə həmin Gecədən qabaq baş verən hadisələri müşahidə edirsiniz. İsa və onun həvariləri yəhudi Pasxasını qeyd etmək üçün Yerusəlimdə üst otaqda toplaşıblar. Onlar qızardılmış quzu, acı otlar, mayasız çörək və qırmızı şərabdan ibarət olan ən’ənəvi Pasxa yeməyini başa çatdırırlar. İsa, tezliklə öz Müəllimini ələ verəcək olan satqın həvarisi Yəhuda İskaryotun getməsinə izn verir (Matta 26:17-25; Yəhya 13:21, 26-30). Məsih 11 sadiq həvarisi ilə birlikdə tək qalır. Onların arasında Matta da vardır.
Həmin hadisələrin şahidi olan Matta İsanın Rəbbin Xatirə Gecəsini tə’sis etməsinə dair növbəti sözləri deyir: “İsa [mayasız] çörək götürdü, şükran duası edib, onu parçaladı və şagirdlərə verib, dedi: “Alın, yeyin! Bu Mənim bədənimdir”. [Şərabla dolu] bir kasa da götürüb şükür etdi və onlara verərək dedi: “Bundan hamınız için! Çünki bu, Mənim qanım, günahların bağışlanması üçün bir çoxları uğrunda tökülən Əhdi-Cədidin qanıdır” (Matta 26:26-28).
İsa Rəbbin Xatirə Gecəsini nə üçün tə’sis etmişdir? Bu mərasim zamanı o, nəyə görə mayasız çörəkdən və qırmızı şərabdan istifadə etmişdir? Bu simvollardan onun bütün davamçıları qəbul etməlidirlərmi? Bu mərasimi ildə neçə dəfə qeyd etmək lazımdır? Və bu mərasim sizin üçün həqiqətən də bir əhəmiyyət kəsb edirmi?