İsa Məsihin mö’cüzələri faktdır, yoxsa əfsanə?
“Cinə tutulmuş bir çox adamları İsanın yanına gətirdilər. Və O, söz ilə pis ruhları çıxartdı və xəstələrin hamısını sağaltdı” (Matta 8:16). “O [İsa] da oyanıb küləyə qadağan etdi və gölə: “Sus, sakit ol!” — dedi. Külək yatdı və dərin sükut çökdü” (Mark 4:39). Bu kimi hekayətlərə necə yanaşırsınız? Keçmişdə baş vermiş real hadisələrin təsviri kimi, yoxsa alleqorik hekayə, uydurma kimi?
Bu gün çoxları İsanın mö’cüzələrinin həqiqətən də baş verməsinə ciddi şübhə edirlər. Teleskoplar və mikroskoplar, kosmosun və genetika mühəndisliyinin tədqiq olunduğu erada mö’cüzələr haqqındakı söhbətlərə və qeyri-təbii hallara inanmaq adama ağılsızlıq gəlir.
Bə’ziləri elə zənn edirlər ki, mö’cüzələr haqqında gedən söhbətlər əfsanə, yaxud alleqorik hekayələrdir. Öz kitabında “əsl” İsanı göstərməyi qarşısına məqsəd qoymuş bir müəllifin dediklərinə görə, Məsihin mö’cüzələri haqqındakı hekayələr — məsihçiliyi yaymaq məqsədinə qulluq edən “reklamdan” savayı bir şey deyil.
Başqaları isə İsanın mö’cüzələrini — xalis fırıldaq hesab edirlər. Hərdən İsanın özünü də fırıldaqçılıqda ittiham edirlər. II əsrdə yaşamış Şəhid Yustinin yazdığı kimi, İsanın tənqidçiləri “onu sehirbaz və xalqın yalançısı adlandırmağa belə cür’ət etmişlər”. Bə’ziləri iddia edirlər ki, İsa “öz mö’cüzələrini yəhudi peyğəmbəri kimi deyil, bu sənətə bütpərəst mə’bədlərdə yiyələnmiş cadugər kimi göstərirdi”.
“Qeyri-mümkündür” nə deməkdir?
Hər şeydən göründüyü kimi, mö’cüzələrin mümkün olmasına dair bu cür şübhələrin bir əsas səbəbi var. İnsanlara qeyri-təbii qüvvələrə inanmaq çətindir, onlar bunu hətta qeyri-mümkün hesab edirlər. Özünü aqnostik adlandıran bir cavan oğlan deyir: “Mö’cüzələr baş vermir, vəssalam”. Sonra o, XVIII əsrdə yaşamış şotland filosofu Deyvid Yumun sözlərini sitat gətirir: “Mö’cüzə — təbiət qanunlarının pozuntusudur”.
Lakin çoxları bu və ya digər halların qeyri-mümkünlüyünü iddia etməyə tələsməzdilər. Bir ensiklopediyaya əsasən, mö’cüzə — “bizə mə’lum olan təbiət qanunlarının köməyi ilə izah edə bilmədiyimiz hallardır” (“The World Book Encyclopedia”). Bu tə’rifə əsasən, kosmosa uçuş, simsiz əlaqə və peyk radionaviqasiyası cəmi yüz il bundan qabaq insanların əksəriyyətinə “mö’cüzə” görünə bilərdi. Əlbəttə ki, müasir elmi nöqteyi-nəzərdən izah edilə bilmədiyi üçün mö’cüzələrin mümkün olmadığını iddia etmək düzgün olmazdı.
İsa Məsihə aid edilən bə’zi mö’cüzələri Müqəddəs Kitabın kontekstində nəzərdən keçirsək, nəyi aşkar edə bilərik? Onlar faktdır, yoxsa əfsanə?