Yoruluruq, lakin zəif düşmürük
“Allah, Rəbb, dünyanın uclarını yaradan... zəif olana qüvvət verir; və taqətsizin qüdrətini artırır” (İŞAYA 40:28, 29).
1, 2. a) Həqiqi Allaha xidmət etmək istəyənlərin hamısına hansı səmimi də’vət verilir? b) Bizim ruhani vəziyyətimizə ciddi təhlükə yaradan nə ola bilər?
İSANIN şagirdləri olan bizlərə onun səmimi də’vəti yaxşı tanışdır: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm.[...] Çünki boyunduruğum asan və yüküm yüngüldür” (Matta 11:28-30). Həmçinin məsihçilərə Yehovanın Özü “dincəliş vaxtları” verir (Həvarilərin işləri 3:20). Bizlərdən hansımız Müqəddəs Kitab həqiqətlərini biləndə, gələcəyə işıqlı ümid əldə edəndə və Yehovanın prinsiplərini öz həyatımızda tətbiq edəndə, rahatlıq hiss etməmişik ki!
2 Bununla belə, Yehovanın bə’zi xidmətçiləri yorulur və ruhdan düşürlər. Bə’zən bu kimi hal tez keçib gedir, bə’zən isə uzun müddət çəkir. Vaxt ötdükcə kim isə hiss etməyə başlayır ki, məsihçi məs’uliyyətləri İsanın və’d etdiyi kimi artıq rahatlıq gətirmir, amma yükə çevrilir. Bu cür mənfi hisslər nəticədə məsihçinin Yehova ilə olan qarşılıqlı münasibətlərini poza bilər.
3. İsa Yəhya 14:1 ayəsində yazılmış nəsihəti nəyə görə vermişdir?
3 Həbs və e’dam edilməzdən bir qədər əvvəl İsa öz şagirdlərinə dedi: “Ürəyiniz narahat olmasın; Allaha iman edin, Mənə də iman edin” (Yəhya 14:1). İsa, həvariləri faciəli hadisələr gözlədiyi üçün bu sözləri söylədi. Bu hadisələrdən sonra, onları çoxlu tə’qiblər gözləyirdi. İsa bilirdi ki, güclü mə’yusluq ucbatından onun həvariləri büdrəyə bilərdilər (Yəhya 16:1). Əgər onlar kədərə qərq olsaydılar, bu vəziyyət onların ruhani vəziyyətlərini və Yehovaya olan e’tibarlarını zəiflədə bilərdi. Bu, bizim günlərin məsihçilərinə də aiddir. Uzunsürən mə’yusluq ürəyimizi üzərək bizə çox iztirab gətirməyə qadirdir (Yeremya 8:18). Bizim daxili varlığımız zəifləyə bilər. Bu cür stress vəziyyətində biz mə’nəvi gücümüzü və hətta Yehovaya xidmət etmək arzumuzu itirə bilərik.
4. Simvolik ürəyimizi yorğunluqdan qorumaqda bizə nə kömək edər?
4 Biz Müqəddəs Kitabda vaxtında olan bu cür məsləhət tapırıq: “Hər şeydən əvvəl öz ürəyini qoru, çünki həyat çeşməsi odur” (Süleymanın məsəlləri 4:23). Müqəddəs Kitab simvolik ürəyimizi mə’yusluqdan və ruhani yorğunluqdan qorumağa kömək edən praktiki məsləhətlər verir. Əvvəlcə özümüzü nəyə görə yorğun hiss etdiyimizi müəyyən etmək lazımdır.
Məsihçilik yük deyil
5. İsanın məsihçilik yolu haqqındakı sözlərində hansı zahiri ziddiyyət var?
5 Doğrudur, məsihçi olmaq çox sə’y göstərməyi tələb edir (Luka 13:24). İsa hətta demişdir: “Kim öz çarmıxını daşıyıb, Mənim ardımca gəlmirsə, Mənim şagirdim ola bilməz” (Luka 14:27, İ–93). İlk baxışdan bu sözlər sanki İsanın yüngül və rahat boyunduruğu haqqındakı və’dinə zidd gedir, lakin bu əsla belə deyil.
6, 7. Nəyə görə demək olar ki, xidmətimiz yorucu deyil?
6 Kim var qüvvəsilə dəyərli iş üçün çox çalışırsa, fiziki cəhətdən yorulsa da, adətən məmnunluq və rahatlıq tapır (Vaiz 3:13, 22). Məgər yaxınlarımızla Müqəddəs Kitabın gözəl həqiqətlərini bölüşməkdən daha dəyərli iş varmı? Bundan əlavə, Allahın yüksək əxlaq normaları əsasında yaşamağa çalışaraq düşdüyümüz hər bir çətinliklər, nəticədə əldə etdiyimiz faydalar ilə müqayisədə heç nədir (Süleymanın məsəlləri 2:10-20). Hətta tə’qib olunduğumuz zaman belə, biz Allahın Padşahlığı naminə əziyyət çəkməyi şərəf sayırıq (1 Peter 4:14).
7 İsanın haqqında danışdığı boyunduruq, həqiqətən də rahatlıq gətirir, xüsusilə də onu yalan dinin ruhani qaranlığında olan insanların daşıdığı yüklə müqayisə etsək. Allah bizi şəfqətlə sevir və qarşımıza yerinə yetirilməsi mümkün olmayan tələblər qoymur. “Onun əmrləri... ağır deyildir” (1 Yəhya 5:3). Müqəddəs Yazılardan göründüyü kimi İsanın həqiqi davamçısı olmaq istismaredici deyil. Aydındır ki, bizim Allaha xidmətimiz yorğunluq və mə’yusluğa səbəb deyil.
Bizə yük olan hər şeyi kənara qoyaq
8. Ruhani yorğunluq çox vaxt nəyin nəticəsi olur?
8 Əgər biz ruhən yorulmuşuqsa, bu çox vaxt bizə bu əxlaqsız sistemin yük olmasının nəticəsidir. “Bütün dünya... şəririn hakimiyyəti altında” olduğundan, bizi gücdən salan və məsihçi tarazlığından çıxarmağa qadir olan düşmən qüvvələr əhatə edir (1 Yəhya 5:19). İkinci dərəcəli işlər bizim həyatımızı mürəkkəbləşdirə və məsihçi fəaliyyətinə dair qrafikimizi poza bilər. Bu əlavə boyunduruqlar yük olar, hətta bizim ruhumuzu əzə bilər. Müqəddəs Kitabda əbəs yerə öyüd verilmir ki, “bizə yük olan hər şeyi... kənara qoyaq” (İbranilərə 12:1-3, YD).
9. Maddi zənginlik ardınca düşmək bizə necə yük ola bilər?
9 Misal üçün, bizim nöqteyi-nəzərimizə bu dünyadakı insanların əhval-ruhiyyəsi tə’sir edə bilər, çünki onlar üçün cəmiyyətdəki mövqe, pul, əyləncələr, səyahət və buna bənzər şeylər başlıca yer tutur (1 Yəhya 2:15-17). I əsrdə bə’zi məsihçilər varlanmağa can ataraq, öz həyatlarını çox mürəkkəbləşdirmişdilər. Həvari Pavel bu haqda deyirdi: “Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mə’nasız və ziyanverici ehtiraslara qapılırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Buna qapılan bə’ziləri iman yolundan uzaqlaşıb, özlərinə bir çox əzablar çəkdirdilər” (1 Timoteyə 6:9, 10).
10. İsanın əkinçi haqqındakı məsəlindən var-dövlət haqqında nə öyrənirik?
10 Allaha xidmətdə yorğunluq və mə’yusluq hissi keçiririkmi? Bəlkə gücümüzü maddi şeylərə sərf edirik? İsanın əkinçi haqqındakı məsəlindən göründüyü kimi, bu cür hallar hər birimizlə baş verə bilər. İsa ‘dünyanın qayğılarını, zənginliyin aldadıcılığını və başqa şeylərə həvəsi’ “araya girib” ürəyimizdə Allahın Kəlamının toxumlarını boğan tikanlarla müqayisə etdi (Mark 4:18, 19). Buna görə də Müqəddəs Kitab bizə məsləhət edir: “Həyatınız pulpərəstlikdən azad olsun, özünüzdə olan şeylərlə kifayətlənin; çünki O Özü demişdir: “Səni heç buraxmayacağam və əsla tərk etməyəcəyəm” (İbranilərə 13:5).
11. Bizə yük olan şeylərdən necə azad ola bilərik?
11 Bə’zən bizə daha çox şey əldə etmək cəhdi yox, malik olduğumuz şeylərin qayğısına qalmaq zərurəti yük olur. Kim isə sağlamlığı ilə bağlı problemlərin, yaxınlarının ölümü və başqa yorucu şəraitlərin ucbatından ruhdan düşə bilər. O zaman nəticəyə gəlirik ki, vaxt ötdükcə həyatda dəyişiklik etmək lazımdır. Bir ər-arvad bə’zi əyləncələrindən və əhəmiyyətsiz şəxsi məşğuliyyətlərindən imtina etmək qərarına gəldi. Onlar bu məşğuliyyətlə əlaqəli olan hər şeyi qablaşdırıb, yığışdırdılar. Biz də yorulmayaq və qəlbən zəifləməyək deyə, vaxtaşırı olaraq öz vərdişlərimizi yoxlamaq və bizə əbəs yerə yük olan hər şeydən kənar olmaq hamımız üçün faydalıdır.
Müdrik və mülayim olmaq vacibdir
12. Səhvlərimizə dair biz nəyi yadda saxlamalıyıq?
12 Bizim ən xırda məsələlərdə belə səhvə yol verməyimiz, həyatımızı mürəkkəbləşdirə bilər. Davudun sözləri necə də doğrudur: “Fəsadlarım başımdan aşdı; ağır yük kimi mənə çox ağır oldular” (Məzmur 38:4). Çox vaxt bə’zi dəyişikliklər etdikdən sonra ağır yükdən azad olmaq olur.
13. Müdriklik bizə xidmətimizə tarazlı nöqteyi-nəzərlə yanaşmaqda necə kömək edir?
13 Müqəddəs Kitab bizi ‘sağlam şüur və dərrakə’ inkişaf etdirməyə təşviq edir (Süleymanın məsəlləri 3:21, 22, MKŞ). O həm də qeyd edir ki, “yuxarıdan nazil olan hikmət... mülayimdir [“müdrikdir”, YD]” (Yaqub 3:17). Bə’ziləri məsihçi xidmətində başqaları qədər etməyi özlərinə borc sanırlar. Lakin Müqəddəs Kitab məsləhət görür: “Qoy hər kəs öz işini sınasın və o zaman başqası ilə deyil, özü ilə iftixara səbəb olsun. Çünki hər kəs öz məs’uliyyətinin yükünü daşıyacaqdır” (Qalatiyalılara 6:4, 5). Doğrudur, həmimanlıların yaxşı nümunələri bizi Yehovaya ürəkdən xidmət etməyə təşviq edir, lakin sağlam şüur və dərrakə bizə, qarşımıza şəraitlərimizə müvafiq gələn, əlçatan məqsədlər qoymağa kömək edəcək.
14, 15. Fiziki və emosional ehtiyaclarımıza qayğı göstərərkən sağlam şüur bizə necə kömək edər?
14 Hətta çox vacib görünməyən məsələlərdə belə müdrik davranmaqla, az yorulacağıq. Məsələn, sağlamlıq üçün faydalı olan qrafikə riayət etməyə çalışırıqmı? Yehovanın Şahidlərinin filiallarından birində xidmət edən bir ər-arvadın nümunəsinə diqqət yetirək. Onlar əmin oldular ki, sağlam şüur yorğunluğun qarşısını almaqda kömək edir. Qadın deyir: “Nə qədər işimiz olsa da, biz həmişə təxminən eyni vaxtda yatmağa çalışırıq. Biz həm də müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul oluruq. Bu bizə çox kömək edir. Biz öz imkanlarımızın məhdudluğunu dərk etmişik və buna müvafiq olaraq həyat sürürük. Biz özümüzü, sanki tükənməz enerji ehtiyatına malik olan kəslərlə müqayisə etməməyə çalışırıq”. Düzgün qidalanır və kifayət qədər istirahət edirikmi? Sağlamlığımıza şüurlu tərzdə nəzarət edərək biz, ehtimal ki, ruhani və mə’nəvi qüvvəmizin tükənməsindən qaçınarıq.
15 Bizlərdən bə’zilərimizin xüsusi tələbatları var. Çoxlu çətinlikləri olan, tammüddətli xidmətçi kimi xidmət edən bir məsihçi bacının nümunəsini nəzərdən keçirək. Onun səhhəti ilə əlaqədar, özünə xərçəng xəstəliyini daxil edən çox problemləri var. Bu cür çətinliklərin öhdəsindən gəlməkdə ona nə kömək edir? Bacı deyir: “Müəyyən vaxtı tənhalıqda qalmaq mənim üçün çox vacibdir. Nə qədər çox gərginlik və yorğunluq keçirirəmsə, bir o qədər çox tənhalıqda rahat oxumağa və istirahət etməyə ehtiyac duyduğumu hiss edirəm”. Sağlam şüur və dərrakə fərdi ehtiyaclarımızı ayırd etməyə və onları tə’min etməyə, bununla da ruhani yorğunluqdan qaçınmağa kömək edir.
Yehova Allah bizə qüvvə verir
16, 17. a) Nəyə görə ilk öncə ruhani sağlamlığımızın qayğısına qalmaq vacibdir? b) Bizim gündəlik qrafikimizə nələr daxil olmalıdır?
16 İlk öncə, ehtimal ki, ruhani sağlamlığın qayğısına qalmaq lazımdır. Əgər Yehova Allahla yaxın münasibətlərimiz olarsa, fiziki cəhətdən yorulsaq da, Ona xidmət etməkdən heç zaman yorulmayacağıq. Yehova “zəif olana qüvvət verir; və taqətsizin qüdrətini artırır” (İşaya 40:28, 29). Bu sözlərin doğru olduğuna öz şəxsi təcrübəsində əmin olan həvari Pavel yazmışdır: “Biz ruhdan düşmürük; lakin əgər zahiri varlığımız pozulursa da, daxili varlığımız gündən-günə təzələnir” (2 Korinflilərə 4:16).
17 “Gündən-günə” ifadəsinə diqqət yetirək. Bu onu nəzərdə tutur ki, Yehovanın təqdim etdiyi yardımdan hər gün istifadə etmək lazımdır. Yehovaya 43 il sədaqətlə xidmət edən missioner bacımızın həyatında elə anlar olmuşdur ki, o möhkəm yorğunluq və mə’yusluq hissləri keçirmişdir. Lakin o zəif düşməmişdir. Bacı deyir: “Mən, işlərimə başlamazdan əvvəl Yehovaya dua etmək və Onun Kəlamını oxumaq üçün, özüm üçün səhər tezdən durmağı vərdiş etmişəm. Bu cür gündəlik qrafik sayəsində bu günə qədər tab gətirə bilmişəm”. Şübhə etməyə bilərik ki, əgər biz də müntəzəm olaraq, “gündən-günə” Yehovaya dua edir və Onun yüksək xüsusiyyətləri və və’dləri barədə düşünürüksə, O bizə Öz qüvvəsi ilə dayaq olacaqdır.
18. Müqəddəs Kitab ahıl yaşda və ya xəstə olanlara necə təsəlli verir?
18 Bu xüsusilə də, ahıl yaşda olduğuna və ya pis sağlamlığına görə ruhdan düşən kəslər üçün faydalıdır. Allahın bu cür xidmətçiləri bə’zən ruhdan düşürlər, çünki özlərini müqayisə edirlər, lakin başqaları ilə deyil, özlərinin əvvəlki vaxtları ilə. Yehovanın yaşlıları qiymətləndirdiyini bilmək necə də təsəllivericidir! Müqəddəs Kitab deyir: “Ağarmış saçlar gözəllik tacıdır; salehlik yolunda tapılar” (Süleymanın məsəlləri 16:31). Yehova imkanlarımızın məhdud olduğunu bilir və zəifliklərimizə baxmayaraq Ona ürəkdən xidmət etməyimizi yüksək qiymətləndirir. Gördüyümüz yaxşı işlər isə Allahın yaddaşında əbədi qalacaqdır. Müqəddəs Yazılar bizi əmin edir: “Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun” (İbranilərə 6:10). Aramızda Yehovaya onilliklər ərzində sədaqətlə xidmət edən kəslərin olmasına necə də şadıq!
Yaxşılıq etməyi tərgitməyin
19. Fəal surətdə yaxşılıq etmək nə qədər faydalıdır?
19 Bir çoxları inanırlar ki, müntəzəm olaraq idmanla məşğul olmaq yorğunluğu azaldır. Buna bənzər tərzdə, biz özümüzü emosional və ya ruhani cəhətdən yorğun hiss edəndə, müntəzəm ruhani fəaliyyət bizə kömək edir. Müqəddəs Kitabda deyilir: “Yaxşılıq edərkən ruhdan düşməyək; çünki əgər zəif düşməsək, vaxtında biçərik. Deməli, nə qədər fürsətimiz varsa, hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək” (Qalatiyalılara 6:9, 10). İki dəfə rast olunan “yaxşılıq edək” sözünə diqqət yetirək. Bu, fəaliyyət göstərməyin zəruri olduğunu vurğulayır. Biz başqalarına yaxşılıq edəriksə, çətin ki, zəif düşək və ya Yehovaya xidmətdə yorulaq.
20. Mə’yusluq halına güc gəlmək üçün kimlərlə yaxın ünsiyyətdə olmamalıyıq?
20 Lakin Allahın qanunlarına hörmət etməyən insanlarla ünsiyyət və birgə görülən işlər ağır yükə çevrilə bilər. Müqəddəs Kitab bizi xəbərdar edir: “Daşın, qumun çəkisi ağırdır, səfehin əsib-coşması bunların ikisindən də ağırdır” (Süleymanın məsəlləri 27:3, MKŞ). Mə’yusluq və yorğunluqla mübarizəni yüngülləşdirmək üçün, bədbin əhval-ruhiyyə təzahür etdirən, başqalarını tənqid edən və ya onların çatışmazlıqlarını axtaran kəslərlə yaxın ünsiyyətdən qaçınmaq lazımdır.
21. Məsihçi görüşləri zamanı biz başqaları üçün necə ruhlandırma mənbəyi ola bilərik?
21 Məsihçi görüşləri Yehovadan olan ən’amdır. Onlar bizə ruhani qüvvə vermək və bir-birimizi rahatlıq gətirən nəsihətlərlə və ünsiyyətlə ruhlandırmaq imkanı verir (İbranilərə 10:25). Şərhlər verərkən və ya proqramın bəndlərində iştirak edərkən, bizim hamımız inkişafetdirici olmalıyıq. Üzərinə müəllimlər kimi rəhbərlik götürənlər xüsusilə ruhlandırma mənbəyi olmağa çalışmalıdırlar (İşaya 32:1, 2). Hətta nəsihət və ya töhmət vermək lazım gələndə belə, bunu rahatlıq gətirəcək tərzdə etmək lazımdır (Qalatiyalılara 6:1, 2). Başqalarına məhəbbət, sübhəsiz ki, bizə Yehovaya zəif düşmədən xidmət etməyə kömək edəcəkdir (Məzmur 133:1; Yəhya 13:35).
22. Qeyri-kamil insani təbiətə malik olduğumuza baxmayaraq, nəyə görə cəsarətli ola bilərik?
22 Bu axır günlərdə Yehovaya xidmət etmək sə’y tələb edir. Bundan əlavə, məsihçilər yorulmadan, qəlb ağrılarından və stress vəziyyətlərindən müdafiə olunmayıblar. Bizim qeyri-kamil insani təbiətimiz, gil qablar kimi kövrəkdir. Buna baxmayaraq, Müqəddəs Kitab deyir: “Bu sərvəti saxsı qablarda saxlayırıq ki, ən üstün qüdrət bizə yox, Allaha aid olsun” (2 Korinflilərə 4:7). Əlbət ki, biz yorulacağıq, lakin gəlin heç zaman zəif düşməyək və yaxşılıq etməyi tərgitməyək. Bunun əvəzinə, gəlin ‘cəsatərlə deyək’: “Rəbb mənə yardımçıdır” (İbranilərə 13:6).
Qısa təkrar
• Biz üzərimizdən hansı ağır boyunduruqları kənara qoya bilərik?
• Biz həmimanlılarımıza necə ‘yaxşılıq edə’ bilərik?
• Biz yorğunluq və ya mə’yusluq hiss edəndə, Yehova bizə necə yardım edir?
[19-cu səhifədəki şəkil]
İsa bilirdi ki, onun həvariləri uzun sürən mə’yusluqdan əziyyət çəkə bilərlər.