«Gedin, bütün xalqları şagirdim edin, onları... vəftiz edin»
«Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları... vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (MATTA 28:19, 20).
1. İsrail xalqı Sina dağının ətəyində Allaha nə və’d etdi?
TƏXMİNƏN 3 500 il bundan əvvəl İsrail xalqı Sina dağının ətəyində toplaşaraq, Yehovaya və’d etmişdi: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik». Bu sözləri deyərək israillilər özlərini Yehovaya həsr etdilər və həmin andan e’tibarən, Allaha ‘məxsus xalq’ oldular (Çıxış 19:5, 8; 24:3). İsraillilər Allahın onları müdafiə edəcəyini və nəsildən-nəslə ‘süd və bal axan torpaqda’ yaşayacağı vaxtı səbirsizliklə gözləyirdilər (Levililər 20:24).
2. Bu gün insanların Allahla hansı münasibəti qurmaq imkanı var?
2 Məzmurçu Asafın e’tiraf etdiyi kimi, israillilər ‘Allahın əhdini pozdular, [Onun] qanunları ilə yaşamaq istəmədilər’ (Məzmur 78:10). İsraillilər, əcdadlarının Yehovaya verdiyi və’də sadiq qalmadılar. Nəticədə xalq Yehova ilə olan xüsusi münasibətini itirdi (Vaiz 5:4; Matta 23:37, 38). Buna görə də, Allah Öz adı naminə xalq təşkil etmək üçün diqqətini digər millətlərə yönəltdi (Həvarilərin işləri 15:14). Bu axır günlərdə O, «hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan, kimsənin saymağa qadir olmadığı böyük bir izdiham» toplayır. Bu izdiham sevinclə nida edir: «Xilas, taxtda oturan Allahımıza və Quzuya məxsusdur!» (Vəhy 7:9, 10).
3. Allahla şəxsi münasibət qurmaq üçün insan hansı addımları atmalıdır?
3 Əgər biz də Allahla dəyərli münasibəti olan insanların arasında olmaq istəyiriksə, onda həyatımızı Yehovaya həsr etməli və bunu başqalarına bildirmək üçün suda vəftiz olunmalıyıq. Bu, İsanın şagirdlərinə verdiyi əmrə müvafiqdir: «Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Matta 28:19, 20). Qədimdə israillilər ‘əhd kitabının’ oxunmasına qulaq asırdılar (Çıxış 24:3, 7, 8). Buna görə də, onlar Yehovanın qarşısında hansı öhdəçiliyi götürdüklərini başa düşürdülər. Bu gün də, vəftiz olmazdan qabaq Allahın iradəsinə dair Müqəddəs Kitabdan dəqiq bilik əldə etmək zəruridir.
4. Vəftiz üçün tələblərə müvafiq olmaq üçün insan nə etməlidir? (Cavabınıza 24-cü səhifədə olan çərçivədəki fikirləri də daxil edin.)
4 Bəli, İsa istəyirdi ki, onun şagirdlərinin imanı artıq vəftiz olunmazdan qabaq möhkəm təməl üzərində qurulsun. O, davamçılarına yalnız gedib şagird hazırlamağı deyil, həm də ‘əmr etdiyi hər şeyə riayət etməyi onlara öyrətməyi’ də tapşırmışdı (Matta 7:24, 25; Efeslilərə 3:17-19). Vəftiz üçün tələblərə müvafiq olanlar adətən Müqəddəs Kitabı bir neçə ay və ya bir-iki il ərzində öyrənirlər. Buna görə, onların bu qərarlarının tələsik və ya düşünülməmiş olduğunu demək olmaz. Vəftizdən qabaq namizədlər iki mühüm suala «bəli» cavabını verirlər. İsanın sözlərinə görə bizim «“Bəli, Bəli”, “Xeyr, Xeyr”» olmalıdır. Gəlin bu iki sualı hərtərəfli nəzərdən keçirək (Matta 5:37).
Tövbə və həsr edilmə
5. Vəftiz üçün birinci sualda hansı iki vacib addım qeyd edilir?
5 Vəftiz üçün namizədlərə verilən birinci sualda keçmiş həyat tərzindən tövbə edib-etmədiyi və Yehovanın iradəsini yerinə yetirmək üçün özünü Ona həsr edib-etmədiyi soruşulur. Bu sualda qeyd edilir ki, vəftizdən əvvəl insan iki vacib addımı atmalıdır — tövbə etməli və özünü Yehovaya həsr etməlidir.
6, 7. a) Vəftiz olmaq istəyən bütün insanlar üçün tövbə etmək nəyə görə vacibdir? b) İnsan tövbə edəndən sonra hansı dəyişiklikləri etməlidir?
6 İnsan vəftizdən əvvəl günahlarına görə nə üçün tövbə etməlidir? Həvari Pavel bunu belə izah edir: ‘Bir zamanlar bizim hamımız da cismani təbiətimizin ehtiraslarına uymuşduq’ (Efeslilərə 2:3). Allahın iradəsi haqqında dəqiq bilik əldə etməzdən qabaq biz cəmiyyətdə hökm sürən qayda-qanunlara əsasən yaşamış və bu dünyanın dəyərlərini mənimsəmişdik. Həyatımızı bu sistemin tanrısı Şeytan idarə edirdi (2 Korinflilərə 4:4). Lakin Allahın iradəsini öyrəndikdən sonra biz ‘artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşamaq’ qərarına gəldik (1 Peter 4:2).
7 İnsanın vəftizdən sonra qədəm qoyduğu yeni həyat yolu çox mükafatlandırıcıdır. Ən vacibi odur ki, onun Yehova ilə sıx münasibətinin yaranmasına yol açılır. Davudun sözlərinə görə bu, Allahın ‘çadırına’ və ‘müqəddəs dağına’ də’vət almaq qədər böyük bir şərəfdir (Məzmur 15:1). Yehovanın oraya hamını deyil, yalnız «kamillik yolu ilə gedən, əməlisaleh olan, ürəkdən həqiqəti söyləyən» kəsləri də’vət etməsi məntiqə uyğundur (Məzmur 15:2). Həqiqəti bilməzdən qabaq sürdüyümüz həyat tərzindən asılı olaraq, bu tələblərə müvafiq olmaq üçün davranış tərzimizdə və şəxsiyyətimizdə dəyişikliklər etmək lazım gələ bilər (1 Korinflilərə 6:9-11; Koloslulara 3:5-10). İnsanı həyatında belə dəyişikliklər etməyə — tövbə, yə’ni əvvəllər sürdüyü həyat tərzinə görə dərin peşmançılıq hissi və Yehovanı məmnun etmək qətiyyəti təşviq etməlidir. Nəticədə insan xudbin, dünyəvi həyat tərzindən tamamilə dönüb, Yehovanı razı salan yol ilə yeriməyə başlayır (Həvarilərin işləri 3:19).
8. İnsan özünü Allaha necə həsr edir və bu vəftizlə necə bağlıdır?
8 Birinci sualın ikinci hissəsində namizədlərdən, Yehovanın iradəsini yerinə yetirmək üçün həyatlarını Allaha həsr edib-etmədikləri soruşulur. Həsr edilmə — vəftizdən qabaq atılmalı olan ən vacib addımdır. Bunun üçün, həyatımızı Yehovaya həsr etmək arzumuzu duada Ona söyləməliyik (Romalılara 14:7, 8; 2 Korinflilərə 5:15). Həmin andan Yehova bizim Sahibimiz olur, biz isə Məsih kimi, Allahın iradəsini yerinə yetirməkdən daha çox məmnunluq duyuruq (Məzmur 40:8; Efeslilərə 6:6). Bu müqəddəs və’d həyatda yalnız bir dəfə verilir. Özümüzü Yehovaya həsr edəndə, bunu təklikdə edirik, lakin səmavi Atamıza müqəddəs və’di verdiyimizi hamıya vəftiz olmaqla göstəririk (Romalılara 10:10).
9, 10. a) Allahın iradəsini yerinə yetirmək özünə nəyi daxil edir? b) Hətta nasistlər Şahidlərin Allaha həsr olunduğunu necə e’tiraf etmişlər?
9 Məsihin ardınca getmək və Allahın iradəsini yerinə yetirmək özünə nəyi daxil edir? İsa şagirdlərinə demişdi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb daima ardımca gəlsin» (Matta 16:24, YD). Burada o, üç addımı vurğulamışdı. Birincisi, ‘özümüzü inkar etməliyik’, başqa sözlə desək, xudbin, qeyri-kamil arzularımıza «yox», Allahın məsləhət və rəhbərliyinə isə «bəli» deməliyik. İkincisi, ‘işgəncə dirəyimizi götürməliyik’. İsanın günlərində işgəncə dirəyi rüsvayçılıq və iztirab rəmzi idi. Biz, məsihçi olduğumuz üçün xoş xəbərə görə bə’zən əziyyətlərlə üzləşəcəyimizi başa düşürük (2 Timoteyə 1:8). Dünya tərəfindən istehza və ittihamlara mə’ruz qala biləcəyimizə baxmayaraq, Allahı razı saldığımızdan sevinc duyaraq İsa kimi ‘rüsvayçılığa e’tinasızlıq’ göstəririk (İbranilərə 12:2). Üçüncüsü isə, biz «daima» İsanın ardınca getməliyik (Məzmur 73:26; 119:44; 145:2).
10 Maraqlıdır ki, Yehovanın Şahidlərinin Allaha qeydsiz-şərtsiz həsr olunmasını hətta bə’zi tə’qibçilər belə başa düşürlər. Məsələn, Buxenvald alman faşist həbs düşərgəsində öz e’tiqadlarından dönməyən Şahidlər bu sözlər yazılan vərəqə imza atmalı idilər: «Mən hələ də Müqəddəs Kitabın sə’yli tədqiqatçısıyam və Yehovaya verdiyim andımı heç vaxt pozmayacağam». Bəli, Allaha həsr olunmuş bütün sadiq məsihçilər məhz belə fikirləşirlər! (Həvarilərin işləri 5:32).
Yehovanın Şahidlərinə qoşulmaq
11. Vəftizdən sonra məsihçi hansı şərəfə layiq görülür?
11 Vəftiz üçün namizədlərə verilən ikinci sualda onlardan Yehovanın Şahidlərinə qoşulduqlarını başa düşüb-düşmədikləri soruşulur. Vəftizdən sonra insan Yehovanın adını daşıyan, tə’yin edilmiş xidmətçi olur. Bu böyük şərəf olmaqla yanaşı, həm də ciddi məs’uliyyətdir. Sadiq qalacaqları təqdirdə vəftiz olunanların əbədi xilasa nail olmaq ümidləri vardır (Matta 24:13).
12. Yehovanın adını daşımaq şərəfi hansı öhdəçiliklə bağlıdır?
12 Əlbəttə, hər şeyə Qadir Yehova Allahın adını daşımaq xüsusi şərəfdir. Mikeya peyğəmbər demişdir: «Bütün xalqlar, öz allahlarının yolu ilə getsələr belə, biz isə daim və əbədi Allahımız Rəbbin [«Yehovanın», YD] adı ilə gedirik» (Mikeya 4:5). Lakin Allahın adını daşımaq şərəfi müəyyən öhdəçiliklərlə bağlıdır. Biz çalışmalıyıq ki, həyat tərzimiz daşıdığımız ada şərəf gətirsin. Pavelin Romada yaşayan məsihçilərə xatırlatdığı kimi, əgər kimsə təbliğ etdiyi müjdəyə müvafiq davranmırsa, onda Allahın adına ləkə gətirir, Onun adına ‘küfr olunur’ (Romalılara 2:21-24).
13. Nə üçün Yehovanın həsr olunmuş xidmətçilərinin üzərinə Allah haqqında şahidlik vermək məs’uliyyəti qoyulmuşdur?
13 İnsan Yehovanın Şahidi olanda, üzərinə Allah haqqında şahidlik vermək məs’uliyyətini də götürür. Yehova, Ona həsr edilmiş İsrail xalqını Özünün əbədi İlahiliyinə şahidlik etməyə çağırmışdı (Yeşaya 43:10-12, 21). Lakin İsrail xalqı öhdəçiliklərini yerinə yetirmədi və həmişəlik olaraq Yehovanın lütfündən məhrum oldu. Bu gün həqiqi məsihçilər Yehovanın adı haqqında şahidlik vermək şərəfinə malik olduqları ilə fəxr edirlər. Biz Allahı sevdiyimiz və adının izzətlənməsini istədiyimiz üçün təbliğ edirik. Səmavi Atamız və Onun niyyəti haqqında həqiqəti biləndən sonra, necə susa bilərik? Biz həvari Pavelin «bu, mənim zəruri vəzifəmdir və əgər təbliğ etmirəmsə, vay halıma!» sözlərinə tam şərikik (1 Korinflilərə 9:16).
14, 15. a) Yehovanın təşkilatı bizim ruhani inkişafımızda hansı rolu oynayır? b) Ruhani inkişafımız üçün Yehova bizi nə ilə tə’min edir?
14 İkinci sual, həmçinin onu da qeyd edir ki, namizəd Yehovanın müqəddəs ruhla idarə edilən təşkilatı ilə əməkdaşlıq etməlidir. Biz təkbaşına Allaha xidmət edə bilmərik, çünki bütün ‘qardaşlığın’ köməyinə, dəstəyinə və ruhlandırmasına ehtiyac duyuruq (1 Peter 2:17; 1 Korinflilərə 12:12, 13). Allahın təşkilatı ruhani inkişafımızda olduqca böyük rol oynayır. Onun təqdim etdiyi Müqəddəs Kitaba əsaslanan nəşrlər həqiqət haqqında biliyimizi artırmaqda, problemləri həll etməkdə və Allahla sıx münasibətləri inkişaf etdirməkdə bizə kömək edir. Uşaqlarını yaxşı qidalandıran və onların qayğısına qalan bir ana kimi, «sadiq və ağıllı qul» da ruhani inkişafımız üçün bizi vaxtlı-vaxtında bol-bol ruhani qida ilə tə’min edir (Matta 24:45-47; 1 Saloniklilərə 2:7, 8).
15 Yehovanın xalqı xidmətini sədaqətlə davam etdirmək üçün həftəlik görüşlərdə ruhlanır və lazımi tə’lim alır (İbranilərə 10:24, 25). «Teokratik Xidmət Məktəbi»ndə biz natiqlik məharətini inkişaf etdirməyi, xidməti görüşlərdə isə xoş xəbəri effektiv üsullarla təqdim etməyi öyrənirik. Həm görüşlərdə, həm də Müqəddəs Kitaba əsaslanan nəşrləri şəxsən öyrəndiyimiz zaman biz Yehovanın ruhunun fəaliyyətini, yə’ni onun vasitəsilə Allahın Öz təşkilatına necə rəhbərlik etdiyini görürük. Yehova, müntəzəm olaraq təqdim etdiyi ruhani qida və yığıncaq görüşləri vasitəsilə bizi təhlükələr haqqında xəbərdar edir, məharətli təbliğçi olmağı öyrədir və ruhani cəhətdən oyaq durmağımıza kömək edir (Məzmur 19:7, 8, 11; 1 Salonikililərə 5:6, 11; 1 Timoteyə 4:13).
Qərarın arxasında duran niyyət
16. Həyatımızı Yehovaya həsr etməyə bizi nə təşviq edir?
16 Namizədlərə verilən iki sual onlara vəftizin mə’nasını və bununla bağlı məs’uliyyətləri xatırladır. Bəs bu qərarı qəbul etməyə onları nə təşviq etməlidir? Kiminsə bizi məcbur etdiyinə görə deyil, Yehovanın ‘cəlb etdiyinə’ görə biz Məsihin vəftiz olunmuş davamçısı oluruq (Yəhya 6:44). Allah məhəbbətin təcəssümü olduğu üçün Kainatı məhəbbətlə idarə edir, yaratdığı məxluqları Özünə zor gücünə tabe etdirmir (1 Yəhya 4:8). Bizi Yehovaya cəlb edən Onun gözəl xüsusiyyətləri və bizə göstərdiyi münasibətdir. Yehova vahid Oğlunu uğrumuzda qurban verməklə yanaşı, gələcəyə dair ən yaxşı ümidi də təklif edir (Yəhya 3:16). Bizdə isə öz növbəsində həyatımızı ona həsr etmək arzusu oyanır (Süleymanın məsəlləri 3:9; 2 Korinflilərə 5:14, 15).
17. Biz özümüzü nəyə həsr etmirik?
17 Biz özümüzü hər hansı ideya və ya işə deyil, Yehovaya həsr edirik. Allahın xalqına verdiyi tapşırıq gələcəkdə dəyişsə də, Ona həsr edilməyimiz dəyişilməz olaraq qalacaq. Məsələn, Allahın İbrahimə və Yeremyaya verdiyi tapşırıqlar bir-birindən fərqlənirdi (Yaradılış 13:17, 18; Yeremya 1:6, 7). Bu xidmətçilərin hər ikisi Yehovanın xüsusi tapşırığını yerinə yetirirdi, çünki onlar Allahı sevir və Onun iradəsini sədaqətlə yerinə yetirməyi arzulayırdılar. Bu axır günlərdə Məsihin bütün vəftiz olunmuş davamçıları Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək və şagirdlər hazırlamaq tapşırığını sə’ylə yerinə yetirirlər (Matta 24:14; 28:19, 20). Biz təbliğ işində ürəkdən iştirak etməklə səmavi Atamız Yehovanı sevdiyimizi və həqiqətən də Ona həsr edildiyimizi göstəririk (1 Yəhya 5:3).
18, 19. a) Biz vəftiz olunmaqla hamının qarşısında nəyi e’tiraf etmiş oluruq? b) Növbəti məqalədə hansı sualları araşdıracağıq?
18 Şübhəsiz, vəftiz bir çox xeyir-dualar gətirir, lakin bu qərar düşünülmədən qəbul edilməməlidir (Luka 14:26-33). Vəftiz olunmaqla həyatda ən vacib qərarı qəbul etdiyimizi göstəririk (Luka 9:62). Biz vəftiz ediləndə hamının qarşısında bunları e’tiraf etmiş oluruq: «Əbədi, sonsuzadək bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!» (Məzmur 48:14).
19 Növbəti məqalədə vəftizlə əlaqədar digər sualları araşdıracağıq: insanı bu addımı atmaqdan çəkindirən tutarlı bir səbəb ola bilərmi? Yaş nəzərə alınmalıdırmı? Hər kəs bu mərasimə hörmətlə yanaşdığını necə göstərə bilər?
İzah edə bilərsinizmi?
• Hər bir məsihçi vəftizdən qabaq nəyə görə tövbə etməlidir?
• Allaha həsr edilməyimiz özünə nəyi daxil edir?
• Yehovanın adını daşımaq şərəfi ilə yanaşı üzərimizə hansı məs’uliyyət qoyulur?
• Vəftiz olunmağa bizi nə təşviq etməlidir?
[24-cü səhifədəki çərçivə/şəkil]
Vəftiz üçün namizədlərə verilən iki sual
İsa Məsihin qurbanlığı əsasında günahlarından tövbə etmisənmi və Yehovanın iradəsini yerinə yetirmək üçün özünü Ona həsr etmisənmi?
Həsr və vəftiz olunmağınla Yehovanın Şahidlərinə — Allahın ruhu ilə idarə olunan təşkilata qoşuluduğunu göstərirsən. Sən bunu dərk edirsənmi?
[25-ci səhifədəki şəkil]
Həsr olunma — Yehovaya duada verilən müqəddəs və’ddir.