Ünsiyyətiniz sizi qane edirmi?
«ALTMIŞ yaşlının məhəbbət məktubu». Bu müsabiqəni bir neçə il bundan əvvəl Yaponiyada bir bank təşkil etmişdi. Müsabiqədə iştirak edən 50-60 yaşlı yaponlular həyat yoldaşlarına ürəklərində olan hisslərini söyləməli idilər. Müsabiqəçilərdən biri arvadına ünvanladığı məktubunda yazmışdı: «Mənə gülə bilərsən, amma ürəyimdə qalmasın deyə sənə açıq e’tiraf edirəm: Əzizim, mənə gəldiyin üçün çox sağ ol!»
Bə’zi şərq ölkələrini də daxil etməklə, bir sıra xalqların mədəniyyətində hisslərin azad ifadə edilməsinə pis baxılır. Bununla belə, Yaponiyada 15 000-dən çox adam «məhəbbət məktubu» müsabiqəsində iştirak etmək arzusunda olduğunu bildirmişdi. Müsabiqə o dərəcədə məşhurlaşdı ki, başa çatdıqdan sonra ona bənzər ikincisi keçirildi, yazılan məktubların əsasında kitablar çap olunmağa başladı. Bu onu göstərir ki, əslində çoxları sevgili həyat yoldaşına olan hisslərini ifadə etmək istəyərdi. Lakin bə’ziləri bunu etməkdən çəkinir. Niyə? Çünki sevdiyin insana öz hisslərini söyləmək müəyyən qədər sə’y və bacarıq tələb edir.
Hitoşi Kato təqaüdçülər haqqında kitabında yazır ki, Yaponiyada yaşlılar arasında boşanma ərizələrini əsasən qadınlar verirlər. Buna səbəb onların ürəklərində illər ərzində yuva salmış inciklik hissidir. O davam edir: «Lakin başqa bir səbəb, çətinliklə qarşılaşan ərlə arvadın ürəklərində olanları bir-birinə açmamasıdır».
Bə’zi qadınlar ərləri təqaüdə çıxdıqdan az sonra gözlənilmədən onlara boşanmaq istədiklərini söyləyirlər. Ola bilər, illər uzunu, ərlə arvad bir-birlərinə qarşı nə duyduqları haqda açıq söhbət etməmişlər. Yaxud da, buna cəhd etsələr də, söhbətlərini lazımi tərzdə — sakit və mülayimliklə davam etdirə bilməmişlər. Münasibətlərini daha da möhkəmləndirmək əvəzinə, onlar ardı-arası kəsilməyən mübahisələrə girişmişlər.
Ərlə arvadın mübahisələri sülh yolu ilə həll etmələri mümkündürmü? Onlar hisslərini bir-birinə mülayimliklə söyləyə bilərlərmi? Bəlkə də, sizə təəccüblü gələcək, amma ən yararlı təklifləri nikah məsləhətçiləri tərəfindən təzəlikcə yazılan kitablarda yox, əsrlər boyu dəyəri azalmayan qədim kitabda — Müqəddəs Kitabda tapmaq olar.