Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/7 s. 12—16
  • «Qanununu nə qədər sevirəm!»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Qanununu nə qədər sevirəm!»
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Ruhani tələbatımızı ödəyirik
  • Başaq yığımı haqqında qanun
  • Özünüzü tamahkarlıqdan qoruyun
  • Məsihilər Şənbəni qeyd etməlidirlər?
    Müqəddəs Kitaba aid suallara cavab
Gözətçi qülləsi 2006
w06 1/7 s. 12—16

«Qanununu nə qədər sevirəm!»

«Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm» (MƏZMUR 119:97).

1, 2. a) 119-cu məzmurun yazıçısı hansı vəziyyətdə idi? b) O, bu vəziyyətə necə münasibət bəsləyirdi və nə üçün?

YÜZ on doqquzuncu məzmurun yazıçısı ağır sınağa mə’ruz qalmışdı. Allahın qanununu heç nə sayan lovğa düşmənləri onu ələ salır, ona qara yaxırdılar. ‘Başçılar’ məsləhətləşib onu tə’qib edirdilər. Ətrafındakı zalımlar onun həyatını təhlükə altına salmışdılar. Bu səbəbdən məzmurçunun ‘kədərdən canı üzülmüşdü’ (Məzmur 119:9, 23, 28, 51, 61, 69, 85, 87, 161). Bütün bunlara baxmayaraq, o oxuyurdu: «Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm» (Məzmur 119:97).

2 Siz soruşa bilərsiniz: «Allahın qanunu məzmurçuya təskinlik mənbəyi necə ola bilərdi?» Məzmurçu əmin idi ki, Yehova onunla şəxsən maraqlanır və bu əminlik onu möhkəmləndirirdi. Düşmənlərinin onun başına açdığı oyunlara baxmayaraq, məzmurçu özünü xoşbəxt hiss edirdi. O, Qanuna riayət etməyin faydalı olduğunu və Yehovanın onunla həmişə xeyirxahlıqla davrandığını bilirdi. Üstəlik, Allahın qanunundakı rəhbərliyə riayət etməklə o, düşmənlərindən daha müdrik olur, həm də həyatını qoruyurdu. Allahın qanununa tabe olmaq ona əmin-amanlıq hissi gətirir və təmiz vicdan verirdi (Məzmur 119:1, 9, 65, 93, 98, 165).

3. Bu gün Allahın normalarına uyğun yaşamaq nəyə görə çətinləşib?

3 Bu gün də Allahın xidmətçilərindən bə’zilərinin imanları bərk sınanır. Düzdür, həyatımız bəlkə də təhlükə altında deyil, amma kim razılaşmaz ki, biz çətin «axır günlərdə» yaşayırıq. Hər gün rastlaşdığımız insanların çoxu ruhani şeyləri qiymətləndirmir; onlar yalnız özlərini, maddi mənfəətlərini düşünür, heç kəsi bəyənmir, insanlara qarşı hörmətsiz davranırlar (2 Timoteyə 3:1-5). Gənc məsihçilər pozucu tə’sirlə daima mübarizə aparmalı olurlar. Belə şəraitdə Yehovaya və salehliyə məhəbbəti qoruyub saxlamaq asan iş deyil. Bəs özümüzü necə qoruya bilərik?

4. Məzmurçu Allahın qanununa görə minnətdar olduğunu necə göstərirdi və məsihçilər də bunu etməlidirlərmi?

4 Məzmurçuya çətinliklərə qatlaşmağa kömək edən nə idi? O, Allahın qanunu üzərində minnətdarlıqla düşünməyə vaxt ayırırdı. Bu minvalla o, qanunu sevməyə başladı. Əgər fikir versəniz, 119-cu məzmurun demək olar ki, hər bir ayəsində Yehovanın qanununun müxtəlif tərəfləri haqda bəhs edilira. Məsihçilər Musanın qanununa tabe deyillər (Koloslulara 2:14). Bununla belə, Qanunda əks olunan prinsiplərin dəyəri tükənməzdir. Bu prinsiplər məzmurçuya təsəlli verirdi; onlar müasir həyatın çətinlikləri ilə mübarizə aparan Allahın xidmətçiləri üçün də təsəlli mənbəyi ola bilər.

5. Musanın qanunundan nəyi müzakirə edəcəyik?

5 İndi isə gəlin Musanın qanunundan üç məqama fikir verək və görək onlar bizi necə ruhlandıra bilər. Bunlar şənbə günü və başaq yığımına aid qanunlar, həmçinin tamahkarlığa qarşı əmrdir. Onları araşdırdıqca görəcəyik ki, hər gün qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlmək üçün bu qanunların arxasında duran prinsipləri başa düşmək vacibdir.

Ruhani tələbatımızı ödəyirik

6. İnsanların hansı mühüm tələbatları vardır?

6 Allah insanları bir sıra tələbatlarla yaradıb. Məsələn, insanın sağlamlığı üçün qida, su və ev son dərəcə vacibdir. İnsan həmçinin ‘ruhani tələbatlarının’ qeydinə qalmalıdır. Bunsuz o, sözün əsl mə’nasında xoşbəxt ola bilməz (Matta 5:3, YD). Yehova bu təbii tələbatı o qədər vacib sayır ki, Öz xalqına, işlərinə ara verib həftənin bir gününü ruhani məsələlərə ayırmağı əmr etmişdi.

7, 8. a) Allah şənbə ilə digər günlər arasında hansı fərqi qoydu? b) Şənbənin mahiyyəti nə idi?

7 Şənbə gününə aid qanun, ruhani işlərin vacibliyini qeyd etmək üçün verilmişdi. Müqəddəs Kitabda «şənbə» sözü ilk dəfə, səhrada peyda olan manna ilə əlaqədar çəkilir. İsraillilərə deyilmişdi ki, altı gün bu mö’cüzəli çörəyi yığsınlar. Altıncı gün onlar «iki günlük yemək» yığmalı idilər, belə ki, həftənin yeddinci günü göydən manna yağmayacaqdı. Yeddinci gün ‘Rəbb üçün təqdis edilmiş şənbə’ olduğundan hər kəs öz evində qalmalı idi (Çıxış 16:13-30). On əmrdən birində tapşırılırdı ki, o gün heç bir iş görülməsin. Şənbə müqəddəs idi. Qanunu yerinə yetirməyən insan ölümlə cəzalandırılırdı (Çıxış 20:8-11; Saylar 15:32-36).

8 Şənbə haqqındakı qanun göstərirdi ki, Yehova Öz xalqının həm fiziki, həm də ruhani cəhətdən qeydinə qalır. İsa Məsih demişdi: «Şənbə insan üçün tə’yin edildi» (Mark 2:27, İ–93). Şənbə günü israillilərə həm dincəlməyə, həm də Yaradanla münasibət qurmağa və məhəbbətlərini ifadə etməyə imkan verirdi (Qanunun təkrarı 5:12). Digər günlərdən fərqli olaraq, o gün yalnız ruhani işlərə həsr edilirdi. Buraya ailəvi ibadət, dua və Allahın qanunu üzərində düşünmək daxil idi. Şənbə qanunu israilliləri bütün vaxtlarını və qüvvələrini maddi şeylərə həsr etməkdən saxlayırdı. Qanun onlara xatırladırdı ki, həyatda ən vacib şey Yehova ilə olan münasibətləridir. İsa da bu dəyişməz prinsipi təkrarlamışdı: «Yazılmışdır ki, “İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar”» (Matta 4:4).

9. Şənbə haqqında qanun məsihçilərə hansı dərsi verir?

9 Bu gün Allahın xalqından şənbə qanununa riayət etmək tələb edilmir. Lakin bu qanun sadəcə olaraq tarixin səhifələrində qalmaq üçün yazılmayıb, o bizim üçün də dərin mə’na kəsb edir (Koloslulara 2:16). O bizə xatırladır ki, həyatımızda birinci yerə ruhani işləri qoymalıyıq. Maddi maraqlar və istirahətə ayırdığımız vaxt ruhani işlərimizi üstələməməlidir (İbranilərə 4:9, 10). Özünüzdən soruşun: «Həyatımda əsas yeri nə tutur? Birinci yerə öyrənməni, duanı, yığıncaq görüşlərini, təbliğ xidmətində iştirakımı qoyuram? Yoxsa başqa şeylərin əlindən bu vacib işlərə vaxt qalmır?» Əgər ruhani işlər həyatımızda əsas yeri tutursa, Yehova əmin edir ki, biz heç nədən korluq çəkməyəcəyik (Matta 6:24-33).

10. Ruhani işlərə vaxt ayırmaq bizə hansı faydanı gətirir?

10 Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxumağa ayırdığımız vaxt, habelə oxuduqlarımız üzərində dərindən düşünmək Yehova Allaha yaxınlaşmağımıza kömək edə bilər (Yaqub 4:8). 40 il bundan əvvəl Müqəddəs Kitabı öyrənmək üçün vaxt ayırmağa başlayan Süzan deyir ki, ilk vaxtlar öyrənmə ona çox da maraqlı görsənmirdi. Sanki çiynindən ağır yük asılmışdı. Lakin sonradan hiss etdi ki, oxuduqca daha çox oxumaq istəyir. İndi Süzan hər hansı bir səbəbə görə şəxsi öyrənməsini keçirə bilməyəndə, çox kədərlənir. O deyir: «Şəxsi öyrənmənin sayəsində Yehovanı bir Ata kimi tanımışam. Ona e’tibar edirəm, Ona arxalanıram, duada Ona asanlıqla müraciət edirəm. Yehovanın Öz xidmətçilərini nə qədər sevdiyini görəndə, şəxsən mənim qayğıma necə qaldığını, mənə necə kömək etdiyini görəndə sevincim birə-min artır». Biz də müntəzəm olaraq ruhani tələbatlarımızı ödəsək, belə sevinc dada bilərik.

Başaq yığımı haqqında qanun

11. Başaq yığımı qanunu haqqında danışın.

11 Musanın qanunundan müzakirə edəcəyimiz növbəti məqam başaq yığımı qanunudur. Bu qanun Allahın Öz xalqının qeydinə qaldığını gözəl bir şəkildə ifadə edir. Yehovanın əmrinə görə israilli əkinçilər məhsul yığımı zamanı biçinçilərin arxasınca düşüb qalmış məhsulu kasıbların yığmasına icazə verməli idilər. Əkinçilər tarlalarının qıraq-bucağını büsbütün biçməməli, meynələrdə və zeytun ağaclarında qalmış meyvələri yığmamalı idilər. Tarlada unudulmuş taxıl dərzlərinin dalınca da qayıtmaq olmazdı. Allah bu yolla kasıblara, gəlmələrə, yetim və dullara Öz məhəbbətini göstərirdi. Düzdür, başaq yığmaq ağır zəhmət tələb etsə də, onları əl açıb sədəqə diləməkdən azad edirdi (Levililər 19:9, 10; Qanunun təkrarı 24:19-22; Məzmur 37:25).

12. Başaq yığımı qanunu əkinçilərə hansı imkanı verirdi?

12 Qanun əkinçinin kasıblar üçün nə qədər məhsul saxlayacağı haqda şərt kəsmirdi. Bu onun ixtiyarına buraxılırdı. O, biçin sahəsinin qıraqlarını dar da edə bilərdi, geniş də. Bu qanun israilliləri səxavətliliyə öyrədirdi. Qanunun sayəsində israillilər məhsullarına bərəkət verənə öz minnətdarlıqlarını göstərə bilərdilər, çünki ‘yoxsula lütf göstərən Yaradanına hörmət edir’ (Süleymanın məsəlləri 14:31). Məsələn, Boazı götürək. O, tarlasında başaq yığan Rut adlı dul qadının evinə kifayət qədər taxıl aparmasına qayğı göstərdi. Səxavətinə görə Yehova Boaza bolluca xeyir-dua verdi (Rut 2:15, 16; 4:21, 22; Süleymanın məsəlləri 19:17).

13. İsraildəki başaq yığımı qanunundan biz nə öyrənirik?

13 Bu qanunun əsasında duran prinsip öz mahiyyətini indiyədək itirməyib. Yehova xidmətçilərinin hamıya, xüsusilə kasıblara qarşı səxavətli olacağını gözləyir. Nə qədər səxavətli olsaq, bir o qədər də xeyir-dua alacağıq. İsa demişdi: «Verin, sizə də veriləcəkdir: ölçülüb-biçilmiş, silkələnib-basılmış, dolub-daşmış, bol bir ölçü ilə sizin ətəyinizə töküləcəkdir; çünki hansı ölçü ilə ölçsəniz, o ölçü ilə də sizə ölçüləcəkdir» (Luka 6:38).

14, 15. İnsanlara necə səxavət göstərə bilərik, bu bizə və kömək etdiyimiz adamlara hansı faydanı gətirir?

14 Həvari Pavel tövsiyə edir ki, «hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək» (Qalatiyalılara 6:10). Əlbəttə, bacı-qardaşlarımızın imanları sınananda onlara dayaq oluruq, bəs nəyəsə ehtiyac duyduqları zaman onlara praktiki kömək göstəririkmi? Ola bilər, kiməsə Padşahlıq Zalına gəlmək və ya bazarlıq etmək çətindir. Yığıncağınızda yaşlı, naxoş və ya evdən bayıra çıxa bilməyən xəstələr varmı? Heç bilirsiniz, bu bacı-qardaşlara baş çəkməyiniz, kömək etməyiniz onları nə qədər ruhlandırır? Həmimanlılarımızın ehtiyaclarına tezliklə hay verməyimiz göstərir ki, Yehova onların dualarına bizim vasitəmizlə cavab verir. Bir-birimizin qeydinə qalmaq məsihçi borcumuz olsa da, biz köməyi yalnız borc hissindən irəli gələrək etmirik. Həmimanlılarımıza məhəbbət göstərəndə sevinir, məmnunluq duyur və Allahımız Yehovanı razı salırıq (Süleymanın məsəlləri 15:29).

15 Məsihçilər vaxtlarını və qüvvələrini Allahın niyyəti haqqında danışmağa həsr etməklə də təmənnasızlıq göstərirlər (Matta 28:19, 20). Yehovaya həsr olunmaqda başqa bir insana kömək etmiş hər bir məsihçi İsanın sözlərini yaxşı başa düşür: «Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir» (Həvarilərin işləri 20:35).

Özünüzü tamahkarlıqdan qoruyun

16, 17. Onuncu əmr nəyi və nəyə görə qadağan edirdi?

16 Allahın İsrailə verdiyi Qanundan müzakirə edəcəyimiz sonuncu məqam tamahkarlığı qadağan edən onuncu əmrdir. Qanunda deyilir: «Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qaravaşına, öküzünə, eşşəyinə — heç bir şeyinə tamah salma» (Çıxış 20:17). Bu qanunun yerinə yetirilib-yetirilmədiyinə heç bir adam nəzarət edə bilməzdi, axı insan ürəyini kim oxuya bilər? Bu əmr İsrailə verilən Qanunu insan qanunlarından qat-qat yüksəklərə qaldırır. Qanun ayrılıqda hər bir israilliyə, ürəkləri oxuyan Yehova Allahın qarşısında məs’uliyyət daşıdığını xatırladırdı (1 Şamuel 16:7). Bu qanun həmçinin əksər günahların kökündə duran hissi aşkara çıxarırdı (Yaqub 1:14).

17 Tamahkarlığı qadağan edən əmr Allahın xalqını varlanmaq istəyinə uymamağa, acgözlük və dolanışığından giley-güzar etməməyə öyrədirdi. Əmr, həmçinin onları nəfslərini saxlamağa təşviq edərək oğurluq və əxlaqsızlıqdan çəkindirirdi. Həyatda varlı adamlara da, bizdən uğurlu olanlara da rast gələcəyik. Əgər düşüncə və hisslərimizi cilovlamasaq, onda sevincimizi itirəcək, onların paxıllığını çəkməyə başlayacağıq. Müqəddəs Kitabda tamahkarlıq ‘yanlış fikrin’ təzahürü adlanır. Gəlin bu mənfi keyfiyyəti təzahür etdirməkdən özümüzü qoruyaq (Romalılara 1:28-30).

18. Dünyada hansı ruh hökm sürür və bu hansı pis nəticələri gətirib?

18 Maddi mənfəət güdmək və rəqabət ruhu sanki zəmanəmizə hopub. Reklam vasitəsilə ticarətçilər insanlarda yeni şeylər almağa həvəs oyadır və elə bir fikir yayır ki, guya müəyyən bir şeyi almasaq, heç vaxt xoşbəxt olmayacağıq. Yehovanın qanunu məhz bu cür ruhu qadağan edirdi. Bə’zi adamlar nəyin bahasına olursa-olsun, həyatda uğur qazanmaq, varlanmaq istəyirlər. Həvari Pavel belələrini xəbərdar edir: «Varlanmaq istəyənlər... yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mə’nasız və ziyanverici ehtiraslara qapılırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Buna qapılan bə’ziləri iman yolundan uzaqlaşıb, özlərinə bir çox əzablar çəkdirdilər» (1 Timoteyə 6:9, 10).

19, 20. a) Yehovanın qanununu sevən adam nələri dəyərləndirir? b) Növbəti məqalənin mövzusu nədir?

19 Allahın qanununu sevənlər pul hərisliyinin doğurduğu təhlükələrdən xəbərdardırlar və özlərini ondan qoruyurlar. Məzmurçu Yehovaya dua edirdi: «Sərvət yığmaq istəyini qəlbimdən çıxart, meylimi Sənin öyüdlərinə tərəf yönəlt. Ağzından çıxan qanun mənim üçün minlərlə qızıldan, gümüşdən daha qiymətlidir» (Məzmur 119:36, 72). Əgər biz bu sözlərin doğruluğuna əminiksə, onda maddi hərislik və acgözlük tələlərindən uzaq gəzəcək, dolanışığımızdan giley-güzar etməyəcəyik. Var-dövlət yığmaq yox, «Allah yolu ilə yerimək... böyük qazancdır» (1 Timoteyə 6:6).

20 Qədimdə İsrail xalqına verilmiş Qanun o vaxtlar olduğu kimi, bu ağır günlərdə də öz dəyərini itirməyib. Bu prinsipləri həyatımızda nə qədər çox tətbiq etsək, bir o qədər də onların dəyərini anlayacaq, onları sevib qiymətləndirəcək, bir sözlə, daha xoşbəxt olacağıq. Qanunda bizim üçün çoxlu ibrət dərsləri vardır və onların həqiqi dəyəri Müqəddəs Kitabda qeydə alınmış insanların həyat nümunələrində aydın təzahür etdirilir. Bu nümunələrdən bə’zilərini növbəti məqalədə nəzərdən keçirəcəyik.

[Haşiyə]

a 176 ayədən ibarət 119-cu məzmurun beş ayəsindən («Yeni Dünya tərcüməsi»ndə dörd) başqa qalan hamısında aşağıdakı sözlərdən heç olmasa biri istifadə edilib: əmr, hökm, qanun, qayda-qanun, qayda, öyüd, və’d, yol və söz.

Necə cavab verərdiniz?

• 119-cu məzmurun yazıçısı Yehovanın qanununu nəyə görə sevirdi?

• Məsihçilər şənbə qanunundan nə öyrənə bilərlər?

• Başaq yığımı qanununun dəyəri nədədir?

• Tamahkarlığa qarşı əmr bizi necə qoruyur?

[13-cü səhifədəki şəkil]

Şənbə günü haqqındakı qanunun mahiyyəti nədən ibarət idi?

[15-ci səhifədəki şəkil]

Başaq yığımı qanunundan biz nə öyrənə bilərik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş