Yehovanın Kəlamı canlıdır
«Yeşaya» kitabından diqqətəlayiq fikirlər — I hissə
«KİMİ göndərim? Bizim üçün kim gedəcək?» Yehova Allahın çağırışına Amots oğlu Yeşaya hay verir: «Mən buradayam. Məni göndər» (Yeşaya 1:1; 6:8). Beləliklə, Allah Yeşayanı peyğəmbər tə’yin edir. Yeşayanın xidməti haqqında Müqəddəs Yazıların onun adını daşıyan kitabında oxumaq olar.
Peyğəmbərin şəxsən yazdığı bu kitab eramızdan əvvəl 778-732-ci illər arasındakı 46 illik dövrü əhatə edir. Kitabda Yehovanın Yəhuda, İsrail və ətraf xalqlara qarşı çıxardığı hökmləri yazılıb. Bununla belə, kitabın əsas mövzusu ittiham yox, ‘qurtuluşdur’ (Yeşaya 25:9). Elə Yeşayanın da adının mə’nası «Xilas Yehovadandır» deməkdir. Bu məqalədə Yeşaya 1:1–35:10 ayələrindən diqqətəlayiq fikirləri araşdıracağıq.
‘SAĞ QALANLAR DÖNƏCƏKLƏR’
Kitabın ilk beş fəslindəki peyğəmbərliyin Yeşayanın xidmətə başlamasından əvvəl, yoxsa sonra deyilməsi haqda Müqəddəs Yazılarda heç bir mə’lumat verilmir (Yeşaya 6:6-9). Amma bir şey bəllidir ki, Yəhuda və Yerusəlim «təpədən dırnağacan» ruhən xəstədir (Yeşaya 1:6). Bütpərəstlik baş alıb gedir. Rəhbərlər pula görə hər cür qanunsuzluğa əl atırlar. Qadınlar qürurdan yerə-göyə sığmırlar. Xalq Allaha Onun istədiyi kimi xidmət etmir. Allah Yeşayaya cahil və qanmaz xalqa dönə-dönə xəbərdarlıq etməyi tapşırır.
İsraillə Suriyanın birləşmiş qoşunları Yəhudaya hücum etməyə hazırlaşırlar. Yeşaya uşaqları ilə birlikdə Yəhuda üçün ‘rəmz və nişanədir’. Yehova onların vasitəsilə xalqı əmin edir ki, Suriya ilə İsrail ittifaqa girsələr də Yəhudaya xətər yetirə bilməyəcəklər (Yeşaya 8:18). Əbədi sülhü yalnız «Əmin-amanlıq Hökmdarı»nın hakimiyyəti gətirəcək (Yeşaya 9:6, 7). Yehova Allah ‘qəzəb əsası’ olan Aşşur üçün də hökm çıxaracaq. Yəhuda əsir aparılacaq, ancaq ‘sağ qalanlar dönəcəklər’ (Yeşaya 10:5, 21, 22). Həqiqi ədalət ‘Yesseyin kötüyündən çıxan fidanın’ hakimiyyəti zamanı yer üzündə hökm sürəcək (Yeşaya 11:1).
Müqəddəs Kitab suallarına cavablar:
1:8, 9 — Sion qızı hansı mə’nada ‘bağdakı çardaq, bostandakı koma kimi tək qalacaq’? Bu sözlər onu göstərir ki, aşşurluların hücumu zamanı Yerusəlim bağdakı çardaq kimi müdafiəsiz olacaq, bostandakı uçuq-sökük komaya oxşayacaq. Lakin Yehova Allah onun dadına yetəcək və onu Sodom və Homorranın gününə düşməyə qoymayacaq.
1:18 — Yehova, «gəlin aramızdakı məsələləri həll edək» sözləri ilə xalqına nə demək istəyirdi? Bu o demək deyildi ki, Yehova onlarla ümumi bir razılığa gəlmək istəyir. Bu ayə onu göstərir ki, ədalətli Hakim Yehova İsrail xalqına əməllərini düzəltməyə, təmizlənməyə imkan verirdi.
6:8a — Ayədə nə üçün əvvəlcə birinci şəxsin təki, sonra isə cəmi işlənir? «Göndərim» deyəndə Yehova Özünü nəzərdə tutur. Amma «bizim» sözü Allahın yanında başqa şəxsin olduğuna işarə edir. Sözsüz ki bu, Allahın ‘vahid Oğlu’ İsa Məsihdir (Yəhya 1:14; 3:16).
6:11— «Nə vaxtadək, ya Xudavənd?» deyərkən Yeşaya nəyi nəzərdə tuturdu? Burada Yeşaya Yehovanın hökmlərini daşürəkli xalqa nə vaxtadək çatdıracağını soruşmur. Yeşayanın bilmək istədiyi odur ki, xalqın ruhani xəstəliyi Allahın adına nə vaxtadək ləkə gətirəcək.
7:3, 4 — Yehova nə üçün Allahdan qorxmayan padşah Axazı xilas etdi? Suriya ilə İsrailin padşahı, Yəhuda hökmdarı Axazı taxtdan salıb yerinə Davudun nəslindən olmayan Tabelin oğlunu qoymaq istəyirdi. Bununla Şeytan, Yehovanın Davudla bağladığı padşahlıq haqqındakı əhdi pozmaq istəyirdi. Yehova «Əmin-amanlıq Hökmdarı»nın gələcəyi nəsli qorumaq üçün Axazı xilas etdi (Yeşaya 9:6).
7:8 — Efrayim altmış beş ilə necə «darmadağın» edildi? İsraillilərin onqəbiləli padşahlıqdan sürgün edilməsi və yadellilərin orada məskunlaşdırılması Yeşayanın bu peyğəmbərliyi deməsindən az sonra ‘İsrail padşahı Peqahın dövründə’ başladı (2 Padşahlar 15:29). Bu siyasəti Aşşur padşahı Sanxerivin oğlu və varisi Esar-Xaddon da davam etdirdi (2 Padşahlar 17:6; Ezra 4:1, 2; Yeşaya 37:37, 38). Aşşur padşahlarının xalqları köçürmə siyasəti Yeşaya 7:8 ayəsində xatırlanan 65 ili əhatə etmişdir.
11:1, 10 — İsa Məsih necə həm ‘Yesseyin kötüyündən çıxan fidan’, həm də «Yesseyin kökü» ola bilər? (Romalılara 15:12) İsa Yesseyin oğlu Davudun nəslindən doğulduğu üçün ‘Yesseyin kötüyündən çıxan fidan’ adlanır (Matta 1:1-6; Luka 3:23-32). Amma yeni tə’yin edilmiş padşah kimi onun əcdadları ilə münasibətdə mövqeyi dəyişir. İsaya itaətkar bəşəriyyətə yer üzündə əbədi həyatı bəxş etmək üçün səlahiyyət və güc verildiyindən o, hamının «Əbədi Ata»sı olacaq (Yeşaya 9:6). Beləliklə İsa, Yessey də daxil olmaqla, bütün əcdadlarının «kökü»dür.
Bizim üçün ibrət dərsləri:
1:3. Yaradanın tələblərinə əsasən yaşamamaq öküz və eşşəkdən də qanmaz olmaq deməkdir. Amma bizim üçün etdiklərinə görə Yehova Allaha minnətdar olsaq, ağılla yaşayar və Onun yolundan dönmərik.
1:11-13. Riyakar dini mərasimlər və rəsmiyyət xatirinə edilən dualar Yehovanı yorur. Allah üçün gördüyümüz işləri təmiz ürəklə etməliyik, dualarımız da səmimi olmalıdır.
1:25-27; 2:2; 4:2, 3. Tövbə etmiş israillilərin Yerusəlimə qayıtması və təmiz ibadəti bərpa etməsi ilə Yəhudanın köləliyi və viranəliyinin sonu çatdı. Yehova Allah günahlarına görə peşmançılıq çəkən insanlara qarşı rəhmlidir.
2:2-4. Padşahlığın təbliği və şagird hazırlamaq işində sə’ylə iştirak edəndə müxtəlif xalqlardan olan insanlara sülhü tapmağa və bir-biri ilə əmin-amanlıqda yaşamağa kömək edirik.
4:4. Yehova yer üzündən murdarlığı və qanı yuyub təmizləyəcək.
5:11-13. İstirahətdə hədd bilməmək ağılsızlıqdır (Romalılara 13:13).
5:21-23. Ağsaqqallar və ya nəzarətçilər ‘özlərini müdrik zənn etməməlidirlər’. Onlar həm də «şərab» düşkünü olmamalı, tərəfkeşlik etməməlidirlər.
11:3a. İsanın həyatı və tə’limləri göstərir ki, Allah qorxusunda sevinc var.
«RƏBB YAQUB NƏSLİNƏ RƏHM EDƏCƏK»
«Yeşaya» kitabının 13-dən 23-dək fəsillərində Allahın müxtəlif xalqlara qarşı hökmü yazılıb. Yehova ‘Yaqub nəslinə rəhm edərək’ İsrailin bütün qəbilələrini vətənə qaytaracaq (Yeşaya 14:1). 24-dən 27-dək fəsillərdə Yəhudanın xarabalığa çevrilməsi xəbəri ilə yanaşı, onun bərpası haqda və’d yazılıb. ‘Efrayim [İsrail] sərxoşları’ Suriya ilə, Yəhudanın ‘kahinləri və peyğəmbərləri’ Aşşurla ittifaqa girdiklərinə görə Yehovanın qəzəbinə tuş olmuşlar (Yeşaya 28:1, 7). Müdafiə üçün ‘Misirə’ üz tutduğuna görə ‘Arieli [Yerusəlimi]’ müsibət gözləyir (Yeşaya 29:1; 30:1, 2). Ancaq Yehovaya ümid bağlayan hər kəs xilas olacaq.
Yehova Allah «Sion dağını», öz şikarı üstündə nə’rə çəkən gənc aslan kimi qoruyacaq (Yeşaya 31:4). Yeşaya 32:1 ayəsində və’d edilir: «Budur, padşah salehliklə hökm sürəcək». Aşşurluların Yəhudaya gəldiyi hədə-qorxudan ‘sülh qasidləri belə hönkürüb ağlayırlar’. Yehova isə və’d edir ki, xalqına şəfa verəcək, onların ‘günahlarını bağışlayacaq’ (Yeşaya 33:7, 22-24). «Rəbb bütün millətlərə qarşı qəzəbləndi, onların ordularına qarşı qeyzə gəldi» (Yeşaya 34:2). Yəhuda diyarı daima xaraba qalmayacaq. «Səhra və quru torpaq sevinəcək, göl şadlanacaq, nərgiz kimi çiçəklənəcək» (Yeşaya 35:1).
Müqəddəs Kitab suallarına cavablar:
13:17 — Midiyalılar nə üçün gümüşə qiymət vermir, qızılı sevmirdilər? Midiyalılar və farslar müharibədə zəfər çalmağı qənimətdən üstün tuturdular. Kir də Navuxodonosorun Yehovanın mə’bədindən apardığı qızıl və gümüş qabları vətənə qayıdan israillilərə vermişdi.
14:1, 2 — Necə oldu ki, Allahın xalqı ‘onları əsir aparanları özləri əsir etdi, onlara zülm edənlərin üzərində hökm sürdü’? Bu sözlər Midiya-Fars dövlətində yüksək vəzifə tutan Daniel, fars padşahının arvadı Ester və Fars imperiyasında baş vəzir olan Mordokay kimi adamlara aid idi.
20:2-5 — Doğrudanmı Yeşaya üç il lümlüt gəzdi? Çox güman ki, peyğəmbər ancaq üst paltarını çıxarıb, alt paltarında gəzirdi.
21:1 — «Dəniz sahilindəki səhra» dedikdə hara nəzərdə tutulur? Bu sözlər Babil şəhərinə aid idi. Şəhərin yaxınlığında dəniz olmasa da, Dəclə və Fərat çayları hər il daşıb ətrafı basır və «dəniz» boyda bataqlıq yaradırdı.
24:13-16 — Yəhudilər hansı mə’nada xalqlar arasında zeytunlarını tökmək üçün silkələnən zeytun ağacı, üzüm məhsulu yığılandan sonra qalan salxımlar kimi olacaqdılar? Məhsul yığımından sonra ağaclarda bir qədər meyvə, tənəklərdə bir az üzüm qaldığı kimi, Yerusəlim və Yəhudanın məhvindən də az sayda adam sağ çıxdı. Sağ qalanlar şərqə [Babilə], ‘dənizin [Aralıq dənizinin] adalarına’ (KM) sürgün edilsələr də, yenə də Yehova Allahın adına şərəf gətirirdilər.
24:21 — ‘Göydəki ordular’ və ‘yer üzünün padşahları’ kimlərdir? ‘Göydəki ordular’ şər ruhani qüvvələrə aid ola bilər. ‘Yer üzünün padşahları’ isə cinlərin himayəsi altında olan yerdəki rəhbərlərdir (1 Yəhya 5:19).
25:7 — ‘Bütün xalqların üzərindəki duvaq, bütün millətlərin üstündə olan toxunma örtük’ nədir? Burada söhbət bəşəriyyətin böyük düşməni olan günah və ölümdən gedir.
Bizim üçün ibrət dərsləri:
13:20-22; 14:22, 23; 21:1-9. Yehovanın dediyi hər bir peyğəmbərlik sözü həyata keçir. Babil haqqındakı peyğəmbərlik buna parlaq nümunədir.
17:7, 8. İsraillilərin əksəriyyəti Allahın xəbərdarlığına qulaq asmasa da, onların arasında Yehovaya güvənən insanlar da var idi. Bu gün də xristian dünyasında Padşahlıq xəbərinə hay verənlər tapılır.
28:1-6. Allah Aşşurun İsraili istila etməsinə yol versə də, sadiq adamları qorudu. Allah hökm çıxaranda salehləri ümidsiz qoymur.
28:23-29. Yehova təmiz ürəkli insanları tələbatlarına və şəraitlərinə uyğun islah edir.
30:15. Yehovanın bizi xilas etməsi üçün Ona güvənib ‘rahatlıq tapmalıyıq’, yə’ni qurtuluşu insanlardan gözləməməliyik. ‘Sakitləşərək’, yə’ni qorxmayaraq Yehovanın bizi müdafiə edəcəyinə inandığımızı göstəririk.
30:20, 21. Biz Yehovanın Müqəddəs Kitab və «sadiq və ağıllı qul» vasitəsilə dediklərinə əməl etməklə Onu ‘görür’, xilasa aparan səsini ‘eşidirik’ (Matta 24:45).
«Yeşaya» kitabı Allahın Kəlamına e’tibarımızı artırır
«Yeşaya» kitabına görə biz Allaha necə də minnətdarıq! Yerinə yetmiş peyğəmbərliklər Yehovanın ağzından çıxan kəlmənin boş yerə Onun yanına qayıtmadığına inamımızı möhkəmləndirir (Yeşaya 55:11).
Bəs Məsihə aid Yeşaya 9:7 və 11:1-5, 10 ayələrindəki və başqa peyğəmbərliklər barəsində nə demək olar? Məgər onları oxuyanda Yehovanın xilasımız üçün gördüyü tədbirlərə e’tibarımız möhkəmlənmirmi? Kitabda, həmçinin bizim günlərdə yerinə yetən və ya gələcəyə aid olan peyğəmbərliklər də var (Yeşaya 2:2-4; 11:6-9; 25:6-8; 32:1, 2). Həqiqətən də, «Yeşaya» kitabı sübut edir ki, ‘Allahın kəlamı canlıdır’ (İbranilərə 4:12).
[30-cu səhifədəki şəkil]
Yeşaya uşaqları ilə birlikdə ‘İsrailə rəmz və nişanə’ idi.
[30 və 31-ci səhifələrdəki şəkil]
Yerusəlim «bağdakı çardaq» kimi olacaq.
[32-ci səhifədəki şəkil]
Xalqlara «qılınclarından kotan» düzəltməyə nə kömək edir?