Minnətdarlığınızı daima artırın
«Ey Allah... fikirlərinin qiyməti çoxdur, onların sayı-hesabı yoxdur!» (MƏZMUR 139:17).
1, 2. Biz nə üçün Allahın Kəlamını qiymətləndirməliyik, bəs məzmurçu onu qiymətləndirdiyini necə ifadə etmişdi?
BU HEYRƏTAMİZ tapıntı idi. Yerusəlimdə Yehovanın mə’bədində tə’mir işləri aparılan zaman baş kahin Xilqiya «Musa vasitəsilə verilən Rəbbin Qanun kitabını tapdı». Şübhə yox idi ki, bu, təxminən 800 il əvvəl yazılmış orijinal əlyazma idi. Təsəvvür edə bilərsinizmi ki, kitabı Allah qorxusuna malik Yoşiya padşahın qabağına qoyanda o, hansı hissləri keçirmişdi? Padşah tapıntını yüksək qiymətləndirib, dərhal mirzə Şafana kitabı ucadan oxumağı əmr etdi (2 Salnamələr 34:14-18).
2 Bu gün milyardlarla insanın Allahın Kəlamını tam və ya qismən oxumaq imkanı var. Ancaq bundan Müqəddəs Yazıların dəyəri və əhəmiyyəti azalırmı? Qətiyyən! Axı burada hər şeyə qadir Allahın bizim xeyrimiz üçün olan fikirləri yazılıb (2 Timoteyə 3:16). Allahın Kəlamına münasibətini bildirərək məzmurçu Davud yazırdı: «Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, onların sayı-hesabı yoxdur!» (Məzmur 139:17).
3. Davudun, sözün əsl mə’nasında ruhani insan olduğu nədən görünür?
3 Davud həmişə Yehovaya, Onun Kəlamına ehtiramla yanaşır, həqiqi ibadət üçün olan bütün tədbirləri yüksək qiymətləndirirdi. O, yazdığı bir çox gözəl məzmurlarda öz hisslərini ifadə etmişdi. Məsələn, Məzmur 27:4 ayəsində Davud yazırdı: «Rəbdən bir arzum, bir istəyim var: bütün ömrüm boyu Rəbbin evində yaşayım, mə’bədində Rəbbin camalına baxım, Ona pərəstiş edim». «Ona pərəstiş edim» kimi tərcümə olunan ifadə orijinal ibrani mətnində durub seyr etmək, diqqətlə gözdən keçirmək, məmnunluqla, məftunluqla, heyran-heyran baxmaq mə’nasını daşıyır. Sözün əsl mə’nasında ruhani insan olan Davud imanının möhkəmlənməsi üçün Yehovanın təqdim etdiyi hər şeyə görə minnətdar idi və Onun açdığı həqiqətləri böyük məmnuniyyətlə qəbul edirdi. Davudun nümunəsi təqlid olunmağa layiqdir (Məzmur 19:7-11).
Müqəddəs Kitab həqiqətini bildiyinə görə minnətdar ol
4. İsa nə üçün ‘ruhən sevindi’?
4 Allahın Kəlamını başa düşmək üçün məğrurluq doğuran zəka və ya dünyəvi təhsil lazım deyil. Əksinə, bu, ruhani tələbatlarını dərk edən təvazökar və səmimi insanlara Yehovanın göstərdiyi lütfdən asılıdır (Matta 5:3; 1 Yəhya 5:20). İsa bə’zi qeyri-kamil insanların göydə adlarının yazıldığı üzərində düşünəndə «ruhən sevinib dedi: “Ey göyün və yerin Rəbbi olan Ata, şükür edirəm Sənə ki, bu şeyləri müdriklərdən və ağıllılardan gizlədib körpələrə açdın”» (Luka 10:17-21).
5. İsanın şagirdləri nə üçün onlara açılan Padşahlıq haqqında həqiqətlərə adi yanaşmamalı idilər?
5 Bu səmimi duadan sonra İsa üzünü şagirdlərinə tutaraq dedi: «Sizin gördüyünüz şeyləri görən gözlər nə bəxtiyardır! Çünki sizə deyirəm ki, bir çox peyğəmbərlər və hökmdarlar sizin gördüyünüz şeyləri görmək arzusunda oldular, amma görmədilər; sizin eşitdiyiniz şeyləri eşitmək arzusunda oldular, amma eşitmədilər». Bəli, İsa sadiq davamçılarını təşviq edirdi ki, onlara açılan Padşahlıq haqqındakı qiymətli həqiqətlərə adi yanaşmasınlar. Bu həqiqətlər Allahın əvvəlki xidmətçilərinə açılmamışdı və əlbəttə ki, İsanın günlərində yaşayan «müdriklərdən və ağıllılardan» gizli qalmışdı! (Luka 10:23, 24).
6, 7. a) Allahın açdığı həqiqətlərə görə minnətdar olmağımıza hansı səbəblər vardır? b) Bu gün həqiqi dinlə yalan din arasında hansı fərq aydın görünür?
6 Bizim isə Allahın açdığı həqiqətlərə görə minnətdar olmağımıza daha çox səbəbimiz var, çünki Yehova «sadiq və ağıllı qul» vasitəsilə Öz Kəlamının dərinliklərini xalqına başa salır (Matta 24:45; Daniel 12:10). Daniel peyğəmbər son günlər barədə yazırdı: «Çox adam özünü ora-bura vuracaq və bilik artacaq» (Daniel 12:4). Məgər bu gün Allah haqqında bilik artmayıbmı? Yehova Öz xidmətçilərini bol-bol qidalandırmırmı?
7 Allahın xalqının ruhani firavanlığı ilə Böyük Babilin dini qarışıqlığı arasında necə də böyük fərq vardır! Bunun nəticəsində, yalan dindən ikrah edən və ümidləri doğrulmayan insanlar həqiqi ibadətə tərəf üz tuturlar. Bu, Böyük Babilin ‘günahlarına şərik olmaq’ və ya ‘bəlalarına düçar olmaq’ istəməyən həlim insanlardır. Yehova bütün belə insanları xidmətçiləri vasitəsilə həqiqi məsihçi yığıncağına də’vət edir (Vəhy 18:2-4; 22:17).
Minnətdar insanlar Allaha tərəf axışırlar
8, 9. Haqqay 2:7 ayəsi bu gün necə yerinə yetir?
8 Yehova Öz ruhani mə’bədi haqqında qabaqcadan demişdi: «Bütün millətləri lərzəyə salıb hamısının cah-cəlalını buraya gətirdəcəyəm və bu mə’bədi əzəmətlə dolduracağam» (Haqqay 2:7). Bu möhtəşəm peyğəmbərlik ilk dəfə Haqqayın günlərində, Yerusəlimə dönən Allahın xalqı mə’bədi bərpa edərkən yerinə yetdi. Bizim günlərdə Haqqayın bu sözləri Yehovanın böyük ruhani mə’bədi ilə bağlı yerinə yetir.
9 Milyonlarla insanlar Allaha «ruhən və həqiqətən» ibadət etmək üçün ruhani mə’bədə artıq gəlmişlər, hər il isə ‘bütün millətlərin cah-cəlalı’ olan 200 000-dən çox insan bu mə’bədə axışır (Yəhya 4:23, 24). Məsələn, 2006-cı xidmət ili üçün olan ümumdünya hesabatından görünür ki, həmin ildə 248 327 insan Yehovaya həsr olunmanın rəmzi olaraq vəftiz olmuşdur. Bu o deməkdir ki, orta hesabla hər gün 680 adam həqiqi ibadətə qoşulur. Onların həqiqətə sevgisi və Padşahlığın təbliğçiləri kimi Yehovaya xidmət etmək arzusu Allahın onları cəlb etdiyini göstərir (Yəhya 6:44, 65).
10, 11. İnsanların həqiqəti qəbul edib, onu dəyərləndirməyə başladığına dair nümunə gətirin.
10 Bu səmimi insanların çoxu «salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi» gördükləri üçün həqiqəti qəbul etmişlər (Malaki 3:18). Protestant kilsəsinə mənsub olsa da, bir çox sualları cavabsız qalan ər-arvad Vayn və Virciniyanın nümunəsinə nəzər salaq. Onlar müharibələrə nifrət edirdilər və keşişin əsgərlərə və silaha xeyir-dua verdiyini görəndə çaş-baş qalırdılar. Virciniyanın çox illər ərzində kilsənin məktəbində hər bazar dərs verdiyinə baxmayaraq, yaşa dolduqda, onlar kilsənin digər üzvlərinin e’tinasızlığını hiss edirdilər. Onlar danışırlar: «Heç kəs bizə baş çəkmir, ruhani vəziyyətimizlə maraqlanmırdı. Kilsəyə ancaq bizim pulumuz lazım idi. Biz onlardan belə şeyi heç gözləməzdik». Kilsə homoseksuallığa göz yumanda isə onlar daha çox mə’yus oldular.
11 Bu arada Vayn və Virciniyanın nəvəsi, sonra isə qızı Yehovanın Şahidi oldular. Əvvəlcə onların qanı qaralsa da, sonradan fikirlərini dəyişib özləri də Müqəddəs Kitabı öyrənməyə başladılar. Vayn deyir: «Müqəddəs Kitab haqqında 70 ilə öyrənə bilmədiklərimizi cəmi üç aya öyrəndik! Biz bilmirdik ki, Allahın adı Yehovadır, Onun Padşahlığından və yerin Cənnətə çevriləcəyindən xəbərimiz yox idi». Tezliklə bu səmimi qocalar məsihçi görüşlərinə gəlməyə və təbliğ etməyə başladılar. Virciniya deyir: «Biz həqiqəti hamıya çatdırmaq istəyirik». 80 yaşlarında olan bu ər-arvad 2005-ci ildə vəftiz oldu. Onlar deyirlər: «Axır ki, biz həqiqi məsihçi ailəsini tapdıq».
‘Hər cür yaxşı iş üçün təchiz edildiyimizə’ görə minnətdarıq
12. Yehova həmişə Öz xidmətçilərini nə ilə tə’min edir və bundan faydalanmaq üçün biz nə etməliyik?
12 Yehova həmişə Öz xidmətçilərinə iradəsini yerinə yetirməyə kömək edir. Məsələn, Nuh gəminin tikintisinə dair aydın, konkret göstərişlər almışdı. Bu iş ilk dəfədən düzgün icra olunmalı idi. Nuh belə də etdi. Bəs nəyin sayəsində o bunu bacardı? Çünki «Nuh hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi» (Yaradılış 6:14-22). Yehova bu gün də xalqını hər şeylə tə’min edir ki, Onun iradəsini yerinə yetirə bilsin. Əlbəttə ki, bizim əsas işimiz Allahın artıq qurulmuş Padşahlığı haqqında xoş xəbəri təbliğ etmək və layiq olanlara İsa Məsihin şagirdi olmağa kömək etməkdir. Nuh kimi bizim də müvəffəqiyyət qazanmağımız itaətkarlıqdan asılıdır. Biz Yehovanın Kəlamı və təşkilatı vasitəsilə verdiyi rəhbərliyə əməl etməliyik (Matta 24:14; 28:19, 20).
13. Yehova bizə necə tə’lim verir?
13 Bu işin öhdəsindən gəlmək üçün əsas alətimiz olan Allahın Kəlamından düzgün istifadə etməyi öyrənməliyik. Bu kitab «tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin» (2 Timoteyə 2:15; 3:16, 17). Birinci əsrdə olduğu kimi, bu gün də Yehova bizə məsihçi yığıncağı vasitəsilə dəyərli tə’lim verir. Bütün dünyada mövcud olan 99 770 yığıncaqda hər həftə keçirilən Teokratik Xidmət Məktəbinin və xidməti görüşlərin təbliğimizi yaxşılaşdırmaqda oynadığı rol əvəzsizdir. Bu görüşlərə müntəzəm gəlməklə və orada aldığın məsləhətlərə əməl etməklə onları qiymətləndirdiyini göstərirsənmi? (İbranilərə 10:24, 25).
14. Yehovanın xalqı Ona xidmət etmək şərəfini qiymətləndirdiyini necə göstərir? (Şərhlərinə 27-30-cu səhifələrdəki hesabatdan mə’lumatı da daxil et.)
14 Yehovanın bütün dünyada olan milyonlarla xidmətçisi Onun verdiyi tə’limə görə minnətdarlığını durmadan xidmət etməklə göstərir. Məsələn, 2006-cı xidmət ili ərzində Padşahlığın 6 741 444 təbliğçisi xidmətin bütün növlərinə ümumi hesabla 1 333 966 199 saat sərf etmiş, 6 286 618 Müqəddəs Kitab öyrənməsi aparmışdır. Bunlar ümumdünya təbliğ hesabatının yalnız bir neçə ruhlandırıcı məqamlarıdır. Biz sizə bu hesabatı diqqətlə nəzərdən keçirməyi təklif edirik. Birinci əsrdə təbliğ işinin genişlənməsi haqqındakı hesabat o dövrdə yaşayan məsihçiləri ruhlandırdığı kimi, əminik ki, bu hesabat sizi də ruhlandıracaq (Həvarilərin işləri 1:15; 2:5-11, 41, 47; 4:4; 6:7).
15. Yehovaya ürəkdən xidmət edən məsihçilər nə üçün mə’yusluğa qapılmamalıdırlar?
15 Hər il Allaha ucalan yüksək həmd səsləri Yehovanın xalqının Onu tanımaq və haqqında şahidlik etmək şərəfini yüksək qiymətləndirdiyini əks etdirir (Yeşaya 43:10). Bəli, bə’zi yaşlı, səhhəti zəif olan bacı-qardaşların təqdim etdiyi həmd qurbanlarını dul qadının iki leptonuna bənzətmək olar. Lakin gəlin heç vaxt unutmayaq ki, Yehova və Onun Oğlu xidmətdə əllərindən gələni edən bütün məsihçilərin sə’ylərini qiymətləndirirlər (Luka 21:1-4; Qalatiyalılara 6:4).
16. Son illərdə Allah bizi hansı tə’lim vəsaitləri ilə tə’min etmişdir?
16 Yehova bizə təşkilatı vasitəsilə xidmət etməyi öyrətməkdən savayı, həm də ə’la tə’lim vəsaitləri ilə tə’min edir. Son onilliklərdə «Əbədi həyata aparan həqiqət», «Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz», «Əbədi həyata aparan bilik», bu yaxınlarda isə «Müqəddəs Kitab əslində nə öyrədir?» kimi kitablar nəşr olunmuşdur. Bu vəsaitləri doğrudan da qiymətləndirənlər xidmətdə onlardan məharətlə istifadə edirlər.
«Müqəddəs Kitab öyrədir» kitabından məharətlə istifadə et
17, 18. a) Sən xidmətdə «Müqəddəs Kitab öyrədir» kitabının hansı hissəsindən daha çox istifadə edirsən? b) Bir rayon nəzarətçisi «Müqəddəs Kitab öyrədir» kitabına dair nəyi müşahidə etmişdir?
17 19 fəsildən, müəyyən mövzuları ətraflı müzakirə edən «Əlavələr» bölməsindən ibarət olan, sadə dillə yazılan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı xidmətdə istifadə etmək üçün əsl hədiyyədir. Məsələn, 12-ci fəsildə «Allahı sevindirən həyat tərzi» mövzusu müzakirə edilir. Burada Allahla dost olmağın necə mümkün olduğu izah edilir. Çoxları bu haqda heç vaxt düşünməmişlər və ya bunu əlçatmaz hesab edirlər (Yaqub 2:23). Müqəddəs Yazıları öyrənmək üçün nəzərdə tutulan bu kitab barədə oxucular hansı fikirdədirlər?
18 Avstraliyada xidmət edən rayon nəzarətçisi hesabatında qeyd edir ki, kitabın vasitəsilə insanı asanlıqla söhbətə cəlb etmək olur, kitabdan istifadə etmək o dərəcədə asandır ki, bir çox təbliğçilər xidmətdə yenidən əminlik və sevinc əldə ediblər. Ona görə də, çoxlarının bu kitabı Qızıl Külçə adlandırması təəccüblü deyil!
19-21. «Müqəddəs Kitab öyrədir» kitabının dəyərini göstərən bir neçə hadisə danışın.
19 «Sizi Allah göndərib!» Bu sözləri Qayanada yaşayan bir qadın onun yanına gələn pionerə demişdi. Onunla yaşayan kişi bir qədər əvvəl onu iki balaca uşaqla atıb getmişdi. Pioner «Müqəddəs Kitab öyrədir» kitabının birinci fəslini açıb, «Allahın ədalətsizliyə münasibəti» adlı yarımbaşlıq altındakı 11-ci abzası qadına oxudu. Pioner deyir: «Buradakı fikirlər ona böyük tə’sir bağışladı. O, dükanın arxasına gedib, hönkür-hönkür ağladı». Qadın yerli yığıncaqdan olan bacı ilə Müqəddəs Kitabı öyrənməyə razılaşdı və hazırda ruhani cəhətdən inkişaf edir.
20 İspaniyada yaşayan Hose arvadını avtomobil qəzasında itirmişdi. O, təsəllini narkotiklərdə axtarırdı, həmçinin psixoloqa da müraciət etmişdi. Ancaq psixoloq Hoseni ən çox narahat edən «Allah nə üçün yoldaşımın ölümünə yol verdi?» sualına cavab verə bilmədi. Bir gün Hose onunla eyni şirkətdə işləyən Françeskoya rast gəldi. Onlar Françeskonun təklifi ilə «Müqəddəs Kitab öyrədir» kitabının «Allah əzablara nə üçün yol verir?» adlı 11-ci fəslini müzakirə etdilər. Müqəddəs Yazılara əsaslanan izahat və müəllim-şagird nümunəsi Hoseyə dərin təəssürat bağışladı. Hose Allahın Kəlamını ciddi öyrənməyə başladı, rayon konqresində iştirak etdi və hal-hazırda yerli Padşahlıq Zalında keçirilən görüşlərə gəlir.
21 Polşada yaşayan 40 yaşlı iş adamı Roman Allahın Kəlamına həmişə hörmət bəsləyib. Ancaq başı büsbütün işinə qarışdığından, Müqəddəs Kitab öyrənməsində elə də böyük irəliləyişlər etməmişdi. O, vilayət konqresinə gəlib, «Müqəddəs Kitab öyrədir» kitabının bir nüsxəsini aldı. Bundan sonra o, gözəçarpan irəliləyişlər etdi. O deyir: «Bu kitabda Müqəddəs Yazıların bütün əsas tə’limlərinin aydın izah edilməsi sayəsində insanda həqiqət haqqında tam təsəvvür yaranır». Roman indi Müqəddəs Kitabı müntəzəm olaraq öyrənir və yaxşı nailiyyətlər əldə etmişdir.
Minnətdarlığını daima artır
22, 23. Gələcəyə olan ümidə görə minnətdarlığımızı necə bildirə bilərik?
22 «Qurtuluş yaxındır!» adlı maraqlı vilayət konqresində deyildiyi kimi, həqiqi məsihçilər Allahın və’d etdiyi və İsa Məsihin tökülən qanı sayəsində mümkün olan ‘əbədi qurtuluşu’ səbirsizliklə gözləyirlər. Bu dəyərli ümidə görə minnətdarlığımızı bildirməyin ən yaxşı üsulu ‘yaşayan Allaha ibadət edə bilməmiz üçün ölüm gətirən işlərdən’ özümüzü təmizləməkdir (İbranilərə 9:12, 14).
23 Bəli, bütün dünyada xudbinlik ruhunun geniş yayıldığı halda Padşahlığın altı milyondan çox təbliğçisinin sədaqətlə Allaha xidmət etməsi həqiqətən də mö’cüzədir. Bu, həmçinin onu da sübut edir ki, Yehovanın xalqı ona həvalə olunan iş üçün dərindən minnətdardır. Allahın xidmətçiləri əmindirlər ki, ‘Rəbbin yolunda çəkdikləri əmək əbəs deyildir’. Qoy bu minnətdarlıq hissi daima artsın! (1 Korinflilərə 15:58; Məzmur 110:3).
Necə cavab verərdiniz?
• Allahla münasibətlərimizə və Onun bütün ruhani tədbirlərinə necə yanaşmalı olduğumuza dair məzmurçudan nə öyrənirik?
• Haqqay 2:7 ayəsi bu gün necə yerinə yetir?
• Yehova xalqının effektiv surətdə təbliğ etməsi üçün onu nə ilə tə’min edir?
• Yehovanın xeyirxahlığına görə öz minnətdarlığını necə bildirə bilərsən?
[27-30-cu səhifələrdəki cədvəl]
2006 YEHOVANIN ŞAHİDLƏRİNİN XİDMƏT İLİ ÜÇÜN ÜMUMDÜNYA HESABATI
(Hesabata nəşrin özündə baxın)
[31-ci səhifədəki şəkillər]
Yehova Onun iradəsini yerinə yetirmək üçün bizi hər şeylə tə’min edir.