Bütün iztirablara tezliklə son qoyulacaq
«O, işləri kamil Qayadır» (QANUNUN TƏKRARI 32:4).
1, 2. a) Əbədi yaşamaq ümidini nəyə görə qiymətləndirirsən? b) Gələcəyə gözəl ümid verən Allaha inanmağa çoxlarına nə mane olur?
CƏNNƏTDƏKİ həyatı xəyalında canlandırmağı xoşlayırsanmı? Bəlkə də sən gözəl planetimizi tədqiq etdiyini və sonsuz sayda canlı varlıqlar haqqında öyrəndiyini təsəvvürünə gətirirsən. Yaxud Yerin Cənnətə çevrilməsi üçün başqaları ilə çiyin-çiyinə işləyəcəyini düşünməkdən məmnunluq duyursan və ya incəsənət, me’marlıq, musiqi sahəsində qabiliyyətlərini inkişaf etdirəcəyini, bugünkü təlatümlü dünyada vaxt çatdıra bilmədiyin digər işlərlə məşğul olacağını düşünürsən. Hər bir halda, Yehovanın bizim üçün nəzərdə tutduğu, Müqəddəs Kitabın ‘həqiqi həyat’ adlandırdığı əbədi həyatda yaşamaq ümidi, sözsüz ki, sənin üçün çox dəyərlidir (1 Timoteyə 6:19, İ–93).
2 Müqəddəs Kitabın verdiyi ümidi insanlarla bölüşmək bizim üçün həm xoşdur, həm də böyük şərəfdir, elə deyilmi? Lakin çoxları bu ümidi rədd edirlər. Onlar buna xəyal, həyata keçməyəcək arzu kimi baxır və düşünürlər ki, o, sadəlövh insanlar üçündür. Onların heç Cənnətdə əbədi həyat və’d edən Allahın varlığına da inanmağı gəlmir. Nə üçün? Səbəblərdən biri dünyada pisliyin mövcud olmasıdır. Onlar düşünürlər ki, əgər Allah varsa, O, hər şeyə qadir və sevəndirsə, onda dünyadakı pislik və əzabların səbəbini nə ilə izah etmək olar? Deməli, pisliyə göz yuman Allah mövcud ola bilməz, əgər mövcuddursa da, ya hər şeyə qadir deyil, ya da bizimlə maraqlanmır. Bə’zilərinə bu mülahizə ağlabatan görünür. Şeytan həqiqətən də insanların zehinlərini kor etməkdə zirək çıxıb (2 Korinflilərə 4:4).
3. İnsanlara hansı çətin suala cavab tapmağa kömək edə bilərik və bunu nə üçün yalnız biz edə bilərik?
3 Dünyanın müdrikliyinə və Şeytana aldanan insanlara yalnız Yehovanın Şahidləri olan bizlər kömək edə bilərik (1 Korinflilərə 1:20; 3:19). Biz çoxlarının Müqəddəs Kitabın və’dlərinə nəyə görə inanmadığını başa düşürük. Onlar sadəcə olaraq Yehovanı tanımırlar. Ola bilsin, Allahın adını, onun mə’nasını bilmirlər. Eyni zamanda Onun Öz və’dlərinə həmişə əməl etdiyi və xüsusiyyətləri barədə mə’lumatları ya azdır, ya da ümumiyyətlə yoxdur. Lakin biz bunları bilirik. Yaxşı olardı ki, «zehinləri qaranlıqlaşmış» insanlara ən çətin suallardan biri olan «Allah nə üçün pisliyə və əzablara yol verir?» sualına cavab tapmağa necə kömək edə biləcəyimizi vaxtaşırı nəzərdən keçirək (Efeslilərə 4:18). Əvvəlcə qaneedici cavab vermək üçün təməli necə qoyacağımızı müzakirə edəcəyik. Sonra isə bu məsələni həll etməsində Yehovanın xüsusiyyətlərinin necə aydın göründüyünü araşdıracağıq.
Düzgün təməl
4, 5. Kimsə Allahın əzablara nə üçün yol verdiyini soruşanda əvvəlcə nə etmək lazım gələ bilər? İzah edin.
4 Kimsə Allahın əzablara nə üçün yol verdiyini soruşanda necə cavab veririk? Ola bilsin, Eden bağındakı hadisədən başlayaraq bütün baş verənləri danışırıq. Bə’zi hallarda belə etməyin yeri var. Hərdən isə tələsməyə gərək olmur, əvvəlcə söhbətin özülünü qoymaq lazım gələ bilər (Süleymanın məsəlləri 25:11; Koloslulara 4:6). Gəlin bu halda suala cavab verməzdən əvvəl üç məqama qısaca nəzər salaq.
5 Birincisi, əgər insanı pisliyin dünyanı bürüməsi çox narahat edirsə, güman ki, ya onun özü, ya da doğmalarından kimsə pisliklə üzləşib. Ona görə də yaxşı olardı ki, əvvəlcə insanın dərdinə şərik çıxaq. Həvari Pavel məsihçilərə məsləhət verirdi: «Ağlayanlarla ağlayın» (Romalılara 12:15). İnsanların ‘dərdinə şərik olmaqla’ onların ürəyinə yol tapa bilərik (1 Peter 3:8). Dərdinə laqeyd olmadığımızı görən adam, yəqin ki, bizə qulaq asacaq.
6, 7. Nəyə görə səmimiyyətlə Müqəddəs Kitaba aid dərin suallar verən insanı tə’rifləmək yerinə düşərdi?
6 İkincisi, sualına görə səmimi insanı tə’rifləmək olar. Bə’zilərini buna bənzər suallar narahat etdiyinə görə özlərini imansız və ya Allaha hörmət etməyən insan sayırlar. Bəlkə də bunu onlara aşılayan din rəhbərləri olub. Lakin belə suallar vermək heç də imansızlığın əlaməti deyil. Qədim zamanlarda yaşamış sadiq insanlar da bunun kimi suallar vermişlər. Məsələn, məzmurçu Davud soruşurdu: «Ya Rəbb, nə üçün uzaqda durmusan? Mən dara düşəndə niyə gizlənirsən?» (Məzmur 10:1). Habaqquq peyğəmbər də onu narahat edən suala cavab axtarırdı: «Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sən isə eşitmirsən. “Zorakılıq var!” deyə fəryad edirəm, lakin qurtarmırsan. Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Haraya nəzər salsam, orada soyğunçuluq və zorakılıq var, davaların, çəkişmələrin sonu yoxdur» (Habaqquq 1:2, 3).
7 Davud və Habaqquq Allaha dərin ehtiram bəsləyən sadiq insanlar idilər. Belə şeyləri soruşduqları üçün Yehova onları məzəmmət etdimi? Əksinə, Yehova münasib bildi ki, onların səmimi sualları Müqəddəs Yazılara daxil edilsin. Bəlkə də insan ruhən ac olduğu üçün dünyada pisliyin hökm sürdüyünə görə narahatçılıq çəkir, cavabı yalnız Müqəddəs Kitabda olan suallara cavab axtarır. Xatırlayırsınızsa, İsa ‘ruhən yoxsulları’, yə’ni ruhani tələbatlarını dərk edən insanları tə’rifləyirdi (Matta 5:3). Belə insanlara İsanın, haqqında danışdığı xoşbəxtliyi tapmağa kömək etmək necə də böyük şərəfdir!
8. Hansı səhv tə’limlər iztirablara görə Allahın cavabdeh olduğuna insanları inandırıb və biz onlara necə kömək edə bilərik?
8 Üçüncüsü, dünyada hökm sürən pisliklərə görə Allahın cavabdeh olmadığını insana başa salmaq olar. Çoxlarına öyrədiblər ki, dünyanı idarə edən Allahdır və başımıza gələnləri O, qabaqcadan alnımıza yazıb, bəşəriyyətə bəla verməkdə də Onun sirli, dərkedilməz səbəbləri vardır. Bu tə’limlərin hamısı yalandır. Onlar Allahı rüsvay edir və dünyada olan bütün pislik və əzab-əziyyətə görə Onu günahkar çıxarır. Buna görə də həqiqəti görməyə insanlara kömək etmək üçün Allahın Kəlamından istifadə etmək lazım gələ bilər (2 Timoteyə 3:16). Bu pozğun sistemin hökmdarı Yehova yox, Şeytan İblisdir (1 Yəhya 5:19). Yehova şüurlu varlıqların taleyini alınlarına yazmır, O, xeyirlə şər, əyri ilə düz arasında seçim etməkdə hər kəsə azadlıq və imkan verir (Qanunun təkrarı 30:19). Yehova heç vaxt pisliyin səbəbkarı olmayıb, O, pisliyə nifrət edir və haqsız yerə əziyyət çəkənlərin halına acıyır (Əyyub 34:10; Süleymanın məsəlləri 6:16-19; 1 Peter 5:7).
9. İnsanlara Allahın əzablara yol verməsinin səbəbini başa salmaq üçün «sadiq və ağıllı qul» hansı vəsaitləri dərc edib?
9 Söhbətin təməli qoyulduqdan sonra insan əsas suala — «Allah əzablara nə üçün yol verir?» sualına cavabı dinləməyə hazır ola bilər. «Sadiq və ağıllı qul» kömək məqsədilə çoxlu vəsait buraxıb (Matta 24:45-47). Məsələn, 2005-ci ildə keçirilən «Allaha itaətkarlıq» adlı vilayət konqresində «Bütün iztirablara tezliklə son qoyulacaq!» adlı traktat təqdim olundu. Əgər traktat sizin dilinizdə varsa, nəyə görə onu oxumayasınız? 157 dildə çıxan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabında da bu məsələyə bütöv bir fəsil ayrılıb. Həmin vəsaitlərdən tam istifadə et. Bu nəşrlərdə Eden bağında hökmranlıq məsələsinin qalxmasına səbəb olan hadisələr və Yehovanın məsələni nə üçün belə həll etdiyi aydın izah olunur. Yadda saxla ki, mövzunu açıqladıqca sən həmsöhbətinə ən vacib biliyi — Yehova və Onun gözəl xüsusiyyətləri haqqında biliyi çatdırırsan.
Diqqəti Yehovanın xüsusiyyətlərinə yönəlt
10. Allahın əzablara yol verməsi ilə əlaqədar çoxları nəyi başa düşmürlər və nəyi bilmək onlara kömək edə bilər?
10 Yehovanın nəyə görə insanlara Şeytanın tə’siri altında öz-özlərini idarə etməyə icazə verdiyini başa salanda, çalış diqqəti Onun gözəl xüsusiyyətlərinə yönəldəsən. Bir çoxları Allahın qüdrətli olduğunu bilirlər, belə ki adətən Onun «hər şeyə qadir Allah» deyə çağırıldığını eşidirlər. Lakin onlar Allahın nəyə görə Öz möhtəşəm gücündən istifadə edərək ədalətsizliyə və əzab-əziyyətlərə elə indi son qoymadığını anlaya bilmirlər. Çox ehtimal ki, onlar Yehovanın digər xüsusiyyətlərindən — müqəddəsliyindən, ədalətindən, müdrikliyindən və məhəbbətindən bixəbərdirlər. Yehova bu xüsusiyyətləri mükəmməl və tarazlı şəkildə təzahür etdirir. Müqəddəs Kitab deyir ki, ‘Onun işləri kamildir’ (Qanunun təkrarı 32:4). Bu məsələ ilə bağlı tez-tez qalxan suallara cavab verərkən diqqəti Allahın xüsusiyyətlərinə necə yönəltmək olar? Gəlin bir neçə nümunəni nəzərdən keçirək.
11, 12. a) Nəyə görə Adəmlə Həvvanı bağışlamaq olmazdı? b) Yehova nəyə görə günaha əbədiyyən dözməyəcək?
11 Yehova Adəmlə Həvvanı sadəcə olaraq bağışlaya bilməzdimi? Bu halda bağışlamağın adı belə çəkilə bilməzdi. Kamil insanlar olan Adəm və Həvva şüurlu surətdə Yehovanın hökmranlığını Şeytanın rəhbərliyinə dəyişdilər. Buna görə də təəccüblü deyil ki, üsyankarlar heç bir peşmançılıq hissi keçirmədilər. Kimsə Yehovanın nə üçün Adəmlə Həvvanı bağışlamadığını soruşanda, əslində Yehovanın Öz normalarını nə üçün aşağı salmadığını, o cümlədən, günah və üsyana nə üçün göz yummadığını soruşmuş olur. Sualın cavabı Yehovanın təbiətinin özəyi olan keyfiyyətlə — Onun müqəddəsliyi ilə bağlıdır.
12 Müqəddəs Kitabda Yehovanın müqəddəsliyi haqqında dəfələrlə deyilir. Əfsuslar olsun ki, bu pozğun dünyada müqəddəsliyin nə demək olduğunu çox az adam başa düşür. Yehova pak, saf və günahdan uzaqdır (Yeşaya 6:3; 59:2). O, əbədi olaraq günaha dözməyəcək, onu yumaq, kökünü kəsmək üçün artıq tədbir görüb. Əgər Yehova günaha əbədiyyən dözmək istəsəydi, bizim gələcəyə heç bir ümidimiz olmazdı (Süleymanın məsəlləri 14:12). Tə’yin etdiyi vaxtda Yehova bütün yaratdıqlarını günahdan təmizləyib müqəddəs edəcək. Bu mütləq olacaq, çünki Müqəddəs Allahın iradəsi belədir.
13, 14. Nəyə görə Yehova üsyankarları elə Eden bağındaca məhv etmədi?
13 Yehova üsyankarları Eden bağındaca məhv edib hər şeyi yenidən başlaya bilməzdimi? Əlbəttə, Allahın buna gücü çatardı və O, tezliklə pisliyi məhv etmək üçün gücündən istifadə edəcəkdir. Bə’ziləri təəccüblə: «Axı nə üçün dünyada yalnız üç üsyankar olanda Allah bunu etmədi? Məgər onda günahın və bu gün dünyada gördüyümüz əzab-əziyyətin qarşısı alınmazdımı?» — deyə soruşur. Doğrudan da, nə üçün Yehova belə etmədi? Qanunun təkrarı 32:4 ayəsində deyilir: «[Onun] bütün yolları haqdır». Yehovanın ədalət hissi çox güclüdür. «Rəbb ədaləti sevir» (Məzmur 37:28). Ədalət sevgisi Yehovanı üsyankarları elə Eden bağındaca məhv etməkdən saxladı. Nə üçün?
14 Şeytanın üsyanı sual qaldırdı: Allahın hökmranlığı ədalətlidir, ya yox? Yehovanın ədalət hissi həmin suala ədalətli cavab verməyi tələb edirdi. Üsyankarları, hətta layiq olsalar da, dərhal məhv etməklə belə cavab verilməyəcəkdi. Bununla Yehovanın ən qüdrətli Şəxsiyyət olduğu sübut ediləcəkdi, lakin şübhə altına alınan Onun qüdrəti deyildi. Bundan başqa, Yehova Öz niyyətini Adəmlə Həvvaya bildirmişdi. Onlar törəyib çoxalmalı, yer üzünü bürüyüb ona sahib olmalı və bütün canlılar üzərində hökmranlıq etməli idilər (Yaradılış 1:28). Əgər Yehova Adəmlə Həvvanı məhv etsəydi, Onun dedikləri boş sözlər olardı. Yehovanın ədaləti buna heç vaxt yol verməzdi, çünki O, həmişə niyyətini yerinə yetirir (Yeşaya 55:10, 11).
15, 16. Bəşər tarixinin başlanğıcında qalxan məsələnin həlli üçün öz təkliflərini irəli sürən insanlara necə kömək etmək olar?
15 Dünyada kimsə bu məsələni Yehovadan da yaxşı həll edə bilərdimi? Bə’ziləri bəşər tarixinin başlanğıcında qalxan məsələnin həlli üçün öz təkliflərini irəli sürürlər. Belə etməklə onlar məsələni daha yaxşı həll edə biləcəklərini söyləmiş olmurlarmı? Ola bilsin, onlar bunu pis niyyətlə demirlər, sadəcə olaraq Yehovanı yaxşı tanımır, Onun ehtiram doğuran müdrikliyini anlamırlar. Romadakı məsihçilərə məktubunda həvari Pavel, ‘sirr’ də daxil olmaqla, Yehovanın müdrikliyinin dərinliyinə varır. Bu sirr Yehovanın Xilaskar Padşahlıq vasitəsilə sadiq insanların günahını yumaq və müqəddəs adını təmizə çıxarmaq niyyəti ilə bağlıdır. Pavel belə niyyəti olan Allahın müdrikliyi haqqında nə düşünürdü? Həvari məktubunu növbəti sözlərlə başa vurdu: «Hikmətli olan tək [«tək hikmətli olan», YD] Allaha İsa Məsih vasitəsilə əbədi olaraq izzət olsun! Amin» (Romalılara 11:25; 14:24-26).
16 Pavel başa düşürdü ki, Yehova ‘tək hikmətlidir’, yə’ni kainatda Ondan müdrik kimsə yoxdur. Qeyri-kamil insanlardan kim hansısa problemin daha yaxşı həllini tapıb, hələ Allahın hökmranlığına dair qaldırılan ən çətin məsələni demirik? Buna görə də insanlara kömək etməliyik ki, bizim kimi onlar da «hikməti dərin» Allaha ehtiram bəsləsinlər (Əyyub 9:4). Yehovanın hikmətini nə qədər yaxşı dərk ediriksə, bir o qədər də ən yaxşı çıxış yolunu Onun tapdığına əmin olacağıq (Süleymanın məsəlləri 3:5, 6).
Yehovanın ən əsas xüsusiyyətinin rolu
17. Yehovanın məhəbbətini daha dərindən başa düşmək pisliyin mövcudluğuna görə narahat olan insanlara necə kömək edə bilər?
17 «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Müqəddəs Kitab bu valehedici sözlərlə Yehovanın ən əsas, ən cəlbedici və pisliyin geniş yayılmasına görə narahat olan insanlara ən böyük təsəllini verən xüsusiyyətini təsvir edir. Günahın bəşəriyyətə gətirdiyi dağıdıcı tə’sirinə qarşı Yehovanın gördüyü tədbirin hər cəhətində Onun məhəbbəti aşkar olur. Yehova məhəbbətdən irəli gələrək Adəmlə Həvvanın günahlı nəslinə ümid vermiş, onlara Özünə yaxınlaşmaq, Özü ilə yaxşı münasibət qurmaq imkanı vermişdi. Məhəbbət Yehovanı günahların tam bağışlanmasına və kamil, əbədi həyata yol açan fidiyə qurbanı verməyə təşviq etdi (Yəhya 3:16). Bəşəriyyəti sevdiyi üçün O, hələ də səbir edir, mümkün qədər çox insana Şeytanı rədd etməyə, Onun ali hökmranlığının tərəfini tutmağa imkan verir (2 Peter 3:9).
18. Biz nəyi bilirik və növbəti məqalədə nə müzakirə ediləcək?
18 Dəhşətli terror aktının ildönümünə yığışanların qarşısında çıxış edən keşiş dedi: «Biz Allahın pislik və əzab-əziyyətin mövcud olmasına nə üçün yol verdiyini bilmirik». Heyf, çox heyf! Ancaq biz bu sualın cavabını bilməyimizə görə sevinməli deyilikmi? (Qanunun təkrarı 29:29). Bilirik ki, Yehova müdrik, ədalətli və məhəbbətli Allah olduğu üçün, tezliklə bütün iztirablara son qoyacaqdır. Allah Özü bunu və’d edib (Vəhy 21:3, 4). Bəs əsrlər boyunca ölən insanlar? Yehova Eden bağında qaldırılan məsələni həll edəndə onları yaddan çıxardımı? Xeyr. Yehovanın məhəbbəti onları da Öz niyyətinə daxil etməyə təşviq etdi, belə ki ölüm yuxusuna gedənləri dirilmə gözləyir. Bu isə növbəti məqalədə müzakirə ediləcək.
Necə cavab verərdiniz?
• Allahın iztirablara nə üçün yol verdiyini soruşan adama nə deyə bilərik?
• Eden bağındakı üsyankarlarla rəftarından Yehovanın müqəddəsliyi və ədaləti necə görünür?
• Nəyə görə biz insanlara Allahın məhəbbətini daha yaxşı başa düşməyə kömək etməliyik?
[13-cü səhifədəki şəkil]
Dünyadakı iztirablara görə narahat olan insanlara yardım əlini uzat.
[15-ci səhifədəki şəkillər]
Sadiq Davud və Habaqquq suallarını səmimi qəlbdən verirdilər.