Haqsızlığa tab gətirmək mümkündür!
ELƏ insan varmı ki, ədalətsizliklə üzləşməsin? Hərdən bə’zi hərəkətlər sadəcə bizim gözümüzdə haqsızlıq olduğu halda, çox vaxt haqsızlığa doğrudan da yol verilir.
Haqsızlıqla üzləşəndə ürəyimiz ağrıyır və hətta bu, Allahla münasibətlərimizin soyumasına gətirib çıxara bilər. Bizdə vəziyyəti düzəltmək üçün güclü istək yarana bilər. Çünki ‘heç zaman haqsızlıq etməyən’ Yaradanımız Yehova Allah insanları çox güclü ədalət hissi ilə yaradıb (Qanunun təkrarı 32:4; Yaradılış 1:26). Bununla belə, bə’zən ədalətsizliyə yol verildiyinin şahidi oluruq. Bir dəfə müdrik bir adam qeyd etmişdi: «Mən yenə səma altında edilən bütün zülmləri gördüm: məzlumların göz yaşlarını gördüm, onlara təsəlli verən yox idi, qüdrət zalımların əlində idi, məzlumlara təsəlli verən yox idi» (Vaiz 4:1). Belə isə, haqsızlığa necə tab gətirə bilərik?
Haqsızlıq nədir?
Haqsızlıq ədalət normalarına zidd olan hərəkət və ya haldır. İnsanlar üçün ədalət normalarını kim müəyyən edir? Aydındır ki, ədalətli və dəyişməz Yaradanımızın nəyin ədalətli, nəyin ədalətsiz olduğunu göstərən normaları müəyyən etməyə haqqı var. Onun nöqteyi-nəzərincə, ‘həyatverici qaydalarla’ yerimək — «pislik», başqa sözlə desək, ədalətsizlik etməmək deməkdir (Yezekel 33:15). Belə ki, Yehova ilk insanı yaradanda, ona vicdan, yə’ni düzü səhvdən ayırmağa kömək edən daxili səs verdi (Romalılara 2:14, 15). Bundan başqa, Yehova Öz Kəlamı olan Müqəddəs Kitabda nəyin ədalətli, nəyin ədalətsiz olduğunu göstərib.
Bəs əgər özümüzə qarşı haqsızlıq edildiyini düşünürüksə, onda necə? Yaxşı olar ki, haqsızlığa doğrudan da yol verildiyini ayırd etmək üçün məsələyə obyektiv baxaq. Məsələn, götürək yəhudi peyğəmbəri Yunusun düşdüyü vəziyyəti. Yehova onu göndərdi ki, gedib ninevalılara başlarının üstünü fəlakət aldığını çatdırsın. Əvvəlcə Yunus tapşırığı yerinə yetirmək istəməyərək başını götürüb qaçdı. Ancaq əvvəl-axır Ninevaya gedib, oranın sakinlərini Yehovanın onlara fəlakət göndərəcəyindən xəbərdar etməli oldu. Onlar tövbə etdikləri üçün Yehova qərara gəldi ki, şəhəri məhv etməsin, sakinlərini də sağ saxlasın. Bu zaman Yunus hansı hissləri keçirdi? «Bu iş Yunusun heç xoşuna gəlmədi və o hirsləndi» (Yunus 4:1). Ona elə gəldi ki, bu, Yehova tərəfindən böyük ədalətsizlik idi.
Sözsüz ki, ürəkləri görən, ‘salehliyi və ədaləti sevən’ Yehova səhv qərar verməmişdi (Məzmur 33:5). Yunus sadəcə başa düşməli idi ki, Yehovanın çıxardığı qərarlar Onun mükəmməl ədaləti ilə uzlaşır. Bizə qarşı haqsızlıq edildiyini düşünəndə özümüzdən soruşa bilərik: «Bəlkə Yehova məsələyə başqa cür baxır?»
Haqsızlıqla üzləşənlər
Müqəddəs Kitabda haqsızlıqla üzləşən bir çox insanların nümunələri var. Onların qarşılaşdıqları çətinliklərə necə tab gətirdiklərini araşdıraraq çox şey öyrənə bilərik. Məsələn, qardaşları paxıllıqdan Yusifi Misirə kölə kimi satdılar. Misirdə ağasının arvadı Yusifi yoldan çıxarmağa çalışırdı, ancaq rədd cavabı alanda Yusifə şər atıb, onu əxlaqsız təkliflər etməkdə günahlandırdı. Nəticədə Yusif zindana düşdü. Ancaq onun imanı əl-qolunu bağlayan dəmir zəncirlərdən möhkəm idi. O yol vermədi ki, ədalətsizlik imanını və Yehovaya e’tibarını zəiflətsin (Yaradılış 37:18-28; 39:4-20; Məzmur 105:17-19).
Haqsızlıqla üzləşən başqa bir adam Navot olmuşdur. O, İsrail padşahı Axavın arvadı İzevelin çirkin oyununun qurbanı oldu. Padşah Navota irsən keçən torpaq sahəsini əldə etmək istəyirdi. İsraillilərə miras aldıqları mülkü həmişəlik satmaq qadağan edilmişdi, buna görə də Navot padşahın onu satın almaq təklifini rədd etdi (Levililər 25:23). Belə olduqda Axavın zalım arvadı yalançı şahidlər tutdu ki, Navotu Allahı və padşahı lə’nətləməkdə ittiham etsinlər. Nəticədə, Navot və oğulları öldürüldü. Təsəvvür edin, camaat onu öldürmək üçün daş-qalaq edəndə Navot hansı hissləri keçirirdi! (1 Padşahlar 21:1-14; 2 Padşahlar 9:26).
Ancaq İsa Məsihə qarşı edilən haqsızlıqla müqayisədə bütün bunlar cüz’i görünür. Qeyri-qanuni qurulmuş məhkəmədə yalan ifadələr əsasında ona ölüm hökmü çıxarıldı. Hakim kürsüsündə oturan Roma valisinin öz gözü ilə gördüyü düzgünlüyü müdafiə etməyə cəsarəti çatmadı (Yəhya 18:38-40). Bəli, Şeytan İsa Məsihə hələ heç kimə qarşı edilməmiş haqsızlığı etdi!
Bu nümunələr Yehovanın ədalətsizliyə laqeyd olduğunumu göstərir? Əsla! Yehova bu hadisələrə insan nöqteyi-nəzərindən baxmır (Yeşaya 55:8, 9). Yusif köləliyə satıldığı üçün aclıq başlayanda ailəsini xilas edə bildi. O zaman o, Misirdə qida ehtiyatının paylanmasına rəhbərlik etmək üçün tə’yin edilmişdi. Əgər Yehova ədalətsizliyə yol verməsəydi, Yusif zindana düşməzdi. O, məhz orada iki məhbusun yuxusunu yozdu. Sonralar onlardan biri Yusif haqqında fir’ona danışdı, bunun sayəsində də Yusif həmin vəzifəyə tə’yin edildi (Yaradılış 40:1; 41:9-14; 45:4-8).
Bəs Navot haqda nə demək olar? Yenə də məsələyə Yehovanın gözü ilə baxmağa çalış. Navot ölsə də, o, ölüləri diriltməyə qadir olan Yehova üçün diri idi (1 Padşahlar 21:19; Luka 20:37, 38). Navot Yehovanın onu yenidən dirildəcəyi vaxta qədər gözləməlidir, ancaq ölülər heç nə bilmədikləri üçün həmin müddət bir an kimi keçəcək (Vaiz 9:5). Bundan başqa, Yehova Axavı və onun ailə üzvlərini cəzalandıraraq Navotun intiqamını aldı (2 Padşahlar 9:21, 24, 26, 35, 36; 10:1-11; Yəhya 5:28, 29).
İndi İsa haqqında düşünək. O ölsə də, Allah onu diriltdi və ‘hər hökmdarlıq, səlahiyyət, qüdrət, hakimiyyət və addan çox yüksəltdi’ (Efeslilərə 1:20, 21). Şeytanın İsa Məsihə qarşı törətdiyi ədalətsizlik Yehovanın Öz Oğlunu mükafatlandırmasına mane olmadı. İsa əmin idi ki, əgər iradəsinə uyğun olarsa, Yehova onu dirildərək edilən haqsızlığı aradan qaldıra bilər. Bununla belə, Məsih həm də bilirdi ki, Müqəddəs Yazılardakı peyğəmbərliklərin yerinə yetməsi və haqsızlığa son qoyması üçün Yehovanın Özünün vaxtı var.
Şeytan və onun tərəfdarları saleh insanlara qarşı ədalətsizlik törətsələr də, Yehova əvvəl-axır işləri yoluna qoymuş, haqsızlığı həmişəlik aradan qaldırmış, ya da gələcəkdə qaldıracaqdır. Beləliklə, haqsızlığa son qoyulması üçün biz Allahı gözləməliyik (Qanunun təkrarı 25:16; Romalılara 12:17-19).
Yehova haqsızlığa nə üçün yol verir?
Bə’zən Yehova müəyyən səbəblər üzündən hansısa vəziyyəti düzəltməyə bilər. Bir məsihçi kimi formalaşmağımız üçün O bizim haqsızlıqla üzləşməyimizə yol verə bilər. Əlbəttə, Allah pisliklə «heç kimi imtahan etmir» (Yaqub 1:13). Bununla belə, O, arzuedilməz vəziyyətin davam etməsinə yol verə bilər, eyni zamanda belə tə’limə hay verənlərə dayaq olar. Müqəddəs Kitab bizi əmin edir: «Allah Özü siz qısa bir müddət əzab çəkdikdən sonra, sizi mükəmməlləşdirəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz edəcəkdir» (1 Peter 5:10).
Bundan başqa, Yehovanın ədalətsizliyə səbir etməsi haqsızlıq edənlərə tövbə etmək üçün vaxt verir. İsanın e’dam olunmasından cəmi bir neçə həftə sonra Peterin nəsihətini dinləyən bə’zi yəhudilərin «ürəklərinə elə bil ox batdı». Onlar Allahın kəlamını ürəkdən qəbul etdilər və vəftiz oldular (Həvarilərin işləri 2:36-42).
Əlbəttə, ədalətsizlik edənlərin hamısı tövbə etməyəcək. Bə’ziləri daha da qəddarlaşıb, daha dəhşətli haqsızlıqlar edəcəklər. Bununla belə, Süleymanın məsəlləri 29:1 ayəsində deyilir: «Məzəmmətlərə baxmayıb dikbaşlıq edən birdən yıxılıb çarəsiz qalar». Yehova əvvəl-axır hərəkətə keçəcək və inadla pislik edənləri məhv edəcək (Vaiz 8:11-13).
Bizə qarşı edilən haqsızlıqdan özümüzə gəlmək üçün nə qədər vaxt tələb olunursa-olunsun, əmin ola bilərik ki, Yehova bizə necə kömək edəcəyini yaxşı bilir. Bu pis sistemdə bizə qarşı edilən haqsızlığı mütləq aradan qaldıracaq. Bundan başqa, O bizə son mükafatı, ‘salehliyin ömür sürdüyü’ yeni dünyada əbədi həyatı da və’d etmişdir (2 Peter 3:13).
[17-ci səhifədəki şəkil]
Navot böyük haqsızlıqla üzləşəndə hansı hissləri keçirirdi?