Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/10 s. 11—15
  • Mərhəməti necə təzahür etdirmək olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mərhəməti necə təzahür etdirmək olar?
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • «Əgər qardaşlarınızdan... biri çılpaqdırsa»
  • «Əgər ayrı-seçkilik edirsinizsə»
  • ‘Yuxarıdan nazil olan hikmət mərhəmətlidir’
  • ‘İnsanların təqsirlərini bağışlayın’
  • «Hamıya... yaxşılıq edək»
  • «Özünüzdə olandan... verin»
  • ‘Atanız mərhəmətlidir’
    Gözətçi qülləsi 2007
  • Biz «mərhəməti bol olan» Allaha xidmət edirik
    Gözətçi qülləsi 2021
  • Rəhmdillilər nə xoşbəxtdirlər!
    Yehovanı nəğmələrdə tərənnüm edin
  • «Rəhmdillilər xoşbəxtdirlər!»
    Yehovanı şövqlə tərənnüm edin
Gözətçi qülləsi 2007
w07 1/10 s. 11—15

Mərhəməti necə təzahür etdirmək olar?

«Hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək» (QALATİYALILARA 6:10).

1, 2. Xeyirxah samariyalı haqqında məsəldən mərhəmət barədə nə öyrənirik?

İSA ilə söhbəti əsnasında bir Müqəddəs Qanun alimi ondan soruşdu: «Mənim qonşum kimdir?» Cavabında İsa bir məsəl söylədi: «Bir nəfər Yerusəlimdən Yerihoya gedərkən quldurların əlinə keçdi. Quldurlar onun paltarını çıxartdılar, özünü yaraladılar və yarımcan halda qoyub, getdilər. Təsadüfən bir kahin həmin yol ilə gedirdi; adamı gördükdə yolun o tayından keçdi. Bir levili də o yerə çatdıqda yaxınlaşdı və onu görüb, yolun o tayından keçdi. Bir nəfər samariyalı isə o yoldan keçərkən ona rast gəldi və onu gördükdə yazığı gəldi, yaxınlaşıb onun yaralarına zeytun yağı və şərab tökərək sarıdı; və onu öz eşşəyinə mindirib bir mehmanxanaya gətirdi və onun qayğısına qaldı. Ertəsi gün isə, oranı tərk edərkən, iki dinar çıxardıb mehmanxana sahibinə verdi və dedi: “Onun qayğısına qal; və əgər artıq xərcin çıxarsa, geri qayıdanda mən sənə ödəyərəm”». Sonra İsa sualı verən adamdan soruşdu: «Səncə, bu üç nəfərdən hansı quldurlar əlinə düşən adamın qonşusu oldu?» O cavab verdi: «Ona mərhəmət göstərən adam» (Luka 10:25, 29-37a).

2 Samariyalının yaralı insanla rəftarı həqiqi mərhəmətin nə olduğunu parlaq şəkildə göstərir. Samariyalının şəfqət hissindən irəli gələrək etdiyi hərəkət cinayətin qurbanı olana rahatlıq gətirdi. Zərər çəkən adam samariyalıya yad idi. İnsanın milliyyəti, dini, yaxud mənsub olduğu mədəniyyəti mərhəmət göstərmək üçün əngəl deyil. Xeyirxah samariyalı haqqında məsəldən sonra İsa o adama dedi: «Get, sən də elə hərəkət et» (Luka 10:37b). Biz bu məsləhətə riayət edib digərlərinə qarşı mərhəmətli olmağa çalışa bilərik. Bəs necə? Gündəlik həyatımızda mərhəməti necə təzahür etdirə bilərik?

«Əgər qardaşlarınızdan... biri çılpaqdırsa»

3, 4. Nə üçün məsihçi yığıncağında mərhəmət göstərməyimiz xüsusilə vacibdir?

3 Həvari Pavel yazmışdı: «Nə qədər fürsətimiz varsa, hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək» (Qalatiyalılara 6:10). İlk növbədə, gəlin görək mərhəmətdən irəli gələrək həmimanlılarımıza hansı yaxşılıqları edə bilərik.

4 Şagird Yaqub həqiqi məsihçiləri bir-birlərinə qarşı mərhəmətli olmağa səsləyərək yazmışdı: «Mərhəmət göstərməyənə hökm mərhəmətsizdir» (Yaqub 2:13). Allahdan ilham almış bu sözlərin konteksti mərhəməti necə təzahür etdirməyin bə’zi üsullarını göstərir. Məsələn, Yaqub 1:27 ayəsində oxuyuruq: «Ata Allahın yanında təmiz və ləkəsiz dindarlıq budur: yetimləri və dulları onların məşəqqətli anlarında ziyarət etmək və özünü dünyadan ləkəsiz saxlamaq». Yaqub 2:15, 16 ayələrində deyilir: «Əgər qardaşlarınızdan və yaxud bacılarınızdan biri çılpaqdırsa və gündəlik yeməkdən məhrumdursa, və sizlərdən biri onlara, “Salamat gedin. İsinin və doyun”, — deyib, onların bədəni üçün zəruri olan şeyləri vermirsə, nə faydası vardır?»

5, 6. Yığıncağımızın üzvlərinə necə mərhəmət göstərə bilərik?

5 Başqalarının qeydinə qalmaq və ehtiyacı olanlara kömək etmək həqiqi ibadətin səciyyəvi xüsusiyyətlərindən biridir. Biz başqalarına sadəcə sözdə yaxşılıq arzulamaqla kifayətlənmirik. Əksinə, zərif şəfqət hissi bizi, yardıma ehtiyacı olanlara kömək əlimizi uzatmağa təşviq edir (1 Yəhya 3:17, 18). Bəli, xəstəyə yemək bişirmək, yaşlılara ev işlərində kömək etmək, lazım gələndə kimisə məsihçi görüşlərinə aparmaq, layiq olanlara qarşı əliaçıq olmaq kimi işlər mərhəmətin təzahürüdür (Qanunun təkrarı 15:7-10).

6 Maddi cəhətdən yardım etməkdən daha vacib iş, get-gedə böyüyən məsihçi yığıncağının üzvlərinə ruhani cəhətdən kömək etməkdir. Biz ‘cəsarətsizləri [«kədərli olanları», YD] ruhlandırmağa, zəiflərə yardım etməyə’ təşviq olunuruq (1 Saloniklilərə 5:14). Yaşlı bacılar ‘xeyirxahlıq tə’lim etməyə’ təşviq olunurlar (Titusa 2:3). Məsihçi nəzarətçilərinə gəldikdə isə, Müqəddəs Kitab deyir: «Onların hər biri küləyə qarşı bir pənahgah, fırtınaya qarşı sığınacaq... kimi olacaq» (Yeşaya 32:2).

7. Suriyanın Antakya şəhərində yaşamış məsihçilərdən mərhəmət haqqında nə öyrənirik?

7 Birinci əsrdə yığıncaqlarda dul qadınlara, yetimlərə, dəstəyə və təsəlliyə ehtiyac duyanlara kömək etməkdən savayı, başqa yığıncaqlara yardım etmək məqsədilə vaxtaşırı müəyyən tədbirlər də görülürdü. Məsələn, o zaman Aqab peyğəmbər «bütün dünyada böyük qıtlıq olacağını Ruh vasitəsilə bildirdi; bu da imperator Klavdiusun dövründə oldu. Şagirdlər, hər biri gücü yetdiyinə görə, Yəhudeyada yaşayan qardaşlarına yardım göndərməyi qərara aldılar». Həmin yardım «Barnaba və Şaulun əli ilə» oradakı ağsaqqallara göndərildi (Həvarilərin işləri 11:28-30). Bəs bizim günlər haqqında nə demək olar? Fırtına, zəlzələ, yaxud sunami kimi təbii fəlakətlərdən əziyyət çəkən bacı-qardaşların qayğısına qalmaq üçün, «sadiq və ağıllı qul» yardım komitələri təşkil etmişdir (Matta 24:45). Bu komitələrlə əməkdaşlıq edərək vaxtımızı, gücümüzü və vəsaitimizi könüllü surətdə sərf etmək mərhəmət göstərməyin yaxşı üsuludur.

«Əgər ayrı-seçkilik edirsinizsə»

8. Ayrı-seçkilik mərhəmət göstərməyə necə mane olur?

8 Mərhəmət və ‘padşahlıq qanunu’ (İ–93) olan məhəbbəti göstərməyə əngəl törədən şeylərdən bizi çəkindirmək üçün Yaqub yazmışdı: «Əgər ayrı-seçkilik edirsinizsə, günah işlədirsiniz, bir cinayətkar kimi Qanunla məhkum olunursunuz» (Yaqub 2:8, 9). Varlı, yaxud adlı-sanlı insanlara xüsusi rəğbət göstərsək, ‘kasıbın fəryadına’ laqeyd yanaşacağıq (Süleymanın məsəlləri 21:13). Ayrı-seçkilik mərhəmət hissini boğur. Üzgörənlik etməyəndə biz mərhəmət göstərmiş oluruq.

9. Layiq olanlara xüsusi rəğbət bəsləməkdə nəyə görə səhv bir şey yoxdur?

9 Bəs bu o deməkdirmi ki, biz heç kimə xüsusi rəğbət bəsləməli deyilik? Əsla yox! Həvari Pavel əməkdaşı Epafrodit haqqında Filipidəki məsihçilərə yazmışdı: «Belələrinə hörmət edin». Nə üçün? «Çünki o, Məsihin işi uğrunda canını təhlükə qarşısında qoyaraq, ölümə yaxın idi ki, sizin mənə xidmətinizin əskikliyini doldursun» (Filipililərə 2:25, 29, 30). Epafrodit sadiq xidmətinə görə hörmətə layiq idi. Bundan əlavə, 1 Timoteyə 5:17 ayəsində oxuyuruq: «Cəmiyyəti yaxşı idarə edən ağsaqqallar, xüsusən təbliğ və tə’lim işində zəhmət çəkənlər, ikiqat hörmətə layiq sayılsınlar». İnsan yaxşı ruhani keyfiyyətlərinə görə də hörmətə layiq ola bilər. Bu hallarda insanlara xüsusi rəğbət bəsləmək ayrı-seçkilik deyil.

‘Yuxarıdan nazil olan hikmət mərhəmətlidir’

10. Biz nə üçün dilimizdən düzgün istifadə etməliyik?

10 Yaqub dil haqqında yazmışdı: «Dil, qarşısı alınmaz bəladır və öldürücü zəhərlə doludur. Biz dil ilə Allahı və Atanı təqdis edirik. Və dil ilə də Allahın surətində yaradılmış adamlara lə’nət oxuyuruq. Təqdis və lə’nət eyni ağızdan çıxır». Yaqub davam edir: «Əgər ürəyinizdə həsəd və xudbin ehtiras vardırsa, lovğalanmayın və həqiqətə qarşı yalan danışmayın. Bu, yuxarıdan nazil olan hikmət deyildir. Bu, dünyəvi, nəfsani və şeytani hikmətdir. Çünki həsəd və xudbin ehtiras harada varsa, orada qarışıqlıq və hər cür pis iş vardır. Lakin yuxarıdan nazil olan hikmət əvvələn safdır, sonra da sülhpərvər, mülayim, itaətkar, mərhəmətli və xeyirli bəhrə ilə dolu, qərəzsiz və riyasızdır» (Yaqub 3:8-10a, 14-17).

11. Dilimizdən istifadə edərkən necə mərhəmətli ola bilərik?

11 Beləliklə, başqaları ilə necə danışmağımızdan ‘mərhəmətli bəhrə ilə dolu’ hikmətə malik olub-olmadığımız bəlli olur. Bəs əgər «həsəd və xudbin ehtiras»dan irəli gələrək lovğalanır, yalan danışır və ya qeybət ediriksə, onda necə? Məzmur 94:4 ayəsində deyilir: «Bütün şər iş görənlər öyünürlər». Qeybət günahsız adamın adını necə də tez bədnam edə bilər! (Məzmur 64:2-4). Həmçinin ‘yalançı şahidin yalandan üzə duraraq’ gətirdiyi zərər haqqında fikirləşin (Süleymanın məsəlləri 14:5; 1 Padşahlar 21:7-13). Dildən düzgün istifadə edilməməsi barədə danışdıqdan sonra Yaqub yazırdı: «Qardaşlarım, bu belə olmamalıdır» (Yaqub 3:10b). Həqiqi mərhəmətə sahib olan insanın danışığı saf, sülhpərvər və mülayim olmalıdır. İsa demişdi: «Mən sizə deyirəm: insanlar söyləyəcəkləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər» (Matta 12:36). Dilimizdən istifadə edərkən mərhəmətli olmağımız necə də vacibdir!

‘İnsanların təqsirlərini bağışlayın’

12, 13. a) Ağasına külli miqdarda borcu olan qul haqqında məsəldən mərhəmət barədə nə öyrənirik? b) Qardaşımızı «yetmiş kərə yeddi dəfə» bağışlamaq nə deməkdir?

12 Ağası hökmdara 60 milyon dinar borclu olan qul haqqında İsanın çəkdiyi məsəl mərhəmətin daha necə təzahür etdirilməsini göstərir. Qul öz borcunu ödəyə bilmədiyi üçün ağasından mərhəmət diləməyə başladı. «Ağasının qula rəhmi gəldi» və borcunu bağışladı. Həmin qul isə ağasının yanından çıxdıqda ona yalnız yüz dinar borcu olan bir yoldaşını tapıb, onu mərhəmətsizcəsinə zindana saldırdı. Hökmdar baş verənləri eşidəndə bağışladığı qulu yanına çağırıb dedi: «Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi, sən də yoldaşına mərhəmət etməli deyildinmi?» Bundan sonra ağası onu zindana atdırdı. İsa məsəlinə belə yekun vurur: «Hər biriniz qardaşlarınızın təqsirlərini ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər» (Matta 18:23-35).

13 Bu məsəl çox aydın göstərir ki, mərhəmətli olmaq bağışlamağa hazır olmaq da deməkdir. Yehova böyük borclarımızı — günahlarımızı bağışlayıb. Biz də ‘insanların təqsirlərini bağışlamalı’ deyilikmi? (Matta 6:14, 15). İsa mərhəmətsiz qul haqqındakı məsəli danışmazdan əvvəl Peter ondan soruşmuşdu: «Ya Rəbb! Qardaşım mənə qarşı neçə dəfə günah işlədərsə, mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» Cavabında İsa dedi: «Sənə deyirəm ki, yeddi dəfə yox, yetmiş kərə yeddi dəfə» (Matta 18:21, 22). Bəli, mərhəmətli insan «yetmiş kərə yeddi dəfə», yə’ni həmişə bağışlamağa hazırdır.

14. Matta 7:1-4 ayələrinə əsasən, mərhəməti hər gün necə təzahür etdirə bilərik?

14 İsa Dağüstü təbliğində mərhəmətin digər təzahürünü də qeyd etmişdi: «Mühakimə etməyin ki, mühakimə olunmayasınız. Çünki nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız... Və nə üçün qardaşının gözündə tükü görürsən, öz gözündə isə tiri seçmirsən? Yaxud öz gözündə tir olduğu halda, qardaşına necə deyərsən ki, “Qoy gözündəki tükü çıxarım”» (Matta 7:1-4). Buna görə də, mühakimə və tənqid etmədən başqalarının zəifliklərinə hər gün dözməklə mərhəmət təzahür etdirə bilərik.

«Hamıya... yaxşılıq edək»

15. Biz nəyə görə başqa insanlara da mərhəmət göstərməliyik?

15 Yaqubun kitabında əsas e’tibarilə məsihçilər arasındakı mərhəmətdən danışılsa da, bu o demək deyil ki, mərhəmət yalnız məsihçi yığıncağına aid olanlara təzahür etdirilməlidir. Məzmur 145:9 ayəsində deyilir ki, Yehova «hamıya xeyirxahlıq edər, yaratdıqlarının hər birinə mərhəmət göstərər». Biz ‘Allahı təqlid etməyə’ və ‘hamıya yaxşılıq etməyə’ təşviq olunuruq (Efeslilərə 5:1; Qalatiyalılara 6:10). ‘Dünyanı və dünyada olan şeyləri sevməsək’ də, dünyada yaşayanların ehtiyaclarına laqeyd deyilik (1 Yəhya 2:15).

16. Mərhəmət göstərərkən nəyi nəzərə almaq lazımdır?

16 Biz məsihçilər «vaxt və təsadüf» qurbanı olanlardan, yaxud dara düşənlərdən bacardığımız köməyi əsirgəmirik (Vaiz 9:11, KM). Düzdür, nə qədər və necə kömək edəcəyimiz şəraitimizdən asılıdır (Süleymanın məsəlləri 3:27). Kimlərəsə maddi yardım göstərəndə diqqətli olmalıyıq ki, etdiyimiz yaxşılıq onları tənbəlliyə təhrik etməsin (Süleymanın məsəlləri 20:1, 4; 2 Saloniklilərə 3:10-12). Deməli, həqiqi mərhəmət göstərən insan başqalarının ehtiyacına zərif şəfqət hissi və sağlam düşüncə ilə hay verir.

17. Məsihçi yığıncağına aid olmayanlara mərhəmət göstərməyin ən yaxşı üsulu hansıdır?

17 Məsihçi yığıncağına aid olmayanlara mərhəmət göstərməyin ən yaxşı üsulu, onlarla Müqəddəs Kitab həqiqətini bölüşməkdir. Nə üçün? Çünki bəşəriyyətin böyük hissəsi ruhani zülmətdə dolaşır. Problemlərindən çıxış yolu görməyən və gələcəyə heç bir ümidi olmayan bir çox insanlar «çobansız qoyunlar kimi taqətsiz və dağınıq»dırlar (Matta 9:36). Allahın Kəlamında yazılmış xəbər ‘addımları üçün çıraq’ olaraq gündəlik problemlərin öhdəsindən gəlməyə onlara kömək edə bilər. O, həmçinin belə insanların ‘yollarını işıqlandıra bilər’, yə’ni Müqəddəs Kitabda Allahın gələcəyə dair yazılan niyyəti çarəsiz insanlara parlaq ümid üçün əsas verə bilər (Məzmur 119:105). Bu gözəl xəbəri son dərəcə ehtiyac duyan insanlara çatdırmaq necə də sevindiricidir! ‘Böyük məşəqqət’ yaxınlaşdığı üçün xoş xəbəri təbliğ etmək və şagirdlər hazırlamaq işində sə’y göstərməyin əsl vaxtıdır (Matta 24:3-8, 21, 22, 36-41; 28:19, 20). Mərhəmət göstərməyin bundan vacib üsulu yoxdur.

«Özünüzdə olandan... verin»

18, 19. Biz nəyə görə həyatımızda daha çox mərhəmət təzahür etdirməyə çalışmalıyıq?

18 İsa demişdi: «Özünüzdə olandan sədəqə verin» (Luka 11:41, İ–93). Yaxşı əməlimiz həqiqi mərhəmətin təzahürü olsun deyə, o bizim özümüzdən — sevən ürəyimizdən və səxavətimizdən gələn ən’am olmalıdır (2 Korinflilərə 9:7). Kobudluğun, xudbinliyin və digərlərinin əzabına və problemlərinə laqeyd münasibətin normal hal olduğu bu dünyada belə mərhəmətə rast gəlmək necə də sevindiricidir!

19 Buna görə də, gəlin həyatımızda daha çox mərhəmət təzahür etdirməyə çalışaq. Nə qədər çox mərhəmətli olsaq, bir o qədər də Allaha oxşayarıq. Bu isə bizə sözün əsl mə’nasında məmnunedici və mə’nalı həyat sürməyə kömək edir (Matta 5:7).

Siz nə öyrəndiniz?

• Həmimanlılarımıza qarşı mərhəmətli olmaq nəyə görə xüsusilə vacibdir?

• Məsihçi yığıncağında mərhəməti necə təzahür etdirə bilərik?

• Məsihçi yığıncağına aid olmayanlara qarşı necə xeyirxah ola bilərik?

[12-ci səhifədəki şəkil]

Samariyalı mərhəmət göstərdi.

[14-cü səhifədəki şəkil]

Məsihçi yığıncağına aid olmayanlara mərhəmət göstərməyin ən yaxşı üsulu, onlara Müqəddəs Kitab həqiqətini çatdırmaqdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş