Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/10 s. 15—28
  • Allahın iradəsinə uyğun yaşayın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın iradəsinə uyğun yaşayın
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • İrəliyə addımlar atın
  • Tarazlı olmağı öyrənin
  • Qoy Allahın iradəsini yerinə yetirmək həyat yolunuz olsun
  • Həqiqətən də mə’nalı həyat
  • Həyatda dəyərli məqsədə can atın
    Gözətçi qülləsi 2007
  • Tammüddətli xidmətçiləri yaddan çıxarmayın
    Gözətçi qülləsi 2014
  • Təyinatınızdakı dəyişikliyə uyğunlaşın
    Gözətçi qülləsi 2019
  • Ruhani cəhətdən tərəqqi edin
    Gözətçi qülləsi 2016
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/10 s. 15—28

Allahın iradəsinə uyğun yaşayın

‘Məsih hamı üçün öldü ki, yaşayanlar artıq özləri üçün yaşamasınlar’ (2 KORİNFLİLƏRƏ 5:15).

1. Bir missionerin xidmətində baş verən hadisəni danışın.

«VƏTƏNDAŞ müharibəsi bitdikdən sonra bizim maşın Afrikanın ucqar kəndinə gələn ilk mülki maşın idi», — deyə Aaron adlı missioner xatırlayıra. «Buradakı kiçik yığıncaq ilə əlaqə kəsildiyindən, biz onların qayğısına qalmalı idik. Ərzaq, geyim və Müqəddəs Kitaba əsaslanan ədəbiyyatdan əlavə özümüzlə “Yehovanın Şahidləri. Adına layiq təşkilat” (rus.) videofilmini gətirmişdikb. Kassetə baxmağa kənd “teatrına” — içində videomaqnitafon və televizor olan böyük komaya — o qədər maraqlanan yığılmışdı ki, filmi iki dəfə göstərməli olduq. Hər nümayişdən sonra çoxlu Müqəddəs Kitab öyrənmələri başladıq. Nəticələr göstərdi ki, zəhmətimizə dəyərdi».

2. a) Nə üçün məsihçilər həyatlarını Allaha xidmətə sərf etməyə qərarlıdırlar? b) İndi hansı sualları araşdıracağıq?

2 Aaron və onun əməkdaşları nə üçün üzərlərinə bu cür çətin işi götürmüşdülər? Çünki onlar İsa Məsihin fidiyə qurbanlığına minnətdarlıqdan irəli gələrək, həyatlarını Allaha həsr etmişlər və Onun iradəsinə uyğun həyat sürmək istəyirlər. Onlar kimi bütün sadiq məsihçilər «özləri üçün» yaşamamağa, «Müjdə üçün» əllərindən gələn hər şeyi etməyə qəti qərarlıdırlar (2 Korinflilərə 5:15; 1 Korinflilərə 9:23). Onlar bilirlər ki, bu dünyanın sonu gələndə nə pulun dəyəri olacaq, nə də yüksək mövqeyin. Beləliklə, onlar həyat və sağlamlıqlarını Allahın iradəsini yerinə yetirməyə sərf etmək istəyirlər (Vaiz 12:1). Bəs biz bunu necə edə bilərik? Bunun üçün cəsarət və möhkəmliyi haradan tapa bilərik? Xidmətdə qarşımızda hansı imkanlar açılır?

İrəliyə addımlar atın

3. Allahın iradəsini yerinə yetirməyə hansı əsas addımlar daxildir?

3 Allahın iradəsini yerinə yetirmək həqiqi məsihçilər üçün ömürlük öhdəçilikdir. Bu, adətən bir neçə əsas addımdan: Müqəddəs Kitabı gündəlik oxumaqdan, «Teokratik Xidmət Məktəbi»nə yazılmaqdan, təbliğ işində iştirak etməkdən və vəftizə doğru addımlar atmaqdan başlayır. Ruhani cəhətdən inkişaf etdikcə həvari Pavelin sözlərini yadımızda saxlayırıq: «Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun» (1 Timoteyə 4:15). Bu irəliləyişlər özümüzü izzətləndirmək istəyimizi deyil, Allahın iradəsini təmənnasız yerinə yetirmək qətiyyətimizi göstərir. Bu yolla getməklə biz göstəririk ki, həyatın bütün məsələlərində Allahın addımlarımızı yönəltməsinə imkan veririk, O isə bunu bizdən qat-qat yaxşı edir (Məzmur 32:8).

4. Əsassız qorxuları necə kənara ata bilərik?

4 Ancaq tərəddüd etmək və ya həddən artıq özümüzü düşünmək Allaha xidmətdə irəliləməyimizə mane olacaq (Vaiz 11:4). Beləliklə, Allaha və insanlara xidmət etməkdən sevinc tapmaq üçün əvvəlcə özümüzdə olan qorxunu aradan qaldırmalıyıq. Məsələn, Erik əcnəbi dilli yığıncaqda xidmət etmək barədə fikirləşirdi. Ancaq onu bu suallar narahat edirdi: «Görəsən mən o yığıncağa öyrəşə biləcəyəm? Qardaşlar xoşuma gələcəklər? Bəs mən onların?» O danışır: «Axırda başa düşdüm ki, özümdən daha çox qardaşlar haqqında düşünməliyəm. Narahatçılığı kənara atıb fikrimi edə biləcəyim işlərə yönəltmək qərarına gəldim. Kömək üçün dua etdim və buna uyğun davrandım. İndi buradakı xidmətimdən sonsuz dərəcədə sevinc duyuram» (Romalılara 4:20). Bəli, Allaha və insanlara təmənnasız olaraq nə qədər çox xidmət edəcəyiksə, o qədər də sevinc və məmnunluq tapacağıq.

5. Allahın iradəsinə uyğun yaşamaq üçün nəyə görə işlərimizi diqqətlə planlaşdırmalıyıq? Nümunə gətirin.

5 Allahın iradəsinə uyğun yaşamaq üçün işlərimizi planlaşdıranda da diqqətli olmalıyıq. Biz borca girmirik ki, nə bu dünyanın qulu olaq, nə də Allahın işində azadlığımız məhdudlaşsın. Müqəddəs Kitab bizə xatırladır: «Borclu adam borc verənə qul olar» (Süleymanın məsəlləri 22:7). Yehovaya e’tibar etmək və xidməti birinci yerə qoymaq vacib şeyləri nəzərdən qaçırmamağımıza kömək edir. Məsələn, Qvominqin iki bacısı və anası ilə yaşadığı yerdə evlərin qiyməti baha, daimi iş tapmaq isə çətindir. Onlar pulu qənaətlə xərcləyir və məsrəfləri öz aralarında bölüşdürürlər. Buna görə də onlardan kimsə işləməyəndə belə lazım olan hər şeyləri olur. «Hərdən evə hamı pul gətirə bilmir», — Qvominq deyir. «Buna baxmayaraq biz pioner xidmətini davam etdirir və anamıza yaxşı baxırıq. Anamıza minnətdarıq ki, o ruhani işlərimizi qurban verərək onu hər şeylə tə’min etməyimizi tələb etmir» (2 Korinflilərə 12:14; İbranilərə 13:5).

6. Həyatımızı Allahın iradəsinə uyğunlaşdırmaq üçün nə etməli olduğumuzu bir nümunə necə göstərir?

6 Əgər sənin başın bütünlüklə dünyəvi işlərə — maddi və ya başqa şeylərə — qarışıbsa, Allahın iradəsini birinci yerə qoymaq üçün köklü dəyişikliklər etmək lazım gələ bilər. Adətən belə dəyişiklikləri dərhal etmək mümkün olmur və ilk vaxtlar səhvlərə yol vermək heç də uğursuzluğun əlaməti deyil. Məsələn, Koixi vaxtının çoxunu əyləncələrə sərf edirdi. O, Müqəddəs Kitabın tə’limləri ilə yeniyetmə ikən tanış olmuşdu, ancaq çox illər ərzində videooyunlara aludə olmuşdu. Bir gün o özü-özünə dedi: «Sən nə edirsən? Artıq 30-u adlamısan, ancaq hələ də həyatda bir ağıllı iş görməmisən!» Koixi yenidən Müqəddəs Kitabı öyrənməyə başladı və yığıncağın köməyini qəbul etdi. Dəyişiklik tədricən baş versə də, təslim olmadı. Çoxlu dualar etməyin və başqalarının köməyi sayəsində o, axırda bu həvəsindən azad oldu (Luka 11:9). Koixi indi sevinclə xidməti köməkçi kimi xidmət edir.

Tarazlı olmağı öyrənin

7. Allahın işini yerinə yetirərkən nə üçün tarazlı olmalıyıq?

7 Allahın iradəsinə uyğun yaşamaq üçün ürəkdən sə’y göstərməliyik. Bu işdə heç vaxt həvəssiz və ya tənbəl olmamalıyıq (İbranilərə 6:11, 12). Buna baxmayaraq, Yehova istəmir ki, biz özümüzü fiziki, əqli və ya emosional cəhətdən əldən salaq. Allahın işini öz gücümüzlə görə bilmədiyimizi təvazökarlıqla e’tiraf etmək Allahı izzətləndirir və bizim tarazlı olduğumuzu göstərir (1 Peter 4:11). Yehova Onun iradəsini yerinə yetirmək üçün lazımi gücü verəcəyini və’d edir, ancaq Allahın bizdən gözləmədiyi, gücümüzdən artıq işləri etməyə çalışmamalıyıq (2 Korinflilərə 4:7). Özümüzü əldən salmayaraq Allaha xidməti davam etdirmək üçün gücümüzü ağılla sərf etmək lazımdır.

8. Bir gənc məsihçi həm dünya, həm də Allah üçün əlindən gələni etməyə çalışanda nə baş verdi və o hansı dəyişikliyi etdi?

8 Məsələn, Şərqi Asiyada yaşayan Ji Hi iki il gərgin işdə işləyə-işləyə pioner kimi xidmət edirdi. «Mən həm Yehova üçün, həm də dünya üçün əlimdən gələni etməyə çalışırdım, ancaq gecə cəmi beş saat yatırdım. Axırda ruhani işlər üçün gücüm qalmadı və xidmətdən çox az sevinc duyurdum», — deyə o danışır. Yehovaya ‘bütün ürəyi ilə, bütün canıyla, bütün düşüncəsiylə və bütün qüvvətilə’ xidmət etmək üçün Ji Hi çox vaxt və güc tələb etməyən iş axtarmağa başladı (Mark 12:30). O deyir: «Çox pul qazanmağım üçün ailəmin mənə təzyiq göstərməsinə baxmayaraq, Allahın iradəsini birinci yerə qoydum. İndi də qazandığım pul lazımlı şeylərə, məsələn, yaxşı geyinməyə çatır. Doyunca yatmaq isə elə yaxşıdır ki! Artıq xidmətdən sevinc duyuram, həm də ruhani cəhətdən əvvəlkindən daha möhkəməm. Bu ona görədir ki, dünyanın cəlbedici və aldadıcı şeylərinə az vaxtım qalır» (Vaiz 4:6; Matta 6:24, 28-30).

9. Gördüyümüz işlər təbliğ etdiyimiz insanlara necə tə’sir göstərə bilər?

9 Hər kəs Allaha tammüddətli xidmət edə bilmir. Əgər sən qocalıqla, zəif səhhətlə və ya başqa çətinliklərlə mübarizə aparmalı olursansa, yadda saxla ki, Yehova sənin sədaqətini və xidmətdə Onun üçün ürəkdən etdiyin hər şeyi yüksək qiymətləndirir (Luka 21:2, 3). Buna görə heç kim, hətta az da olsa, çəkdiyi əməyin başqalarına göstərə biləcəyi tə’siri qiymətdən salmamalıdır. Məsələn, təsəvvür edin ki, bir neçə qapını döymüşük, çatdırdığımız xəbər isə sanki heç kəsi maraqlandırmayıb. Oradan gedəndən sonra, hətta heç kim qapı açmasa belə, ev sahibləri gəlişimiz barədə bəlkə də saatlarla və ya günlərlə danışacaqlar! Biz xoş xəbəri eşidən hər kəsin onu qəbul edəcəyini gözləməsək də, bə’ziləri hay verəcək (Matta 13:19-23). Başqaları bəlkə də sonralar dünyada və ya öz həyatlarında nə isə baş verəndə xoş xəbərə maraq göstərəcək. Hər necə olursa olsun, xidmətdə bacardığımız hər şeyi etməklə Allahın işini görürük. Biz «Allahın yanında əməkdaşlarıq» (1 Korinflilərə 3:9).

10. Yığıncaqda hamının qarşısında hansı imkanlar durur?

10 Bundan başqa, hamımız öz ailə üzvlərimizə və ruhani bacı-qardaşlarımıza kömək edə bilərik (Qalatiyalılara 6:10). Bizim yaxşı nümunəmiz ətrafımızdakılara güclü tə’sir göstərərək uzun müddət onların yadında qala bilər (Vaiz 11:1, 6). Ağsaqqalların və xidməti köməkçilərin öz işlərini sə’ylə yerinə yetirməsi, yığıncağın ruhani sağlamlığına və sabitliyinə kömək edir, təbliğ işi isə inkişaf edir. Biz əminik ki, ‘Rəbbin işində tərəqqi edəndə’ əməyimiz ‘əbəs’ olmur (1 Korinflilərə 15:58).

Qoy Allahın iradəsini yerinə yetirmək həyat yolunuz olsun

11. Məsihçilərin qarşısında yerli yığıncaqla əməkdaşlıq etməkdən başqa hansı imkanlar var?

11 Biz bir məsihçi kimi həyatı sevir və etdiyimiz hər işdə Allahı izzətləndirmək istəyirik (1 Korinflilərə 10:31). Padşahlıq müjdəsini sə’ylə təbliğ edib, İsanın əmr etdiyi hər şeyə əməl etməyi insanlara öyrətsək, qarşımızda Allaha xidmət etmək üçün sevinc gətirən çoxlu imkanlar açılacaq (Matta 24:14; 28:19, 20). Yerli yığıncaqla əməkdaşlıq etməklə yanaşı təbliğçiyə daha çox ehtiyac olan başqa ərazilərdə, ölkələrdə və ya dillərdə xidmət etmək imkanı var. Tələblərə cavab verən subay ağsaqqal və xidməti köməkçilər Xidməti Təkmilləşdirmə Məktəbinə də’vət ala bilər, sonra isə, istər öz ölkələrində, istərsə də başqa ölkələrdə yetkin məsihçilərin köməyinə ehtiyac olan yığıncaqlarda xidmət etməyə tə’yin oluna bilərlər. Tammüddətli xidmətdə olan ər-arvadlar Gilead missioner məktəbində tə’lim ala və xarici ölkələrdə xidmət etməyə göndərilə bilərlər. Həm də Bet-Eldə müxtəlif işləri yerinə yetirmək, o cümlədən, Padşahlıq Zallarının və filialların tikintisində iştirak etmək üçün könüllülərə həmişə ehtiyac vardır.

12, 13. a) Hansı xidmət növünə can atacağınızı necə müəyyən edə bilərsiniz? b) Bir tə’yinatda əldə edilən təcrübənin başqasında faydalı olduğunu nümunə əsasında göstərin.

12 Hansı xidmət növünə can ata bilərsiniz? Yehovanın həsr olunmuş xidmətçisi kimi rəhbərlik almaq üçün həmişə Ona və Onun təşkilatına üz tutun. Onun ‘xeyirxah Ruhu’ sizə düzgün qərar qəbul etməyə kömək edəcək (Nehemya 9:20). Bir tə’yinat başqa tə’yinata yol aça bilər və bir xidmət növündə əldə edilən təcrübə və bacarıq sonralar başqa tə’yinatda faydalı ola bilər.

13 Məsələn, Denis həyat yoldaşı Ceni ilə birlikdə müntəzəm olaraq Padşahlıq Zallarının tikintisində iştirak edir. Birləşmiş Ştatların cənubunda Katrina qasırğası baş verəndən sonra onlar könüllülərin cərgəsində ora kömək etməyə getdilər. Denis deyir: «Padşahlıq Zallarının tikintisində əldə etdiyimiz bacarığı qardaşlarımıza kömək etmək üçün istifadə etmək bizə böyük sevinc gətirdi. Kömək etdiyimiz insanların minnətdarlığı ürəyimizi riqqətə gətirdi. Kömək etməyə gələn başqa qruplar tikintidə o qədər də müvəffəqiyyət əldə edə bilmədilər. Yehovanın Şahidləri isə 5 300-dən artıq evi və çoxlu Padşahlıq Zallarını tə’mir etdilər və ya yenidən tikdilər. Camaat bunu görür, buna görə də çatdırdığımız xəbərə indi daha çox maraq göstərir».

14. Əgər tammüddətli xidmətə başlamaq istəyirsinizsə nə edə bilərsiniz?

14 Tammüddətli xidməti öz həyat yolunuz edərək Allahın iradəsinə müvafiq yaşaya bilərsinizmi? Əgər belədirsə, siz mütləq çoxlu xeyir-dualar alacaqsınız. Əgər tammüddətli xidmətə şəraitiniz yol vermirsə, ola bilsin, həyatınızda nəyi isə dəyişdirə bilərsiniz. Nehemya kimi siz də dua edin. O, vacib tapşırığı yerinə yetirmək istəyəndə dua etmişdi: «Ya Xudavənd... bu gün qulunun işini uğurlu et» (Nehemya 1:11). ‘Duaları eşidənə’ e’tibar edərək xahişinizə uyğun hərəkət edin (Məzmur 65:2). Daha çox xidmət etmək üçün əvvəlcə sə’y göstərmək lazımdır ki, Yehova xeyir-dua versin. Tammüddətli xidmətə başlamaq qərarına gəldinizsə, qərarınıza bağlı qalın. Vaxt keçdikcə təcrübəniz, eyni zamanda sevinciniz də artacaq.

Həqiqətən də mə’nalı həyat

15. a) Allaha çoxdan xidmət edən məsihçilərlə söhbətin və onlar haqqında oxumağın hansı faydası var? b) Sizi xüsusilə kimin tərcümeyi-halı ruhlandırmışdır?

15 Allahın iradəsinə uyğun yaşamaq sizə hansı xeyir-duaları gətirəcək? Yehovaya çoxdan xidmət edən, xüsusilə tammüddətli xidmətə çox illər həsr etmiş məsihçilərlə söhbət edin. Onların həyatı necə də zəngin və mə’nalıdır! (Süleymanın məsəlləri 10:22). Bu xidmətçilər Yehovanın onlardan yardım əlini heç vaxt əsirgəmədiyini, hətta ən çətin anlarda belə ehtiyac duyduqları hər şeyi artıqlaması ilə verdiyini danışacaqlar (Filipililərə 4:11-13). Son onilliklər ərzində «Gözətçi Qülləsi»ndə yüzlərlə bacı-qardaşın həyatı barədə məqalələr çap olunmuşdur. Onların hər birində «Həvarilərin işləri» kitabında əks olunan çalışqanlıq və sevinc əks olunur. Belə maraqlı hekayələri oxuyanda istər-istəməz deyəcəksiniz: «Mən də bu cür yaşamaq istəyirəm!»

16. Məsihçinin həyatını mə’nalı və xoşbəxt edən nədir?

16 Məqalənin əvvəlində xatırlanan Aaron deyir: «Mən Afrikada tez-tez həyatın mə’nasının sorağında ölkəni gəzib dolaşan gənclərə rast gəlirdim. Çoxları onu heç vaxt tapmadı. Ancaq biz isə orada Padşahlıq Müjdəsini təbliğ edərək Allahın iradəsini yerinə yetirir və dolğun, mə’nalı həyat sürürdük. Öz təcrübəmizdən hiss etdik ki, vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir» (Həvarilərin işləri 20:35).

17. Nə üçün indi Allahın iradəsinə uyğun yaşamalıyıq?

17 Bəs sizin haqqınızda nə demək olar? Qarşınıza hansı məqsədi qoymusunuz? Əgər konkret ruhani məqsədiniz yoxdursa, onda həmin boşluğu başqa məşğuliyyətlər dolduracaq. Nə üçün dəyərli həyatınızı Şeytanın aldadıcı dünyasına boş-boşuna sərf edəsiniz? Yaxın gələcəkdə «böyük məşəqqət» başlayanda var-dövlətin və cəmiyyətdəki mövqeyin heç bir dəyəri olmayacaq. Əhəmiyyətli olan təkcə Yehova ilə münasibətimiz olacaq. O zaman Allaha və insanlara xidmət etdiyimiz və Allahın iradəsini yerinə yetirdiyimiz üçün necə də şad olacağıq! (Matta 24:21; Vəhy 7:14, 15).

[Haşiyələr]

a Bə’zi adlar dəyişdirilib.

b Yehovanın Şahidləri tərəfindən buraxılıb.

İzah edə bilərsinizmi?

• Yehova xidmətimizə necə yanaşır?

• Məqsədəuyğun və tarazlı olmaq Allaha və insanlara xidmət etməyimizə necə kömək edir?

• Xidmət etmək üçün qarşımızda hansı imkanlar var?

• İndi mə’nalı həyat necə sürə bilərik?

[26-cı səhifədəki şəkil]

Müqəddəs xidmətin müxtəlif növləri var.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş