Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/10 s. 28—32
  • Ovçunun tələsindən qurtuluş

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ovçunun tələsindən qurtuluş
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • İnsan qorxusu
  • Var-dövlət tələsi
  • Zərərli əyləncələr
  • Fikir ayrılıqları
  • «Haqq-Taalanın pənahında» təhlükəsizlik
  • Haqq-Taalanın pənahında qalın
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
  • Yehova bizim sığınacaq yerimizdir
    Gözətçi qülləsi 2002
  • “İblisə... qarşı durun”
    Gözətçi qülləsi 2003
  • Yehovaya məxsus olmaq lütfdür
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/10 s. 28—32

Ovçunun tələsindən qurtuluş

«[Yehova] səni ovçunun tələsindən... qurtarar» (MƏZMUR 91:3).

1. ‘Ovçu’ kimdir və o nə üçün təhlükəlidir?

BÜTÜN həqiqi məsihçilər fövqəlbəşər şüura malik hiyləgər bir yırtıcının hücumlarına mə’ruz qalırlar. O, Məzmur 91:3 ayəsində ‘ovçu’ adlanır. Bu düşmən kimdir? 1883-cü il 1 iyun sayından başlayaraq «Gözətçi Qülləsi» onun Şeytan İblis olduğunu açıqlayır. Ovçu quşu tələyə salmağa çalışdığı kimi, bu qorxunc düşmən də hiylə ilə Yehovanın xalqını aldadıb tora salmaq istəyir.

2. Şeytan nə üçün ovçuya bənzədilir?

2 Qədim zamanlarda quşları gözəl oxuduqlarına, rəngbərəng lələklərinə görə, o cümlədən, qida kimi istifadə etmək və qurban gətirmək üçün ovlayırdılar. Ancaq quşlar təbiətən çox ehtiyatlı və ürkək olduğundan, onları tutmaq çətin olur. Buna görə də, o dövrdə ovçu əvvəlcə tələyə salmaq istədiyi quşu hərtərəfli öyrənirdi. Sonra onu tutmaq üçün fənd qururdu. Şeytanı ovçuya bənzətməklə Müqəddəs Kitab bizə onun üsullarını başa salır. Şeytan bizim hər birimizi ayrı-ayrılıqda öyrənir. O bizim vərdişlərimizi və xasiyyətimizi müşahidə edir, sonra isə bizi əsir etmək üçün gizli tələlər qurur (2 Timoteyə 2:26). Şeytanın tələsinə düşmək ruhani cəhətdən məhv olmaq deməkdir, bu isə bizi əbədi ölümə aparıb çıxarar. Buna görə də, özümüzü qorumaq üçün «ovçunun» müxtəlif fəndlərini bilmək lazımdır.

3, 4. Şeytan hansı mə’nada aslan və kobra kimi davranır?

3 Məzmurçu da canlı bədii təsvirdən istifadə edərək Şeytanın fəndlərini ‘gənc aslanın’ və ‘kobranın’ (YD) fəndlərinə bənzədirdi (Məzmur 91:13). Hərdən Şeytan tə’qiblər və dövlət tərəfindən qoyulan qadağalar vasitəsilə Yehovanın xalqına qarşı aslan kimi, öndən açıq hücuma keçir (Məzmur 94:20). Belə hücumlar bə’zilərini büdrədə bilər. Ancaq çox vaxt belə açıq hücumlar əks tə’sir göstərərək Allahın xalqını daha da birləşdirir. Bəs Şeytanın güclə sezilən, kobraya bənzər hücumları hansılardır?

4 Şeytan özünün fövqəlbəşər şüurundan istifadə edərək, zəhərli ilan kimi, xəlvəti olaraq məkrli və öldürücü hücumlar edir. Bu üsulla o, Allahın bə’zi xidmətçilərini Yehovanın deyil, öz iradəsini yerinə yetirməyə şirnikləndirərək, onların əqlini zəhərləməyə müvəffəq olmuşdur, bu isə faciə ilə nəticələnmişdir. Xoşbəxtlikdən, biz Şeytanın fitnələrindən xəbərsiz deyilik (2 Korinflilərə 2:11). Gəlin indi bu «ovçunun» istifadə etdiyi tələlərdən dördünü nəzərdən keçirək.

İnsan qorxusu

5. Nə üçün ‘insan qorxusu’ effektli tələdir?

5 ‘Ovçu’ başa düşür ki, hər bir insan başqaları tərəfindən qəbul edilmək və bəyənilmək istəyir. Məsihçilər də ətrafdakıların fikir və hisslərinə laqeyd deyillər. Bunu bilən Şeytan bundan sui-istifadə edə bilər. Məsələn, o, ‘insan qorxusu’ ilə Allahın bə’zi xidmətçilərini tələyə salır (Süleymanın məsəlləri 29:25). Əgər Allahın xidmətçisi insan qorxusundan irəli gələrək başqalarına qoşulub Yehovanın qadağan etdiyi işləri görür və ya Allahın Kəlamında əmr edilən şeyi etmirsə, «ovçunun» tələsinə düşmüş olur (Yezekel 33:8; Yaqub 4:17).

6. Hansı nümunə göstərir ki, gənc məsihçi «ovçunun» tələsinə düşə bilər?

6 Məsələn, gənc məsihçi məktəb yoldaşlarının tə’siri altına düşüb, siqaret çəkə bilər. Bəlkə də, o, həmin günü məktəbə gedəndə siqaret çəkmək heç ağlından belə keçmirdi. Ancaq tezliklə o həm sağlamlığına ziyan vuran, həm də Allahı narazı salan bir iş tutur (2 Korinflilərə 7:1). Axı onu yoldan çıxaran nə oldu? O pis uşaqlara qoşuldu və qorxdu ki, birdən onları razı salmaz. Gənclər, yol verməyin ki, ‘ovçu’ sizi şirnikləndirib, tələyə salsın! Onun əsarətinə düşməmək üçün hətta ən xırda şeydə belə güzəştə getməyin. Müqəddəs Kitabın xəbərdarlığına qulaq asaraq, pis dostluqdan qaçın (1 Korinflilərə 15:33).

7. Şeytan bə’zi valideynləri ruhani tarazlıqdan necə çıxara bilər?

7 Müqəddəs Yazılar məsihçi valideynlərin üzərinə ailəni maddi cəhətdən tə’min etmək məs’uliyyətini qoyur. Məs’uliyyətli valideynlər bu tapşırığa ciddi yanaşırlar (1 Timoteyə 5:8). Ancaq Şeytanın məqsədi odur ki, məsihçilər bu sahədə tarazlığı itirsinlər. Müdirləri artıq işləməyi tələb etdikdə, bə’zi məsihçilər güzəştə gedib müntəzəm olaraq görüşləri buraxırlar. Ola bilsin, onlar öz qardaşları ilə birlikdə Yehovaya ibadət etmək üçün vilayət konqresinin bütün hissələrində olmağa görə işdən icazə almağa qorxurlar. ‘Rəbbə güvənmək’ isə bizi bu tələdən müdafiə edəcəkdir (Süleymanın məsəlləri 3:5, 6). Bundan başqa, yadda saxlasaq ki, hamımız Yehovanın ailə üzvləriyik və O bizim qayğımıza qalmağı Öz üzərinə götürüb, onda tarazlığı qorumaq asan olacaq. Valideynlər, iman edirsinizmi ki, Yehovanın iradəsini yerinə yetirsəniz, O mütləq sizin və ailənizin qayğısına qalacaq? Yoxsa Şeytan sizi insan qorxusu ilə əsir edib, öz istədiyini etdirəcək? Biz sizi bu sualların üzərində dua edərək düşünməyə təşviq edirik.

Var-dövlət tələsi

8. Şeytan məsihçiləri var-dövlətə necə şirnikləndirir?

8 Şeytan bizi öz tələsinə salmaq üçün həm də var-dövlətlə şirnikləndirir. Bu dünyanın iqtisadi sistemi çox vaxt dərhal varlanmağı təklif edir ki, bu da hətta Allahın xalqından da bə’zilərini aldada bilər. Hərdən kiməsə deyə bilərlər: «Bir az çox işlə. İmkanın yaxşılaşanda, rahat yaşayıb həyatdan zövq alarsan. İstəsən lap pioner xidmətinə də başlaya bilərsən». Belə sözləri məsihçi yığıncağında bacı-qardaşlardan öz maddi mənfəətləri üçün istifadə edənlərdən eşitmək olar. Bu sözləri hansı niyyətlə dedikləri haqda düşünün. Bu, İsanın məsəlindəki «ağılsız» varlı adamın düşüncə tərzini əks etdirmirmi? (Luka 12:16-21).

9. Nə üçün bə’zi məsihçilər əşya arzulamaq tələsinə düşmüşlər?

9 Şeytan öz pis dünyasını elə idarə edir ki, insanlara müxtəlif şeylər əldə etmək arzusu aşılanır. Bu arzu məsihçinin həyatına daxil olub, kəlamı boğaraq «səmərəsiz» edə bilər (Mark 4:19). Müqəddəs Kitab bizi təşviq edir ki, yeməyimiz, paltarımız və yaşamağa yerimiz varsa, onlarla kifayətlənək (1 Timoteyə 6:8). Ancaq çoxları bu məsləhətə əməl etmədikləri üçün «ovçunun» tələsinə düşmüşlər. Ola bilərmi ki, onlar qürur hissindən irəli gələrək müəyyən həyat səviyyəsini qorumalı olduqlarını düşünsünlər? Şəxsən bizim haqqımızda nə demək olar? Daha çox şey əldə etmək üçün həqiqi ibadəti ikinci yerə qoyuruqmu? (Haqqay 1:2-8). Təəssüf ki, çətin iqtisadi vəziyyət olanda bə’ziləri öyrəşdikləri yaxşı şəraitlərini qorumaq üçün ruhaniliklərini qurban vermişlər. Maddi şeylərə bu cür münasibət «ovçunun» ürəyincədir!

Zərərli əyləncələr

10. Hər məsihçi özünü nədə yoxlamalıdır?

10 «Ovçunun» digər fəndi insanların nəyin yaxşı, nəyin pis olduğuna dair təsəvvürlərini pozmaqdır. Bu gün əyləncə növlərinin çoxunda Sodom və Homorrada hökm sürən düşüncə tərzi əks olunur. Hətta televizorda və jurnallarda xəbərlər də zorakılığı vurğulayır və seksə çirkin marağı dəstəkləyir. Kütləvi informasiya vasitələrində əyləncə kimi qələmə verilən şeylərin çoxu insanların «xeyirlə şəri ayırd etmək» bacarığını kütləşdirir (İbranilərə 5:14). Ancaq Yehovanın Yeşaya peyğəmbər vasitəsilə dediyi sözləri xatırlayın: «Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin» (Yeşaya 5:20). ‘Ovçu’ belə əyləncədən istifadə edərək sizin də düşüncə tərzinizə gizlincə tə’sir göstərməyib ki? Özünüzü yoxlamaq vacibdir (2 Korinflilərə 13:5).

11. «Gözətçi Qülləsi»ndə seriallar haqqında hansı xəbərdarlıq verilmişdi?

11 Təxminən 25 il əvvəl «Gözətçi Qülləsi» qayğıkeşliklə Allahın həqiqi xidmətçilərinə seriallar haqqında xəbərdarlıq etmişdia. Populyar serialların göstərdiyi gizli tə’sir haqqında deyilirdi: «Məhəbbət axtarışı istənilən hərəkətə bəraət qazandırır. Məsələn, bir subay hamilə qız öz rəfiqəsinə deyir: “Axı mən Viktoru sevirəm. Mənim üçün fərqi yoxdur... Onun uşağını daşımaq mənim üçün hər şeyə dəyər!”» Həzin musiqinin sədaları altında onun sürdüyü həyat tərzinin düzgün olmadığı haqda heç fikirləşmirsən də. Viktor sənin də xoşuna gəlməyə başlayır. Qıza yazığın gəlir. Sən onu «başa düşürsən». Sonralar sanki ayılan bir tamaşaçı demişdi: «Adamın özünə haqq qazandırması heyrətamizdir. Bilirik ki, əxlaqsızlıq pisdir... Ancaq bir də görürsən ki, ürəyində əxlaqsız insanlara yazığın gəlir».

12. Bə’zi televiziya proqramları ilə bağlı xəbərdarlığın münasib olduğunu hansı amillər göstərir?

12 Həmin məqalələrin dərc olunduğu vaxtdan bəri əxlaqı pozan proqramların sayı daha da artıb. Bir çox yerlərdə belə proqramlar günün 24 saatı verilir. Kişilər, qadınlar və yeniyetmələrin çoxu öz ağıllarını və ürəklərini belə əyləncələrlə qidalandırırlar. Ancaq biz yalan düşüncələrlə özümüzü aldatmamalıyıq. Belə ədəbsiz səhnələrin dünyada gördüyümüzdən zərərli olmadığını düşünmək səhv olardı. Məsihçi evinə də’vət etməyi heç vaxt ağlından belə keçirmədiyi adamlarla əylənməyə bəraət qazandıra bilərmi?

13, 14. Bə’zilərinə televiziya haqqında xəbərdarlıqlar hansı faydanı gətirmişdir?

13 ‘Sadiq və ağıllı qulun’ xəbərdarlığına ciddi yanaşmağın bir çoxlarına faydası dəymişdir (Matta 24:45-47). Müqəddəs Kitaba əsaslanan açıq məsləhətləri oxuyandan sonra bə’zi məsihçilər məqalələrin şəxsən onlara necə tə’sir etdiyini bu jurnala yazmışlarb. Bir bacı e’tiraf etmişdi: «13 il ərzində seriallara aludə olmuşam. Elə düşünürdüm ki, sadəcə məsihçi görüşlərinə gəlsəm və hərdənbir xidmətdə iştirak etsəm ruhaniliyimə heç bir zərər dəyməyəcək. Ancaq mən bu serialların əhval-ruhiyyəsini mənimsədim: əgər ər arvadı ilə pis rəftar edirsə və ya qadın sevilmədiyini hiss edirsə, bu zaman əxlaqsızlıq üzürlüdür — ər özü bunun səbəbkarıdır. Özümə haqq qazandıranda mən də bu addımı atdım, Yehovaya və həyat yoldaşıma qarşı günah işlətdim». Həmin qadın yığıncaqdan kənar edildi. Axırda o özünə gəldi, tövbə etdi və yığıncaqda bərpa olundu. Seriallar haqqında məqalələrdə verilən xəbərdarlıqlar ona güc verdi ki, Yehovanın nifrət etdiyi əyləncələrdən imtina etsin (Amos 5:14, 15).

14 Başqa bir oxucu yazmışdır: «Məqalələri oxuyanda göz yaşlarımı saxlaya bilmədim. Çünki mən başa düşürdüm ki, ürəyim artıq Yehovaya tam bağlı deyil. Allaha söz verdim ki, bir daha serialların qulu olmayacağam». Bir məsihçi qadın məqaləyə görə minnətdarlığını bildirəndən sonra özünün seriallara aludə olduğunu e’tiraf edib yazırdı: «Mən narahat idim ki... görəsən bunun mənim Yehova ilə münasibətimə tə’siri varmı? Mən eyni zamanda həm bu qəhrəmanlarla, həm də Yehova ilə necə dost ola bilərəm?» Əgər belə proqramlar 25 il bundan əvvəl əxlaqı pozurdusa, görün onların tə’siri bu gün necə güclüdür? (2 Timoteyə 3:13). Biz Şeytanın ədəbsiz əyləncə tələlərindən, onun istənilən formasından — istər seriallardan, istər zorakılıqla dolu videooyunlardan, istərsə də əxlaqsız musiqi kliplərindən özümüzü gözləməliyik.

Fikir ayrılıqları

15. Şeytan bə’zilərini necə əsir almışdır?

15 Şeytan Yehovanın xalqı arasında ixtilaf salmaq üçün fikir ayrılıqlarından istifadə edir. Yığıncaqda hansı məs’uliyyəti daşımağımızdan asılı olmayaraq bu tələyə biz də düşə bilərik. Bə’ziləri şəxsi mübahisələrin Yehovanın yaratdığı gözəl ruhani sülhü və birliyi pozmasına yol verərək, Şeytana əsir düşmüşlər (Məzmur 133:1-3).

16. Şeytan birliyimizi necə pozmağa çalışır?

16 Birinci Dünya müharibəsi zamanı Şeytan öndən hücuma keçərək Yehovanın təşkilatının yerüzü hissəsini məhv etmək istəsə də, uğursuzluğa uğramışdı (Vəhy 11:7-13). Həmin vaxtdan bəri o, hiyləyə əl ataraq birliyimizi parçalamağa çalışır. Şəxsi mübahisələrimizlə birliyi pozanda ‘ovçunun’ öz istədiyini yerinə yetirməsinə imkan yaratmış oluruq. Bununla da, müqəddəs ruhun özümüzə, o cümlədən yığıncağa verilməsinə əngəl törədərik. Şeytan buna çox sevinər, çünki yığıncaqda sülh və birliyin cüz’i pozulması belə təbliğ işinə mane olur (Efeslilərə 4:27, 30-32).

17. Bir-birləri ilə dil tapmayan məsihçilər nə etməlidirlər?

17 Əgər hansısa məsihçi ilə dil tapa bilmirsinizsə, nə edə bilərsiniz? Düzdür, vəziyyətlər müxtəlif olur. Ancaq problemlərin yaranması üçün çoxlu səbəblər olsa da, şəxsi mübahisələrin həll olunmamış qalmasına səbəb yoxdur (Matta 5:23, 24; 18:15-17). Müqəddəs Yazılar Allahdan ilham aldığı üçün kamildir. Müqəddəs Kitabın prinsiplərinə əməl etsək, həmişə xeyir taparıq. Onlar həmişə yaxşı bəhrə verir!

18. Yehovanı təqlid etmək fikir ayrılıqlarını həll etməkdə bizə necə kömək edəcək?

18 Yehova «bağışlayan» Allahdır (Məzmur 86:5; 130:4). Yehovanı təqlid etməklə, Onun sevimli övladları olduğumuzu göstəririk (Efeslilərə 5:1). Biz hamımız günahlıyıq və Yehovanın əfvinə möhtacıq. Buna görə də, kimisə bağışlamaq istəməyəndə, ehtiyatlı olmalıyıq ki, İsanın məsəlindəki qula oxşamayaq. O öz qulunun borcunu bağışlamaq istəməmişdi, baxmayaraq ki, həmin borc ağasının ona yenicə bağışladığı borcun yalnız cüz’i bir hissəsi idi. Ağasına xəbər çatanda, o, rəhmsiz qulu zindana atdırdı. İsa məsəlinə belə yekun vurdu: «Hər biriniz qardaşlarınızın təqsirlərini ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər» (Matta 18:21-35). Həmin məsəlin və Yehovanın bizi neçə dəfə asanlıqla bağışladığının üzərində düşünmək qardaşımızla mübahisələri həll edən zaman mütləq kömək edəcək! (Məzmur 19:14).

«Haqq-Taalanın pənahında» təhlükəsizlik

19, 20. İndiki çətin zəmanədə Yehovanın ‘pənahına və kölgəsinə’ necə baxmalıyıq?

19 Biz təhlükəli zəmanədə yaşayırıq. Yehova bizi məhəbbətlə müdafiə etməsəydi, Şeytan hamımızı məhv edərdi. Buna görə də «ovçunun» tələsinə düşməmək üçün simvolik mə’nada sığınacaq yeri olan «Haqq-Taalanın pənahında» qalmalı, ‘Külli-İxtiyarın kölgəsində oturmalıyıq’ (Məzmur 91:1).

20 Gəlin Yehovanın xatırlatmalarına və məsləhətlərinə azadlığımızı əlimizdən alan deyil, bizi qoruyan bir şey kimi baxaq. Hər birimiz fövqəlbəşər şüura malik olan yırtıcının hücumlarına mə’ruz qalırıq. Yehovanın məhəbbət dolu köməyi olmasa, heç kim tələdən qurtula bilməz (Məzmur 124:7, 8). Buna görə də gəlin dua edək ki, Yehova bizi «ovçunun» tələsindən qurtarsın! (Matta 6:13).

[Haşiyələr]

a «Gözətçi Qülləsi» 1982-ci il 1 dekabr səhifə 3-7 (ing.)

b «Gözətçi Qülləsi» 1 dekabr 1983-cü il səhifə 23 (rus.).

Xatırlayırsınızmı?

• ‘İnsan qorxusu’ nə üçün ölümcül tələdir?

• Şeytan var-dövlətdən istifadə edərək insanı tələyə necə salır?

• Şeytan bə’zilərini nalayiq əyləncələrlə necə tələyə salıb?

• Şeytan birliyimizi pozmaq üçün hansı tələdən istifadə edir?

[31-ci səhifədəki şəkil]

Əgər həmimanlınızla dil tapa bilmirsinizsə, nə etmək olar?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş