Şagird hazırlamaqda sənə kömək edəcək xüsusiyyətlər yetişdir
«Gedin, bütün xalqları şagirdim edin» (MATTA 28:19).
1. Allahın qədimdə yaşamış bə’zi xidmətçilərinə hansı bacarıq və xüsusiyyətlər lazım idi?
YEHOVANIN xidmətçiləri bə’zən Onun iradəsini yerinə yetirməyə kömək edəcək bacarıq və xüsusiyyətlər inkişaf etdirməli olurlar. Məsələn, çiçəklənən Ur şəhərini Allahın tapşırığı ilə tərk edən İbrahim və Sara çadırlarda yaşaya bilsinlər deyə, müəyyən xüsusiyyət və bacarığa malik olmalı idilər (İbranilərə 11:8, 9, 15). İsrailliləri Və’d edilmiş diyara gətirib çıxarmaq üçün Yeşuadan cəsarət, Yehovaya möhkəm inam və Onun Qanunu bilmək tələb olunurdu (Yeşua 1:7-9). Yehova Besaleli və Oholiavı müqəddəs məskənin tikintisində iştirak və rəhbərlik etməyə tə’yin etdikdən öncə, ola bilsin, onların müəyyən bacarıqları vardı. Amma Allahın tapşırığını Onun istədiyi kimi yerinə yetirmək üçün bu kişilər öz bacarıqlarını Allahın müqəddəs ruhunun köməyi ilə inkişaf etdirməli idilər (Çıxış 31:1-11).
2. Biz şagirdlər hazırlamaq işi ilə bağlı hansı sualları araşdıracağıq?
2 Yüzilliklər sonra İsa Məsih davamçılarına belə bir tapşırıq verdi: «Gedin, bütün xalqları şagirdim edin... sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Matta 28:19, 20). İnsanlara belə böyük və şərəfli tapşırıq hələ heç vaxt verilməmişdir. Şagirdlər hazırlamaq üçün hansı keyfiyyətlərə sahib olmaq lazımdır? Onları necə yetişdirmək olar?
Allahı bütün ürəyinlə sevdiyini göstər
3. Şagirdlər hazırlamaq tapşırığı bizə hansı imkanı verir?
3 İnsanlarla söhbət etmək və onları həqiqi Allaha yönəltmək üçün Yehovaya dərin məhəbbətimiz olmalıdır. İsraillilər Allahı sevdiklərini Onun qanunlarına bütün ürəkdən tabe olmaqla, Ona məqbul qurbanlar gətirməklə və mədhiyyələr oxumaqla göstərə bilərdilər (Qanunun təkrarı 10:12, 13; 30:19, 20; Məzmur 21:13; 96:1, 2; 138:5). Şagirdlər hazırlamaq tapşırığı alan bizlər də Allahın qanunlarına riayət edirik, bununla yanaşı, Yehovanı sevdiyimizi insanlara Onun və niyyətləri haqqında danışmaqla da göstəririk. Allahın verdiyi ümidə ürəkdən inandığımızı göstərmək üçün düzgün sözlər seçərək əminliklə danışmalıyıq (1 Salonikililərə 1:5; 1 Peter 3:15).
4. İsa nəyə görə insanlara Yehova haqqında öyrətməyi xoşlayırdı?
4 İsa Yehovanı ürəkdən sevdiyi üçün Onun niyyətləri, Padşahlıq və həqiqi ibadət haqqında böyük məmnuniyyətlə danışırdı (Luka 8:1; Yəhya 4:23, 24, 31). O demişdi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yeritmək və Onun işini tamamlamaqdır» (Yəhya 4:34). Məzmurçunun bu sözləri İsa haqqında idi: «Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, qanunun qəlbimdədir. Böyük toplantıda salehliyini car çəkdim, ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım» (Məzmur 40:8, 9; İbranilərə 10:7-10).
5, 6. Şagirdlər hazırlamaq işində lazım olan əsas xüsusiyyət hansıdır?
5 Müqəddəs Kitab həqiqətini yeni öyrənənlər Allahı ürəkdən sevdikləri üçün bə’zən Yehova və Padşahlıq haqqında elə əminliklə danışırlar ki, onların bu əminliyi başqalarını Müqəddəs Yazıları araşdırmağa təşviq edir (Yəhya 1:41). Allaha məhəbbət şagirdlər hazırlamaq işində iştirak etməyə təşviq edən əsas keyfiyyətdir. Buna görə də, gəlin məhəbbətimizi Allahın Kəlamını müntəzəm oxumaqla və üzərində düşünməklə qoruyub saxlayaq (1 Timoteyə 4:6, 15; Vəhy 2:4).
6 İsa Məsihin sə’yli müəllim olmasına, sözsüz ki, Yehovaya məhəbbəti kömək etmişdir. Amma Padşahlığın məharətli təbliğçisi olmasında bu yeganə keyfiyyət deyildi. Belə isə, şagirdlər hazırlamaqda İsanı məharətli edən digər xüsusiyyət hansı idi?
İnsanlara məhəbbətlə qayğı göstər
7, 8. İsa insanlara necə yanaşırdı?
7 İsa adamların qayğısına qalır və onlara səmimi maraq göstərirdi. Hətta yer üzünə gəlməzdən əvvəl o, Allahın ‘me’marı’ kimi bəşəriyyətlə bağlı olan hər şeydən zövq alırdı (Süleymanın məsəlləri 8:30, 31). Yerdə xidmət edəndə isə, insanlara şəfqətlə yanaşır, yanına gələnlərə rahatlıq verirdi (Matta 11:28-30). İsa Yehovanın məhəbbətini və şəfqətini əks etdirirdi və bu xüsusiyyətlər insanları həqiqi Allaha ibadətə cəlb edirdi. İnsanların vəziyyətinə anlayışla yanaşdığı və məhəbbətlə qayğılarına qaldığı üçün İsanı dinləməyə hər cür adam gəlirdi (Luka 7:36-50; 18:15-17; 19:1-10).
8 Bir kişi əbədi həyatı miras almaq üçün nə etmək lazım olduğunu soruşanda İsa ona məhəbbətlə yanaşdı (Mark 10:17-21). Beytanyada İsadan tə’lim alan insanlar haqqında oxuyuruq: «İsa Martanı, onun bacısını və Lazarı sevirdi» (Yəhya 11:1, 5). İsa adamların qeydinə elə qalırdı ki, hətta yorğun olanda belə, onları öyrətməkdən vaz keçmirdi (Mark 6:30-34). İnsanlara göstərdiyi belə məhəbbətli qayğı sayəsində İsa bir çoxlarını həqiqi ibadətə gətirməkdə ən məharətli müəllim olmuşdu.
9. Pavel şagird hazırlayarkən insanlara necə yanaşırdı?
9 Həvari Pavel də təbliğ etdiyi insanlara səmimi maraq göstərirdi. Məsələn, Salonik şəhərindəki məsihçilərə yazmışdı: «Bu yolla ürəkdən sizin həsrətinizi çəkən bizlər, sizə yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı da vermək istədik. Çünki siz bizim üçün çox əziz oldunuz». Pavelin sevgisi və sə’yi nəticəsində Salonikdə yaşayanların bə’ziləri ‘həqiqi Allaha qulluq etmək üçün bütlərdən üz çevirdilər’ (1 Salonikililərə 1:9, 10; 2:8). İsa və Pavel kimi, biz də insanlara səmimi maraq göstəririksə, xoş xəbərin əbədi həyatı istəyənlərin ürəyinə yol tapdığını görməkdən sevinc duyacağıq (Həvarilərin işləri 13:48).
Fədakarlıq ruhu təzahür etdir
10, 11. Şagirdlər hazırlamaq işində nəyə görə fədakarlıq ruhu tələb olunur?
10 Şagird hazırlamaqda məharətli olanlar fədakarlıq ruhuna malikdirlər. Belə təbliğçilər, əlbəttə ki, var-dövlət dalınca qaçmırlar. İsa şagirdlərinə demişdi: «Sərvəti olanlar Allahın Səltənətinə nə çətinliklə girəcəklər!» Bu sözləri eşidən şagirdlər təəccübləndilər, ancaq İsa dedi: «Övladlarım! Sərvətə güvənənlər üçün Allahın Səltənətinə girmək nə qədər çətindir! Dəvənin iynə deşiyindən keçməsi, varlı adamın Allahın Səltənətinə girməsindən daha asandır» (Mark 10:23-25). Fikirlərini şagirdlər hazırlamaq işinə cəmləyə bilsinlər deyə, İsa davamçılarına sadə həyat tərzini məsləhət görürdü (Matta 6:22-24, 33). Şagirdlər hazırlamaq işində fədakarlıq ruhu bizə necə kömək ola bilər?
11 İsanın əmr etdiyi hər şeyi insanlara öyrətmək üçün böyük sə’y tələb olunur. Şagirdlər hazırlamaq istəyən təbliğçi çalışacaq ki, maraq göstərən adamla hər həftə Müqəddəs Kitab öyrənməsi keçirsin. Səmimi insanları tapmaq imkanlarını genişləndirmək üçün bə’zi təbliğçilər işlərini dəyişərək yarımgünlük işə düzəlirlər. Minlərlə məsihçilər ərazilərində yaşayan əcnəbilərə təbliğ etmək üçün xarici dil öyrənmişlər. Digər təbliğçilər isə biçində daha çox iştirak etmək məqsədilə doğma diyarlarını tərk edib başqa ərazi və ya ölkəyə köçmüşlər (Matta 9:37, 38). Bütün bunlar fədakarlıq tələb edir. Amma şagird hazırlamaqda məharətli olmaq üçün daha bir şey də lazımdır.
Səbirli ol, amma vaxtını boş yerə sərf etmə
12, 13. Nəyə görə şagird hazırlamaq işində səbirli olmaq bu qədər zəruridir?
12 Şagirdlər hazırlamaqda bizə kömək edən digər keyfiyyət səbirdir. Müjdəni tə’xirə salmadan təbliğ edirik, amma şagird hazırlamaq üçün adətən xeyli vaxt və səbir tələb olunur (1 Korinflilərə 7:29). İsa ögey qardaşı Yaqubla səbirlə davranırdı. Yaqub İsanın təbliğ fəaliyyətilə yaxşı tanış olsa da, onun davamçısı olmasına nə isə mane olurdu (Yəhya 7:5). Lakin Məsihin ölümü və eramızın 33-cü ilinin Pentikost günü arasındakı qısa müddət ərzində Yaqubun İsanın şagirdi olması ehtimal edilir. Çünki Müqəddəs Kitaba əsasən belə qənaətə gəlmək olar ki, anası, qardaşları və həvarilər dua etmək üçün bir yerə toplaşanda Yaqub da onların arasına olmuşdur (Həvarilərin işləri 1:13, 14). Yaqub ruhən inkişaf etdi və bir qədər sonra məsihçi yığıncağında ona ciddi məs’uliyyətlər həvalə edildi (Həvarilərin işləri 15:13; 1 Korinflilərə 15:7).
13 Əkinçilər kimi, məsihçilər də insanlarda adətən yavaş-yavaş böyüyən şeyləri yetişdirirlər. Buraya Allahın Kəlamının dərk edilməsi, Yehovaya məhəbbət və məsihçi ruhu daxildir. Bunun üçün səbir tələb olunur. Yaqub yazırdı: «Ey qardaşlar, Rəbbin gəlişinə [«iştirakına», YD] kimi səbirli durun. Budur, əkinçi ilk və son yağıntını alıncayadək, torpaqdan qiymətli məhsulu səbirlə gözləyir. Siz də səbirli olun, ürəklərinizi möhkəmlədin, çünki Rəbbin gəlişi yaxındır» (Yaqub 5:7, 8). Yaqub həmimanlılarını ‘Rəbbin iştirakına kimi səbirli durmağa’ təşviq edirdi. Şagirdlər nəyi isə başa düşməyəndə İsa bunu səbirlə izah edir və ya əyani nümunələr çəkirdi (Matta 13:10-23; Luka 19:11; 21:7; Həvarilərin işləri 1:6-8). Məsihin iştirakı dövründə yaşayan bizlər də şagird hazırlamağa sə’ylə çalışaraq eyni səbri göstərməliyik. Bizim günlərdə İsanın davamçısı olanları səbirlə öyrətmək tələb olunur (Yəhya 14:9).
14. Biz səbirli olsaq da, şagird hazırlamaq işində vaxtımızdan necə müdrikliklə istifadə edə bilərik?
14 Hətta səbirli olsaq belə, Müqəddəs Kitab öyrənməsi başladığımız insanların əksəriyyətində kəlam səmərə vermir (Matta 13:18-23). Buna görə də, onlara kömək etmək üçün əlimizdən gələni etdikdən sonra, onlarla öyrənməni dayandırıb, Müqəddəs Kitab həqiqətini daha çox qiymətləndirəcək insanları axtarmaq müdrik davranış olardı (Vaiz 3:1, 6). Əlbəttə, hətta belə insanlara da baxışlarında, xasiyyətlərində və həyatda nəyə üstünlük vermələrində dəyişiklik etmələri üçün əlavə kömək lazım gələ bilər. Beləliklə, İsa şagirdlərinin düzgün düşüncə tərzi inkişaf etdirmələri üçün vaxt tələb olunduğunu nəzərə alıb onlarla səbirlə davrandığı kimi, biz də səbirli olmalıyıq (Mark 9:33-37; 10:35-45).
Öyrətmək bacarığını inkişaf etdir
15, 16. Öyrənməyə yaxşı hazırlaşmaq və mövzunu sadə tərzdə izah etmək nəyə görə vacibdir?
15 Allaha məhəbbət, insanların qayğısına qalmaq, fədakarlıq ruhu və səbir şagird hazırlamaqda müvəffəqiyyətli olmaq üçün əsas amillərdir. Mövzuları aydın və sadə tərzdə başa sala bilək deyə, öyrətmə qabiliyyətimizi inkişaf etdirməliyik. Misal üçün, Böyük Müəllimimiz İsa Məsih sadə dildə danışdığına görə onun dediklərinin bir çoxu xüsusilə güclü tə’sirə malik idi. Yəqin, onun bu sözləri sənin yadındadır: «Özünüzə göydə xəzinələr yığın», «müqəddəs saydığınızı köpəklərə verməyin», ‘hikmət öz əməlləri ilə təsdiq olunur’, «qeysərinkini qeysərə, Allahınkını Allaha verin» (Matta 6:20; 7:6; 11:19, İ–93; 22:21). Əlbəttə, İsa öz fikirlərini yalnız qısa formada söyləmirdi. O, yeri gələndə, müəyyən məsələyə geniş izahat verirdi. Bəs İsanın öyrətmə tərzini sən necə təqlid edə bilərsən?
16 Yaxşı-yaxşı hazırlaşmaq sadə və aydın tərzdə öyrətməkdə əsas rol oynayır. Hazırlaşmayan təbliğçi çox danışmağa meylli olur. O, çox danışdığına və mövzu haqda bildiklərini bir dəfəyə söylədiyinə görə məsələnin məğzi qaranlıqda qala bilər. Yaxşı hazırlaşmış təbliğçi isə öyrətdiyi insan barədə fikirləşir, araşdırılacaq mövzu üzərində düşünür və yalnız lazım olan mə’lumatı izah edir (Süleymanın məsəlləri 15:28; 1 Korinflilərə 2:1, 2). O, öyrətdiyi adamın biliyini və öyrənmə zamanı vurğulanacaq fikirləri nəzərə alır. Bu təbliğçiyə mövzuya dair bir çox maraqlı təfsilatlar mə’lum ola bilər, aydınlıq isə lazım olmayan mə’lumatları müzakirəyə daxil etməməyi tələb edir.
17. İnsanlara Müqəddəs Kitabın üzərində düşünməyə necə kömək edə bilərik?
17 İsa sadəcə faktlar gətirməklə kifayətlənməyib, insanlara düşünməyə də kömək edirdi. Məsələn, bir dəfə o soruşdu: «Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz oğullarındanmı, yoxsa kənar adamlardanmı?» (Matta 17:25). Ola bilsin, biz Müqəddəs Kitabı izah etməyi çox sevirik, amma Müqəddəs Kitabı öyrənən adamın öz fikirləri ilə bölüşməyə və ya öyrənmədə araşdırılan mövzunu izah etməyə imkanı olsun deyə, özümüzü çox danışmaqdan saxlayırıq. Təbii ki, biz insanları suallarla yükləməli deyilik. Əksinə, nəzakətlə, yaxşı əyani nümunələrlə və düşünülmüş suallarla Müqəddəs Kitaba əsaslanan nəşrlərimizdəki fikirləri başa düşməkdə onlara kömək edə bilərik.
18. Öyrətmək bacarığını necə inkişaf etdirə bilərik?
18 Müqəddəs Yazılarda ‘öyrətmək bacarığından’ (YD) danışılır (2 Timoteyə 4:2, Titusa 1:9). Belə bacarığa bir kimsəyə faktları yadda saxlamağa kömək etməkdən daha çox şey daxildir. Biz Müqəddəs Kitabı öyrənən adama həqiqətlə yalan, yaxşı ilə pis, hikmətlə ağılsızlıq arasındakı fərqi başa düşməyə kömək etməyə çalışmalıyıq. Bunu etsək və insanın ürəyində Yehovaya məhəbbət inkişaf etdirməyə çalışsaq, o, Allaha nə üçün tabe olmaq lazım olduğunu anlaya bilər.
Şagirdlər hazırlamaqda sə’ylə iştirak et
19. Şagird hazırlamaq işində bütün məsihçilərin köməyi nədən ibarətdir?
19 Məsihçi yığıncağı şagirdlər hazırlamaqla məşğuldur. Allahın Kəlamını öyrənən adam şagird olanda, buna yalnız onu tapan və Müqəddəs Kitab tə’limlərini ona öyrədən Şahid sevinmir. Məsələn, itən uşağı tapmaq üçün axtarış qrupu təşkil olunanda, onu yalnız bir nəfər tapa bilər. Ancaq uşaq valideynlərinə qovuşanda onun axtarışında iştirak edənlərin hamısı sevinir (Luka 15:6, 7). Buna bənzər tərzdə, şagirdlər hazırlamaq işində yığıncaq birgə iştirak edir. Bütün məsihçilər İsanın şagirdləri olacaq insanların axtarışında iştirak edirlər. Belə adamlar Padşahlıq Zalında keçirilən görüşlərə gəlməyə başlayanda, yığıncağın hər bir üzvü həqiqi ibadəti qiymətləndirməkdə ona kömək edir (1 Korinflilərə 14:24, 25). Buna görə də, hər il yüz minlərlə şagird hazırlandığı üçün bütün məsihçilər sevinə bilər.
20. Əgər insanlara Müqəddəs Kitab həqiqətini öyrətmək istəyirsənsə, nə etməlisən?
20 Bir çox sadiq məsihçilər kiməsə Yehova və həqiqi ibadət barədə öyrətməyə şad olardılar. Ancaq onların bütün sə’ylərinə baxmayaraq, hələ buna nail olmamışlar. Əgər sənin də vəziyyətin belədirsə, Yehova Allaha olan məhəbbətini möhkəmləndirməyə, insanlara məhəbbətlə qayğı göstərməyə, fədakar və səbirli olmağa, öyrətmək bacarığını inkişaf etdirməyə davam et. Ən vacibi isə, başqalarına həqiqəti öyrətmək istəyin barədə daima Yehovaya dua et (Vaiz 11:1). Ruhdan düşmə, çünki Yehovaya xidmətdə etdiyin hər şey şagird hazırlamaq işinə kömək edir, bu isə Yehovaya izzət gətirir.
İzah edə bilərsinizmi?
• Nəyə görə şagird hazırlamaq işində iştirak etməyimiz Allaha məhəbbətimizi göstərir?
• Şagird hazırlayan məsihçilərdə hansı xüsusiyyətlər olmalıdır?
• Öyrətmək bacarığı nə deməkdir?
[22-ci səhifədəki şəkil]
Məsihçilər şagird hazırlamaqla Yehovanı sevdiklərini göstərirlər.
[23-cü səhifədəki şəkil]
Nəyə görə şagird hazırlayanlar insanlara maraq göstərməlidirlər?
[24-cü səhifədəki şəkil]
Şagird hazırlamaq işində vacib olan bə’zi xüsusiyyətlər hansılardır?
[25-ci səhifədəki şəkil]
Şagird hazırlamaqda əldə edilən nailiyyətlər bütün məsihçiləri sevindirir.