Ailə xoşbəxtliyinin açarları
Mübahisələrin həlli
Fernando*: «Evlənəndən sonra Sara ilə valideynlərimin evində yaşayırdıq. Bir gün qardaşımın görüşdüyü qız məndən xahiş etdi ki, maşınımızla onu evinə aparım. Mən ona kömək etmək istəyirdim və oğlumla bərabər onu evinə apardıq. Lakin evə döndükdə Sara yaman hirsli idi. Biz mübahisə etməyə başladıq, o, valideynlərimin gözü qabağında məni arvadbaz adlandırdı. Mən özümdən çıxdım və onu daha da əsəbiləşdirən sözlər deməyə başladım».
Sara: «Oğlumuzun ciddi xəstəliyi var, həm də o zaman əlimiz də aşağı idi. Buna görə də, Fernandonun oğlumuzla və qardaşının görüşdüyü qızla maşına minib getdiyini görəndə qanım qaraldı. Evə qayıdanda ürəyimdən nə keçirdisə, hamısını ona dedim. Aramızda qızğın mübahisə yarandı və bir-birimizi təhqir etməyə başladıq. Bundan sonra özümü çox pis hiss edirdim».
ƏRLƏ arvad arasında yaranan mübahisə onların artıq bir-birini sevmədiklərinimi göstərir? Xeyr. Yuxarıda adları çəkilən Fernando və Sara bir-birlərini çox sevirlər. Ancaq hətta ən xoşbəxt nikahda belə, hərdən mübahisələrin olması qaçılmazdır.
Mübahisələr nədən yaranır və onlar ailənizi dağıtmasın deyə nə edə bilərsiniz? Nikahın Banisi Allah olduğundan Onun Kəlamı olan Müqəddəs Kitabın bu haqda dediklərini öyrənmək müdriklik olardı (Yaradılış 2:21, 22; 2 Timoteyə 3:16, 17).
Problemlərin kökü
Evli insanların əksəriyyəti öz həyat yoldaşları ilə məhəbbətlə və mülayimliklə davranmaq istəyir. Ancaq Müqəddəs Kitab gerçəkliyi göstərərək deyir ki, «hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır» (Romalılara 3:23). Buna görə də, fikir ayrılığı yarananda hissləri cilovlamaq çətin ola bilər. Mübahisə başlayanda isə qışqırmaq və təhqiramiz sözlər demək kimi pis vərdişlərin qarşısını almaq bəziləri üçün olduqca çətinləşir (Romalılara 7:21; Efeslilərə 4:31). Vəziyyəti daha nə gərginləşdirə bilər?
Çox vaxt ər və arvad öz fikirlərini müxtəlif cür ifadə edir. Miçiko deyir: «Biz təzə evlənəndə anladım ki, məsələlərin müzakirəsinə yanaşma tərzimiz olduqca müxtəlifdir. Mən yalnız nəyin baş verdiyini deyil, həmçinin niyə və necə baş verdiyini danışmağı xoşlayıram. Görünür, ərimi isə sadəcə nəticə maraqlandırır».
Belə vəziyyətlə üzləşən təkcə Miçiko deyil. Hərdən elə olur ki, bir çox ailələrdə həyat yoldaşından biri fikir ayrılığını təfsilatı ilə təhlil etmək istəyir, digəri isə mübahisələrdən qaçmaq üçün mövzudan yayınır. Bəzən onlardan biri problemi müzakirə etməyə nə qədər çox çalışırsa, o birisi bir o qədər müzakirədən qaçmağa cəhd edir. Belə vəziyyət sizin ailənizdə də baş verirmi? Sizə elə gəlirmi ki, biriniz həmişə məsələni müzakirə etməyə, digəriniz isə qaçmağa çalışır?
Bir şeyi də nəzərə almaq lazımdır ki, ər və arvadın ailədəki ünsiyyət haqqında təsəvvürləri aldıqları tərbiyənin təsiri altında formalaşa bilər. Beş ildir ki evli olan Castin deyir: «Böyüdüyüm ailə bir o qədər də ünsiyyətcil olmadığından hisslərimi tam ifadə etməyə çətinlik çəkirəm. Bu isə arvadımın hövsələsini daraldır. Onun ailəsi çox söhbətcildir, buna görə də hisslərini mənimlə asanlıqla bölüşə bilir».
Problemləri həll etmək nə üçün vacibdir?
Tədqiqatçılar nəticə çıxarmışlar ki, ərlə arvadın xoşbəxtliyi, əslində onların bir-birinə nə qədər tez-tez «mən səni sevirəm» deməsi ilə ölçülmür. Cinsi münasibətin və dolanışığın yaxşı olması da əsas amil deyil. Əksinə, nikahda xoşbəxtlik yaranan hər hansı fikir ayrılığını ərlə arvadın necə məharətlə həll etmələrindən daha çox asılıdır.
Üstəlik, İsa demişdi ki, evlənənləri birləşdirən insan yox, Allahdır (Matta 19:4-6). Buna görə də, yaxşı nikah Allaha şərəf gətirir. Digər tərəfdən, əgər ər arvadını sevmirsə və ona qarşı diqqətli deyilsə, Yehova Allah onun dualarını eşitməyə bilər (1 Peter 3:7). Arvad öz ərinə hörmət etmirsə, əslində əri ailənin başı təyin edən Yehovaya hörmətsizlik etmiş olur (1 Korinflilərə 11:3).
Müvəffəqiyyətin açarları. Yaralayan sözlərdən uzaq durun
Danışıq tərzinizdən və ya hansı ailədə böyüməyinizdən asılı olmayaraq, əgər Müqəddəs Kitab prinsiplərini tətbiq etmək və problemləri müvəffəqiyyətlə həll etmək istəyirsinizsə, yaralayan sözlərdən uzaq durmalısınız. Özünüzdən soruşun:
▪ «Yaralayan sözlərdən qaçırammı?» Bir müdrik məsəldə deyilir: «Burnu sıxanda qan çıxdığı kimi qəzəbi qızışdıranda da dava yaranar» (Süleymanın məsəlləri 30:33). Bu sözlərin mənası nədir? Bir nümunəni nəzərdən keçirək. Ailə büdcəsinə dair yaranan fikir ayrılığı asanlıqla tənqidə çevrilə bilər: «Gəl maaşımızı qənaətlə xərcləyək» əvəzinə, bəzən «sən bədxərcin birisən» deyilir. Əgər həyat yoldaşınız sizin xarakterinizi tənqid edərək, məcazi dildə desək, ‘burnunuzu sıxırsa’, sizdə də eyni cür cavab vermək istəyi yaranacaq. Ancaq bu cür davranış yalnız qəzəbə və fikir ayrılığının şiddətlənməsinə səbəb olur.
Müqəddəs Kitab yazıçısı Yaqub xəbərdarlıq edirdi: «Bax, kiçik bir alov nə böyük bir meşəni yandırır! Dil alovdur» (Yaqub 3:5, 6). Ərlə arvad dillərini cilovlamayanda kiçik fikir ayrılığı asanlıqla qızğın mübahisəyə çevrilə bilər. Belə halların tez-tez baş verdiyi nikahlarda məhəbbətin çiçəklənməsinə şərait olmur.
Yaralayan sözlər deməkdənsə, ‘söyülərkən, cavabında söyməyən’ İsanı təqlid edə bilərsinizmi? (1 Peter 2:23). Mübahisəni tez yatırmağın üsulu həyat yoldaşınızın da fikrinin düz ola biləcəyini etiraf etmək və yaranan münaqişədə sizin də payınız olduğuna görə üzrxahlıq etməkdir.
MƏSLƏHƏT: Gələn dəfə mübahisə düşəndə özünüzdən soruşun: «Həyat yoldaşımın narahatçılığını nəzərə almağıma nə mane olur ki? Görəsən hansı hərəkətim mübahisəyə səbəb oldu? Səhvimə görə nə üçün üzr istəməyim?»
▪ «Həyat yoldaşımın hisslərini əhəmiyyətsiz sanırammı?» Allahın Kəlamında belə buyurulur: «Hamınız həmfikir, başqalarının dərdlərinə şərik... olun» (1 Peter 3:8). Gəlin görək hansı iki səbəbə görə bu məsləhətə riayət etmək sizdə alınmaya bilər. Birincisi, ola bilsin, həyat yoldaşınızın fikir və hisslərini lazımınca başa düşmürsünüz. Məsələn, həyat yoldaşınız hansısa məsələyə görə sizdən daha çox narahatçılıq keçirirsə, bəlkə də siz belə deməyə meyllisiniz: «Sən hər şeyi şişirdirsən». Belə deməkdə, ola bilər, məqsədiniz ona problemə tarazlı yanaşmaqda kömək etməkdir. Amma bu kimi sözlərlə kimisə sakitləşdirmək olmaz. Həm ərin, həm də arvadın sevdiyi insanın onu başa düşdüyünü və dərdlərinə şərik olduğunu bilməyə ehtiyacı var.
İnsanın həddindən artıq təkəbbürlü olması həyat yoldaşının fikirlərinə və hisslərinə məhəl qoymamasının ikinci səbəbidir. Təkəbbürlü insan başqalarını daima alçaltmaqla özünü ucaltmağa çalışır. O bunu söyüş söyməklə, yaxud da xoşagəlməz bənzətmələrlə edə bilər. Gəlin İsanın günlərində yaşayan fəriseylərin və din alimlərinin nümunəsinə nəzər salaq. Kimsə, hətta başqa fərisey belə, bu təkəbbürlü insanların fikrindən fərqli fikir söyləyəndə, onlar həmin adamın ünvanına təhqiredici və alçaldıcı sözlər deyirdilər (Yəhya 7:45-52). Lakin İsa belə deyildi. İsa ona ürəyini açanların dərdinə şərik olurdu (Matta 20:29-34; Mark 5:25-34).
Həyat yoldaşınız öz narahatçılıqları ilə bölüşəndə necə münasibət göstərdiyinizə fikir verin. Sözləriniz, səs tonunuz və üz ifadələriniz onun dərdinə şərik olduğunuzu göstərirmi? Yoxsa dərhal sözlərinizlə və hərəkətlərinizlə onun hisslərinin əhəmiyyətsiz olduğunumu göstərirsiniz?
MƏSLƏHƏT: Növbəti həftələr ərzində həyat yoldaşınızla necə ünsiyyət etdiyinizə fikir verin. Ona laqeyd yanaşmış və ya ürəksındıran bir şey demişsinizsə, dərhal üzr istəyin.
▪ «Çox vaxt həyat yoldaşımın nəyisə öz məqsədini güdərək etdiyinimi düşünürəm?» «Əyyub Allahdan boş yerəmi qorxur? Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi?» (Əyyub 1:9, 10). Şeytan bu sözlərlə sadiq Əyyubun niyyətlərinin təmiz olduğunu şübhə altına almışdı.
Ərlə arvad diqqətli olmazlarsa, onlar da belə davrana bilərlər. Məsələn, həyat yoldaşınız sizə xoş gələn bir şey edirsə, onun sizdən nə isə istədiyini, yaxud da gizlətdiyini düşünürsünüzmü? Həyat yoldaşınız bir səhvə yol verirsə, onun xudbin və ya laqeyd olduğu qənaətinə gəlirsinizmi? Onun keçmişdə etdiyi bu kimi səhvləri dərhal xatırlayıb, bunu da yaddaşınıza yazırsınızmı?
MƏSLƏHƏT: Həyat yoldaşınızın sizin üçün etdiyi yaxşı şeylərin siyahısını tutun və bunları hansı xoş niyyətlərdən irəli gələrək etdiyini sadalayın.
Həvari Pavel yazırdı: «Məhəbbət... edilən pisliklərin hesabını tutmaz» (1 Korinflilərə 13:4, 5). Həqiqi məhəbbət kor olmasa da, pisliklərin də hesabını tutmur. Pavel, həmçinin deyirdi ki, məhəbbət «hər şeyə inanar» (1 Korinflilərə 13:7). Belə məhəbbət sadəlövh deyil, amma inanmağa hazırdır. O hər şeyə şübhə ilə yanaşmır. Müqəddəs Kitabın təzahür etdirməyə təşviq etdiyi məhəbbət bağışlamağa hazırdır və insanların niyyətlərini pisliyə yozmur (Məzmur 86:5; Efeslilərə 4:32). Ər-arvad bir-birini belə məhəbbətlə sevərlərsə, ailə həyatında xoşbəxt olacaqlar.
ÖZÜNÜZDƏN SORUŞUN...
▪ Məqalənin əvvəlində sözləri sitat gətirilən ərlə arvad hansı səhvlərə yol vermişlər?
▪ Bu səhvlərdən mən necə qaça bilərəm?
▪ Mənə məqalədə xatırlanan hansı sahələr üzərində daha çox çalışmaq lazımdır?
[Haşiyə]
Adlar dəyişdirilib.