Övladlarınıza kədərə tab gətirməyə kömək edin
BÖYÜK kitab mağazasında dilxor olmuş ana satıcının üstünə qışqırır: «Mağazanızda bu qədər kitab ola-ola, heç biri də uşağımın dərdinə dərman deyil!» Ana kiçik oğluna ailə üzvünün qəfil ölümünə tab gətirməyə kömək etmək üçün məsləhət axtarırdı.
Bu ana əbəs yerə narahat olmurdu. Balaca uşaq üçün ölümün gerçəkliyi ilə üzləşmək necə də böyük sarsıntıdır! Uşaqlar ailədə sevgi ilə əhatə olunduqda çiçəklənirlər. Lakin hər an ölüm doğmalarından kimisə onların əlindən ala bilər. Belə bir itki gözləniləndə, yaxud artıq baş verəndə, siz bir valideyn kimi, uşağınıza necə kömək edə bilərsiniz?
Əlbəttə, doğma adamı itirəndə adamın başı öz hisslərinə qarışır, dərd çəkir və ağır itki haqqında düşünür. Ancaq yaddan çıxarmaq olmaz ki, uşaqların valideynlərinin köməyinə ehtiyacı var. «Uşaqlar təsadüfən söhbətin ucundan-qulağından nə isə eşidirlər, başa salan olmayanda isə eşitdiklərini dərhal öz bildikləri kimi yozurlar», — deyə ABŞ-ın Minnesota ştatındakı əlillər evinin yaydığı nəşrdə yazılır. Orada həm də qeyd edilir: «Uşaqlara həqiqəti söyləmək lazımdır». Buna görə də uşaqların qavrama səviyyəsini nəzərə alaraq, baş verənləri onlara izah etmək yaxşı olardı. Bu asan olmaya bilər, çünki uşaqların baş verənləri dərk etmə qabiliyyəti bir-birindən kəskin surətdə fərqlənir (1 Korinflilərə 13:11).
Ölümü necə izah etməli?
Bəzi tədqiqatçılar deyirlər ki, valideynlər uşaqla ölüm haqqında danışanda «yatır», «itib», yaxud «gedib» kimi sözlərdən istifadə edərkən ehtiyatlı olmalıdırlar. Bu kimi sözləri izah etmədən işlətmək uşağı çaşdıra bilər. Düzdür, İsa ölümü təsvir etmək üçün yatmaq sözündən istifadə etmişdi və bu nümunə yerində idi. Ancaq yadda saxlayın ki, İsanın söhbət etdiyi adamlar uşaqlar deyildi. Üstəlik, o, çəkdiyi nümunəni izah etmişdi. İsa davamçılarına dedi: «Dostumuz Lazar yuxuya gedib». Şagirdləri yetkin insan olsalar da, «elə sandılar ki, [İsa] adi yuxudan danışır». İsa məsələyə aydınlıq gətirmək üçün dedi: «Lazar ölmüşdür» (Yəhya 11:11-14). Əgər böyüklərə belə izahat vermək lazım gəlirsə, onda görün uşaqlarımızın buna nə qədər ehtiyacı var!
Yazıçı Meri Ann Emsviler və Ceyms P. Emsviler deyir: «Ola bilər, valideyn uşağına ölümü başa salarkən sözlərini yumşaltmağa çalışsın, ancaq bu zaman uşağın ağlına başqa şey gələ bilər, bu isə uşağı qorxudar və onun üçün zərərli ola bilər». Məsələn, uşağa ölən doğma adamın sadəcə yatdığını demək onda qorxu yaradar ki, gecə yatsa, bir daha oyanmaz. Əgər uşağa ölən doğma adamın harasa getdiyini desələr, uşaq özünü tərk edilmiş və ya atılmış hiss edər.
Uşağa ölümü izah edərkən bir çox valideynlər görmüşlər ki, uşaqlar sadə, açıq sözləri daha yaxşı başa düşürlər, nəinki mücərrəd anlayışları və yumşaq sözləri (1 Korinflilərə 14:9). Tətdiqatçılar məsləhət görürlər ki, valideynlər uşaqlarını suallar verməyə və öz narahatçılıqları barədə danışmağa təşviq etsinlər. Uşaqla tez-tez söhbət etməklə anlaşılmazlıqları aradan qaldırar və uşağa kömək etmək üçün başqa yollar tapa bilərsiniz.
Etibarlı rəhbərlik mənbəyi
Yas tutduğunuz dövrdə uşaq sizdən məsləhət, kömək və suallarına cavab gözləyəcək. Bəs belə olduqda ölüm haqqında düzgün məlumatı haradan tapa bilərsiniz? Bir çox insanlar üçün həqiqi ümid və təsəlli mənbəyi Müqəddəs Kitab olmuşdur. Orada ölümün səbəbi, ölənlərin vəziyyəti və onlar üçün olan ümid haqqında dəqiq məlumat verilir. ‘Ölülərin heç nə bilməməsi’ kimi sadə həqiqət uşağa ölən doğma adamın əziyyət çəkmədiyini başa düşməyə kömək edəcək (Vaiz 9:5). Bundan başqa Allah Müqəddəs Kitabda bizə ümid verir ki, ölən əzizlərimizi yerüzü Cənnətdə yenidən görəcəyik (Yəhya 5:28, 29).
Müqəddəs Yazılara müraciət etməklə siz uşağa öyrədə bilərsiniz ki, Müqəddəs Kitab hər bir sıxıntıda etibarlı rəhbərlik və təsəlli verir. Eyni zamanda uşağınız sizin bir valideyn kimi həyatın vacib məsələlərində Allahın Kəlamından rəhbərlik axtardığınızı görəcək (Süleymanın məsəlləri 22:6; 2 Timoteyə 3:15).
Suallarınıza cavab
Hərdən elə ola bilər ki, özünüz çaş-baş qalıb uşağa ağır itkiyə tab gətirməyə necə kömək edəcəyinizi bilməyəsiniz. Bu zaman nə etməli?a Gəlin adətən yaranan bir neçə sualı nəzərdən keçirək.
• Kədərli olduğumu uşağımdan gizlədim ya yox? Uşağı qorumaq istəyi təbiidir. Bəs uşağınızın sizi kədərli görməsində pis bir şey varmı? Bir çox valideynlərin fikrincə, kədərli olduqlarını gizlətməmək, beləliklə də uşağa kədərlənməyin təbii olduğunu göstərmək daha yaxşıdır. Bəziləri qüssə çəkdiyini başqalarından gizlətməyən adamların nümunələrini Müqəddəs Kitabdan uşaqları ilə birlikdə nəzərdən keçirirlər. Məsələn, İsa əziz dostu Lazar öləndə ağlamışdı. O öz hisslərini gizlətməmişdi (Yəhya 11:35).
• Görəsən balaca uşağımı yas yerinə və ya qəbir üstünə aparım? Əgər uşağı ora aparacaqsınızsa, yaxşı olar ki, orada nə olacağını, eləcə də nə üçün olacağını qabaqcadan izah edəsiniz. Əlbəttə, hərdən valideynlər tutarlı səbəblərdən irəli gələrək qərara ala bilərlər ki, uşaqları həmin mərasimlərə ya ümumiyyətlə getməsinlər, ya da müəyyən hissələrində iştirak etməsinlər. Yehovanın Şahidləri tərəfindən keçirilən dəfn mərasimində iştirak edən uşaqlara orada söylənən Müqəddəs Kitaba əsaslanan məruzənin faydası ola bilər. Bundan başqa, oradakıların bir-birini ‘şəfqətlə sevməsi’ sayəsində bu mərasim, hətta uşağa da böyük təsir bağışlayıb, təsəlli verə bilər (Romalılara 12:10, 15; Yəhya 13:34, 35).
• Ölən doğmamız haqqında uşaqla danışmaq düzgün olardımı? Bəzi tədqiqatçıların sözlərinə görə, bu mövzudan tamamilə qaçsanız, uşaq yanlış olaraq elə qənaətə gələcək ki, ölən haqqında nə isə gizlədir və ya onu tamamilə yaddan çıxarmağa çalışırsınız. Yazıçı Culiya Ratki qeyd edir: «Uşağa xatirələrlə yaşamağı və qorxmamağı öyrətmək vacibdir». Ölən adam haqqında açıq danışmaq, onun xasiyyətinin və həyatının müsbət cəhətlərini xatırlamaq yaslı olan zaman çox kömək edə bilər. Yehovanın Şahidi olan valideynlər uşaqlarına Müqəddəs Kitabdan xəstəlik və ölümün olmayacağı yerüzü Cənnətdəki dirilmə ümidilə təsəlli verirlər (Vəhy 21:4).
• Uşaq qüssə çəkən zaman ona necə kömək edə bilərəm? Qüssə çəkən zaman uşaq hətta xəstələnə bilər. Uşaq özünü köməksiz və ümidləri boşa çıxmış hiss etdyindən hirslənə və ya narahatçılıq keçirə bilər. Uşağın özünü günahkar hiss etməsinə, sizə daha da bağlanmasına, yaxud siz evə gec gələndə və ya xəstələnəndə təşvişə düşməsinə təəccüblənməyin. Ondakı bu təlaşı necə aradan qaldıra bilərsiniz? Uşaq heç vaxt fikirləşməməlidir ki, siz onun halından bixəbərsiniz. Buna görə də, onun hisslərinə qarşı həssas olun və vəziyyətə nəzarət edin. Ölümün uşağa nə dərəcədə təsir etməsinə barmaqarası baxmayın. Ona tez-tez təskinlik verin, suallar verməyə və açıq ünsiyyətə təşviq edin. «Müqəddəs Yazıların təsəllisi ilə» uşağınızın, eləcə də özünüzün ümidini möhkəmləndirə bilərsiniz (Romalılara 15:4).
• Ailənin həmişəki rejimini və başqa işləri tez bir zamanda necə bərpa etmək olar? Mütəxəssislərin fikrincə, ailənizin nə qədər çox məşğuliyyəti olsa, bir o qədər yaxşıdır. Hesab olunur ki, faydalı məşğuliyyətlər kədərdən qurtulmağın effektiv üsuludur. Yehovanın Şahidləri arasında bir çox valideynlər fikir vermişlər ki, ruhani məşğuliyyətlər — Müqəddəs Kitabın müntəzəm ailəvi öyrənilməsi, məsihçi görüşlərinə getmək ailədəki vəziyyəti sabitləşdirib, ailə üzvlərini möhkəmləndirə bilər (Qanunun təkrarı 6:4-9; İbranilərə 10:24, 25).
Nə qədər ki, Yehova Allah xəstəliyə və ölümə son qoymayıb, uşaqlar vaxtaşırı ölüm faciəsi ilə üzləşəcəklər (Yeşaya 25:8). Lakin valideynlərindən təskinlik və kömək alan uşaqlar sevdikləri adamın ölümünə tab gətirə bilərlər.
[Haşiyə]
a Bu məqalədəki məlumat qaydalar qoymaq üçün nəzərdə tutulmayıb. Qeyd etmək lazımdır ki, şərait və adətlər, ölkə və mədəniyyətdən asılı olaraq, bir-birindən fərqlənir.
[25-ci səhifədəki yazı]
Uşaqlarınızı suallar verməyə və öz narahatçılıqları barədə danışmağa təşviq edin
[26-cı səhifədəki şəkil]
Müqəddəs Kitabın ailəvi öyrənilməsi də daxil olmaqla, məşğuliyyətlərinizi qoruyun