Bilmirsən əvvəlki toxum məhsuldar olacaq, yoxsa sonrakı!
«Toxumunu səhər vaxtı səp, axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq yoxsa sonrakı yaxud hər ikisi birlikdə» (VAİZ 11:6).
1. Nəyə görə böyümə prosesini müşahidə etmək maraqlıdır və bizdə təvazökarlıq hasil edir?
ƏKİNÇİ səbirli olmalıdır (Yaq. 5:7). Toxumu əkdikdən sonra onun nə zaman cücərəcəyini və böyüyəcəyini gözləməlidir. Şərait yaxşı olanda cücərtilər yavaş-yavaş torpağı deşərək görünməyə başlayır. Sonra onlar böyüyərək sünbül bağlayır. Nəhayət, biçin vaxtı gəlib çatır. Əsl möcüzə olan böyümə prosesini müşahidə etmək necə də gözəldir! Toxumu böyüdənin Kim olduğunu dərk etməyimiz bizdə təvazökarlıq hasil edir. Biz toxumu əkə və onu suvara bilərik. Amma onu böyütməyə yalnız Allah qadirdir. (1 Korinflilərə 3:6 ayəsi ilə müqayisə et.)
2. Əvvəlki məqalədə araşdırdığımız məsəllərdə İsa ruhani böyümənin hansı məqamlarına toxundu?
2 Əvvəlki məqalədə deyildiyi kimi, İsa Padşahlıq haqqında təbliğ işini toxum səpən əkinçinin işi ilə müqayisə etdi. İsa müxtəlif növ torpaqlar haqqında məsəlində vurğuladı ki, əkinçi yaxşı toxum əksə də, onun böyüyüb-böyüməyəcəyi insanın ürəyinin vəziyyətindən asılıdır (Mark 4:3-9). Yatan əkinçi haqqında məsəldə isə o, əkinçinin böyümə prosesini tam anlamadığını qeyd etdi. Bunun səbəbi ondadır ki, toxum insanların yox, Allahın gücü sayəsində böyüyür (Mark 4:26-29). Gəlin İsanın başqa üç məsəlini də araşdıraq. Bunlar, xardal toxumu, xəmir mayası və tor haqqında məsəllərdira.
Xardal toxumu məsəli
3, 4. Xardal toxumu məsəli Padşahlıq haqqında xoş xəbərin hansı sahələrini vurğulayır?
3 «Markın Müjdəsi»nin 4-cü fəslində yazılan xardal toxumu məsəli iki şeyi — birincisi, Padşahlıq haqqında xəbərin heyrətamiz inkişafı, ikincisi, bu xəbəri qəbul edən insanlara verilən sığınacağı vurğulayır. İsa demişdi: «Allahın Səltənətini nəyə bənzədək? Yaxud onu nə məsəllə müqayisə edək? Xardal toxumu kimidir. Yerə əkildikdə toxumların ən kiçiyidir, əkildikdən sonra böyüyür və bütün bağça bitkilərindən daha böyük olur; elə iri budaqlar salır ki, göyün quşları onun kölgəsi altında yuva tikə bilirlər» (Mark 4:30-32).
4 Burada «Allahın Səltənətini»n inkişafı təsvir olunur. Onun inkişafı eramızın 33-cü ilinin Pentikost günündən başlayaraq Padşahlıq haqqında xəbərin yayılmasından və məsihçi yığıncağının böyüməsindən görünür. Xardal toxumu çox xırda olduğundan hansısa ən kiçik şeyin münasib simvoludur. (Luka 17:6 ayəsi ilə müqayisə et.) Lakin bir müddətdən sonra onun hündürlüyü 3-5 metrə çata bilər, budaqları isə möhkəm olur, buna görə də əsl ağaca oxşayır (Mat. 13:31, 32).
5. Birinci əsrdəki məsihçi yığıncağı necə böyüyürdü?
5 Eramızın 33-cü ilində təxminən 120 məsihçi müqəddəs ruhla məsh olunanda kiçik məsihçi yığıncağı sayca artmağa başladı. Qısa vaxt ərzində kiçik məsihçi yığıncağına minlərlə imanlılar qoşuldu. (Həvarilərin işləri 2:41; 4:4; 5:28; 6:7; 12:24; 19:20 ayələrini oxu.) Təxminən 30 ilin içində biçində iştirak edənlərin sayı o dərəcədə böyümüşdü ki, həvari Pavel Kolosdakı yığıncağa məktub yazaraq xoş xəbərin ‘göy altında olan hər məxluqa təbliğ edildiyini’ deyə bildi (Kolos. 1:23). Necə də valehedici artımdır!
6, 7. a) 1914-cü ildən hansı artım müşahidə olunur? b) Qarşıda hansı artım gözlənilir?
6 Göylərdə 1914-cü ildə Allahın Padşahlığının qurulmasından bəri xardal «ağacının» budaqları gözlənildiyindən artıq böyüyüb. Allahın xalqı Yeşayanın söylədiyi peyğəmbərliyin hərfi mənada yerinə yetdiyinin şahidi olmuşdu: «Ən kiçik ailədən böyük nəsil törəyəcək, azsaylı nəsil qüdrətli millət olacaq» (Yeşaya 60:22). XX əsrin əvvəllərində xoş xəbəri təbliğ edən məsh olunmuşların kiçik qrupu heç təsəvvürünə belə gətirə bilməzdi ki, 2008-ci ildə təxminən yeddi milyon Şahid 230-dan çox ölkə və ərazidə təbliğ edəcəkdir. İsanın məsəlindəki xardal toxumunun böyüməsi ilə müqayisə edilən bu artım doğrudan da valehedicidir!
7 Bəs bununla böyümə sona çatırmı? Yox. Gələcəkdə yer üzündə yalnız Allahın Padşahlığının təbəələri yaşayacaq. Padşahlığa zidd gedənlərin hamısı aradan qaldırılacaq. Bu, insanların səyi sayəsində deyil, Ali Hökmdar Yehovanın bəşəriyyətin işlərinə müdaxilə etməsi ilə baş verəcəkdir. (Daniel 2:34, 35 ayələrini oxu.) Onda biz Yeşayanın qələmə aldığı başqa bir peyğəmbərliyin tam yerinə yetməsinin şahidi olacağıq: «Sular dənizi necə doldurursa, dünya da Rəbbin biliyi ilə elə dolacaq» (Yeşaya 11:9).
8. a) İsanın məsəlindəki quşlar kimləri təmsil edir? b) Artıq bu gün biz nədən müdafiə olunmuşuq?
8 İsa deyir ki, göyün quşları «onun [Padşahlığın] kölgəsi altında yuva tikə bilirlər». Bu quşlar, müxtəlif torpaqlara toxum səpələyən əkinçi məsəlindəki yaxşı toxumları yeyən quşlar kimi, Padşahlığın düşmənlərini təmsil etmir (Mark 4:4). Bu məsəldəki quşlar məsihçi yığıncağında sığınacaq axtaran səmimi insanları təmsil edir. Hətta bu gün onlar Allahla münasibətlərinə zərər yetirən murdar vərdişlərdən və bu pis dünyanın natəmiz əməllərindən müdafiə olunurlar. (Yeşaya 32:1, 2 ayələri ilə müqayisə et.) Yehova da Öz Padşahlığını ağaca bənzədərək peyğəmbərlik etmişdi: «Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, budaqlarının kölgəsində yuva quracaq» (Yez. 17:23).
Xəmir mayası məsəli
9, 10. a) Xəmir mayası məsəlində İsa hansı məqamı vurğulayırdı? b) Müqəddəs Kitabda maya adətən nəyi təmsil edir və İsanın öz məsəlində mayanı nümunə gətirməsi ilə bağlı hansı sualı nəzərdən keçirəcəyik?
9 Böyümənin necə baş verdiyini insan həmişə görmür. İsa növbəti məsəldə bu məqamı vurğulayaraq deyir: «Göylərin Padşahlığı xəmir mayasına bənzər. Qadın onu götürüb üç ölçü unun içində, bütün xəmir turşuyuncaya qədər gizlədir» (Mat. 13:33, İ–93). Bu maya nəyi təmsil edir və Padşahlığın inkişafı ilə necə bağlıdır?
10 Müqəddəs Kitabda maya adətən günahın rəmzidir. Həvari Pavel qədim Korinf yığıncağındakı günahkarın zərərli təsirini göstərmək üçün maya sözündən məhz bu mənada istifadə etmişdir (1 Kor. 5:6-8). Bəs demək olarmı ki, İsa da öz məsəlində pis bir şeyin artmasını göstərmək məqsədilə mayanı nümunə gətirmişdi?
11. Qədim İsraildə mayadan necə istifadə edirdilər?
11 Bu suala cavab verməzdən öncə biz üç əsas amili nəzərə almalıyıq. Birincisi, Yehova Pasxa bayramında israillilərə mayadan istifadə etməyi qadağan etsə də, başqa hallarda tərkibində maya olan təqdimləri qəbul edirdi. Maya, Yehovanın bir çox xeyir-dualarına görə minnətdarlıq ifadə etmək üçün könüllü surətdə təqdim etdikləri ünsiyyət qurbanlarının tərkibinə daxil idi. Bu ziyafət, iştirak edənlərə böyük sevinc gətirirdi (Lev. 7:11-15).
12. Müqəddəs Yazılarda rəmzlərin necə istifadə edilməsindən nə öyrənirik?
12 İkincisi, müəyyən rəmz Müqəddəs Yazılarda bir halda mənfi mənada istifadə olunsa da, digər halda müsbət bir şeyi təmsil edə bilər. Məsələn, 1 Peter 5:8 ayəsində Şeytan aslana bənzədilir, bununla onun təhlükəli və yırtıcı olduğu göstərilir. Lakin Vəhy 5:5 ayəsində İsa da aslanla — «Yəhuda qəbiləsindən olan Aslan» ilə müqayisə edilir. Burada aslan cəsarət və ədalət rəmzi kimi istifadə olunur.
13. İsanın xəmir mayası məsəli ruhani inkişaf haqqında nəyi göstərir?
13 Üçüncüsü, İsa məsəlində mayanın bütünlüklə xəmiri yararsız edərək onu xarab etdiyini deməmişdi. O, sadəcə çörəyin necə bişirildiyindən danışırdı. Evdar qadın xəmirin yaxşı alınması üçün mayanı bilərəkdən una qatır. Maya unun içində gizlədilir. Beləliklə, evdar qadın xəmirin acıma prosesinin necə baş verdiyini görmür. Bu bizə toxum əkib gecələr yatan adamın nümunəsini xatırladır. İsa demişdir ki, «toxum bitər, böyüyər, özü [adam] isə bunun necə olduğunu bilməz» (Mark 4:27). Gözəgörünməz ruhani inkişafın təsviri üçün necə də sadə nümunədir! Əvvəlcə böyüməni görə bilmirik, amma sonda nəticə bəlli olur.
14. Məsəldə mayanın bütün xəmiri acıtması təbliğ işinin hansı məqamını vurğulayır?
14 İnkişafın insan gözündən gizli olmasına baxmayaraq, bütün dünyada baş verir. Bu, xəmir mayası məsəlində vurğulanan başqa bir amildir. Maya bütün xəmiri — ‘üç ölçü unu’ acıdır (Luka 13:21). Maya kimi, şagirdlərin sayının artmasına təkan verən Padşahlığın təbliğ işi də o dərəcədə geniş yayılıb ki, xoş xəbər «dünyanın ən uzaq yerlərinə qədər» təbliğ olunur (Həv. iş. 1:8; Mat. 24:14). Padşahlıq işinin genişlənməsində iştirak etmək bizim üçün necə də gözəl şərəfdir!
Tor məsəli
15, 16. a) Tor məsəlini danışın. b) Tor nəyi təmsil edir və bu məsəldə Padşahlığın inkişafının hansı məqamı vurğulanır?
15 Özlərini İsa Məsihin şagirdləri adlandıran insanların kəmiyyəti yox, keyfiyyəti daha vacibdir. İsa Padşahlığın inkişafının bu məqamını tor məsəlində vurğulayır. O demişdir: «Yenə, Səmavi Səltənət dənizə atılan və hər çeşid balıq tutan bir tora bənzər» (Mat. 13:47).
16 Padşahlığın təbliğ işini təmsil edən tora hər növ balıq düşür. İsa davam edir: «[Tor] dolduğu zaman, onu sahilə çəkdilər və oturub yaxşıları qablara qoydular, pisləri isə çölə atdılar. Bu dövrün sonunda da belə olacaqdır. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər; və onları soba alovuna atacaqlar. Orada ağlaşma və diş qıcırtma olacaqdır» (Mat. 13:48-50).
17. Tor məsəlindəki ayırma hansı vaxta aiddir?
17 Bu ayırma, İsanın özünün dediyi kimi, izzətli zühuru zamanı qoyunlarla keçiləri bir-birindən ayıraraq onlara verəcəyi son hökməmi aiddir? (Mat. 25:31-33). Xeyr. Son hökm İsanın böyük məşəqqətdə gəlişi zamanı çıxarılacaq. Bundan fərqli olaraq, tor məsəlindəki ayırma «dövrün sonunda» baş verirb. Biz məhz həmin dövrdə — böyük məşəqqətə aparan dövrdə yaşayırıq. Bəs onda ayırma prosesi indi necə baş verir?
18, 19. a) Bizim günlərdə ayırma prosesi necə baş verir? b) Səmimi insanlar hansı addımı atmalıdırlar? (Həmçinin 21-ci səhifədəki haşiyəyə baxın.)
18 Bizim günlərdə milyonlarla simvolik balıqlar bəşəriyyət «dənizindən» Yehovanın yığıncağına düşürlər. Bəziləri Xatirə Gecəsinə, başqaları görüşlərə gəlir, digərləri isə Müqəddəs Kitabı öyrənirlər. Bəs onların hamısı həqiqi məsihçi olurlarmı? Demək olar ki, ‘onlar sahilə çəkiliblər’, amma İsa deyir ki, yalnız ‘yaxşılar’ məsihçi yığıncaqlarını təmsil edən qablara toplanacaqlar. Pis balıqlar çölə atılırlar, sonda isə, gələcəkdə olacaq məhvi təmsil edən simvolik odlu sobaya atılacaqlar.
19 «Pis balıqlar» kimi, vaxtilə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənən adamlar artıq öyrənmirlər. Bəziləri məsihçi ailələrində doğulsalar da, heç vaxt Məsihin əsl davamçıları olmaq istəməmişdilər. Onların Yehovaya xidmət etməyə arzuları olmamışdı və ya müəyyən müddət xidmət etdikdən sonra xidməti atmışdılarc (Yez. 33:32, 33). Buna görə də, hökm günü gəlməzdən əvvəl bütün səmimi insanların qaba bənzər yığıncaqlarda olmaları və təhlükəsiz yerdə qalmaları son dərəcədə vacibdir.
20, 21. a) Padşahlığın inkişafına dair İsanın məsəllərinin müzakirəsindən nə öyrəndik? b) Sən nə etmək əzmindəsən?
20 İsanın inkişafa dair çəkdiyi məsəllərin qısa icmalından nə öyrəndik? Birincisi, xardal toxumunun böyüməsi kimi, bütün dünyada Padşahlıq haqqında xəbəri qəbul edən insanların sayında valehedici artım müşahidə edirik. Yehovanın işinin qarşısını heç nə ala bilməz! (Yeşaya 54:17). Üstəlik, xardal «ağacının» ‘kölgəsi altında yuva tikənlərə’ ruhani sığınacaq verilmişdir. İkincisi, toxumu böyüdən Allahdır. Una gizlədilmiş maya bütün xəmiri acıtdığı kimi, bu inkişaf prosesi hər zaman görünmür, lakin baş verir! Üçüncüsü, xoş xəbərə hay verənlərin hamısı yaxşı olmur. İsanın tor məsəlindəki kimi, bəziləri pis balıq çıxır.
21 Yehovanın Öz təşkilatına bu qədər yaxşı adamları cəlb etdiyini görmək necə də sevindiricidir! (Yəh. 6:44). Ölkələrdə bir-birinin ardınca valehedici artım baş verir. Bu inkişafa görə bütün izzət Yehova Allaha məxsusdur. Bütün bunların şahidi olan hər birimiz əsrlər öncə yazılan məsləhətə əməl etməliyik: «Toxumunu səhər vaxtı səp... Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq yoxsa sonrakı yaxud hər ikisi birlikdə» (Vaiz 11:6).
[Haşiyələr]
a Növbəti izahatlar «Gözətçi Qülləsi»nin 1992-ci il 15 iyun sayının 17-22-ci (rus.) və 1975-ci il 1 oktyabr sayının 589-608-ci səhifələrindəki (ing.) məqalələrə düzəlişdir.
b Matta 13:39-43 ayələrindəki məsəldə Padşahlıq işinin digər yönü vurğulansa da, həm buradakı, həm də tor məsəlindəki hadisələrin yerinə yetmə vaxtı üst-üstə düşür, yəni ikisi də ‘dövrün sonu’ adlanan zamanda baş verir. Əkin və biçin işi kimi, simvolik balıqları bir-birindən ayırma da aramsız prosesdir və həmin dövr ərzində baş verir («Gözətçi Qülləsi» 2000-ci il 15 oktyabr, səh. 25, 26 (rus.); «Vahid həqiqi Allaha ibadət edin», səh. 178-181, abz. 8-11).
c Bu o deməkdirmi ki, Müqəddəs Kitabı öyrənməyi dayandıran, yaxud Yehovanın xalqı ilə əlaqəni kəsən hər bir kəs mələklər tərəfindən pis balıqlar kimi kənara atılır? Yox, bu belə deyil! Əgər kimsə bütün ürəklə Yehovaya dönmək istəsə, Yehova onu sevinclə qəbul edəcək (Mal. 3:7).
Necə cavab verərdiniz?
• İsanın xardal toxumu məsəli Padşahlığın inkişafı və ruhani təhlükəsizlik barədə nəyi öyrədir?
• İsanın məsəlində xəmir mayası nəyi təmsil edir və İsa Padşahlığın inkişafı barədə nəyi vurğuladı?
• Tor məsəlində Padşahlıq işinin inkişafı ilə əlaqədar hansı amil vurğulanır?
• Necə əmin ola bilərik ki, biz ‘qablara qoyulub’ orada qalanlar sırasındayıq?
[18-ci səhifədəki şəkillər]
Xardal toxumu məsəli bizə Padşahlığın inkişafı barədə nəyi öyrədir?
[19-cu səhifədəki şəkil]
Xəmir mayası məsəlindən nəyi öyrənirik?
[21-ci səhifədəki şəkil]
Yaxşı balığın pis balıqdan ayırılması nəyi təmsil edir?