Müqəddəs Kitab həyatları dəyişir
Meksikada «Kiçik şeytanlar» adlı gənc quldurlar dəstəsinin üzvünün həyatını dəyişib, onu dürüst, əməksevər vətəndaş edən nə ola bilərdi? Nəyə görə uğurlar əldə edən yaponiyalı iş qadını həyatının amalı olan var-dövlət dalınca qaçmağa son qoydu? Bəs etdiyi dəyişiklikdən sonra o nə hiss edir? Qeyri-qanuni silah ticarəti ilə məşğul olan rusiyalını gəlir gətirən işindən imtina etməyə nə vadar etdi? Gəlin görək bu haqda onların özləri nə deyir.
ÜMUMİ TANIŞLIQ
ADI: ADRİAN PERES
YAŞI: 30
ÖLKƏ: MEKSİKA
KEÇMİŞİ: QULDUR DƏSTƏSİNİN ÜZVÜ
TARİXÇƏM: 13 yaşım olanda ailəmiz Mexiko ştatının Ekatepek de Morelos şəhərinə köçdü. Həmin vaxt orada gənclərin törətdiyi cinayətlər, vandalizm və narkomaniya baş alıb gedirdi. Çox keçməmiş mən spirtli içkilərə aludə oldum, ətrafa ziyan vurmağa və pozğunluq etməyə başladım.
Sonralar biz doğulduğum San Visenta şəhərinə geri qayıtdıq. Ancaq narkomaniya burada da böyük problemə çevrilmişdi. Gənclərin meyidinin küçənin ortasında sərildiyini görmək adi hal idi. Mən «Kiçik şeytanlar» adlanan quldur dəstəsinə qoşuldum. Biz oğurluq edir və narkotik qəbul edirdik. Əsasən sıyıqlaşdırıcı maye, yaxud yapışqan iyləyirdik. Çox vaxt evə necə gəlib çıxdığımı bilmirdim, hərdən isə huşsuz halda küçənin ortasında sərilib qalırdım. Dostlarımdan bəziləri oğurluq və qatillik üstündə həbsxanaya düşdülər.
Bütün bunlara rəğmən ürəyimdə Allaha inam vardı. Vicdanımı sakitləşdirmək üçün dini ayinlərdə, məsələn, Pasxa bayramından əvvəlki həftə keçirilən xaç yolu ayinində iştirak edirdim. Bundan sonra isə, Məsih rolunu icra edən də daxil olmaqla, hamımız sərxoş olana qədər içməklə həmin ayində iştirak etməyimizi qeyd edirdik.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: Gənclik illərinə qədəm qoyanda Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladım. Başa düşürdüm ki, mənasız həyat sürürəm, belə getsə axırım pis olacaq. Qalatiyalılara 6:8 ayəsindəki sözlər məni əməllicə silkələdi: «Öz cismani təbiəti üçün əkən, o təbiətdən ölüm biçəcəkdir; Ruh üçün əkən isə, Ruhdan əbədi həyat biçəcəkdir». Bu ayənin sayəsində başa düşdüm ki, əgər öz yaxşılığımı istəyirəmsə, onda gələcəyi nəzərə alaraq əkməliyəm.
Müqəddəs Kitabı öyrəndikcə anlamağa başladım ki, Yehova mənimlə şəxsən maraqlanan diri Allahdır və keçmişdəki günahlarımı bağışlamağa hazırdır. Öz təcrübəmdən öyrəndim ki, O, duaları dinləyir və onlara cavab verir.
Həyat tərzimi dəyişmək elə də asan olmadı. Dəstədən aralaşmaq çətin idi. Bəzi ərazilər müxtəlif dəstələr arasında bölüşdürülmüşdü. Mən artıq heç bir dəstəyə aid olmasam da, həmin küçələrdən rahat keçə bilmirdim. Hərdən öz köhnə dostlarımdan gizlənməli olurdum. Çünki onlar məni axtarırdılar ki, köhnə vərdişlərimə qaytarsınlar.
Yehovanın Şahidlərinin Padşahlıq Zalında görüşlərə gəlməyə başlayanda isə onlardan məhəbbət və səmimilik görürdüm. Bu insanların əsl imanlı olduğunu və öyrətdiklərinə uyğun yaşadıqlarını görmək mənə güclü təsir bağışladı. Bu, əvvəllər olduğum mühitdən yerlə-göy qədər fərqlənirdi.
MƏNƏ FAYDASI: Artıq on ildir ki, Yehovanın Şahidi kimi vəftiz olunmuşam. Müqəddəs Kitab təlimlərini həyatımda tətbiq etmək üçün çox çalışıram. Bunun sayəsində ailəmin hörmətini qazanıram. İndi onlar məni zəhmətkeş adam kimi tanıyırlar və mən onlara maddi cəhətdən kömək də edə bilirəm. Anam Müqəddəs Kitabı öyrənməyə başladı və indi Yehovanın Şahididir. Atam da yavaş-yavaş həyat tərzini dəyişir. Ailə üzvlərimin çoxu Yehovanın Şahidi olmasalar da, həyatımdakı dəyişiklikləri görəndən sonra etiraf edirlər ki, Müqəddəs Kitab insana həyatını yaxşılığa doğru dəyişməyə kömək edə bilər.
ÜMUMİ TANIŞLIQ
ADI: YAYOİ NAQATANİ
YAŞI: 50
ÖLKƏ: YAPONİYA
KEÇMİŞİ: UĞURLU İŞ QADINI
TARİXÇƏM: Mən mehriban insanların yaşadığı əyalət şəhərində boya-başa çatmışam. Atam on işçisi olan böyük mağaza sahibi idi. Atamla anamın işi çox olsa da, evimiz mağazanın yanında olduğundan, özümü heç vaxt tək hiss etmirdim.
Ailədə üç qızdan ən böyüyü idim və uşaq yaşlarımdan ailə biznesini aparmağı mənə öyrətmişdilər. Gənc yaşında ailə qurdum. Ərim bankdakı işindən çıxıb ailə biznesində mənə kömək etməyə başladı. Bir-birinin ardınca üç uşağımız oldu. Mən səhərin gözü açılandan axşama kimi mağazada işləyir, anam isə uşaqlara baxır, ev işlərini görürdü. Bununla belə, ailəmizlə bir yerdə vaxt keçirməyə bir az vaxtımız qalırdı.
Sonra iqtisadi böhran ticarət sahəsinə zərbə vurdu və biznesimiz tənəzzülə uğramağa başladı. Vəziyyətdən çıxmaq üçün biz əsas şose yolunun qırağında tikinti materialları mağazası açmaq qərarına gəldik. Mağazanın tikintisinə başlamazdan bir gün əvvəl atam gözlənilmədən beyin infarktı keçirdi. O, danışıq qabiliyyətini itirdi. Artıq kompaniyanın prezidenti vəzifəsini icra edə bilmədiyindən yeni mağazanın məsuliyyəti mənim üzərimə düşdü. Ərim isə köhnə mağazada qaldı. Başımız işdən heç ayılmırdı.
Yeni mağazamızda işimiz uğurlu gedirdi. Mən öz nailiyyətlərimlə fəxr edir, yuxuma haram qatıb gecə-gündüz işləyirdim. Uşaqlarımı sevsəm də, fikrim-zikrim ancaq işdə idi. Ərimlə söhbət etməyə güc-bəla ilə vaxt tapırdım, tapanda da ancaq didişirdik. Gərginlikdən qurtulmaq üçün, demək olar ki, hər axşam dostlarımla və iş yoldaşlarımla içməyə gedirdim. Həyatda etdim şey yalnız işləmək, içmək və yatmaq idi. Mənimki pul sarıdan gətirsə də, özümü getdikcə daha çox bədbəxt hiss edirdim, niyəsini isə başa düşə bilmirdim.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda üç ayə mənə güclü təsir bağışladı. Matta 5:3 ayəsindəki «ruhən yoxsullar nə bəxtiyardırlar! Çünki Səmavi Səltənət onlarındır» sözlərinin mənasını başa düşəndə hönkür-hönkür ağladım. Bu ayə maddi cəhətdən uğur qazanmağıma və əməkdaşlarımın fəxri olmağıma baxmayaraq, nə üçün daxili boşluq duyduğumu başa düşməyə kömək etdi. Anladım ki, yalnız ruhani tələbatlarımı dərk edib, onları təmin etdiyim təqdirdə həqiqi xoşbəxtliyi tapa bilərəm.
Yapon iqtisadiyyatı şiddətli böhran keçirdiyi vaxt yoldaşlarımın vəziyyətindən 1 Timoteyə 6:9 ayəsindəki: «Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mənasız və ziyanverici ehtiraslara qapılırlar» sözlərinin gerçək olduğunu gördüm. İsanın Matta 6:24 ayəsindəki: «Siz Allaha və mammona qulluq edə bilməzsiniz» sözlərinin şəxsən mənə aid olduğunu başa düşdüm, buna görə də, həyatımda bəzi dəyişikliklər etmək qərarına gəldim.
Anladım ki, indiyə qədər valideynlərimə, ərimə və uşaqlarıma biganə yanaşmışam. Həmçinin xasiyyətimin korlandığı da göz qabağında idi. Mən təkəbbürlü olmuşdum. Adamlara hövsələm çatmırdı. Tez özümdən çıxırdım. Əvvəlcə mənə elə gəlirdi ki, heç vaxt dəyişib məsihçi ola bilmərəm. Amma uşaqlarımı həqiqətən sevirdim və fikir verirdim ki, ailədə Müqəddəs Kitabın məsləhətinə riayət edəndə uşaqlarımın çox xoşuna gəlir. Uşaqlarımla daha çox vaxt keçirməyə və onları özümlə məsihçi görüşlərinə aparmağa başladım.
MƏNƏ FAYDASI: Həyatın mənasını anlamaq, Allaha xidmət edə bilmək və Onun xoşuna gələn kimi yaşamaq mənə əsl mənada xoşbəxtlik və məmnunluq gətirir. Daha ailəmi işə qurban vermirəm, buna görə də, itirdiyim özünəhörmət hissini yenidən qazanmışam.
Müqəddəs Kitab prinsiplərini tətbiq etdikcə, necə dəyişildiyimi görmək anamı Müqəddəs Kitabı öyrənib məsihçi olmağa təşviq etdi. Xoşbəxtlikdən, nə atam, nə də ərim bizim qərarımıza mane olmur. Uşaqlarımla münasibətim daha möhkəm oldu və indi ailə həyatında əsl xoşbəxtliyi dadıram.
ÜMUMİ TANIŞLIQ
ADI: MİXAİL ZUYEV
YAŞI: 51
ÖLKƏ: RUSİYA
KEÇMİŞİ: QANUNSUZ SİLAH ALVERÇİSİ
TARİXÇƏM: Doğma şəhərim Krasnoqorskda hər yan yaşıllıqdır. Moskva çayı oradan cənuba axır. Şimaldan və qərbdən şəhəri sıx meşələr əhatə edir.
Gəncliyimdə əlbəyaxa döyüşü və silah oynatmağı xoşlayırdım. İdmana çoxlu vaxt sərf edirdim. Həmçinin qeyri-qanuni odlu silahlar, döyüş sursatı və bıçaqlar düzəldirdim. Sonralar bu mənim biznesimə çevrildi. İşimi yaxşı düzüb qoşmuşdum və malımın cinayətkarlara satışı da yaxşı gedirdi.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: 1990-cı illərin əvvəllərində Yehovanın Şahidlərinə rast gəldim, ancaq əvvəlcə onlara inanmırdım. Mənim fikrimcə, onlar həddindən artıq çox sual verirdilər.
Bir dəfə onlardan biri mənə Romalılara 14:12 ayəsindəki: «Hər birimiz özü üçün Allaha hesabat verəcəkdir» sözlərini oxudu. Məni fikir bürüdü ki, görəsən Allaha nə cavab verəcəyəm. Bu ayə Allahın məndən nə tələb etdiyini öyrənməyə məni təşviq etdi.
Mənə Müqəddəs Kitabın Koloslulara 3:5-10 ayəsində yazılmış: «Daxili varlığınızın dünyəvi yönlərini — cinsi əxlaqsızlıq, natəmizlik, şəhvət, pis ehtiras və bütpərəstlik olan tamahkarlığı — öldürün. Bunlardan ötrü Allahın qəzəbi... gəlir... Qəzəb, hiddət, kin, iftira, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını bir yana qoyun. Bir-birinizə yalan danışmayın, çünki köhnə mənliyinizdən və onun əməllərindən soyundunuz və yeni mənliyi geydiniz» sözlərinə əməl etmək üçün çox çalışmaq lazım gəldi.
Belə dəyişikliyi etmək çox çətin idi. Köhnə müştərilərim silah üçün mənə pul təklif edirdilər, həm də kimsə məni təhqir edəndə özümü ələ almaq çətin olurdu. Buna baxmayaraq, böyük və qiymətli silah kolleksiyamı məhv etdim. Allahın və Məsihin mənə göstərdiyi məhəbbət haqqında öyrəndikcə ürəyimdə onlara qarşı sevgi oyanırdı. Müqəddəs Kitabı öyrənməyə, yığıncaq görüşlərinə getməyə və duada Allahdan kömək istəməyə davam etdim.
MƏNƏ FAYDASI: Yavaş-yavaş, böyük əziyyətlə və məsihçi qardaşların köməyilə xasiyyətimi düzəltmişəm. Yehova Allahın hər birimizin, hətta gözlərini həyata yumanların da qayğısına qaldığını bilmək məni vəcdə gətirir (Həvarilərin işləri 24:15). Yehovanın Şahidləri arasında gördüyüm səmimiyyəti və düzgünlüyü çox qiymətləndirirəm. Onların mənə göstərdikləri səmimi marağa və Allaha sədaqətlərinə görə çox minnətdaram.
Əvvəlcə ailə üzvlərimdən və dostlarımdan bəziləri yeni imanıma qarşı çıxırdılar. Amma sonra onlar özlərinə təsəlli verməyə başladılar ki, cinayətkar təşkilatlarla əlaqəli olmağımdansa, dindar olmağım yaxşıdır. Sevinirəm ki, həyatımı daha döyüş silahlarının alverinə deyil, insanlara sülh Allahı haqqında öyrətməyə həsr etmişəm.
[27-ci səhifədəki şəkil]
Vicdanımı sakitləşdirmək üçün katolik ayinlərində iştirak edirdim
[28-ci səhifədəki şəkil]
Mənimki pul sarıdan gətirsə də, çox bədbəxt idim