Gileadın 124-cü buraxılışı
Missionerlər çəyirtkələrə bənzəyirlər
GÖZƏTÇİ Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilead hər altı aydan bir Birləşmiş Ştatlardakı Bet-El ailəsinin üzvlərinin hamısının dəvət olunduğu buraxılış proqramını təşkil edir. 2008-ci il martın 8-də Bet-El ailəsi ilə birlikdə Gilead Məktəbinin 124-cü sinfinin buraxılışına 30-dan çox ölkədən qonaqlar gəlmişdi. 6 411 iştirakçının hamısı tələbələr üçün əlamətdar olan bu gündə onların sevincini bölüşürdülər.
Proqrama sədrlik edən Rəhbərlik Şurasının üzvü Stiven Lett proqramı «Yehovanın simvolik çəyirtkələri ilə birlikdə irəli!» adlı məruzə ilə açdı. Vəhy 9:1-4 ayələrində 1919-cu ildə ruhani ətalətdən çıxan bir qrup məsh olunmuşlar qəflətən fəaliyyətə keçən böyük çəyirtkə sürüsünə bənzədilir. Şagirdlərə xatırladıldı ki, ‘başqa qoyunların’ üzvləri kimi, onlar bu simvolik çəyirtkə sürüsünə qoşulmuşlar (Yəh. 10:16).
Sonra Birləşmiş Ştatlardakı Bet-El komitəsinin üzvü Lon Şillinq «Bir-birinizi tamamlayın» adlı məruzə ilə proqramı davam etdirdi. Məruzə birinci əsrdə yaşamış Müqəddəs Kitab personajları olan məsihçi ər-arvad Akila və Priskilanın (Priska) nümunəsinə əsaslanırdı (Rom. 16:3, 4). Gilead sinfi 28 cütlükdən ibarət idi. Onlara xatırladıldı ki, missioner kimi müvəffəqiyyət qazanmaq üçün ailə tellərini möhkəm saxlamalıdırlar. Müqəddəs Kitabda Akilanın adı bir dəfə də olsun, arvadı Priskilasız çəkilməyib. Beləliklə, həvari Pavelin və yığıncağın gözündə onlar ayrılmaz cütlük idilər. Buna bənzər tərzdə, bu gün missioner ər-arvadlar da bir yerdə işləməli, bir yerdə ibadət etməli və xarici ölkəyə aldıqları təyinatlarının qeyri-adi çətinliklərinə bir yerdə sinə gərməli, beləliklə də, bir-birini tamamlamalıdırlar (Yar. 2:18).
«Yehovanın yaxşılığına hay verin» adlı növbəti məruzəni Rəhbərlik Şurasının üzvü Qay Pirs təqdim etdi. Pirs qardaş izah etdi ki, yaxşı olmaq pislik etməməkdən daha böyük məna daşıyır. Yaxşı insan başqalarına fayda gətirmək üçün yaxşı işlər görür. Ən böyük yaxşılığı Yehova Allah təzahür etdirir (Zək. 9:16, 17, KM). Allahın yaxşılığı və məhəbbəti bizi başqalarına yaxşılıq etməyə təşviq edən hərəkətverici qüvvə ola bilər. Pirs qardaş tələbələri tərifləyərək, sözünə belə yekun vurdu: «Siz yaxşılıq edirsiniz. Biz əminik ki, Yehova Allahın sizə verəcəyi istənilən təyinatda yaxşılıq etməklə Allahın yaxşılığına bundan sonra da cavab verəcəksiniz».
Sonra yenicə Gilead məktəbinin müəllimi təyin olunmuş keçmiş missioner Maykl Börnet «Bunu gözlərinizin arasına alın bağı kimi taxın» adlı nitq ilə çıxış etdi. İsraillilər gözlərinin arasına alın bağı taxırmış kimi, Yehovanın onları Misirdən möcüzəvi şəkildə qurtardığını yadda saxlamalı idilər (Çıx. 13:16, KM). Tələbələrə Gilead məktəbində aldıqları zəngin təlimi, məcazi dildə desək, gözlərinin arasına alın bağı taxırmış kimi yadda saxlamaq nəsihət edildi. Börnet qardaş missionerlərin öz aralarında və başqaları ilə yaranan istənilən anlaşılmazlığı həll edərkən həlim və təvazökar olmağın, eləcə də Müqəddəs Kitab prinsiplərini tətbiq etməyin zəruriliyini vurğuladı (Mat. 5:23, 24).
Gileadın qocaman müəllimi Mark Numar «Sənin haqqında hansı mahnı oxunacaq?» adlı məruzə ilə kürsüyə qalxdı. Qədim zamanlarda müharibədə qazanılan qələbəni nəğmələrlə qeyd etmək adəti vardı. Belə nəğmələrdən birində Ruven, Dan və Aşer özünü əziyyətə verməyən kimi təsvir olunduğu halda, Zevulunun fədakarlığı tərənnüm edilir (Hak. 5:16-18). Hər bir məsihçinin hərəkətləri, mahnının sözləri kimi, əvvəl-axır başqalarına məlum olur. İnsan Allahın işində çalışqan və teokratik qaydalara sədaqətli olmaqla Yehovanın qarşısında yaxşı ad qazanacaq və qardaşları üçün yaxşı nümunə olacaq. Yığıncaqdakı bacı-qardaşlar bizim hərəkətlərimizlə yazılan məcazi nəğməyə qulaq asdıqca, həmin yaxşı nümunəni izləməyə təşviq olunurlar.
Gileadda aldıqları təlimin bir hissəsi kimi, 124-cü sinfin hamısı birlikdə təxminən 3 000 saat təbliğ ediblər. «Müqəddəs ruhun rəhbərliyini izləyin» adlı mövzuda tələbələr təbliğ zamanı baş verən hadisələrdən bəzilərini səhnələşdirərək Teokratik Məktəblər Şöbəsindən olan Sem Robersona bir neçə hadisə danışdılar. Bu ruhlandırıcı hadisələrdən sonra Birləşmiş Ştatlardakı filialın komitə üzvü Patrik LaFrank hazırda müxtəlif ölkələrdə xidmət edən Gilead məzunlarından müsahibələr aldı. Şagirdlər bu qardaşlardan aldıqları faydalı məsləhətlərə görə çox minnətdar idilər.
Rəhbərlik Şurasının üzvü Entoni Moris «Unutmayın, görünən şeylər müvəqqətidir» adlı sonuncu məruzə ilə çıxış etdi. Müqəddəs Yazılar bizə hazırda üzləşdiyimiz hər hansı müvəqqəti sıxıntıya deyil, Yehovanın verəcəyi gələcək xeyir-dualara diqqətimizi cəmləməyi nəsihət edir (2 Kor. 4:16-18). Son dərəcə yoxsulluq, ədalətsizlik, zülm, xəstəlik və ölüm müasir həyatın gerçəklikləridir. Missionerlər bu faciələrdən bəziləri ilə üzləşə bilərlər. Ancaq bütün bunların müvəqqəti olduğunu yadda saxlamaq bizə ruhani tarazlığı qorumağa və ümidimizi itirməməyə kömək edəcək.
Lett qardaş proqrama yekun vurarkən məzunlar səhnədə onu dinləyirdilər. Qardaş onları təslim olmamağa təşviq edib dedi: «Əgər Yehova bizimlədirsə, nöqsansızlığımızdan bizi heç nə döndərə bilməz». O, yeni missionerləri çəyirtkələrə bənzəyərək Yehovaya qətiyyətlə xidmət etməyə, həmişə çalışqan, sədaqətli və itaətkar qalmağa təşviq etdi.
[30-cu səhifədəki çərçivə]
SİNFİN STATİSTİK MƏLUMATLARI
Təmsil edilən ölkələrin sayı: 7
Təyinat verilən ölkələrin sayı: 16
Tələbələrin sayı: 56
Orta yaş həddi: 33,8
Həqiqətdə olmalarının orta il həddi: 18,2
Tammüddətli xidmətlərinin orta il həddi: 13,8
[31-ci səhifədəki şəkil]
Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadın 124-cü sinfinin buraxılışı
Aşağıdakı siyahıda cərgələr qabaqdan arxaya doğru nömrələnib, adlar isə hər cərgədə soldan sağa sadalanıb.
1) Nikolson, T.; Meyn, H.; Sengey, Y.; Snep, L.; Voneyqas, K.; Pou, L. 2) Santana, S.; Ou, K.; Lematre, K.; Vilyams, N.; Aleksandr, L. 3) Vudz, B.; Steynton, L.; Hentli, E.; Alvarez, Q.; Kruz, C.; Benet, C. 4) Uilyamson, A.; Qonsales, N.; Züroski, C.; Dehand, İ.; Mey, C.; Dyemmi, C.; Tavener, L. 5) Lematre, U.; Haris, A.; Uelz, S.; Rocers, S.; Durant, M.; Sengey, J.; 6) Hentli, T.; Voneyqas, A.; Pou, A,; Santana, M.; Benet, V.; Tavener, D.; Ou, M. 7) Züroski, M.; Rocers, Q.; Dyemmi, D.; Nikolson, L.; Alvarez, K.; Snep, C. 8) Haris, M.; Qonsales, P.; Meyn, Ş.; Vudz, S.; Steynton, B.; Uilyamson, D.; Durant, C. 9) Kruz, P.; Dehand, B.; Vilyams, D.; Uelz, S.; Aleksandr, D.; Mey, M.
[32-ci səhifədəki şəkil]
Gilead məktəbi Gözətçi Qülləsinin Təlim Mərkəzində yerləşir