Koreyada allahın xalqının inkişafının şahidi olmuşam
Nəql etdi Milton Hamilton
«Təəssüflə sizə çatdırırıq ki, Koreya Respublikasının hökuməti siz missionerlərin vizalarını ləğv edib və sizin ölkədə arzuolunmaz şəxslər olduğunuzu bildirib... Bu səbəbdən siz müvəqqəti olaraq Yaponiyaya təyin olunursunuz».
ARVADIMLA mən yuxarıda gətirilən məktubu 1954-cü ilin sonuna yaxın Bruklindən (Nyu-York, ABŞ) aldıq. Həmin il, bir az öncə biz Nyu-York ştatında yerləşən Gilead Məktəbinin 23-cü sinfinin məzunları olduq. Bu məktubu alanda biz müvəqqəti olaraq İndiana ştatının İndianapolis şəhərində xidmət edirdik.
Arvadım Liz (əvvəllər Liz Semok) və mən yuxarı siniflərdə birgə oxuyurduq. 1948-ci ildə biz evləndik. O, tammüddətli xidməti çox sevirdi, lakin xarici ölkədə xidmət etmək üçün Birləşmiş Ştatları tərk etməyə tərəddüd edirdi. Bəs nəyə görə o, fikrini dəyişdi?
Liz Gilead Məktəbində oxumaq istəyənlər üçün təşkil edilmiş görüşə mənimlə getməyə razılaşdı. Həmin görüş 1953-cü ilin yayında Nyu-Yorkun «Yanki» stadionundakı beynəlxalq konqres zamanı keçirilmişdi. Bu ruhlandırıcı görüşdən sonra biz Gilead Məktəbi üçün blank doldurduq. Biz 1954-cü ilin fevralında başlanacaq növbəti sinfə dəvət alanda təəccübləndik.
Koreyada üç il çəkən və ölkəni viran edən müharibənin 1953-cü ilin yayında təzəcə sona yetməsinə baxmayaraq, biz bu ölkəyə təyin olunduq. Yuxarıda gətirilən məktubda deyildiyi kimi, biz ilk öncə Yaponiyaya yola düşdük. Bizimlə Koreyaya təyin olunan altı missionerlə birgə 1955-ci ilin yanvarında 20 günlük okean səyahətindən sonra mənzilimizə gəlib çatdıq. Həmin illərdə Yaponiya filialına nəzarət edən Lloyd Berri səhər saat altıda bizi gəminin yan aldığı körpüdə qarşılayıb, Yokohamadakı missioner evinə apardı. Həmin gün biz xidmətə də getdik.
Nəhayət, Koreyada
Bir müddət sonra Koreyaya viza aldıq. 1955-ci il martın 7-də təyyarəmiz Tokionun Beynəlxalq Haneda Hava Limanından qalxıb üç saatdan sonra Seuldakı Yoido Hava Limanına endi. 200-dən çox koreyalı Şahid bizi qarşılamağa gəldi. Hamının gözü sevincdən yaşarmışdı. O zaman Koreyada cəmi-cümlətani 1 000 Şahid vardı. Qərbdə yaşayan bir çox insanlar kimi, biz də fikirləşirdik ki, hansı ölkədə yaşamalarından asılı olmayaraq, Şərq xalqları zahirən və xasiyyətcə bir-birindən fərqlənmir. Lakin tezliklə bunun belə olmadığını anladıq. Koreyalıların nəinki öz dili və əlifbası, həm də milli mətbəxi, geyimi və özünəməxsus fiziki cizgiləri var, onların tikdiyi binalar da fərqlidir.
İlk böyük çətinliyimiz dili öyrənmək oldu. Koreya dilini öyrənmək üçün heç bir vəsait yox idi. Tezliklə anladıq ki, ingilis səslərindən istifadə edərək Koreya sözlərinin səslərini tələffüz etmək mümkün deyil. Yalnız Koreya əlifbasını öyrənəndən sonra düzgün tələffüzə nail olmaq olar.
Səhvlərimiz də olurdu. Məsələn, bir dəfə Liz ev sahibindən Müqəddəs Kitabı olub-olmadığını soruşmuşdu. Lakin o, təəccüblə ona baxıb, evdən kibrit qutusu gətirdi. Sən demə, o, «sənqyánq» (kibrit) və «sənqyúnq» (Müqəddəs Kitab) sözlərini səhv salıbmış.
Bir neçə ay sonra bizə ölkənin cənubunda yerləşən liman şəhəri Pusanda missioner evi üçün bir yer tapmaq tapşırıldı. Arvadımla mənə və bizimlə birgə bu şəhərə təyin olunan iki bacıya üç kiçik otaq kirayələdim. Otaqlara su çəkilməmişdi və tualetdə lazımi şərait yox idi. Su yalnız gecələr güclü gəldiyi üçün onu şlanqla üçüncü mərtəbəyə qaldıra bilirdik. Buna görə biz növbə ilə sübh çağı qalxıb qabları su ilə doldururduq. İçməli olsun deyə suyu qaynadır, yaxud da xlorlayırdıq.
Başqa çətinliklərimiz də olurdu. Elektrik enerjisi o qədər zəif idi ki, biz paltaryuyan maşınını və ütünü istifadə edə bilmirdik. Dəhlizi mətbəx kimi istifadə edirdik və orada olan yeganə mətbəx ləvazimatı neftlə işləyən peç idi. Şəraitə uyğunlaşaraq növbə ilə orada xörək bişirirdik. Üç ildən sonra Liz ilə mən hepatit xəstəliyinə yoluxduq. Həmin illərdə missionerlərin əksəriyyəti bu xəstəliyə tutulurdu. Sağalmağımız bir neçə ay çəkdi, amma bundan sonra da səhhətimizdə problemlər olurdu.
Nümunəmiz qardaşları ruhlandırır
Son 55 il ərzində Koreya yarımadasında vəziyyət qeyri-stabil olaraq qalır. Demilitarizasiya zonası yarımadanı iki hissəyə bölür. Bu xətt Koreya Respublikasının paytaxtı Seuldan 55 kilometr aralıda keçir. 1971-ci ildə Bruklindəki mərkəzi idarədən Frederik Frans bizə baş çəkdi. Mən onu demilitarizasiya zonasına — dünyada ən möhkəmləndirilmiş sərhədə qədər müşayiət etdim. İllər ərzində Birləşmiş Millətlər Təşkilatının rəsmiləri hər iki hökumətin nümayəndələri ilə burada tez-tez görüşüblər.
Əlbəttə, Koreya yarımadasındakı vəziyyət də daxil olmaqla, biz dünyanın siyasətinə bitərəf mövqe tuturuq (Yəh. 17:14). 13 mindən çox koreyalı Şahid əlinə silah alıb başqalarını öldürməkdən imtina etdiyi üçün, ümumilikdə götürsək, 26 000 il həbsxanada olub (2 Kor. 10:3, 4). Bu ölkədə yaşayan bütün gənc qardaşlar bu məsələ ilə üz-üzə gələcəklərini bilirlər, lakin bu onları qorxutmur. Əfsuslar olsun ki, Koreya hökuməti məsihçilərə «cinayətkar» damğası vurub. Onların yeganə «cinayəti» odur ki, onlar məsihçi bitərəfliyi ilə güzəştə getməkdən imtina edirlər.
1944-cü ildə mən də hərbi xidmətə getməkdən imtina etdiyimə görə iki il yarım ABŞ-ın Pensilvaniya ştatının Lüisburq federal həbsxanasında yatmalı oldum. Koreyadakı gənc qardaşların həbsxanadakı sınaqları daha çətin olsa da, onların nələrlə qarşılaşdığını yaxşı başa düşürəm. Koreyada xidmət edən biz missionerlərin də eyni sınaqlarla üzləşdiyini bilmək bir çoxlarını ruhlandırdı (Yeşaya 2:4).
Çətinliklərlə üzləşirik
Bitərəf mövqeyimizə görə 1977-ci ildə qaldırılan məsələyə cəlb olunduq. Məmurlar fikirləşirdilər ki, gənc koreyalılar bizim təsirimizə uyduqları üçün hərbi xidmətdən və əllərinə silah almaqdan imtina edirlər. Buna görə də hökumət hansısa səbəbə görə ölkədən çıxan missionerləri ölkəyə buraxmamaq qərarına gəldi. Həmin məhdudiyyət 1977-ci ildən 1987-ci ilədək davam etdi. Bu illər ərzində Koreyanı tərk etsəydik, sonra bizi ölkəyə buraxmazdılar. Ona görə də bu illər ərzində hətta doğmalarımıza baş çəkmək üçün Koreyadan çıxmadıq.
Biz dəfələrlə hökumət məmurları ilə görüşüb Məsihin davamçıları kimi tutduğumuz bitərəf mövqeyimizi izah edirdik. Nəhayət, onlar başa düşdülər ki, bizi qorxutmaq mümkün deyil və on il davam edən məhdudiyyət aradan qaldırıldı. Bu illər ərzində bir neçə missioner səhhəti ilə bağlı və digər problemlərə görə ölkəni tərk etməli oldu, qalanlar isə xidmətlərini davam edirdilər. Biz ölkədə qaldığımıza görə çox şadıq.
Bizə düşmən kəsilənlər 1980-ci illərin ortalarında hüquqi cəmiyyətimizin idarə heyətinin üzvlərini gəncləri hərbi xidmətdən yayındırmaqda ittiham etdilər. Buna görə də hökumət hər birimizi dindirdi. 1987-ci il yanvarın 22-də prokurorluq ittihamların əsassız olduğunu müəyyən etdi. Bu bizə gələcəkdə yaranan hər hansı anlaşılmazlığı aradan qaldırmaqda kömək etdi.
Allah işimizi xeyir-dualandırır
Bitərəf mövqeyimizə görə Koreyada təbliğ xidmətimizə göstərilən müqavimət ilbəil artırdı. Hətta konqresləri keçirmək üçün daha böyük yer tapmaq da çətinləşdi. Buna görə də Şahidlər Pusan şəhərində Konqres Zalı tikmək qərarına gəldilər. Bu, Şərqdə ilk Konqres Zalı idi. 1976-cı il aprelin 5-də 1 300 nəfərin qarşısında həsr olunma məruzəsi ilə çıxış etmək mənim üçün böyük şərəf idi.
1950-ci ildən başlayaraq on minlərlə amerikalı əsgər Koreyada xidmət etməyə göndərilmişdi. Birləşmiş Ştatlara qayıdandan sonra çoxları Allahın fəal xidmətçiləri oldular. Onlar bizə tez-tez məktub yazırlar. Biz çox şadıq ki, Yehovanı tanımaqda onlara kömək etmişik.
Əfsuslar olsun ki, 2006-cı il sentyabrın 26-da əziz arvadım Lizi itirdim. Mən onun üçün çox darıxıram. O, burada xidmət etdiyimiz 51 il ərzində aldığımız hər təyinatı sevinclə qəbul edirdi və heç vaxt giley-güzar etmirdi. Liz bir vaxtlar tərk etmək istəmədiyi ölkəyə — Birləşmiş Ştatlara qayıtmağı təklif etmirdi və hətta buna eyham da vurmurdu!
Mən Koreyanın Bet-El ailəsində xidmət etməyə davam edirəm. Başlanğıcda Bet-Eldə bir neçə adam xidmət edirdi. İndi isə onların sayı təxminən 250 nəfərdir. Buradakı işə nəzarət edən yeddi nəfərlə birgə komitənin üzvü kimi xidmət etmək mənim üçün böyük şərəfdir.
İlk dəfə Koreyaya gələndə bu ölkə çox kasıb idi. İndi isə o, dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Burada 95 000-dən artıq Şahid var və onların təxminən 40 faizi daimi, ya da köməkçi pioner kimi xidmət edir. Burada xidmət etdiyim və Allahın xalqının inkişafını gördüyüm üçün Allaha minnətdaram.
[24-cü səhifədəki şəkil]
Digər missionerlərlə Koreyaya gələndə
[24-cü səhifədəki şəkil]
Pusanda xidmət edirik
[25-ci səhifədəki şəkil]
Frederik Fransla demilitarizasiya zonasının yaxınlığında, 1971-ci il
[26-cı səhifədəki şəkil]
Liz ilə, ölümündən bir az öncə
[26-cı səhifədəki şəkil]
Xidmət etdiyim Koreya filialı