«Yol budur, gedin bu yola»
Emiliya Pedersonun həyat hekayəsi
Nəql etdi Rut Pappes
AANAM Emiliya Pederson 1878-ci ildə doğulub. Məktəb müəllimi olsa da, onun əsil arzusu həyatını insanlara Allah haqqında öyrətməyə həsr etmək idi. Onun bu arzusuna sübut Minnesotanın (ABŞ) kiçik Casper qəsəbəsində yerləşən evimizdəki iri çamadan idi. O bu çamadanı missioner kimi xidmət etmək istədiyi Çinə köçmək üçün almışdı. Amma anası öləndə planlarından imtina etməli və evlərində qalıb kiçik qardaşının və bacılarının qayğısına qalmalı oldu. Anam 1907-ci ildə Teodor Holinə ərə getdi. Mən 1925-ci il dekabrın 2-də dünyaya göz açdım və yeddi uşağı olan ata-anamın sonbeşiyi oldum.
Anamın Müqəddəs Kitaba dair çoxlu sualları var idi və suallarına cavab axtarırdı. Suallarından biri pis insanların şiddətli əzab çəkdikləri odlu cəhənnəm təlimi haqqında idi. Lüteran kilsəsinin pastoru ilə söhbət edərkən anam ondan xahiş etdi ki, Müqəddəs Kitabda bu təlimin necə təsdiq edildiyini tapmağa ona kömək etsin. O cavab vermişdi ki, Müqəddəs Kitabda yazılanların əhəmiyyəti yoxdur, odlu cəhənnəm haqqında təlim tədris olunmalıdır.
Anam həqiqəti tapır
1900-cü il təzəcə tamam olanda anamın bacısı Emma musiqi təhsili almaq üçün Nortfildə (Minnesota ştatı) getməli oldu. O, müəllimi Milyus Kristiansongildə qalırdı. Onun arvadı Müqəddəs Kitab Tədqiqatçısı idi (o vaxtlar Yehovanın Şahidləri belə adlanırdılar). Söhbət əsnasında Emma Müqəddəs Kitabı oxuyan dindar bir bacısı olduğunu dedi. Missis Kristianson tezliklə anama məktub yazıb, onun Müqəddəs Kitaba dair bütün suallarına cavab verdi.
Bir gün Müqəddəs Kitab Tədqiqatçısı olan Lora Othaut Cənubi Dakota ştatının Su-Folz şəhərindən qatarla Casperə təbliğ etməyə gəldi. Anam onun verdiyi Müqəddəs Kitab nəşrlərini araşdırdı və 1915-ci ildə Loranın gətirdiyi ədəbiyyatları paylayaraq Müqəddəs Kitab həqiqətlərini başqaları ilə bölüşməyə başladı.
Anam 1916-cı ildə eşitmişdi ki, Çarlz Teyz Rassel Ayovanın Su-Siti şəhərində keçiriləcək konqresdə çıxış edəcək. O həmin konqresə getmək istədi. O vaxt anamın artıq 5 uşağı vardı və ən balacası — Marvin beşaylıq idi. Buna baxmayaraq, o, Su-Sitiyə getmək üçün uşaqları da götürüb, qatarla 160 kilometr qət etdi. O, Rassel qardaşın məruzələrini dinlədi, «Yaradılış fotodramı»na baxdı və vəftiz olundu. Evə qayıdan kimi, konqres haqqında bir məqalə yazdı və bu məqalə «Casper cornel» qəzetində dərc olundu.
Anam 1922-ci ildə Sidar-Pointdə (Ohayo ştatı) keçirilən konqresə yığışan 18 000 nəfər arasında idi. Həmin konqresdən sonra o, Allahın Padşahlığını bəyan etməkdən heç vaxt vaz keçmədi. Onun nümunəsi bizi: «Yol budur, gedin bu yola» məsləhətinə hay verməyə təşviq etdi (Yeşaya 30:21).
Təbliğ xidməti bəhrələr gətirir
1920-ci illərin əvvəllərində valideynlərim Casperdən köçdülər. Atamın işləri yaxşı gedirdi və o, böyük ailəsinin qayğısına qalırdı. Atam həqiqətə yaxşı yanaşırdı, anamın təbliğ işini bütün ürəklə dəstəkləyirdi və bizim evimizin qapısı o vaxtlar piliqrim adlanan səyyar xidmətçilərin üzünə həmişə açıq idi. Səyyar xidmətdə olan qardaşlar nitqlə çıxış edəndə evimizdə çox vaxt yüz və ya yüzə yaxın adam toplaşırdı — bütün otaqlarımız adamla dolu olurdu.
Təxminən yeddi yaşım olanda xalam Letti anama zəng edib dedi ki, qonşusu Ed Larson və arvadı Müqəddəs Kitabı öyrənmək istəyirlər. Onlar böyük şövqlə həqiqəti qəbul etdilər və bir müddət sonra səkkiz uşaq anası olan qonşusu Marta Van Daleni öyrənmədə onlara qoşulmağa dəvət etdilər. Marta və onun bütün ailəsi də Müqəddəs Kitab Tədqiqatçısı oldua.
O zaman bizdən bir neçə kilometr aralıda yaşayan Qordon Kammerud adlı bir gənc atam ilə işləməyə başladı. Qordona xəbərdarlıq etmişdilər: «Özünü müdirinin qızlarından gözlə. Onların qəribə dini var». Buna baxmayaraq, Qordon Müqəddəs Kitabı öyrənməyə başladı və tezliklə həqiqəti tapdığına əmin oldu. Üç aydan sonra o vəftiz olundu. Onun valideynləri də həqiqəti qəbul etdilər və ailələrimiz — Holinlər, Kammerudlar və Van Dalenlər ailəsi yaxın dost oldu.
Konqreslər bizi möhkəmləndirir
Sidar-Pointdə keçirilən konqres anamı o qədər ruhlandırdı ki, o, heç bir konqresi buraxmaq istəmədi. Buna görə bu görüşlərdə iştirak etmək üçün qət etdiyimiz uzun məsafələr uşaqlıq xatirələrimə həkk olunub. Onlardan ən əlamətdarı 1931-ci ildə Ohayo ştatının Kolumbus şəhərində keçirilən konqres olmuşdur, çünki orada Yehovanın Şahidləri adı qəbul edildi (Yeşaya 43:10-12). ‘Böyük izdihamın’ kim olduğuna dair tarixi nitqin söylənildiyi 1935-ci ildə Vaşinqtonda keçirilən konqres də mənim üçün yaddaqalan oldu (Vəhy 7:9). Konqresdə vəftiz olan 800 nəfərin arasında bacılarım Lilian və Yunis də vardı.
Ailəmiz 1937-ci ildə Kolumbusda (Ohayo ştatı), 1938-ci ildə Sietldə (Vaşinqton ştatı), 1939-cu ildə isə Nyu-Yorkda keçirilən konqreslərdə olub. Van Dalenlər, Kammerudlər və başqaları bizimlə birgə gedir və biz yol boyu çadırlar qurub orada gecələyirdik. Yunis 1940-cı ildə Leo Van Dalenə ərə getdi və onlar pioner xidmətinə başladılar. Həmin il Lilian və Qordon Kammerud evləndilər və onlar da pioner oldular.
1941-ci ildə Missuri ştatının Sent-Luis şəhərində keçirilən konqres xüsusi oldu. Orada minlərlə gənc «Uşaqlar» kitabını aldı. Bu konqres mənim üçün dönüş nöqtəsi oldu. Qısa müddət sonra, 1941-ci il sentyabrın 1-dən qardaşım Marvin və arvadı Coys ilə birgə pioner xidmətinə başladım. O vaxt mənim 15 yaşım var idi.
Çox vaxt konqreslər biçin vaxtında düşdüyündən kənd yerində yaşayan qardaşların hamısı konqreslərə gedə bilmirdi. Buna görə də biz konqreslərdən sonra həyətimizdə konqresə gedə bilməyənlər üçün görüşlərin proqramını təkrarlayırdıq. Bu çox sevindirici anlar idi.
Gilead Məktəbi və xaricə təyinat
1943-cü ilin fevralında pionerləri missioner xidmətinə hazırlamaq məqsədilə Gilead Məktəbi açıldı. Birinci sinifdə Van Dalenlər ailəsinin altı nəfər üzvü oxuyurdu: doğma qardaşlar Emil, Artur, Homer və Leo, onların bibisi oğlu Donald və Leonun arvadı olan bacım Yunis. Onlarla sağollaşanda bizi qarışıq hisslər bürüdü, çünki bir də nə vaxt görüşəcəyimizi bilmirdik. Məktəbi bitirdikdən sonra onların altısı da Puerto-Rikoya təyinat aldı. O vaxt orada yalnız bir neçə Şahid var idi.
Bir ildən sonra Lilian ilə Qordon, həmçinin Marvin və Coys Gilead Məktəbinin üçüncü sinfinə dəvət aldılar. Onlar da Puerto-Rikoya təyin olundular. 1944-cü ildə 18 yaşım olanda mən Gilead Məktəbinin 4-cü sinfinə dəvət aldım. 1945-ci ilin fevral ayında məktəbi bitirdikdən sonra Puerto-Rikoya, doğmalarımın yanına təyin olundum. Sanki yeni bir həyata qədəm qoymuşdum! İspan dilini öyrənmək çətin olsa da, tezliklə bəzilərimizin 20-dən çox Müqəddəs Kitab öyrənməsi oldu. Yehova işimizi xeyr-dualandırdı. Bu gün Puerto-Rikoda 25 000-ə yaxın Şahid var!
Ailəmizdə itki üz verir
Leo və Yunis 1950-ci ildə oğulları Mark doğulduqdan sonra Puerto-Rikoda qaldılar. Onlar 1952-ci ildə doğmalarına baş çəkmək üçün məzuniyyət götürmək qərarına gəldilər. Aprelin 11-də Amerikaya uçmaq üçün təyyarəyə mindilər. Bədbəxtlik üz verdi: təyyarə havaya qalxdıqdan az sonra okeana düşdü. Leo və Yunis həlak oldu. İkiyaşlı Markı suyun üzündə üzən tapdılar. Xilas olanlardan biri onu xilas salının üstünə çıxartdı, ona süni nəfəs verildi və o sağ qaldıb.
Beş ildən sonra, 1957-ci il martın 7-də anamla atam Padşahlıq Zalına gedəndə maşının təkəri buraxdı. Atam təkəri dəyişən zaman, yoldan keçən maşın onu vurdu və o, yerindəcə keçindi. Onun dəfn məruzəsinə 600 nəfərə yaxın adam gəlmişdi və atamı sevib hörmət edən adamlara gözəl şahidlik verildi.
Yeni təyinatlar
Atamın ölümündən bir qədər əvvəl mən Argentinaya təyin olunmuşdum. 1957-ci ilin avqust ayında And dağlarının ətəyində yerləşən Mendosa şəhərinə gəldim. 1958-ci ildə Gilead Məktəbinin 30-cu sinfinin məzunu olan Corc Pappes Argentinaya təyinat aldı. Biz Corcla dostlaşdıq və 1960-cı ilin aprel ayında evləndik. 1961-ci ildə anam 83 yaşında vəfat etdi. O, həqiqət yolunda sadiq qaldı və bir çoxlarına da sadiqliyini qorumağa kömək etdi.
Corcla mən on il ərzində müxtəlif missioner evlərində başqa missionerlərlə birgə xidmət etmişik. Sonrakı 7 ili səyyar xidmətdə keçirdik. Xəstələnmiş ailə üzvlərimizə kömək etmək üçün 1975-ci ildə Birləşmiş Ştatlara qayıtdıq. 1980-ci ildə həyat yoldaşım ispandilli ərazidə rayon nəzarətçisi kimi xidmət etməyə dəvət olundu. O zaman Birləşmiş Ştatlarda 600-ə yaxın ispandilli yığıncaq vardı. Biz 26 il ərzində onlardan bir çoxuna baş çəkdik və yığıncaqların sayının 3 000-dən çox olmasının şahidi olduq.
Onlar həqiqət ‘yolunda’ yeriyirlər
Anama hətta ailəmizin gənc üzvlərinin tammüddətli xidmətə başladıqlarını görmək sevinci də nəsib oldu. Məsələn, böyük bacım Esterin qızı Kerol 1953-cü ildə pioner xidmətinə başladı. O, Dennis Trembora ərə getdi və o zamandan etibarən onlar birgə tammüddətli xidmətdədirlər. Esterin Lois adlı digər qızı Vendl Censenə ərə getdi. Onlar Gilead Məktəbinin 41-ci sinfini bitirdikdən sonra 15 il Nigeriyada missioner kimi xidmət etdilər. Valideynləri təyyarə qəzasında həlak olan Markı Leonun bacısı Rut La Lond və onun həyat yoldaşı Körtiss oğulluğa götürdü. Mark və arvadı Lavonn pioner xidmətinə çox illər həsr etmişlər və ‘bu yolda’ dörd uşaq böyüdüb boya-başa çatdırmışlar (Yeşaya 30:21).
Doğma bacı-qardaşlarımdan yeganə sağ qalan qardaşım Orlenin indi 90-dan çox yaşı var. O, indiyədək Yehovaya sədaqətlə xidmət edir. Corcla mən tammüddətli xidmətə sevinclə davam edirik.
Anamın mirası
Mən anamın çox qiymətləndirdiyi bir şeyi — yazı masasını hələ də saxlayıram. Bu, atamın anama toy hədiyyəsidir. Siyirtmələrdən birində anamın məktubları və qəzetdə Padşahlıq haqqında yazdığı və gözəl şahidlik verdiyi məqalələr saxlanılan köhnə albom durur. Onlardan bəzilərinin tarixi 1900-cu illərin əvvəllərinə təsadüf edir. Orada həm də missioner xidmətində olan övladlarının anama yazdığı qiymətli məktublar da saxlanılır. Onları təkrar-təkrar oxumaqdan həzz alıram. Onun bizə yazdığı məktublar həmişə ruhlandırıcı və gözəl fikirlərlə dolu idi. Anam missioner olmaq muradına çatmadı. Lakin onun heç vaxt sönməyən bu istəyi özündən sonra gələn nəslin ürəyində bu xidmətə güclü həvəs yaratdı. Mən yerüzü Cənnətdə böyük ailəmizin atama və anama qovuşacağı vaxtın həsrətindəyəm! (Vəhy 21:3, 4).
[Haşiyələr]
a Emil Van Dalenin həyatı haqda «Gözətçi Qülləsi»nin 1983-cü il 15 iyun sayının 27-30-cu səhifələrində (ing.) oxumaq olar.
b «Oyanın!» jurnalının 1952-ci il 22 iyun sayının 3, 4-cü səhifələrinə (ing.) bax.
[17-ci səhifədəki şəkil]
Emiliya Pederson
[18-ci səhifədəki şəkil]
Anam, atam (qucağında Marvin); aşağıda, soldan sağa: Orlen, Ester, Lilian, Mildred, 1916-cı il
[19-cu səhifədəki şəkil]
Leo və Yunis, ölümlərindən bir qədər əvvəl
[20-ci səhifədəki şəkil]
Soldan sağa, yuxarıda: Ester, Mildred, Lilian, Yunis, Rut; aşağıda: Orlen, anam, atam və Marvin, 1950-ci il
[20-ci səhifədəki şəkil]
Corc və Rut Pappes səyyar xidmətdə, 2001-ci il