Saleh insanlar əbədiyyən Allaha həmd edəcəklər
Saleh insan heç zaman unudulmaz. ...Sonsuzadək salehliyindən dönməz [«salehliyi əbədiyyən durar», KM]» (MƏZ. 112:6, 9).
1. a) Allahın gözündə saleh sayılan insanları hansı xoşbəxt gələcək gözləyir? b) Hansı sual yaranır?
ALLAHIN gözündə saleh olan bütün insanları necə də gözəl gələcək gözləyir! Yehovanın gözəl keyfiyyətlərini öyrənmək onlara əbədiyyən zövq verəcək. Onlar Allahın yaratdıqları barədə daha çox öyrəndikcə ürəkləri Ona həmd etmək istəyi ilə dolub-daşır. Bu izzətli gələcəyə nail olmaq üçün 112-ci məzmurda əsas tələblərdən biri kimi vurğulanan ‘salehlik’ tələb olunur. Bəs necə ola bilər ki, günahlı insanlar müqəddəs və saleh Allah olan Yehovanın gözündə saleh sayılsın? Düzgün olanı etmək üçün nə qədər çalışsaq da, yenə də səhvlərə yol veririk, bəzən də bu səhvlər ciddi olur (Rom. 3:23; Yaq. 3:2).
2. Yehova məhəbbətdən irəli gələrək hansı iki möcüzəni göstərdi?
2 Xoşbəxtlikdən, Yehova bu məsələni əla yolla həll etdi. Necə? Əvvəlcə O, göylərdə yaşayan sevimli Oğlunun həyatını möcüzəli şəkildə bakirə qızın bətninə köçürdü ki, kamil insan kimi dünyaya gəlsin (Luka 1:30-35). Daha sonra İsanın düşmənləri onu öldürəndə Yehova başqa bir möhtəşəm möcüzə göstərdi. Allah İsanı izzətli ruhani varlıq kimi həyata qaytardı (1 Pet. 3:18).
3. Nəyə görə Oğluna səmavi həyat mükafatını vermək Allaha xoş idi?
3 Yehova İsaya yer üzünə gəlməz öncə malik olmadığı bir şeyi — göydə «məhvedilməz» (YD) həyat mükafatını verdi (İbr. 7:15-17, 28). Yehova bunu böyük məmnuniyyətlə etdi, çünki İsa ən sərt sınaqlar altında belə kamil nöqsansızlığını qorudu. Beləliklə İsa Şeytanın insanların Allaha xudbin niyyətlərdən irəli gələrək xidmət etdiklərinə və məhəbbətlərinin sarsılmaz olmadığına dair irəli sürdüyü yalana Atasının əlinə ən yaxşı və qəti cavabı verə bilməsi üçün Atasının əlinə əsas verdi (Sül. məs. 27:11).
4. a) Göyə qalxdıqdan sonra İsa bizim üçün nə etdi və Yehova buna necə münasibət göstərdi? b) Yehovanın və İsanın sənin üçün etdikləri səndə hansı hissləri doğurur?
4 İsa göydə daha çox işlər gördü. O, ‘qanının’ dəyəri ilə ‘uğrumuzda Allahın hüzurunda zühur etdi’. Göylərdəki sevən Atamız xeyirxahlıq göstərərək İsanın dəyərli təqdiməsini ‘günahlarımız üçün əfv təmin edən qurban’ kimi qəbul etdi. Bunun sayəsində biz ‘təmiz vicdanla’ ‘yaşayan Allaha müqəddəs xidməti icra edə bilirik’ (YD). Bu bizə 112-ci məzmurun ilk sözləri olan «Yaha həmd edin!» sözləri ilə razılaşmağa əsas verir (Məz. 112:1, YD; İbr. 9:12-14, 24; 1 Yəh. 2:2).
5. a) Allahın gözündə salehliyimizi qorumaq üçün nə etməliyik? b) 111-ci və 112-ci məzmur necə tərtib olunub?
5 Allahın gözündə salehliyimizi qorumaq üçün İsanın tökülən qanına iman gətirməliyik. Elə bir günümüz olmamalıdır ki, Yehovanın bizi çox sevdiyinə görə minnətdar olmayaq (Yəh. 3:16). Biz həmçinin Allahın Kəlamını öyrənməli və öyrəndiklərimizə müvafiq yaşamaq üçün əlimizdən gələni etməliyik. Allah qarşısında təmiz vicdanı qoruyub-saxlamaq istəyənlər üçün 112-ci məzmurda yaxşı məsləhətlər var. Bu məzmur 111-ci məzmuru tamamlayır. Hər ikisi də, orijinal mətnə əsasən, «Yaha həmd edin!» ifadəsi ilə başlayır və onların hər biri ibrani əlifbasının 22 hərfindən biri ilə başlanan 22 sətirdən ibarətdira.
Xoşbəxtlik üçün əsas
6. «Zəbur» kitabının 112-ci məzmurunda təsvir olunan Allahdan qorxan «insan» hansı xeyir-duaları alır?
6 «Nə bəxtiyardır Rəbdən qorxan, əmrlərindən zövq alan insan! Nəsli yer üzündə güclü olacaq, əməlisalehlərin övladları xeyir-dua alacaq» (Məz. 112:1, 2). Fikir verin ki, məzmurçu birinci ayədə tək ‘insandan’, 2-ci ayənin sonunda isə cəm halında ‘əməlisalehlərdən’ danışır. Bu göstərir ki, 112-ci məzmurda çoxlu insanlardan ibarət qrupdan söz edilir. Həvari Pavelin Məzmur 112:9 ayəsini birinci əsr məsihçilərinə tətbiq etməyə ilhamlanması bunu təsdiq edir. (2 Korinflilərə 9:8, 9 ayələrini oxu.) Bu məzmur Məsihin yer üzündəki davamçılarının bu gün nə dərəcədə xoşbəxt ola biləcəklərini necə də gözəl təsvir edir!
7. Nəyə görə Allahın xidmətçiləri Onun qarşısında sağlam qorxuya malik olmalıdırlar, bəs sən Allahın əmrlərinə necə yanaşmalısan?
7 Məzmur 112:1 ayəsinin göstərdiyi kimi, ‘Rəbb qorxusunda’ yerimək bu həqiqi məsihçilərə əsil xoşbəxtlik gətirir. Allah qarşısında sağlam qorxu onlara Şeytan dünyasının ruhuna qarşı durmağa kömək edir. Onlar Allahın Kəlamını tədqiq etməkdən və Onun əmrlərinə tabe olmaqdan ‘zövq alırlar’. Bura Padşahlıq haqqında xoş xəbəri bütün dünyada təbliğ etmək əmri də daxildir. Onlar bütün xalqlar arasından şagirdlər hazırlamaqla yanaşı, pislərə Allahın hökm gününün gəlişi barədə xəbərdarlıq edirlər (Yez. 3:17, 18; Mat. 28:19, 20).
8. a) Allaha sadiq xalq səyinə görə bu gün hansı mükafatı alıb? b) Yerüzü ümidinə malik olanları hansı xeyir-dualar gözləyir?
8 Bu əmrlərə tabe olduqları üçün bu gün yer üzündə Allahın xidmətçilərinin sayı yeddi milyonu keçib. Kim inkar edə bilər ki, Onun xalqı həqiqətən də ‘yer üzündə güclü’ xalq olub? (Yəh. 10:16; Vəhy 7:9, 14). Allah Öz niyyətini həyata keçirdikcə onlar daha çox ‘xeyir-dua alacaqlar’. Yerüzü ümidinə malik olanlar bir qrup şəklində qarşıdan gələn ‘böyük məşəqqətdə’ xilas ediləcəklər ki, ‘salehliyin ömür sürdüyü’ ‘yeni yerin’ təməlini təşkil etsinlər. Vaxtı çatanda Har-Megidondan sağ çıxanlar daha çox «xeyir-dua alacaq». Onlar milyonlarla dirilənləri qarşılamağa hazır olacaqlar. Necə də gözəl ümiddir! Nəhayət, Allahın əmrlərindən ‘zövq alanlar’ kamilliyə çatacaq və ‘Allahın övladlarının izzətli azadlığından’ əbədiyyən həzz alacaqlar (2 Pet. 3:13; Rom. 8:21).
Sərvətindən müdrikliklə istifadə et
9, 10. Həqiqi məsihçilər ruhani sərvətlərindən necə istifadə edirlər və onların salehliyi hansı mənada əbədiyyən duracaq?
9 «Evindən bolluq və sərvət əskilməz, sonsuzadək salehliyindən dönməz [«salehliyi əbədiyyən durar», KM]. Zülmətdə belə, əməlisaleh insanlar üçün, rəhmli, lütfkar və saleh adamlar üçün nur doğar» (Məz. 112:3, 4). Müqəddəs Kitabın yazıldığı dövrlərdə Allahın bəzi xidmətçiləri zəngin idilər. Allahın bəyəndiyi insanların hamısı maddi cəhətdən varlı olmasalar da, onlar əsil zənginliyə, ruhani zənginliyə malik olurlar. İsanın günlərində olduğu kimi, Allah qarşısında təvazökar olanların əksəriyyəti kasıbdır və onlara yuxarıdan aşağı baxırlar (Luka 4:18; 7:22; Yəh. 7:49). Kasıb və ya varlı olmağımızdan asılı olmayaraq, ruhən zəngin olmaq mümkündür (Mat. 6:20; 1 Tim. 6:18, 19; Yaqub 2:5 ayəsini oxu).
10 Məsh olunmuş məsihçilər və onların həmkarları öz ruhani sərvətlərini özlərində saxlamırlar. Əksinə, onlar Şeytanın zülmətə qərq olmuş dünyasında «saleh adamlar üçün nur» saçırlar: başqalarına qiymətli ruhani müdriklikdən və Allah haqqında bilikdən faydalanmağa kömək edirlər. Düşmənlər Padşahlıq haqqında xoş xəbərin təbliğini dayandırmağa çalışsalar da, heç bir uğur qazana bilməmişlər. Bunun əvəzində, bu saleh işin bəhrəsi ‘əbədiyyən duracaq’. Allahın xidmətçiləri sınaqlar altında salehliklərini qorumaqla sonsuzadək yaşayacaqlarına, yəni ‘əbədiyyən duracaqlarına’ əmin ola bilərlər.
11, 12. Allahın xalqı malik olduğu maddi vəsaitlərdən necə istifadə edir?
11 Allahın xalqını təşkil edən məsh olunmuşlar və ‘böyük izdihamın’ üzvləri əliaçıq insanlardır. Məzmur 112:9 ayəsində deyilir: «Əliaçıqlıqla fəqirlərə paylar». Bu gün həqiqi məsihçilər tez-tez həmimanlılarına və hətta ehtiyacı olan yaxınlarına maddi köməklik göstərirlər. Onlar həmçinin maddi imkanlarından istifadə edərək fəlakətdən zərər çəkənlərə kömək əli uzadırlar. İsanın dediyi kimi, bu da xoşbəxtlik gətirir. (Həvarilərin işləri 20:35; 2 Korinflilərə 9:7 ayələrini oxu.)
12 Bundan əlavə, 172 dilə tərcümə edilən bu jurnalın buraxılışına nə qədər vəsait sərf edildiyi barədə düşün. Bu dillərdə danışan xalqların əksəriyyəti nisbətən kasıb yaşayırlar. Həmçinin nəzərə al ki, bu jurnal lal və kar insanların danışdıqları müxtəlif jest dillərində, eləcə də korlar üçün Brayl şrifti ilə buraxılır.
Səxavətli və ədalətli
13. Səxavətlə verməyə dair ən gözəl nümunəni kimlər verib və biz onların nümunəsini necə təqlid edə bilərik?
13 «Səxavətlə borc verən... yaxşı insandır» (Məz. 112:5). Yəqin fikir vermisən ki, başqalarına kömək edən insanlar çox vaxt bunu səxavətlilikdən irəli gələrək etmirlər. Bəziləri verərkən öz var-dövlətlərini nümayiş etdirməyə çalışır və ya bunu narazılıqla edirlər. Əlbəttə, insanı özünü alçaq, zəhlətökən və ya ağır yük hesab etməyə vadar edənlərdən kömək almaq heç də xoş deyil. Ancaq səxavətli insandan kömək almaq həqiqətən də xoşdur. Yehova səxavətli olmağın, ürəklə verməyin ən bariz nümunəsidir (Yaq. 1:5, 17). İsa Məsih Atasının bu gözəl keyfiyyətini mükəmməl surətdə əks etdirirdi (Mark 1:40-42). Beləliklə, biz Allahın gözündə saleh olmaq üçün sevinclə və səxavətlə veririk, xüsusilə də başqalarına Yehova haqqında öyrənməyi təklif edərkən.
14. Hansı məsələlərdə ‘işlərimizi ədalətlə görməliyik’?
14 ‘Hər işini ədalətlə görür’ (Məz. 112:5). Peyğəmbərlik edildiyi kimi, Yehovanın ədalətinə uyğun olaraq sadiq nökərbaşı sinfi Ağasının malikanəsinin qeydinə qalır. (Luka 12:42-44 ayələrini oxu.) Bu, bəzən yığıncaqda ciddi günahlara dair məsələləri həll etməli olan ağsaqqallara Müqəddəs Yazılara əsasən verilən rəhbərlikdə əks olunur. Qul sinfinin işləri ədalətlə gördüyünü həmçinin bütün yığıncaqların, missioner və Bet-El evlərinin necə fəaliyyət göstərməli olduğuna dair Müqəddəs Kitaba əsasən verdiyi rəhbərlikdən görmək olar. Ədalətli olmaq təkcə ağsaqqallardan tələb olunmur, digər məsihçilər də bir-birləri ilə və başqa insanlarla münasibətlərində, eləcə də işgüzar məsələlərdə ədalətli olmalıdırlar. (Mikeya 6:8, 11 ayələrini oxu.)
Salehlərin alacaqları xeyir-dualar
15, 16. a) Dünyadakı pis xəbərlər saleh insanlara necə təsir edir? b) Allahın saleh xidmətçiləri nəyi etməyə qəti qərarlıdırlar?
15 «Belə adam əsla sarsılmaz, saleh insan heç zaman unudulmaz. Onu pis xəbərlər qorxutmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, cəsur ürəklidir, düşmənlərinin süqutunu görənədək qorxmaz» (Məz. 112:6-8). Əvvəllər heç vaxt tarixdə müharibələr, terrorizm, yeni xəstəliklər və köhnə xəstəliklərin yenidən qayıtması, cinayətkarlıq, yoxsulluq və ətraf mühitin çirklənməsi kimi bu qədər pis xəbərlər olmamışdı. Bu pis xəbərlər Allahın gözündə saleh olan insanlara da təsir edir, ancaq gələcək onları qorxuzmur. Əksinə, onların ürəyi ‘möhkəm’ və ‘cəsurdur’, çünki onlar Allahın salehlik ömür sürən yeni dünyasının yaxın olduğuna əmindirlər. Fəlakət baş verəndə onlar bunun öhdəsindən daha yaxşı gəlirlər, çünki Yehovanın dəstəyinə arxalanırlar. O, saleh bəndələrinin ‘sarsılmasına’ heç vaxt yol vermir, tab gətirmələri üçün qüvvə verir və kömək təqdim edir (Filip. 4:13, İ–93).
16 Allahın saleh bəndələri onlara nifrət edən düşmənlərinin yaydıqları yalanlara dözməli olurlar, lakin bu, həqiqi məsihçiləri heç vaxt dayandıra bilməyəcək. Əksinə, Allahın xidmətçiləri Yehovanın onlara tapşırdığı Padşahlıq haqqında xoş xəbərin təbliği və bu xəbərə hay verənlərin hamısına şagird olmağa kömək etmək işində möhkəm və sarsılmazdırlar. Şübhəsiz ki, son yaxınlaşdıqca salehlər daha çox müqavimətlərlə qarşılaşacaqlar. Düşmənlərin nifrəti Maqoq ölkəsindən olan Qoq — Şeytan İblis bütün dünyada Allahın xalqına hücum edəndə son həddə çatacaq. Nəhayət, o zaman biz düşmənlərin rüsvayçılıqla məğlub olduğunu görəcəyik. Yehovanın adının tamamilə təqdis olunduğunu görmək necə də böyük sevinc gətirəcək! (Yez. 38:18, 22, 23).
«İzzətlə yüksələr»
17. Saleh bəndələr necə ‘izzətlə yüksələcəklər’?
17 Şeytan və onun dünyası tərəfindən müqavimətlərlə üzləşmədən Yehovaya birgə həmd etmək necə də məmnunedici olacaq! Allahın önündə salehliyini qoruyan hər bir kəs əbədiyyən sevinclə Yehovanı izzətləndirəcək. Onlar rüsvayçılığa və məğlubiyyətə uğramayacaqlar, çünki Yehova söz verir ki, salehlərin «qüvvəti izzətlə yüksələr» (Məz. 112:9, KM). Yehovanın saleh bəndələri Onun ali hakimiyyətinin düşmənlərinin məğlubiyyətini görüb şadlıq edəcəklər.
18. «Zəbur» kitabının 112-ci məzmurunun son sözləri necə yerinə yetəcək?
18 «Pis adamsa bunu görüb qəzəblənər, dişlərini qıcıdar, yanıb-tökülər, pislərin ümidləri puç olar» (Məz. 112:10). Allahın xalqına müqavimət göstərənlərin hamısı tezliklə paxıllıq və nifrətləri ilə birgə ‘yanıb töküləcəklər’. Onların özləri ilə birlikdə işimizə son qoymaq ümidləri də qarşıdan gələn ‘böyük məşəqqətdə’ puç olub gedəcək (Mat. 24:21).
19. Nəyə əmin ola bilərik?
19 Sən həmin böyük qələbəni qeyd edənlər arasında olacaqsanmı? Yaxud Şeytan dünyasının sonu gəlməzdən öncə xəstəlik və ya qocalıq ucbatından həyatını itirsən, dirildiləcək «saleh» insanların arasında olacaqsanmı? (Həv. iş. 24:15). Əgər 112-ci məzmurda təsvir olunan saleh ‘insanın’ təmsil etdiyi adamlar kimi İsanın fidiyə qurbanlığına iman gətirməyə və Yehovanı təqlid etməyə davam etsən, bu suallara müsbət cavab verəcəksən. (Efeslilərə 5:1, 2 ayələrini oxu.) Yehova belə insanları ‘unutmayacaq’ və onların saleh əməllərinə xor baxmayacaq. Onları sonsuzadək xatırlayacaq və sevəcək (Məz. 112:3, 6, 9).
[Haşiyə]
a Bu iki məzmurun bir-birini tamamlaması onların quruluşundan və məzmunundan görünür. Məzmur 111:3, 4 və Məzmur 112:3, 4 ayələrini müqayisə etdikdə görürük ki, Allahın 111-ci məzmurda mədh edilən keyfiyyətləri 112-ci məzmurda haqqında danışılan Allahdan qorxan ‘insan’ tərəfindən təqlid edilir.
Düşünmək üçün suallar
• «Haleluya» deyə nida etmək üçün hansı səbəblərimiz var?
• Bu gün əldə edilən hansı nailiyyətlər həqiqi məsihçilərin xoşbəxt olmalarına səbəb olur?
• Yehova necə ianələri qəbul edir?
[25-ci səhifədəki şəkil]
Allahın gözündə salehliyimizi qorumaq üçün İsanın tökülən qanına iman təzahür etdirməliyik
[26-cı səhifədəki şəkillər]
Ürəkdən edilən ianələr yardım göstərmək işində və Müqəddəs Kitaba əsaslanan ədəbiyyatların çap olunmasında istifadə oluna bilər