Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/6 s. 28—31
  • Məsuliyyətləri bölüşün

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsuliyyətləri bölüşün
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Məsuliyyətləri bölüşmək nə deməkdir?
  • Məsuliyyətləri bölüşmək nəyə görə vacibdir?
  • Nəyə görə bəziləri tərəddüd edir?
  • Bunu necə etməli?
  • Təvazökar insan başqalarını öyrədir və işləri bölüşür
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Allahın önündə təvazökarlıqla yeriyin!
    Gözətçi qülləsi 2020
  • Gördüyünüz işi sadiq adamlara əmanət edin
    Gözətçi qülləsi 2017
  • Başqalarına məsuliyyətlərə can atmağı öyrədin
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/6 s. 28—31

Məsuliyyətləri bölüşün

YER kürəsi hələ yaranmamışdan çox-çox əvvəl məsuliyyətlərini başqası ilə bölüşən bir şəxs olmuşdu. Yehova vahid Oğlunu yaratdı və ondan kainatın yaradılmasında «mahir usta» (YD) kimi istifadə etdi (Sül. məs. 8:22, 23, 30; Yəh. 1:3). Allah ilk insan cütünü yaradanda onlara ‘yer üzünü bürüyüb ona sahib olmağı’ tapşırdı (Yar. 1:28). Yaradan ulu valideynlərimizə buyurdu ki, Eden bağının hüdudlarını genişləndirib bütün yer kürəsini cənnətə çevirsinlər. Bəli, ta başlanğıcdan hansısa işi başqaları ilə bölüşmək Yehovanın təşkilatının səciyyəvi əlamətlərindən biri olmuşdur.

Məsuliyyətləri bölüşmək özünə nəyi daxil edir? Məsihçi ağsaqqallar nəyə görə yığıncaq işlərini başqaları ilə bölüşməyi öyrənməlidirlər və onlar bunu necə edə bilərlər?

Məsuliyyətləri bölüşmək nə deməkdir?

«Məsuliyyətləri bölüşmək başqalarına tapşırıq, səlahiyyət və ya məsuliyyət vermək; kimisə təmsilçi təyin etmək» mənasını daşıyır. Beləliklə, məsuliyyətləri bölüşmək başqalarını işə cəlb etməyi tələb edir, bu da, öz növbəsində, onlara səlahiyyət vermək deməkdir.

Məsihçi yığıncağında tapşırıq alanlar isə işi yerinə yetirməli, bu tapşırığı onlara verən kəsə işin gedişatı haqqında məlumat verməli və həmin adamla məsləhətləşməlidirlər. Bununla belə, işə görə əsas məsuliyyəti bu tapşırığı onlara verən qardaş daşıyır. O, işin gedişatına nəzarət etməli və lazım gəldikdə məsləhət verməlidir. Amma bəziləri soruşa bilər: «Əgər işin öhdəsindən özüm gələ bilərəmsə, nəyə görə onu başqaları ilə bölüşməliyəm?»

Məsuliyyətləri bölüşmək nəyə görə vacibdir?

Gəlin Yehovanın Öz vahid Oğlunu yaratdıqdan sonra onu qalan işlərə cəlb etməsi barədə düşünək. Bəli, «göylərdə və yerdə olan, görünən və görünməyən hər şey Onun vasitəsilə yarandı» (Kolos. 1:16). Yaradan bütün işləri Özü də görə bilərdi, ancaq O, Oğlunun səmərəli işdən sevinc duymasını istəyirdi (Sül. məs. 8:31). Bunun sayəsində Oğul Atasının keyfiyyətləri haqqında daha çox öyrəndi. Demək olar ki, Atanın vahid Oğluna təlim-tərbiyə vermək üçün gözəl imkanı yaranmışdı.

İsa Məsih yer üzündə olanda məsuliyyətləri bölüşmək işində Atasını təqlid edirdi. İsa tədricən şagirdlərinə təlim verirdi. O, 12 həvarisini, sonra isə 70 şagirdini özündən qabaq təbliğ etməyə göndərdi (Luka 9:1-6; 10:1-7). İsa həmin yerlərə gələndə onun təbliği üçün artıq yaxşı təməl qoyulmuşdu. O, yeri tərk edəndə təlim almış şagirdlərinə, ümumdünya təbliğ işi də daxil olmaqla, ciddi məsuliyyətlər həvalə etdi (Mat. 24:45-47; Həv. iş. 1:8).

Tapşırıqları bölüşmək və təlim vermək məsihçi yığıncağının da səciyyəvi xüsusiyyəti oldu. Həvari Pavel Timoteyə demişdi: «Məndən eşitdiyin sözləri digərlərini də öyrətməyə qabil ola biləcək sadiq adamlara tapşır» (2 Tim. 2:2). Bəli, təcrübəli qardaşlar başqalarına təlim verməlidirlər ki, onlar da, öz növbəsində, başqalarını öyrədə bilsinlər.

Ağsaqqal işinin müəyyən qismini başqalarına həvalə etməklə təlim verməkdən və sürünün qayğısına qalmaqdan duyulan sevinci onlarla bölüşə bilər. İnsanın imkanları məhduddur, buna görə də yığıncağın məsuliyyətlərini başqaları ilə bölüşmək üçün ağsaqqalların daha çox səbəbləri var. Müqəddəs Kitabda deyilir: «Hikmət təvazökarın yanına gələr» (Sül. məs. 11:2). Təvazökarlıq öz imkanlarının məhdud olduğunu başa düşmək deməkdir. Əgər hər şeyi özümüz etməyə çalışsaq, tez əldən düşəcək və ailə üzvlərimizi onlarla keçirməli olduğumuz vaxtdan məhrum edəcəyik. Bir sözlə, məsuliyyət yükünü başqaları ilə bölüşmək müdrikliyin təzahürüdür. Məsələn, ağsaqqallar şurasının koordinatoru kimi xidmət edən qardaşı götürək. O, başqa ağsaqqallardan yığıncağın maliyyə hesabatını yoxlamağı xahiş edə bilər. Onlar bütün sənədləri nəzərdən keçirərək yığıncağın maliyyə vəziyyəti ilə tanış ola bilərlər.

Ağsaqqallar öz məsuliyyətlərini başqaları ilə bölüşəndə onlara lazımi bacarıq və təcrübəyə yiyələnməyə kömək edirlər. Bununla yanaşı, məsuliyyətləri bölüşən ağsaqqalların iş tapşırdıqları qardaşların bacarıqlarını görmək fürsəti yaranır. Beləliklə onlar bu qardaşların gələcəkdə yaxşı xidməti köməkçi olub-olmayacaqlarını sınaqdan keçirə bilərlər (1 Tim. 3:10).

Və nəhayət, ağsaqqallar öz məsuliyyətlərini bölüşməklə başqalarına etibar etdiklərini göstərirlər. Həvari Pavel Timoteyə missioner xidmətində onunla əməkdaşlıq edən zaman təlim verirdi. Onların arasında səmimi münasibət yaranmışdı. Pavel hətta Timoteyə «imanda həqiqi oğlum» deyə müraciət edirdi (1 Tim. 1:2). Eynilə, Yehova ilə İsa hər şeyi birgə yaradanda onların arasında da sıx bağlılıq yaranmışdı. Ağsaqqallar işləri başqalarına etibar etməklə onlarla yaxın münasibət qura bilərlər.

Nəyə görə bəziləri tərəddüd edir?

İşin müəyyən qismini başqalarına tapşırmağın müsbət cəhətlərini bilsələr də, bəzi ağsaqqallar bunu etməkdə tərəddüd edirlər, çünki, ola bilsin, onlar hakimiyyətlərinin əldən gedəcəyini düşünürlər. Ola bilsin, onlar fikirləşirlər ki, «sükan arxasında» həmişə özləri olmalıdır. Lakin unutmamalıyıq ki, İsa göyə qalxmazdan əvvəl, şagirdlərinə məsuliyyətli iş həvalə etmişdi. O bilirdi ki, onlar ondan daha böyük işlər görəcəklər! (Mat. 28:19, 20; Yəh. 14:12).

Bəzi ağsaqqallar isə, ola bilsin, vaxtilə kimlərəsə müəyyən işlər tapşırmışlar, amma nəticə heç də qənaətbəxş olmamışdır. Ola bilsin, onlar işi özlərinin daha yaxşı və daha cəld görə biləcəklərini düşünürlər. Amma gəlin Pavelin nümunəsinə bir daha nəzər salaq. O, məsuliyyətlərin bir qismini başqalarına həvalə etməyin üstün cəhətləri olduğunu bilirdi, bununla belə, o anlayırdı ki, təlim keçənlərin hamısı işi həmişə onun istədiyi kimi yerinə yetirməyəcəklər. Pavel birinci missioner səyahəti zamanı gənc əməkdaşı Marka təlim vermişdi. Lakin Mark onu yarı yolda qoyub evinə qayıdanda Pavel çox məyus oldu (Həv. iş. 13:13; 15:37, 38). Buna baxmayaraq, o, başqalarına təlim vermək işinə son qoymadı. Əksinə, artıq qeyd olunduğu kimi, gənc Timoteyi missioner xidmətində onu müşayiət etməyə dəvət etdi. Pavel Timoteyin ciddi məsuliyyətlərə hazır olduğunu görəndə onu Efesdə saxladı və yığıncaqda ağsaqqallar və xidməti köməkçilər təyin etmək səlahiyyəti verdi (1 Tim. 1:3; 3:1-10, 12, 13; 5:22).

Bu gün də, əgər kimsə işin öhdəsindən gələ bilmirsə, ağsaqqallar başqalarına təlim verməkdən imtina etməməlidirlər. İnsanlara etibar etməyi öyrənmək və onlara təlim vermək həm müdriklikdir, həm də çox vacibdir. Bəs bu zaman ağsaqqallar hansı amilləri nəzərə almalıdırlar?

Bunu necə etməli?

Kiməsə iş tapşırmaq istəyəndə onun nəyə qabil olub-olmadığını da nəzərə almaq lazımdır. Məsələn, Yerusəlimdə gündəlik yemək paylamaq işini görmək üçün həvarilər ‘Müqəddəs Ruh və hikmətlə dolu yeddi nəfər seçdilər’ (Həv. iş. 6:3). Əgər siz etibarsız bir adama iş tapşırsanız, əlbəttə, o, bunu edə bilməyəcək. Buna görə də əvvəlcə xırda işlərdən başlayın. İnsan etibara layiq olduğunu göstərərsə, deməli, o, daha çox məsuliyyətlərin öhdəsindən gələ bilər.

Lakin başqa amilləri də nəzərə almaq lazımdır. İnsanlar xasiyyətlərinə və qabiliyyətlərinə görə bir-birlərindən fərqlənirlər. Eyni zamanda, təcrübə sarıdan da insandan insana fərq olur. Mehriban və gülərüz qardaşı xidmətçi təyin etmək olar, işi vaxtında və səliqəli görən qardaş isə yığıncaq katibinə kömək etmək üçün daha yararlı ola bilər. İncə zövqlü bacıya Xatirə Gecəsi ilə əlaqədar bəzək işlərini tapşırmaq olar.

Kiməsə tapşırıq verəndə onun nə etməli olduğunu aydın başa salın. Vəftizçi Yəhya İsanın yanına adamlar göndərəndə nəyi öyrənmək və hansı sualı vermək istədiyini onlara aydın başa saldı (Luka 7:18-20). Digər tərəfdən, İsa xalqı möcüzəli şəkildə yedizdirdikdən sonra şagirdlərinə yeməyin qalıqlarını toplamağı tapşırdı, ancaq bunu necə etməyi onların öhdəsinə buraxdı (Yəh. 6:12, 13). Çox şey tapşırığın xarakterindən və işi görənin bacarığından asılıdır. Həm tapşırıq verən, həm də ona kömək edən qardaş aydın başa düşməlidir ki, işin nəticəsi necə olmalıdır və məsuliyyət daşıyan qardaşa işin gedişatı barəsində nə dərəcədə tez-tez məlumat verilməlidir. Onların hər ikisi də bilməlidir ki, hansı məsələlərə dair qərar qəbul etmək işi görən adamın öhdəsinə buraxılır. Əgər tapşırıq müəyyən vaxtadək görülüb qurtarılmalıdırsa, qəti vaxt təyin edib dediyimizin üstündə durmaqdansa, birgə müzakirə edib ümumi razılığa gəlmək daha yaxşı olardı.

İş tapşırılan adam lazımi vəsait və avadanlıqla təchiz olunmalı, həmçinin ona köməklik göstərilməlidir. İşdən başqalarının da xəbəri olsa, bunun işə köməyi dəyə bilər. Məsələn, İsa «Səmavi Səltənətin açarlarını» Peterə verəndə yanında digər şagirdlər də vardı (Mat. 16:13-19). Buna bənzər tərzdə, bəzən yığıncağın müəyyən işə görə kimin məsuliyyət daşıdığını bilməsi yaxşı ola bilər.

Həmçinin ehtiyatlı olmaq lazımdır. Ağsaqqal tapşırıq verdikdən sonra daim işi nəzarət altında saxlamağa çalışırsa, sanki, belə deyir: «Mən əslində sənə etibar etmirəm». Doğrudur, bəzən nəticə gözlədiyimiz kimi olmur. Ancaq məsuliyyət həvalə olunan qardaşa müəyyən sərbəstlik verilərsə, çox ehtimal ki, onun özünə olan əminliyi artacaq və o, təcrübə əldə edəcək. Əlbəttə, bu o demək deyil ki, onun tapşırığı necə yerinə yetirməsi ilə ümumiyyətlə maraqlanmaq lazım deyil. Yehova yaradıcılıq işinə Oğlunu cəlb etmiş olsa da, O, Özü də işləyirdi. O, Mahir Ustaya dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq» (Yar. 1:26). Beləliklə, görülən işi sözlərimizlə və əməllərimizlə dəstəkləmək və insanı səyinə görə tərifləmək çox vacibdir. Onun gördüyü işin nəticəsinə sadəcə nəzər salmağın ona köməyi dəyə bilər. Əgər iş lazımi qaydada getmirsə, əlavə məsləhət verməyə və köməklik göstərməyə çəkinmək lazım deyil. Yadda saxlamaq lazımdır ki, son nəticəyə görə məsuliyyət tapşırığı verənin üzərinə düşür (Luka 12:48).

Səmimi maraq gördükləri ağsaqqallar tərəfindən tapşırıq almaları çoxlarına fayda gətirmişdir. Həqiqətən də, gərək bütün ağsaqqallar Yehovanı təqlid edərək tapşırıqları nəyə görə və necə bölüşməli olduqlarını öyrənsinlər.

[29-cu səhifədəki çərçivə]

MƏSULİYYƏTLƏRİ BÖLÜŞƏNDƏ

• səmərəli işdən əldə edilən sevinci başqaları ilə bölüşürük

• daha çox iş görülür

• müdriklik və təvazökarlıq təzahür etdiririk

• başqalarını öyrədirik

• başqalarına etibar etdiyimizi göstəririk

[30-cu səhifədəki çərçivə]

MƏSULİYYƏTLƏRİ NECƏ BÖLÜŞMƏLİ?

•Tapşırıq üçün münasib adam seçin

• Aydın izah edin/danışın

• Hansı nəticə gözlənildiyini dəqiqləşdirin

• Lazım olan vəsaitlərlə təmin edin

• İşlə maraqlanın və etibar etdiyinizi göstərin

• Son nəticələrə görə məsuliyyəti öz üzərinizə götürməyə hazır olun

[31-ci səhifədəki şəkil]

Məsuliyyətləri bölüşmək işi başqalarına tapşırmaq və onun gedişatına nəzarət etmək deməkdir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş