Nuhun gəmisi tapılıbmı?
TEZ-TEZ kütləvi informasiya vasitələrində Nuhun gəmisinin axtarışı ilə bağlı məlumatlar səslənir. İnsanların bu mövzuya olan marağını başa düşmək olar. B. e. ə. 2370-2369-cu illərdə Nuhu ailəsi ilə Daşqından sağ çıxaran nəhəng gəminin tapılması həqiqətən də möhtəşəm arxeoloji tapıntı olardı. Gəmini tapmaq üçün çoxlu cəhdlər göstərilsə də, axtarışlar hələ də davam edir. Bu günədək buna dair fərziyyələr və aləmə səs-küy salan çoxlu iddialar səslənmişdir. Bəs bununla bağlı dəqiq məlumat varmı?
Müqəddəs Kitabda yazılanlara əsasən Nuhun gəmisi «Ararat dağlarında dayandı» (Yaradılış 8:4). Türkiyənin şərqində, Ermənistanla İranın sərhədi yaxınlığında yerləşən məşhur Ararat dağı Ararat dağ massivinə daxildir.
Bu ərazidə Nuhun gəmisinin tapılması üçün aparılan çoxsaylı ekspedisiyalar nəticəsində indiyədək sübutunu tapmayan fərziyyələr meydana çıxmışdır. Maraq doğuran aero-foto şəkillər, qatranla örtülmüş taxta parçaları, həmçinin gəmini gördüklərini iddia edənlərin sözləri tutarlı dəlillər tapmaq istəyini daha çox artırır. Lakin gəminin axtarışları asanlıqla başa gəlmir. Gəminin dayandığı ehtimal olunan yer Ararat dağının dəniz səviyyəsindən 4 600 metr hündürlükdə olan yamacıdır. Bundan başqa, siyasi qeyri-sabitlik ucbatından xarici ekspedisiyalara dağa qalxmağa həmişə icazə verilmir.
Buna baxmayaraq, gəmini tapmaq arzusu ilə alışıb-yanan bir çox insanlar həmin ərazidə daha çox ekspedisiyaların aparılmasını istəyirlər. Onlar əmindirlər ki, gəminin hissələri hələ də başı qarlı Ararat dağındadır və ilin çox hissəsini qarın və buzun altında qalır. Onların fikrincə, yalnız isti yay aylarında gəmini görmək və ya ona yaxınlaşmaq mümkün ola bilər.
Həmçinin bu cür ümidləri müxtəlif məlumatlar da alovlandırmışdır. Birinci əsr yəhudi tarixçisi İosif Flavi erkən tarixçilərin sözlərinə istinad edirdi. Həmin tarixçilərin sözlərinə əsasən, onların dövründə gəmi Ararat dağının başında görünürdü. Hətta deyilənə görə, insanlar qatranla örtülmüş taxta parçalarını yadigar olaraq götürürdülər. İosifin istinad etdiyi tarixçilərdən biri b. e. ə. üçüncü əsrdə yaşamış Babil salnaməçisi Beross idi.
Ən çox maraq doğuran xəbərlərdən biri keçən əsrdə həmin ərazidə yaşamış bir kişinin sözləri olmuşdur. O, 1900-cü illərin əvvəllərində uşaq olanda qohumu ilə dağa çıxdığını və gəmini gördüyünü deyirdi. Həmin kişi 1972-ci ildə öldü, onun danışdıqları isə bu günədək insanları həyəcanlandırır və heyrətə salır.
İman üçün təməl ola bilərmi?
Gəminin tapıldığına və yaxud yaxın gələcəkdə tapılacağına inanmaq üçün əsas varmı? Bəlkə də, amma buna şübhə ilə yanaşmağa daha çox əsas var, nəinki ümid etməyə. Əvvələn, yadımıza sala bilərik ki, Müqəddəs Kitabda daşqının suları çəkildikdə gəminin harada dayandığı dəqiq deyilmir. Orada sadəcə ‘Ararat dağlarının’ adı çəkilir.
Diqqətin bu ərazidə olan ən yüksək dağa yönəldilməsi yalnız tədqiqatçılar və sensasiya həvəskarları üçün təbii haldır. Müqəddəs Yazılarda isə Allahın gəmini Ararat dağının dəniz səviyyəsindən təxminən beş kilometr hündürlükdə olan soyuq və yüksək zirvəsində saxladığı deyilmira. Unutmayın ki, gəmi dayanandan sonra Nuh və ailəsi hələ bir neçə ay gəmidə qalmışdılar (Yaradılış 8:4, 5). Gəmidən çıxandan sonra onların və gəmidəki heyvanların, alpinistlər kimi, oradan endiklərini düşünmək ağlabatan deyil. Görünür, gəminin dayandığı yer müasir tədqiqatçıların düşündüyündən rahat, eyni zamanda Yaradılış 8:4, 5 ayələrində təsvir olunduğu kimi, yetərincə hündür olub. Üstəlik, Ararat massivinin harasında dayanmasından asılı olmayaraq, əsrlər ərzində gəminin təbiət və insanlar tərəfindən məhv edilmədiyinə ümid etmək nə dərəcədə məntiqəuyğundur?
Bundan əlavə, bu cür iddiaların dini cəhətdən kəsb etdiyi məna şişirdilir. Bir ekspedisiya təşkilatçısı iddia edirdi ki, gəminin tapılması «milyonlarla insanın imanını möhkəmləndirəcək... və çoxlarını imana gətirəcək». 2004-cü ildə keçirilən mətbuat konfransında o, gəminin tapılmasının «İsa Məsihin dirilməsindən sonra ən böyük hadisə olacağını» söyləmişdi. Sonralar onun ekspedisiyası baş tutmadı.
Bəs həqiqətənmi Nuhun gəmisinin tapılması insanların imanını möhkəmləndirə və hətta onlarda iman yarada bilər? Müqəddəs Kitaba əsasən, həqiqi iman görə və toxuna bildiyimiz şeylərdən asılı deyil (2 Korinflilərə 5:7). Bəziləri Müqəddəs Kitaba o qədər şübhə ilə yanaşırlar ki, orada bəhs edilən müəyyən hadisələrə yalnız gözlə görünən sübutlar gətirildiyi halda inana biləcəklərini söyləyirlər. Ancaq faktlar göstərir ki, nə qədər dəlil gətirirsən gətir, bu cür insanlarda iman yaranmayacaq. İsa Məsihin özü demişdi ki, bəzi insanları heç nə, hətta gözlərinin önündə ölünün dirilməsi belə, ruhani həqiqətlərə inandıra bilməz! (Luka 16:31).
Digər tərəfdən, həqiqi iman sadəlövhlükdən irəli gəlmir, o, tutarlı dəlillərə əsaslanır (İbranilərə 11:1). Bəs düşüncəli insanları Daşqın haqda Müqəddəs Kitabda deyilənlərin doğruluğuna əmin edə biləcək əsaslı sübutlar varmı? Bəli, var. İsa Məsih açıq-aydın demişdi ki, ‘Nuh gəmiyə girdi və sonra tufan gəlib hamısını məhv etdi’ (Luka 17:26, 27). Onun şahidliyi ən inandırıcı sübutdur. Nə üçün?
Yer üzünə gəlməzdən əvvəl İsa göydə yaşayırdı (Yəhya 8:58). O, gəminin necə tikildiyini müşahidə etmiş, Daşqını öz gözləri ilə görmüşdü. Belə olan halda, hansı sübut sizə daha inandırıcı gəlir? Ona etibar edə biləcəyimizi və Allahın Oğlu olduğunu mükəmməl surətdə sübut edən canlı şahidin sözləri, yoxsa buzlaqlarla örtülmüş dağın başında qədimdən qalma taxta parçalarını tapmaq xülyaları ilə yaşayan tədqiqatçıların fərziyələri? Bu nöqteyi-nəzərdən yanaşdıqda, Nuhun gəmisinin mövcud olduğuna lazımından artıq sübut var.
[Haşiyə]
a Bu gün Ararat adlanan dağ 1840-cı ildən bəri fəaliyyətdə olmayan vulkandır. Onun hündürlüyü 5 165 metrə çatır və il boyu zirvəsi qarla örtülü olur.
[29-cu səhifədəki yazı]
Müqəddəs Kitabda Daşqın haqda deyilənləri təsdiq edən tutarlı sübut varmı?
[30-cu səhifədəki şəkillər]
İsa Məsih açıq-aydın demişdi ki, ‘Nuh gəmiyə girdi və sonra tufan gəlib hamısını məhv etdi’