«Özünüzü Allahın məhəbbətində saxlayın»
«Əbədi həyata gətirəcək olan Rəbbimiz İsa Məsihin mərhəmətini gözləyərək, özünüzü Allahın məhəbbətində saxlayın» (YƏHUDA 21).
1, 2. Yehova bizə olan məhəbbətini necə göstərib və haradan bilirik ki, O, bizi avtomatik olaraq Öz məhəbbətində saxlamayacaq?
YEHOVA ALLAH bizə olan məhəbbətini saysız-hesabsız üsullarla göstərir. Şübhəsiz, Yehovanın məhəbbətinin ən böyük sübutu Onun təqdim etdiyi fidyə qurbanlığıdır. Onun bəşəriyyətə olan məhəbbəti o qədər böyükdür ki, hətta sevimli Oğlunu bizim uğrumuzda ölmək üçün yer üzünə göndərdi (Yəh. 3:16). Yehova bunu bizim əbədi yaşamağımız üçün etdi və O istəyir ki, biz Onun məhəbbətindən əbədiyyən faydalanaq!
2 Hər nə etsək də, Yehovanın avtomatik olaraq bizi Öz məhəbbətində saxlayacağını düşünməyimiz düzgün olardımı? Xeyr. Çünki Yəhuda 21 ayəsində belə bir çağırışı oxuyuruq: «Sizi əbədi həyata gətirəcək olan Rəbbimiz İsa Məsihin mərhəmətini gözləyərək, özünüzü Allahın məhəbbətində saxlayın». «Özünüzü Allahın məhəbbətində saxlayın» ifadəsi göstərir ki, bizdən müəyyən addımlar atmaq gözlənilir. Belə isə, Allahın məhəbbətində qalmaq üçün biz nə etməliyik?
Allahın məhəbbətində necə qala bilərik?
3. İsanın sözlərinə əsasən, Atasının məhəbbətində qalmaq üçün ondan nə tələb olunurdu?
3 Bu sualın cavabını İsanın yerüzü həyatının sonuncu gecəsində söylədiyi sözlərdə tapa bilərik. O demişdi: «Mən Atamın əmrlərini yerinə yetirib Onun məhəbbətində qalıram. Əgər siz də Mənim əmrlərimi yerinə yetirsəniz, Mənim məhəbbətimdə qalacaqsınız» (Yəh. 15:10). Bu ayədən göründüyü kimi, İsa Atası ilə yaxşı münasibətləri qorumaq üçün Onun əmrlərinə riayət etməyin son dərəcə vacib olduğunu bilirdi. Beləliklə, əgər Allahın kamil Oğlundan bunu etmək gözlənilirdisə, onda bunun bizdən də gözlənilməsi nə qədər yəqindir?!
4, 5. a) Yehovanı sevdiyimizi, əsasən, necə göstərə bilərik? b) Nəyə görə Yehovanın əmrlərinə itaət etməkdən boyun qaçırmaq üçün heç bir əsasımız yoxdur?
4 Biz Yehovanı sevdiyimizi, əsasən, Ona itaət etməklə göstəririk. Həvari Yəhya bunu belə ifadə etmişdir: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir» (1 Yəh. 5:3). Qeyd etmək lazımdır ki, itaətkarlıq bugünkü dünyada bir o qədər də dəbdə deyil. Gəlin «Onun əmrləri isə ağır deyildir» sözlərinə diqqət yetirək. Yehova bizdən nə isə ağır bir şey tələb etmir.
5 Bunu başa düşmək üçün bir nümunəni nəzərdən keçirək. Sən yaxın dostundan gücü çatmayan şeyləri daşımağı xahiş edərdinmi? Əlbəttə ki, yox. Yehova bizdən qat-qat xeyirxahdır və gücümüzün məhdud olduğunu bizdən daha yaxşı bilir. Müqəddəs Kitab bizi əmin edir ki, Yehova «torpaqdan düzəlməyimizi unutmur» (Məz. 103:14). O, heç vaxt bizdən gücümüz çatmayan şeyləri tələb etməz. Buna görə də, Yehovanın əmrlərinə itaət etməkdən boyun qaçırmaq üçün heç bir əsasımız yoxdur. Əksinə, biz başa düşürük ki, itaətkarlıq bizə səmavi Atamızı həqiqətən də sevdiyimizi və Onun məhəbbətində qalmaq istədiyimizi göstərmək üçün gözəl imkan yaradır.
Yehovanın bəxş etdiyi xüsusi ənam
6, 7. a) Vicdan nədir? b) Vicdanın Allahın məhəbbətində qalmağa necə kömək etdiyini nümunə əsasında göstərin.
6 Yaşadığımız mürəkkəb dünyada qəbul etdiyimiz bir çox qərarlar Allaha itaətli olmağımızla bağlıdır. Bu qərarların Allahın iradəsinə uyğun olub-olmadığına necə əmin ola bilərik? Yehova itaətkarlıq məsələsində bizə böyük köməyi dəyən ənam bəxş etmişdir. Bu ənam vicdandır. Bəs vicdan nədir? Bu, hərəkətlərimizi, baxışlarımızı və seçimlərimizi qiymətləndirən xüsusi qabiliyyətdir. Vicdan daxili hakim kimi, bizi qərarlarımız və ya hərəkətlərimiz üzərində düşünməyə vadar edərək onların pis və ya yaxşı, doğru və ya səhv olduğuna dair hökm çıxarır. (Romalılara 2:14, 15 ayələrini oxu.)
7 Vicdan bizə necə kömək edə bilər? Belə bir nümunə. Səyahətçinin yolu ucsuz-bucaqsız bir səhradan keçir. Orada nə iz, nə yol, nə də yol göstəricisi var. Buna baxmayaraq, o, qətiyyətlə öz məqsədinə doğru irəliləyir. Necə? O, özü ilə kompas götürüb. Kompas — dörd əsas istiqaməti göstərən və maqnitləşdirilmiş əqrəbi şimala yönəlmiş siferblatlı bir cihazdır. Kompas olmadan səyahətçi tamamilə itib-batardı. Eynilə, insanlarda da vicdan olmasaydı, onlar düzgün, həmçinin əxlaqi və mənəvi məsələlərə dair qərarlar qəbul edə bilməzdilər.
8, 9. a) Vicdanımızın hansı məhdudiyyətləri olduğunu yadda saxlamalıyıq? b) Vicdanımızın bizə həqiqətən də fayda gətirdiyinə necə əmin ola bilərik?
8 Lakin kompas kimi, vicdanın da imkanları məhduddur. Səyahətçi kompasın yanına maqnit qoysa, əqrəb artıq şimalı göstərməyəcək. Əgər biz də arzularımızın qərarlarımıza təsir etməsinə yol verəriksə, bu, nə ilə nəticələnəcək? Xudbin arzularımız vicdanımızı tamamilə səhv istiqamətə yönəldə bilər. Müqəddəs Kitab bizi xəbərdar edir ki, «insan ürəyi hər şeydən hiyləgərdir, sağalmaz xəstəliyi var» (Yer. 17:9; Sül. məs. 4:23). Bundan əlavə, əgər səyahətçinin əlinin altında dəqiq, etibarlı xəritəsi olmasa, kompasın ona çox az, yaxud da heç bir faydası olmayacaq. Eynilə, əgər biz Allahın Kəlamındakı düzgün və dəyişilməz rəhbərliyə arxalanmasaq, vicdanımız, demək olar ki, faydasız olacaq (Məz. 119:105). Təəssüf ki, bu dünyada çoxları ürəyin arzularına həddən artıq çox əhəmiyyət verdikləri halda, Allahın Kəlamında yazılan normalara az, ya da heç əhəmiyyət vermirlər. (Efeslilərə 4:17-19 ayələrini oxu.) Elə buna görə də bu qədər insan vicdanı ola-ola, belə dəhşətli işlər görür (1 Tim. 4:2).
9 Biz qətiyyən belə olmaq istəmirik! Əksinə, gəlin Allahın Kəlamının vicdanımıza təlim-tərbiyə verməsinə yol verək ki, onun bizə əsil faydası dəysin. Xudbin arzuların bizi üstələməsinə yol vermək əvəzinə, Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanımızın səsinə qulaq asmalıyıq. Eyni zamanda, biz əziz ruhani bacı-qardaşlarımızın vicdanına hörmət etməyə çalışmalıyıq. Ola bilər, həmimanlılarımızın vicdanı bizimkindən həssas olsun və hər şeyə yol verməsin. Bunu yadda saxlayaraq, əlimizdən gələn hər şeyi edirik ki, onları büdrətməyək (1 Kor. 8:12; 2 Kor. 4:2; 1 Pet. 3:16).
10. Həyatın hansı üç sahəsinə toxunacağıq?
10 Gəlin həyatın hansı üç sahəsində itaətkarlıq göstərməklə Yehovaya məhəbbətimizi göstərə biləcəyimizi nəzərdən keçirək. Sözsüz ki, hər üç halda vicdanın öz rolu var, lakin vicdana ilk növbədə və ən əsası, Müqəddəs Kitabın Allahdan ilham almış davranış normaları təsir etməlidir. Yehovaya məhəbbətdən irəli gələrək itaətkarlıq göstərə biləcəyimiz üç sahə bunlardır: 1) biz Yehovanın sevdiyi insanları sevirik, 2) üzərimizdə başçılıq edənlərə hörmət edirik və 3) Allahın gözündə təmiz qalmağa çalışırıq.
Yehovanın sevdiyi insanları sevirik
11. Nəyə görə biz Yehovanın sevdiyi insanları sevməliyik?
11 Birincisi, biz Yehovanın sevdiyi insanları sevməliyik. Söhbət dostluqdan gedəndə adamlar bir növ süngərə bənzəyirlər. Biz ətrafımızda olan hər şeyi canımıza çəkməyə, yəni mənimsəməyə meyilliyik. Yaradanımız dostluğun qeyri-kamil insanlar üçün nə dərəcədə təhlükəli, həm də faydalı ola biləcəyini yaxşı bilir. Buna görə də O, bizə bu müdrik məsləhəti verir: «Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Sül. məs. 13:20; 1 Kor. 15:33). Bizlərdən heç kəs ‘bədbəxt olmaq’ istəməzdi, çünki ‘hikmət qazanmaq’ hər birimizin amalıdır. Heç kəs Yehovanı nə olduğundan müdrik edə bilər, nə də ki Onu poza bilər. Bununla belə, dostluğa gəldikdə O, bizim üçün gözəl nümunə qoyur. Düşünün: Yehova qeyri-kamil insanlardan kimləri Özünə dost seçir?
12. Yehova necə insanları Özünə dost seçir?
12 Yehova İbrahimi ‘dostu’ adlandırmışdı (Yeşaya 41:8). Bu adam böyük imana sahib, saleh və itaətkar bir insan idi (Yaq. 2:21-23). Yehova Özünə məhz belə dostlar seçir. O, bu gün də belə adamlarla dostluq edir. Əgər Yehova belə dostlar seçirsə, qeyri-kamil olan bizlər hikmət qazanmaq üçün hikmətli insanlardan dost seçməli deyilikmi?
13. Düzgün dost seçimində bizə nə kömək edə bilər?
13 Bu sahədə düzgün seçim etməkdə bizə nə kömək edə bilər? Müqəddəs Kitab nümunələrini araşdırmaq. Rutla qayınanası Naomi, Davudla Yonatan, Timoteylə Pavel arasındakı dostluq haqqında düşünək (Rut 1:16, 17; 1 Şam. 23:16-18; Filip. 2:19-22). Onların arasındakı dostluq hər şeydən əvvəl bir səbəbə görə çiçəklənirdi: bu dostluq Yehovaya olan həqiqi məhəbbətə əsaslanmışdı. Özünə Yehovanı sənin tək sevən dost tapa bilərsənmi? Əmin ol ki, məsihçi yığıncağında çoxlu belə dostlar tapmaq olar. Bu dostlar səni ruhani uçuruma sürükləməyəcəklər. Əksinə, onlar sənə Yehovaya itaət etməyə, ruhən yetkinləşməyə və ruh üçün əkməyə kömək edəcəklər. (Qalatiyalılara 6:7, 8 ayələrini oxu.) Onlar həmçinin sənə Allahın məhəbbətində qalmağa kömək edəcəklər.
Üzərimizdə başçılıq edənlərə hörmət edirik
14. Üzərimizdə başçılıq edənlərə hörmət etməyə hansı amillər maneçilik törədə bilər?
14 Yehovaya məhəbbətimizi ifadə etməyin ikinci üsulu başçılıq edən adamlarla bağlıdır. Biz üzərimizdə başçılıq edənlərə hörmətlə yanaşmalıyıq. Bəs nəyə görə hərdən bunu etmək çətin olur? Səbəblərdən biri odur ki, səlahiyyətli adamlar qeyri-kamildirlər. Üstəlik, biz özümüz də qeyri-kamilik və üsyana anadangəlmə meyilimizlə mübarizə aparırıq.
15, 16. a) Yehovanın Öz xalqının qayğısına qalmağı həvalə etdiyi insanlara hörmət etmək bizim üçün nəyə görə vacibdir? b) İsraillilərin Musaya qarşı qaldırdıqları üsyana Yehovanın münasibətindən özümüzə hansı vacib dərsi götürürük?
15 Siz düşünə bilərsiniz: əgər başçılıq edənlərə hörmət bəsləmək belə çətindirsə, onda bunu etmək nəyə lazımdır? Cavab hökmranlığa dair mübahisəli məsələ ilə bağlıdır. Sən kimi özünə hökmdar və rəhbər seçəcəksən? Bir halda ki Yehovanı özümüzə Hökmdar seçirik, onda Onun hakimiyyətinə hörmət etməliyik. Hörmət etmiriksə, onda Onu öz rəhbərimiz adlandırmağa haqqımız varmı? Bundan başqa, Yehova Öz rəhbərliyini, adətən, xalqının qayğısına qalmağı həvalə etdiyi qeyri-kamil insanlar vasitəsilə həyata keçirir. Həmin adamlara qarşı üsyan qaldırsaq, Yehova buna necə baxacaq? (1 Salonikililərə 5:12, 13 ayələrini oxu.)
16 Məsələn, israillilər Musaya qarşı deyinib üsyan edəndə, Yehova bunu şəxsən Özünə qarşı qaldırılmış üsyan kimi qiymətləndirdi (Say. 14:26, 27). Allah dəyişilməyib. Əgər biz Allahın səlahiyyət verdiyi adamlara qarşı üsyan qaldırsaq, Allahın Özünə qarşı üsyan qaldırmış olarıq!
17. Məsihçi yığıncağında məsul mövqe tutanlara qarşı hansı düzgün münasibəti inkişaf etdirməliyik?
17 Həvari Pavel məsihçi yığıncağında məsul mövqe tutanlara qarşı düzgün münasibət bəsləməli olduğumuzu açıqlayır. O yazır: «Öz rəislərinizə itaət edin, onlara tabe olun; çünki hesabat verəcək olanlar kimi, onlar hər zaman sizin canlarınızın qeydinə qalırlar. Onlara tabe olun ki, onlar bunu can çəkə-çəkə deyil, sevinclə etsinlər. Çünki əgər bunu can çəkə-çəkə etsələr, sizə fayda olmaz» (İbr. 13:17). Düzdür, belə itaətkarlıq və tabeçilik üçün çoxlu səy tələb olunur. Ancaq unutmayaq ki, biz özümüzü Allahın məhəbbətində saxlamağa çalışırıq. Bu məqsədə çatmaq üçün əlimizdən gələni etməyə dəyməzmi?
Yehovanın gözündə təmiz qalmağa çalışırıq
18. Yehova nəyə görə bizim həmişə təmiz olmağımızı istəyir?
18 Yehovaya məhəbbətimizi göstərməyin üçüncü üsulu Onun gözündə təmiz qalmağa çalışmaqdır. Adətən, valideynlər çalışırlar ki, uşaqları təmiz və səliqəli olsun. Nəyə görə? Səbəblərdən biri odur ki, təmizlik uşağın sağlamlığının rəhnidir. Üstəlik, təmiz uşaq ailəyə başucalığı gətirir, valideynlərin məhəbbətinə və diqqətinə dəlalət edir. Eyni səbəblərə görə Yehova bizim də təmiz olmağımızı istəyir. O, təmizliyin bizim firavanlığımız üçün zəruri olduğunu bilir. O həm də bilir ki, təmizliyimiz Ona, səmavi Atamıza şərəf gətirir. Bu, çox böyük əhəmiyyət kəsb edir, çünki ətrafımızdakılar bizim bu pozğun dünyadakı insanlardan fərqləndiyimizi görüb Allaha xidmət etmək istəyə bilərlər.
19. Fiziki təmizliyin vacib olduğunu haradan bilirik?
19 Hansı sahələrdə təmiz qalmalıyıq? Əslində, həyatın hər bir sahəsində. Qədim İsraildə Yehova xalqına aydın göstərdi ki, fiziki təmizlik çox vacibdir (Lev. 15:31). Musanın Qanununda tullantılara, qabların təmizlənməsinə, əl-ayağın və paltarların yuyulmasına dair göstərişlər vardı (Çıx. 30:17-21; Lev. 11:32; Say. 19:17-20; Qanun. t. 23:13, 14). İsraillilərə xatırladılırdı ki, onların Allahı Yehova müqəddəsdir, yəni təmiz, pak və ülvidir. Müqəddəs Allahın xidmətçiləri də müqəddəs olmalıdırlar. (Levililər 11:44, 45 ayələrini oxu.)
20. Biz hansı sahələrdə təmiz qalmalıyıq?
20 Buna görə biz həm xarici, həm də daxili cəhətdən təmiz olmalıyıq. Çalışmalıyıq ki, fikirlərimiz təmiz olsun. Dünyada hökm sürən əxlaqi pozğunluğa baxmayaraq, biz sədaqətlə Yehovanın əxlaqi təmizliyə dair normalarına riayət edirik. Ən vacibi, ibadətimizi yalan dinlə murdarlamamağa çalışaraq təmiz saxlayırıq. Yeşaya 52:11 ayəsində yazılan Allahdan ilham almış xəbərdarlığı həmişə yadda saxlayırıq: «Çəkilin, çəkilin, oradan çıxın, murdar şeylərə toxunmayın, oradan çıxıb təmizlənin». Bu gün biz səmavi Atamızın ruhani mənada natəmiz hesab etdiyi şeylərə hətta toxunmamaqla belə özümüzü ruhani cəhətdən təmiz saxlayırıq. Elə buna görə də biz bu dünyada məşhur olan yalan dini bayramlarda və mərasimlərdə iştirak etmirik. Düzdür, təmiz qalmaq çətindir. Ancaq Yehovanın xalqı buna can atır, çünki bu, onlara Allahın məhəbbətində qalmağa kömək edir.
21. Allahın məhəbbətində qaldığımıza necə əmin ola bilərik?
21 Yehova istəyir ki, biz əbədiyyən Onun məhəbbətində qalaq. Lakin hər birimiz Allahın məhəbbətində qalmaq üçün əlimizdən gələni etdiyimizə əmin olmalıyıq. Biz buna İsanın nümunəsini təqlid etməklə və Yehovanın əmrlərinə itaət edib məhəbbətimizi göstərməklə nail ola bilərik. Bunun sayəsində əmin ola bilərik ki, bizi heç nə «Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır» (Rom. 8:38, 39).
Yadınızdadırmı?
• Vicdanımız Allahın məhəbbətində qalmağa bizə necə kömək edə bilər?
• Nəyə görə biz Yehovanın sevdiyi insanları sevməliyik?
• Nəyə görə üzərimizdə başçılıq edənlərə hörmət etmək zəruridir?
• Allahın xalqı üçün təmiz qalmaq nə dərəcədə vacibdir?
[20-ci səhifədəki çərçivə/şəkil]
YAXŞI DAVRANIŞA TƏŞVİQ EDƏN KİTAB
2008-2009-cu ilin vilayət konqreslərində «Özünüzü Allahın məhəbbətində saxlayın» adlı 224 səhifəli kitabın buraxılışı haqqında elan olundu. Bu yeni kitab hansı məqsədə xidmət edir? Bu kitab məsihçilərin Yehovanın normalarını öyrənməsinə və sevməsinə kömək etmək və diqqəti, əsasən, məsihçi davranışına cəmləşdirmək üçün nəzərdə tutulub. «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabını diqqətlə öyrənməyin sayəsində Yehovanın normalarına müvafiq yaşamağın indi ən yaxşı həyat yolu olduğuna, gələcəkdə isə əbədi həyata apardığına əminliyimizi mütləq artıracaq.
Bundan əlavə, bu kitab Yehovaya itaətkarlığın ağır yük deyil, əksinə, Yehovaya Onu nə qədər çox sevdiyimizi göstərməyin üsulu kimi baxmağa kömək edir. Beləliklə, bu nəşr bizi növbəti sual üzərində düşünməyə sövq edəcək: «Mən nə üçün Yehovaya itaətkarlıq göstərirəm?»
İnsanların Yehovanın məhəbbətindən uzaqlaşaraq səhv addım atmalarının səbəbi çox vaxt Müqəddəs Kitab təlimləri ilə yox, yanlış hərəkətlə bağlı olur. Buna görə də Yehovanın gündəlik həyatımızda bizə yol göstərən qanun və prinsiplərinə olan məhəbbətimizi və onlara görə minnətdarlığımızı artırmaq necə də vacibdir! Əminik ki, bu yeni nəşr Yehovanın bütün dünyadakı həlim xidmətçilərinə haqqın tərəfini möhkəm tutmağa, Şeytanın yalançı olduğunu sübut etməyə və hər şeydən əlavə, Allahın məhəbbətində qalmağa kömək edəcək! (Yəhuda 21).
[18-ci səhifədəki şəkil]
«Mən Atamın əmrlərini yerinə yetirib Onun məhəbbətində qalıram. Əgər siz də Mənim əmrlərimi yerinə yetirsəniz, Mənim məhəbbətimdə qalacaqsınız»