Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/8 s. 24—27
  • Yehova ‘Öz nurlu üzünü onlara göstərdi’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova ‘Öz nurlu üzünü onlara göstərdi’
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Görmək eşitmək deməkdir
  • Jest dilindəki nəşrlər insanların həyatını dəyişir
  • ‘Nəhayət, doğma dilimdə yığıncaq görüşləri!’
  • Ürəkdən minnətdar olanlar
  • Gəlin kar bacı-qardaşlarımızı qiymətləndirək!
    Gözətçi qülləsi 2009
  • Allah eşitmə qabiliyyəti məhdud olanların qeydinə qalır
    Əlavə mövzular
  • Yehova zəhmətimə bərəkət verdi
    Yehovanın Şahidlərinin Bioqrafiyaları
  • Eşitmə məhdudiyyətli insanlara kömək etmək arzum yerinə yetir
    Yehovanın Şahidlərinin Bioqrafiyaları
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/8 s. 24—27

Yehova ‘Öz nurlu üzünü onlara göstərdi’

İNSANIN üzündə 30-dan çox əzələ var. Adi gülümsəmədə 14 əzələ hərəkət edir! Bir anlığa təsəvvür edin, bu əzələlər olmasa, insan danışanda cəlbedici görünərdimi? Çətin ki. Ancaq üz əzələləri kar insanlar üçün təkcə söhbəti maraqlı etmir. Onlar fiziki hərəkətlərlə vəhdətdə düşüncə və fikirləri ifadə etmək üçün çox vacib rol oynayır. Bir çox insanlar jest dili vasitəsilə mürəkkəb fikrin hər bir xırda çalarını belə çatdırmağın mümkünlüyünə heyran olurlar.

Bu yaxınlarda bütün dünyada kar insanlar istənilən insanın simasından daha ifadəli və mənalı biz üz gördülər. Məcazi mənada desək, onlar Yehovanın ‘hüzuruna’ gəldilər, yəni Onun üzünü gördülər (Mərs. 2:19). Bu heç də təsadüf deyildi. Yehova karlara daima məhəbbət təzahür etdirib. O hətta qədim İsrail xalqının dövründə belə onlara bu cür yanaşırdı (Lev. 19:14). Onun karlara olan məhəbbəti müasir dövrdə də göz qabağındadır. «[Allah] istəyir ki, bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər» (1 Tim. 2:4). Allah haqqında dəqiq biliyə yiyələnməklə karların çoxu, demək olar ki, Onun üzünü görmüşdür. Əgər onların eşitmək qabiliyyəti yoxdursa, bu, necə mümkün ola bilər? Bu suala cavab verməzdən öncə, gəlin görək, jest dili kar insanlar üçün nə dərəcədə əhəmiyyətlidir.

Görmək eşitmək deməkdir

Kar insanlar və jest dili haqda bir çox yanlış təsəvvürlər mövcuddur. Gəlin onlardan bəzilərinə aydınlıq gətirək. Kar insanlar avtomobil sürə bilir. Dodaqdan oxumaq onlar üçün çox çətindir. Jest dilinin Brayl əlifbası ilə heç bir əlaqəsi yoxdur, eyni zamanda bu sadəcə pantomima deyil. Bütün dünyada ümumi bir jest dili mövcud deyil. Hətta bir ölkədə belə, jest dilinin fərqli ləhcələri ola bilər.

Bəs karlar oxumağı bacarırlarmı? Bəziləri yaxşı oxuduğu halda, böyük əksəriyyəti oxumaqda çətinlik çəkir. Nəyə görə? Çünki yazı danışıq dilindən əmələ gəlir. Nümunə üçün eşitmək qabiliyyəti olan uşağın dili necə öyrəndiyini nəzərdən keçirək. Doğulduğu gündən o, yerli dildə danışan insanların əhatəsində olur. Körpə qısa müddət ərzində sözləri birləşdirib cümlə qurmaq bacarığına yiyələnir. Bu, başqalarının danışdıqlarını eşitməyin sayəsində təbii olaraq baş verir. Qulağı eşidən uşaq oxumağa başlayanda əsas məqsəd — kitabın səhifələrində gördüyü qara işarələrin ona tanış olan səsləri və sözləri necə verdiyini öyrənməkdir.

İndi isə özünüzü xarici ölkədə, səs keçirməyən şüşəli bir otaqda təsəvvür edin. Siz oranın əhalisinin danışdığı dili heç zaman eşitməmisiniz. Hər gün yerli camaat yanınıza gələrək şüşənin o biri tərəfindən sizinlə danışmağa çalışır, siz isə onların nə dediyini eşitmirsiniz. Sadəcə dodaqlarının tərpəndiyini görürsünüz. Sizin onları başa düşmədiyinizi anladıqda həmin sözləri kağıza yazıb sizə göstərirlər. Onlara elə gəlir ki, siz yazılanları başa düşəcəksiniz. Belə vəziyyətdə nə edərdiniz? Yəqin ki, söhbətin baş tutmayacağı qənaətinə gələrdiniz. Nəyə görə? Çünki kağızda yazılanlar heç vaxt eşitmədiyiniz bir dildə yazılıb. Bir çox karlar da məhz belə bir vəziyyətdədir.

Jest dili karlar üçün əla ünsiyyət vasitəsidir. İnsan jestlərdən istifadə edərək bədəni ətrafında fikirlər qurur. Üz ifadələri də daxil olmaqla, əl-qol və bədən hərəkətləri jest dilinin qrammatikası ilə həmahəngdir. Beləliklə, informasiyanın gözə ötürülməsini mümkün edən görünən bir dil əmələ gəlir.

Əslində, kar insanın istər əlləri, istərsə də bədəni ilə etdiyi, demək olar ki, hər bir hərəkətin və üz cizgisinin öz mənası var. Üz ifadələri sadəcə olaraq insanlarda dərin təəssürat bağışlamaq üçün deyil. Onlar jest dili qrammatikasının ayrılmaz hissəsidir. Məsələn, qaşların qaldırılması ya ritorik sual verildiyini, ya da sadəcə «bəli» və ya «yox» cavabı gözlənildiyini bildirir. Qaşların aşağı salınması isə «kim?», «nə?», «harada?», «nə zaman?», «nə üçün?» və ya «necə?» kimi sualları ifadə edə bilər. Müəyyən dodaq hərəkətləri hər hansı bir şeyin ölçüsünü və ya hərəkətin intensivliyini göstərə bilər. Bundan əlavə, kar insanın çiyinlərini qaldırması, başını və yanaqlarını tərpətməsi, gözlərini qırpması kimi hərəkətlərin hamısı fikrin incəliklərini çatdırır.

Bütün bunlar həmsöhbətə məlumatı çox gözəl başa düşməyə kömək edir. Jest dilini yaxşı bilən kar insanlar bu zəngin ünsiyyət vasitəsindən istifadə edərək poetik dildən tutmuş texniki dilə, romantik dildən tutmuş yumor hissinə, konkret fikirdən tutmuş mücərrəd anlayışa qədər istənilən fikri verə bilirlər.

Jest dilindəki nəşrlər insanların həyatını dəyişir

Yehova haqqında bilik jest dilində kar insana çatdırılanda, əslində, o, xəbəri eşidir və bu xəbərin Müəllifinə ‘iman edir’. Buna görə də Yehovanın Şahidləri bütün dünyada kar insanlara təbliğ etmək və onları faydalı vəsaitlərlə təmin etmək üçün əllərindən gələni etmişlər (Rom. 10:14). Hal-hazırda bütün dünyada jest dilinə tərcümə edən 58 qrup fəaliyyət göstərir və bu dildə ədəbiyyatlar DVD-də 40 dildə buraxılır. Bəs görülən bu işlərin bir faydası varmı?

Valideynlərinin hər ikisi kar olan Ceremi danışır: «Yadımdadır, atam “Gözətçi Qülləsi”nin sadəcə bir neçə abzasını başa düşmək üçün yataq otağında saatlarla vaxt keçirirdi. Qəfil otaqdan çıxıb həyəcanla işarə edirdi: “Başa düşdüm! Başa düşdüm!” Sonra isə nə başa düşdüyünü mənə izah edirdi. O vaxt mənim 12 yaşım vardı. Abzasları dərhal gözdən keçirib işarə ilə başa salırdım: “Ata, məncə, burada fikir başqadır. Burada...” O, mənə işarə ilə dayan deyib, abzasları başa düşmək üçün yenidən otağına qayıdardı. Mən onun üzündəki məyusluğu, həmçinin fikri başa düşmək üçün yenidən otağına qayıtdığını görəndə keçirdiyim sevinc hissini heç vaxt unutmayağacam. Ancaq indi o, jest dilində DVD-də çıxan ədəbiyyatlar sayəsində məlumatı daha aydın başa düşür. Onun Yehovaya olan hisslərini ifadə edərkən üzündəki sevinci görmək mənim üçün böyük məna kəsb edir».

Çilidə Yeseniya adlı gənc qadınla söhbət edən Yehovanın Şahidi olan ər-arvadın hadisəsinə nəzər salaq. Onlar DVD-də çıxan Çili jest dilində «Müqəddəs Kitab hekayələri»ni Yeseniyaya göstərmək üçün anasından icazə aldılar. Sonra nələrin baş verdiyi haqda onlar deyirlər: «Yeseniya hekayələrə baxmağa başlayanda əvvəlcə güldü, sonra isə ağladı. Anası ondan niyə ağladığını soruşanda o, baxdığı şeylərin xoşuna gəldiyini dedi. O zaman anası anladı ki, o, DVD-də gördüyü hər şeyi başa düşüb».

Venesuelanın kənd yerində yaşayan cütlüyün bir övladı vardı və qadın ikinci uşağa hamilə idi. İkinci uşağı saxlamağa imkanları çatmadığından abort etdirmək qərarına gəldilər. Bu vəziyyətdən bixəbər olan Yehovanın Şahidləri onlara baş çəkəndə Venesuela jest dilində «Allah bizdən nə tələb edir?» adlı videobroşüranın 12-ci dərsini göstərdilər. Bu dərsdə Allahın aborta və qatilliyə dair nöqteyi-nəzəri izah olunur. Sonra həmin qadın Şahidlərə bu dərsi onunla müzakirə etdiklərinə görə öz minnətdarlığını bildirdi. O dedi ki, bundan sonra onlar abort etdirmək fikrindən daşındılar. DVD-də jest dilində çıxan ədəbiyyatın sayəsində doğulmamış bir körpənin həyatı qurtuldu!

Kar bacımız Lorreyn deyir: «Müqəddəs Kitabı öyrənmək üçün baş sındırmaq lazım gəlirdi. Hər şeyi tam başa düşə bilmirdim. Müqəddəs Kitab həqiqətləri jest dilində çıxmağa başlayanda hər şey yerbəyer oldu». 38 ildir ki, Yehovanın Şahidi olan kar qardaşımız Corc söyləyir: «Şübhəsiz ki, insan hər hansı məsələni özü başa düşəndə bu, müəyyən qədər özünə hörmət və əminlik hissi hasil edir. Mən hiss edirəm ki, jest dilində olan DVD-lərin ruhani inkişafımda müstəsna rolu olmuşdur».

‘Nəhayət, doğma dilimdə yığıncaq görüşləri!’

Jest dilindəki nəşrlərdən əlavə, Yehovanın Şahidləri bu dildə yığıncaqlar da təşkil etmişlər. Hal-hazırda dünyada jest dilində 1 100-dən çox yığıncaq mövcuddur. Kar insanlara öz dillərində müraciət edilir və Müqəddəs Kitab həqiqətləri onların düşündükləri dildə — jest dilində təqdim olunur. Bu biliklər onların mədəniyyətinə və həyat təcrübəsinə hörmətcil tərzdə çatdırılır.

Jest dilində yığıncaqlar təşkil etməyin bir nəticəsi oldumu? 1955-ci ildə Yehovanın Şahidi kimi vəftiz olunan Sirilin nümunəsinə baxaq. O, çap olunmuş nəşrləri çox illər ərzində çalışqanlıqla araşdırır və müntəzəm olaraq yığıncaq görüşlərində iştirak edirdi. Yığıncaqda bəzən jest dilinə tərcümə olur, bəzən isə olmurdu. Tərcümə etməyə adam olmayanda əlacı səhnədən deyilənləri kağıza yazıb ona göstərən qayğıkeş bacı-qardaşlara qalırdı. 1989-cu ildə Nyu-Yorkda ilk jestdilli yığıncaq təşkil olunanda o artıq 34 il idi ki, həqiqətdə idi. Həmin yığıncağın bir üzvü kimi, Siril özünü necə hiss edirdi? O deyir: «Bu, zülmət qaranlıqdan işığa çıxmağa bənzəyirdi. Nəhayət ki, doğma dilimdə yığıncaq görüşləri keçirilir!»

Yehovanın Şahidlərinin təşkil etdiyi jest dilindəki yığıncaqlarda kar insanlar Allah haqqında öyrənmək və Ona ibadət etmək üçün müntəzəm olaraq toplaşırlar. Orada Allahın xalqı emosional cəhətdən çiçəklənir. Eşidən və danışan insanlar arasında özlərini təcrid olunmuş hiss edən bu insanlar üçün yığıncaqlar ünsiyyət etmək və dostluq qurmaq üçün əsil cənnətdir. Belə mühitdə kar insanlar öyrənir, püxtələşir və Yehovaya xidmətlərini genişləndirməyə can atırlar. Onlardan bir çoxu tammüddətli xidmət edə bilirlər. Bəziləri başqa ölkələrə köçürlər ki, kar insanlara Yehova haqqında öyrənməyə kömək etsinlər. Kar qardaşlar bacarıqlı müəllim, təşkilatçı və ağsaqqal olmağı öyrənir, bunun sayəsində də onlardan çoxları yığıncaqda üzərlərinə məsuliyyət götürmək üçün yararlı olurlar.

Birləşmiş Ştatlarda jest dilində 100-dən artıq yığıncaq və təxminən 80 qrup fəaliyyət göstərir. Braziliyada jest dilində haradasa 300-ə yaxın yığıncaq və 400-dən artıq qrup var. Meksikada bu yığıncaqların sayı 300-ə çatır. Rusiyada isə jest dilində 30-dan çox yığıncaq və 113 qrup fəaliyyət göstərir. Bu, bütün dünyada baş verən inkişafa dair sadəcə bir neçə nümunədira.

Yehovanın Şahidləri jest dilində xüsusi birgünlük, rayon və vilayət konqresləri də keçirirlər. Keçən il bütün dünyada bir çox jest dillərində 120-dən artıq vilayət konqresi keçirilmişdir. Bu hadisələr kar bacı-qardaşlara özlərini ruhani qidanı vaxtlı-vaxtında alan ümumdünya məsihçi qardaşlığının bir hissəsi olduqlarını hiss etməyə kömək edir.

25 ildir ki, Yehovanın Şahidi olan kar qardaşımız Leonard deyir: «Yehovanın həqiqi Allah olduğuna həmişə inanmışam. Lakin Onun əzab-əziyyətlərə nəyə görə yol verdiyini heç cürə başa düşə bilmirdim. Hətta buna görə bəzən Ona hiddətlənirdim. Ancaq jest dilində keçirilən vilayət konqresinin çıxışlarının birindən, nəhayət, bunun səbəbini anladım. Çıxışdan sonra arvadım məni dirsəkləyib soruşdu: “Qane oldun?” Rahat nəfəs alıb dedim: “Hə!” 25 il ərzində Yehovanı tərk etmədiyimə görə çox şadam. Ürəyimdə həmişə Allaha məhəbbətim olub, ancaq əvvəllər Onu tam başa düşə bilmirdim. Bu gün isə başa düşürəm!»

Ürəkdən minnətdar olanlar

Kar insanlar Yehova haqqında öyrənəndə Onun üzündə hansı «ifadəni» görürlər? Bu, məhəbbət, şəfqət, ədalət, sədaqət, sevgi dolu xeyirxahlıq və sairə kimi xüsusiyyətlərdir.

Bütün dünyada Yehovanın Şahidlərinin arasında olan kar insanlar hal-hazırda Yehovanın üzünü görürlər və onlar bunu get-gedə daha aydın görəcəklər. Ürəyində karlara qarşı məhəbbət hissi olan Yehova ‘Öz nurlu üzünü onlara göstərdi’ (Say. 6:25). Kar olan bu bacı-qardaşlarımız Yehovanı tanıdıqlarına görə necə də minnətdardırlar!

[Haşiyə]

a Azərbaycanda bir jest dili qrupu fəaliyyət göstərir.

[25-ci səhifədəki şəkil]

Hal-hazırda bütün dünyada jest dilində 1 100-dən çox yığıncaq mövcuddur

[26-cı səhifədəki şəkil]

Yehova Öz nurlu üzünü karlara göstərdi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş