Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/10 s. 4—7
  • Allahın verdiyi sərvət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın verdiyi sərvət
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • İsanın verdiyi sərvət
  • İmanın gətirdiyi sərvət
  • Həqiqi sərvəti axtarın
    Gözətçi qülləsi 2017
Gözətçi qülləsi 2009
w09 1/10 s. 4—7

Allahın verdiyi sərvət

ƏGƏR Allaha sadiqsinizsə, bu o deməkdirmi ki, Allah sizə sərvət verəcək? Bəlkə də. Ancaq ola bilsin, bu, sizin fikirləşdiyiniz sərvət olmayacaq. Məsələn, götürək, İsanın anası Məryəmi. Cəbrayıl mələk ona görünüb onu «nemətli qız» adlandırmış və Allahın Oğlunu dünyaya gətirəcəyini demişdi (Luka 1:28, 30-32). Lakin Məryəm varlı deyildi. İsa doğulduqdan sonra Məryəm ‘bir cüt qumru, yaxud iki göyərçin balası’ qurban gətirdi. Adətən, bu cür qurbanları kasıblar gətirirdilər (Luka 2:24; Levililər 12:8).

Məryəmin kasıb olması Allahın ona xeyir-dua vermədiyinimi göstərirdi? Əksinə, o, qohumu Elizavetə baş çəkməyə gedəndə «Elizavet Müqəddəs Ruhla doldu. Və yüksək səslə qışqırıb dedi: “Sən qadınların bəxtiyarısan, sənin bətninin səmərəsi də bəxtiyardır!”» (Luka 1:41, 42). Məryəm Allahın sevimli Oğlunun anası olmaq şərəfinə layiq görülmüşdü.

İsanın özü də varlı olmamışdı. Onun təkcə valideynləri yox, hətta özü də yer üzündəki həyatı boyu kasıb olmuşdu. Bir dəfə o, davamçısı olmaq istəyən bir nəfərə demişdi: «Tülkülərin hini və göy quşlarının yuvası vardır; İnsan Oğlu isə başını söykəməyə yer tapmır» (Luka 9:57, 58). Buna baxmayaraq, İsa Məsihin yer üzündə gördüyü işlər davamçılarının böyük sərvət əldə etməsinə yol açmışdı. Həvari Pavel yazmışdı: «O... sizin uğrunuzda yoxsullaşdı ki, siz Onun yoxsulluğu ilə zənginləşəsiniz» (2 Korinflilərə 8:9). İsa davamçılarına hansı sərvəti vermişdi? Bəs biz hansı sərvətə malikik?

İsanın verdiyi sərvət

Çox vaxt var-dövlət insanın Allaha iman gətirməsinə mane olur, çünki, adətən, varlı insan Allaha yox, puluna bel bağlayır. İsa demişdi: «Sərvəti olanlar Allahın Səltənətinə nə çətinliklə girəcəklər!» (Mark 10:23). Aydındır ki, İsanın davamçılarına təklif etdiyi sərvət maddi sərvət deyildi.

Əslinə qalsa, birinci əsrdəki məsihçilərin əksəriyyəti yoxsul insanlar idi. Anadangəlmə çolaq bir adam sədəqə diləyəndə Peter ona demişdi: «Məndə gümüş və ya qızıl yoxdur, lakin mən olanımı sənə verirəm. Nazaretli İsa Məsihin adı ilə ayağa dur və yeri!» (Həvarilərin işləri 3:6).

Şagird Yaqubun sözləri də göstərir ki, məsihçi yığıncağı əsas etibarı ilə kasıb insanlardan təşkil olunmuşdu. O yazırdı: «Qulaq asın, ey sevimli qardaşlarım: məgər Allah bu dünyanın yoxsullarını imanda zəngin və Onu sevənlərə vəd etdiyi Səltənətin varisi seçmədimi?» (Yaqub 2:5). Bundan başqa, həvari Pavel demişdi ki, «müdrik, nüfuzlu və əsilzadə» adamlardan məsihçi yığıncağının üzvü olmaq üçün dəvət olunanlar çox deyildi (1 Korinflilərə 1:26).

Bəs onda İsa davamçılarına hansı sərvəti vermişdi? İzmir yığıncağına göndərdiyi məktubda İsa demişdi: «Sənin... əzabından və yoxsulluğundan (amma sən zənginsən)... xəbərdaram» (Vəhy 2:8, 9). İzmirdəki məsihçilər kasıb olsalar da, qızıl və gümüşdən qat-qat üstün olan sərvətə malik idilər. Onları zəngin edən iman və nöqsansızlıqları idi. İman öz-özlüyündə çox qiymətlidir, çünki hər kəs iman sahibi deyil (2 Saloniklilərə 3:2). İmansızlar isə Allahın gözündə kasıbdırlar (Vəhy 3:17, 18).

İmanın gətirdiyi sərvət

Bəs iman hansı mənada qiymətlidir? Allaha iman edən insanlar ‘Allahın xeyirxahlığının, mülayimliyinin və səbirliliyinin bolluğundan’ fayda əldə edirlər (Romalılara 2:4). Həmçinin İsanın fidyə qurbanlığına iman gətirdikləri üçün onlar ‘günahlarının əfvinə malikdirlər’ (Efeslilərə 1:8). Bundan başqa, onlar imanlı insanların «Məsihin kəlamı» vasitəsilə əldə etdikləri müdrikliyə sahibdirlər (Koloslulara 3:16). Onlar imanla Allaha dua etdikdə «Allahın hər cür ağıldan üstün olan sülhü» ürəklərini və düşüncələrini qoruyaraq onlara məmnunluq və xoşbəxtlik gətirir (Filipililərə 4:7).

Bunlardan əlavə, Allaha Oğlu İsa Məsih vasitəsilə iman gətirənlərin əbədi yaşamaq kimi gözəl ümidi var. İsa Məsihin bu sözləri çoxlarına tanışdır: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» (Yəhya 3:16). İnsan Ata və Oğul haqqında dəqiq bilik aldıqda ümidi daha da möhkəmlənir, çünki İsa həm də demişdi: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).

Allah bizə, əsas etibarilə, ruhani xeyir-dualar versə də, emosional və fiziki cəhətdən də fayda əldə edirik. Məsələn, götürək Braziliyada yaşayan Dalidyonu. Allah haqda dəqiq bilik almazdan əvvəl, o, çox içirdi. Bu, onun ailəsi ilə münasibətlərinə də çox pis təsir göstərirdi. Bundan başqa, onun maddi vəziyyəti də qeyri-sabit idi. Lakin Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayandan sonra onda böyük dəyişikliklər baş verdi.

Dalidyonun Müqəddəs Kitabdan öyrəndikləri ona zərərli vərdişlərini tərgitməyə kömək etdi. O, ruhani cəhətdən çox inkişaf etdi və indi belə deyir: «Mən əvvəllər barları gəzirdim, indi isə evdən-evə təbliğ edirəm». O, indi vaxtının çox hissəsini insanlara Allahın Kəlamı haqqında danışmağa sərf edir. Bu cür dəyişikliklər təkcə onun sağlamlığını yox, həmçinin maddi vəziyyətini də yaxşılaşdırdı. Dalidyo deyir: «Əvvəl içkiyə xərclədiyim pulla indi başqalarına əl tutur, ya da özümə lazım olan şeyləri alıram». Həmçinin o, Allahın nöqteyi-nəzərinə sahib olan insanlar arasından özünə əsil dostlar tapıb. İndi Dalidyo Allahı tanımazdan qabaq heç təsəvvürünə belə gətirmədiyi qəlb rahatlığı və məmnunluq tapıb.

Yehova Allaha iman gətirməyin həyatı zənginləşdirməsinə dair başqa bir nümunə Renatonun həyatıdır. Bu gün onun xoşbəxt, gülümsər üzünə baxanda heç deməzsən ki, nə vaxtsa onunla amansız rəftar edilib. Doğulan kimi anası onu atmışdı. Bədənində cırmaq izləri və qançırlar, göbək ciyəsi kəsilməmiş halda onu gətirib səbətdə bir skamyanın altına atmışdılar. Yoldan ötən iki qadın səbətin tərpəndiyini görmüşdü. Onlara elə gəlmişdi ki, kimsə orada pişik balasını qoyub gedib. Ancaq görəndə ki, səbətdəki yeni doğulmuş körpədir, dərhal onu tibbi yardım alması üçün yaxınlıqdakı xəstəxanaya aparmışdılar.

Həmin qadınlardan biri Yehovanın Şahidi idi. O, Rita adında başqa bir Şahidə uşaq haqqında danışdı. Bir neçə dəfə ölü uşaq doğan Ritanın təkcə bir qızı var idi. O, oğlan uşağı istəyirdi, buna görə də Renatonu oğulluğa götürdü.

Renato balaca olanda Rita ona doğma anası olmadığını söylədi. Lakin o, məhəbbətlə və nəvazişlə onun qayğısına qalır və ona Müqəddəs Kitab prinsiplərini aşılamağa çalışırdı. Renato böyüdükcə, Müqəddəs Kitaba maraq göstərməyə başladı. Həmçinin qeyri-adi tərzdə xilas olduğuna görə get-gedə minnətdarlığı da artırdı. Hər dəfə məzmurçu Davudun «ata-anam məni atsa belə, Rəbb məni qəbul edər» sözlərini oxuyanda onun gözləri yaşarır (Məzmur 27:10).

Etdiyi hər şeyə görə Yehovaya minnətdarlığının əlaməti kimi Renato 2002-ci ildə vəftiz olundu və növbəti il tammüddətli xidmətə başladı. O, hələ də doğma ata-anasının kim olduğunu bilmir, bəlkə də bunu heç vaxt bilməyəcək. Lakin Renato düşünür ki, onun indiyə kimi aldığı ən qiymətli bəxşişlərdən biri Yehovanı tanımaq və Ona qayğıkeş və nəvazişli ata kimi iman etmək olub.

Yəqin, siz Allahla sıx və yaxşı münasibətlərinizin olmasını arzulayırsınız, çünki belə münasibətlər həyatınızı sözün əsil mənasında zənginləşdirə bilər. Yehova Allahla və Onun Oğlu İsa Məsihlə bu cür münasibətlərə malik olmaq imkanı hamının — həm kasıbların, həm də varlıların qarşısında açıqdır. Ola bilsin, bu, var-dövlət gətirməyəcək, lakin biz dünyanın bütün pullarını versək belə, heç vaxt ala bilməyəcəyimiz qəlb rahatlığını və məmnunluğu tapacağıq. Doğrudan da Süleymanın məsəlləri 10:22 ayəsində yazılan sözlər həqiqətdir: «Rəbbin xeyir-duası insana sərvət gətirər, daha ona qüssə verməz».

Yehova Allah Ona yaxınlaşmaq istəyən insanlara dərin maraq göstərir: «Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı, salehliyin dəniz dalğaları kimi olardı» (Yeşaya 48:18). Həmçinin Allah Ona təmiz ürəklə yaxınlaşanlara bol-bol xeyir-dua verəcəyini də vəd edir: «Təvazökarlığın və Rəbb qorxusunun nəticəsi sərvət, şərəf, həyatdır» (Süleymanın məsəlləri 22:4).

[6-cı səhifədəki yazı]

Allaha iman etmək insana qəlb rahatlığı, məmnunluq və xoşbəxtlik gətirir

[5-ci səhifədəki şəkil]

Yoxsul olsa da, İsanın yer üzündəki ailəsi Allahdan bol-bol xeyir-dua almışdı

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş